Nağd puldan niyə imtina edə bilmirik??

posted in: Xəbər | 0

pulRəşad Həsənov: “Elə bir sistem formalaşdırmaq lazımdır ki, həm dövlət, həm vətəndaş, həm də biznes nağdsız hesablaşmada maraqlı olsun”

Son illər aparılan islahatlardan biri də ölkədə nağdsız hesablaşmaların miqyasının genişləndirilməsi oldu. Bu istiqamətdə qanunvericilikdə bir çox dəyişikliklər həyata keçirildi, özəl qurumların aylıq nağdsız xərcləmələrinə limit qoyuldu.

Dövlət büdcəsindən ödənilən maaş, pensiya və sosial müavainətlər, o cümlədən əksər özəl müəssisələr tərəfindən əmək haqlarının ödənilməsi nağdsız şəkildə həyata keçirilməyə başladı. Lakin bütün bunlar əsas mərhələdə, əhalinin həyata keçirdiyi gündəlik ticarət əməliyyatlarında keçərli olmadı. Hələ də market və mağazalarda, ticarət mərkəzlərində insanların çox az qismi ödənişi plastik kartlarla həyata keçirir. Halbuki büdcə təşkilatlarından maaş alanlardan tutmuş pensiyaçılara qədər hər kəs plastik karta sahibdir. Lakin insanlar bu kartlar vasitəsilə alış-veriş etməkdənsə, pul köçürülən kimi bankomata yaxınlaşıb onu nağdlaşdırmağa üstünlük verirlər. Səbəb həm ölkədə bu sahə üzrə infrastrukturun tam qurulmaması, həm də nağdsız hesablaşmalarla bağlı bu sistemə olan inamsızlıqdır.

Bəs problemin həlli yolu nədir? Niyə həm biznes qurumları, həm də vətəndaşlar nağd puldan imtina etməkdə bu qədər çətinlik çəkirlər? Burada vergilərin ağır olması da rol oynayırmı?

“Yeni Müsavat”ın suallarını cavablandıran iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, bu gün inkişaf etmiş ölkələrdə iqtisadi münasibətlərin və ticarətin təxminən 90 faizi nağdsız formada həyata keçirilir:

“Bunun üçün bir infrastruktur yaradılıb. Bütün ticarət müəssisələri insanları nağdsız ödəniş etməyə təşviq edirlər. Eyni zamanda kredit kartlarının olması, bank sisteminin uyğunlaşması kimi məsələlər də artıq bu ölkələrdə həllini tapıb. Bununla yanaşı, daha çox nağdsız dövriyyənin təşviqi tədbirləri həyata keçirilir. Bu tədbirlər iki  istiqamətdə olur, həm  alıcılar üçün , həm də satan tərəf üçün tətbiq olunan təşviq proqramları var. Bizdə nağdsız satış həyata keçirən sahibkarlara heç bir güzəştlər tətbiq olunmur. Halbuki biz illərdir təşviq edirik ki, ikili bəyannamələr tətbiq olunsun, nağd ödənişlər üçün sahibkarlardan bir bəyannamə növü, nağdsız ödənişlər tətbiq edənlərdən isə başqa bəyannamə alınsın. Beləliklə, nağdsız dövriyyəsi olanlar fərqləndirilsin və onlara güzəşt tətbiq edilsin. Biz təklif edirik ki, müəyyən müddət ərzində bu dövriyyələr ən azı 2 dəfə daha az vergiyə cəlb olunsun və ya  onlara vergi tətbiqi ləğv olunsun. Çünki ilk növbədə bu mədəniyyətin formalaşmasına ehtiyac var. Bu gün bəzən insanlar nağdsız ödəniş etmək istəsələr də, mövcud infrastruktur ona cavab vermir. Ticarət mərkəzləri ən müxtəlif bəhanələrlə çalışır ki, ödənişlər nağd şəkildə edilsin. Çünki nağdsız dövriyyə birbaşa vergi orqanlarında uçota alınır və vergi predmetinə çevrilir”. İqtisadçının sözlərinə görə, sahibkar yüksək vergi ödəmələrindən yayınmaq üçün çalışır ki, satışı nağd formada həyata keçirsin və nağdsız ödənişləri hansısa formada məhdudlaşdırsın: “Bir sıra ticarət müəssisələrində POS-terminallar işləmir, bəzən də bilərəkdən bu aparatları sıradan çıxarırlar. Azərbaycanlı sahibkar nağdsız dövriyyədə maraqlı deyil və mümkün qədər çalışır ki, bunu məhdudlaşdırsın. Buna görə də sahibkarları buna təşviq etmək üçün güzəştli vergi sisteminin tətbiqinə ehtiyac var.

