Mühasibat uçotu praktikasında elə öhdəliklərə rast gəlinir ki, onların yaranması ehtimala söykənir. Ehtiyatlılıq prinsipini əsas götürərək müəssisələr baş verməsi dəqiq olmayan, amma ehtimal edilən hadisələrlə bağlı yarana biləcək öhdəliyi də uçota alırlar. 414 saylı “Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər” hesabı belə öhdəliklər üzrə ümumiləşdirilmiş məlumatları əks etdirən mühasibat uçotu hesablarından biridir. Sizə təqdim olunan məqalədə bu hesab üzrə uçotun əsas prinsipləri şərh olunur.
Uzunmüddətli öhdəliklər anlayışı
Mühasibat uçotunun əsas vəzifəsi müəssisənin maliyyə vəziyyəti, fəaliyyət nəticələri və pul vəsaitlərinin hərəkəti haqqında şəffaf və etibarlı məlumat təqdim edən bir sistem qurmaqdır. Bu sistemin mühüm elementlərindən biri öhdəliklərin uçotudur. Öhdəliklər, müəssisənin gələcəkdə digər şəxslərə pul, xidmət və ya digər iqtisadi faydalar təqdim etməsi ilə nəticələnəcək indiki borclarıdır. Öhdəliklər, adətən, qısa və uzunmüddətli olmaqla iki əsas qrupa bölünür.
Uzunmüddətli öhdəliklər müəssisənin bir il və ya bir normal əməliyyat dövründən daha uzun müddətə icra edilməsi gözlənilən borclarıdır. Bunlara misal olaraq uzunmüddətli bank kreditləri, istiqrazlar, icarə öhdəlikləri nümunə göstərilə bilər. Qısamüddətli öhdəliklərdən fərqli olaraq, uzunmüddətli öhdəliklər adətən daha böyük məbləğləri əhatə edir və müəssisənin uzunmüddətli maliyyə dayanıqlığını dəyərləndirmək üçün vacib göstəricidir. Belə öhdəliklərin uçotu AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə müəyyən edilmiş hesablar planının 4-cü bölməsinə (“Uzunmüddətli öhdəliklər”) aid olan mühasibat hesablarında aparılır. 414 saylı “Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər” hesabı da bu bölməyə aiddir.
Hesablar planının qısamüddətli öhdəliklər haqqında ümumiləşdirilmiş məlumatları əks etdirən uçot hesabları haqqında ətraflı məlumatı buradan almaq olar.
Qiymətləndirilmiş öhdəliklər konsepsiyası
Qiymətləndirilmiş öhdəliklər (və ya ehtiyatlar/provision) – müəssisənin gələcəkdə ödəniş edəcəyini gözlədiyi, lakin məbləği və ya ödənilmə vaxtı dəqiq olmayan, hazırkı öhdəliklərdir. Bu öhdəliklər aşağıdakı 3 meyar bir yerdə ödəndikdə tanınır:
- Keçmiş hadisələr nəticəsində yaranan indiki öhdəliyin olması.
- Öhdəliyin icrası üçün iqtisadi fayda axının olma ehtimalı.
- Öhdəliyin məbləğinin etibarlı dəyərlə qiymətləndirilə bilməsi.
Beynəlxalq mühasibat uçotu standartlarında öhdəliklərin tanınması, ölçülməsi və maliyyə hesabatlarında açıqlanması MUBS 37 “Yaradılmış ehtiyat fondları, şərti öhdəliklər və şərti aktivlər” (IAS 37) əsasında aparılır.
Azərbaycan Respublikasının mühasibat uçotu sistemində qiymətləndirilmiş öhdəliklərin uçotu, o cümlədən 414 saylı “Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər” üzrə uçotun tənzimlənməsi, “Mühasibat uçotu haqqında” AR Qanunu, Maliyyə Nazirliyinin yuxarıda qeyd edilən qaydaları və digər qanunvericilik aktları əsasında aparılır.