Gələcəkdə mərhələli şəkildə vergiləri tətbiq edərək, standartlara uyğunlaşdıraraq indiki səviyyəyə çatdırmaq olar. Hələ ki nağdsız dövriyyə mədəniyyətinin formalaşdırılması üçün addımlar atılmalıdır. İşin digər tərəfi də odur ki, vətəndaşa hədəflənən təşviqedici tədbirlər görülməlidir. Banklar və ticarət müəssisələri nağdsız alış-verişə bonuslar təklif edə bilərlər, qiymətlərdə müəyyən güzəşt edə bilərlər. Azərbaycanda bu təcrübə yavaş-yavaş formalaşmağa başlayıb. Ancaq infrastruktur buna cavab vermədiyi üçün insanlar bu imkanlardan tam istifadə edə bilmirlər. Bundan əlavə bir məsələ də var ki, Azərbaycanda hazırda təxminən 6 milyon kartın olmasına baxmayaraq, bu kartlardan nağdsız ödənişlərdə istifadə edilmir. Dövlət müəssisələrində çalışanların demək olar ki, hamısı əmək haqlarını kartla alırlar, pensiya və sosial müavinətlər nağdsız şəkildə ödənilir. Lakin həmin insanların əksəriyyəti bu kartları nağdlaşdırmağa aləti kimi istifadə edirlər. Onların çoxunun informasiyası yoxdur ki, bu kartlardan istifadə edərək nağdsız şəkildə ödəniş etmək imkanları var. Bu sahədə maarifləndirmə də zəifdir. Bundan başqa, cəmiyyətdə stereotiplər də var ki, onları qırmaq lazımdır. İnsanların çoxu düşünür ki, nağdsız formada ödəniş edərkən onu aldada bilərlər, hesablarını oğurlaya bilərlər. Bununla bağlı sistem güvənliliyini artırmaq və cəmiyyəti buna inandırmaq lazımdır. Ənənəvi stereotiplərin aradan qaldırılması üçün genişmiqyaslı kampaniyaların aparılması vacibdir. Bu istiqamətdə çəkilən bütün zəhmət, xərclənən vəsait bir müddət sonra artıqlaması ilə dövlət büdcəsinə qayıdır. Həm də cəmiyyətdə bir mədəniyyət formalaşır”.

pulİqtisadçı onu da qeyd etdi ki, hazırda nağdsız ödəniş hər iki tərəfə daha baha başa gəlir, çünki bu vəsait vergiyə cəlb olunur:

“Elə bir sistem formalaşdırmaq lazımdır ki, bütün tərəflər – həm dövlət, həm vətəndaş, həm də biznes prosesdə maraqlı olsun. Bizdə dövlətin nə dərəcədə maraqlı olduğu hazırda bəlli deyil, çünki proses çox zəif gedir. Biznes maraqlı deyil, çünki burada əlavə xərc, vergi ödənişi yaranır. Qeyri-neft iqtisadiyyatının böyük bir qismi illeqal dövriyyədə formalaşıb. Nağdsız şəkildə  ödənişlərə mütləq vergi güzəştləri edilməlidir. Dünya praktikasında da bu kimi hallarda problemlər ancaq güzəştlərlə, təşviqlərlə aradan qaldırılır. Bizdə hətta aldığımız məhsula görə ticarət müəssisələrində qəbzin verilməsi mədəniyyəti belə formalaşmayıb. Bəzən insanlar bu qəbzləri almaqdan imtina edir, bəzən də satıcılar vermirlər. Bəzi böyük ticarət şəbəkələri var ki, malın qaiməsi insanlara verilir. İnsanlar da elə bilirlər ki, o, rəsmi qəbzdir, halbuki bu aldığımız malların siyahısıdır. Ancaq rəsmi qəbz kiçik bir kağızdır, orada məbləğ, ƏDV və sair göstərilir. Bizdə real sektorda bu kimi problemlər var. Bu gün mağazada qəbz tələb etməyən insandan nağdsız ödəniş gözləmək də yersizdir. Dövriyyənin leqallaşması üçün nağdsız ödənişin tətbiqi, nağd ödənişlərdə qəbzlərin verilməsi və sair üçün Azərbaycanda ciddi addımlar atılmalıdır. Dövlət təkcə vətəndaşı təşviq etməklə buna nail ola bilməz, burada biznes də maraqlı olmalıdır. Biznes  qurumları dövriyyələrini gizlətməsələr hazırkı vergi yükünün ağırlığı altında mövcud olmaları mümkün deyil. Vergi yükü həddindən artıq ağırdır, kommersiya gəlirlərində 40 faizdən artıq vergi yükü var. Dövlət bütün bunları nəzərə alaraq, ilk növbədə vergi güzəştləri tətbiq etməlidir. Nağdsız dövriyyəyə daha aşağı vergi dərəcələri tətbiq etməklə buna nail olmaq mümkündür”.