414 saylı hesabın təyinatı və əhatə dairəsi
Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər üzrə ümumiləşdirilmiş məlumatlar yuxarıda qeyd edilən hesablar planının 40-cı maddəsinə aid olan hesablarda əks etdirilir. Bunlar aşağıdakılardır:
- 411 saylı hesab: “İşdən azad olma ilə bağlı uzunmüddətli müavinətlər və öhdəliklər”;
- 412 saylı hesab: “Uzunmüddətli zəmanət öhdəlikləri”;
- 413 saylı hesab: “Uzunmüddətli hüquqi öhdəliklər”;
- 414 saylı hesab: “Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər”.
“Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər” ifadəsi, müəyyən bir növ öhdəliyi deyil, zamanı və ya məbləği dəqiq bilinməyən, lakin gələcəkdə iqtisadi faydaların çıxışına səbəb olacaq müxtəlif növ uzunmüddətli borcları əhatə edir, məsələn:
- şirkətin hüquqi tənzimlənməyən öhdəlikləri – şirkət aşağı keyfiyyətli məhsullar üçün 12 aydan daha çox müddətdə pulun geri qaytarılması haqqında elan verir; bu qanunla rəsmiləşdirilməyib, lakin şirkət öz reputasiyasını qorumaq üçün bunu həyata keçirir;
- hüquqi öhdəlik olmasa da müəssisəyə qarşı açılmış və ya açılma ehtimalı yüksək olan, nəticəsi qeyri-müəyyən, lakin məhkəmə tərəfindən müəssisənin əleyhinə qərar veriləcəyi təqdirdə böyük məbləğdə ödəniş tələb edə biləcək uzunmüddətli məhkəmə işləri bağlı potensial zərərlər;
- uzun müddətli sığorta müqavilələri ilə bağlı öhdəliklər və digər bu kimi hallarda.
414 saylı hesab 411-413-cü hesablarda uçota alınmıyan uzunmüddətli və qiymətləndirilə bilən öhdəliklərin uçotu üçün istifadə olunur. Bu hesab passiv hesabdır və müəssisənin balansında öhdəliklər bölməsində əks olunur. Hesab üzrə 414-1 saylı “Sığorta müqavilələri üzrə uzunmüddətli öhdəliklər” adlı subhesab açılır.
Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklərin uçotu eyni adlı 515 saylı hesab üzrə aparılır.
414 saylı “Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər” hesabı üzrə tənzimləmələr
414 saylı hesab üzrə mühasibat uçotu yazılışlarının tənzimlənməsi yuxarıda qeyd edilən qaydaların 35.19-35.27-ci bəndləri əsasında aparılır:
| Əməliyyatın məzmunu | Debit | Kredit |
| Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər yarandıqda (35.21) | 731: “Sair əməliyyat xərcləri” | 414 saylı hesab |
| Öhdəlik qısamüddətli kimi təsnifləşdirildikdə (35.21) | 414 saylı hesab | 515 saylı hesab |
| Hesab üzrə müsbət məzənnə fərqi yarandıqda (35.22) | 414 saylı hesab | 611-8: “Məzənnə fərqləri üzrə gəlirlər” |
| Hesab üzrə mənfi məzənnə fərqi yarandıqda (35.22) | 731-8: “Məzənnə xərcləri” | 414 saylı hesab |
| Öhdəliklərin yerinə yetirilməsi zamanı görülən işlər və ya göstərilən xidmətlər (35.23) | 414 saylı hesab | Digər uzun və qısamüddətli borc və öhdəliklər (435, 538, 545) |
| Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklərin üçüncü şəxs tərəfindən ödənişi (35.26) | 414 saylı hesab | Uzun və qısamüddətli debitor borcları- uyğun hesabları, Sair qısamüddətli aktivlər – 243, 244 saylı hesabları, 538 -“Digər qısamüddətli kreditor borcları” və 545 “Digər qısamüddətli öhdəliklər” hesabları |
| Əvvəllki dövrdə digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər kimi tanınıb xərcə aid edilən öhdəlik geri qaytarıldıqda (35.27) | 414 saylı hesab | 611: “Sair əməliyyat gəlirləri”
|
Praktik müxabirləşmə nümunələri
Nümunə 1: Müəssisə cari ilin yanvar ayında avadanlıqlarını 4 il müddətinə sığortalayıb. Ödəniləcək sığorta haqqı, 60000 manat, illər üzrə bərabər hissələrlə ödəniləcək. Cari ildə sığorta hadisəsi-avadanlıqlarda nasazlıq baş verir. Nasazlığın aradan qaldırılması üçün xidmət müəssisəsinə 2000 manat ödənilir. Sığorta şirkəti müqaviləyə əsasən həmin məbləği tam kompensasiya edir.
| Əməliyyatın məzmunu | Debit | Kredit | Məbləğ (AZN) |
| Sığorta müqaviləsi üzrə uzunmüddətli qiymətləndirilmiş öhdəlik xərc kimi tanınır. | 731: “Sair əməliyyat xərcləri” | 414-1: “Sığorta müqavilələri üzrə uzunmüddətli öhdəliklər” | 60000 |
| Sığorta hadisəsi üzrə avadanlığın təmiri üçün xərclərin hesablanması | 414-1: “Sığorta müqavilələri üzrə uzunmüddətli öhdəliklər” | 538: “Digər qısamüddətli kreditor borcları” | 2000 |
| Sığorta şirkətindən sığorta ödənişi (maliyyə kompensasiyası) müəssisənin bank hesabına daxil olur | 223: “Bank hesablaşma hesabları” | 414-1: “Sığorta müqavilələri üzrə qısamüddətli öhdəliklər” | 2000 |
| Avadanlığın təmir xərcləri üzrə kreditor borc ödənilir | 538: “Digər qısamüddətli kreditor borcları” | 223: “Bank hesablaşma hesabları” | 2000 |
| Cari ilə aid olan sığorta haqqı qısamüddətli öhdəlik kimi tanınır | 414 -1 saylı hesab | 515 -1 saylı hesab | 15000 |
| Cari ilin sığorta haqqı sığorta şirkətinə ödənilib | 515 -1 saylı hesab | 223 “Bank hesablaşma hesabları” | 15000 |
Nümunə 2: Müəssisə uzunmüddətli məhkəmə işi ilə bağlı potensial zərəri 40000 manat qiymətləndirib. Məhkəmənin ikinci ilində proses yekunlaşıb. Çıxarılan qərara əsasən 37800 manat iddiaçı tərəfə ödənib.
| Əməliyyatın məzmunu | Debit | Kredit | Məbləğ (AZN) |
| Uzunmüddətli məhkəmə işi ilə bağlı potensial zərər 40000 manat kimi qiymətləndirilərək xərc kimi tanınır. | 731: “Sair əməliyyat xərcləri” | 414: “Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər” | 40000 |
| Növbəti ildə məhkəmənin qərarına əsasən ödəniş edilib | 414: “Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər” | 223 “Bank hesablaşma hesabları” | 37800 |
| Əvvəllki dövrdə digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər kimi tanınıb xərcə aid edilən öhdəlik geri qaytarılır | 414: “Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər” | 611: “Sair əməliyyat gəlirləri”
|
15000 |
Ümumiləşdirib deyə bilərik ki, 414: “Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər” hesabınnən düzgün idarə edilməsi, müəssisənin maliyyə şəffaflığını gücləndirməklə yanaşı, həm də onun strateji planlaşdırma qabiliyyətini və uzunmüddətli sabitliyini dəstəkləyən bir alətdir. Bu, sadəcə bir qanuni tələb deyil, həm də müəssisənin gələcək uğurları üçün əsaslı bir maliyyə idarəetmə alətidir.