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Rusiyada satışdan əldə olunan gəlirdən vergi tutulmayacaq

posted in: Xəbər | 0

gəlirRusiya hökuməti satışdan əldə olunan gəlirə vergi tətbiq etməyəcək.

Rus mətbuatına istinadən xəbər veririli ki, bunu Rusiyanın baş nazirinin müavini, maliyyə naziri Anton Siluanov Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forumda bildirib.

O, həmçinin ölkədə gəlir vergisinin dərəcəsinin dəyişdirilməsinə qarşı çıxıb.

“Məncə, ödədiyimiz 13%-lik gəlir vergisi vergidənyayınmanın qarşısını almaq üçün ən yaxşı prinsipdir. Ona görə, bu sahədə vəziyyəti dəyişdirməyi təklif etmirik”, – A.Siluanov deyib.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

400.000 manatdan çox pul oğurlayan mühasib

posted in: muhasibat, Məqalə, Xəbər | 0

mühasib

400.000 manatdan çox pul oğurlayan mühasib

MMB-nin (mənzil mülkiyyətçiləri birliyi) mühasibi 15 miyon rubl oğurlayıb.

Xabarovsk şəhərinin Kirov rayon məhkəməsi xüsusilə külli miqdarda pul məbləğini mənimsədiyinə görə yerli sakinə qarşı məhkəmə qərarı çıxarıb.

Məhkəmə iclası zamanı məlum olub ki, qadın “Fortuna” mənzil mülkiyyətçiləri birliyində (MMB) mühasib işləyib. MMB-nin hesabında olan pullara birbaşa çıxışı olan mühasib işlədiyi müəssisdən 15 milyon 396 min 984 rubl pul oğurıayıb.

Qadın cinayət əməlini mühasibat uçotu sənədləri əsasında hesablanmış məbləğləri yüksəltmək yolu ilə törədib. O, pulları qeyri-qanuni yolla Xabarovsk şəhərindəki  müxtəlif banklarda öz adına açdığı hesablara köçürüb.

Məhkəmə iclasında mühasib öz təqsirini tam şəkildə etiraf edib və dəymiş zərərin bir hissəsini də buna qədər ödəyibmiş.

Məhkəmə qadını təqsirli bilib və onun barəsində 3 il azadlıqdan məhrumetmə cəzası çıxarsa da, himayəsində yetkinlik yaşına çatmayan övladı olduğuna görə, yəni, uşaq 14 yaşına çatana kimi hökmün icrası ertələnib.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Fakturaların əvəzləşdirilməsi

posted in: Vergi, Xəbər | 0

fakturaVergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən ƏDV-nin ödəyicisi tərəfindən alınmış elektron vergi hesab-fakturaları üzrə nağdsız qaydada ödənilmiş və əvəzləşdirilməli olan məbləğ ƏDV bəyannaməsinin 308-ci sətirində əks etdirilməklə yanaşı, bu məlumatlar İnternet Vergi İdarəsinin «Onlayn kargüzarlıq e-VHF» bölməsi vasitəsilə ƏDV bəyannaməsinin göndərildiyi gün ərzində vergi orqanına göndərilməlidir.

Bunun üçün vergi ödəyicisi www.e-taxes.gov.az internet səhifəsinə daxil olaraq, səhifənin sol yuxarı tərəfində yerləşən «giriş» düyməsini seçir. Açılan səhifədə vergi ödəyicisinə məxsus istifadəçi kodu, parol və şifrə daxil edilir və bölmə sətirində Onlayn kargüzarlıq və e-VHF seçilərək, «daxil ol» düyməsi sıxılmaqla sistemə daxil olunur. Açılan növbəti səhifədə e-VHf alt bölməsi seçilərək, Əvəzləşdirilənlər hissəsinə keçilir. Dövrü «seç» düyməsi sıxılmaqla açılan pəncərənin ilk xanasında əvəzləşdiriləcək fakturanın göndəriləcək bəyannamənin ili, dövr tipi xanasında əvəzləşdirilmə göndəriləcək bəyannamənin rüblük və ya aylıq təqdim edilməsi, növbəti xanada isə dövr tipi xanasına uyğun seçim edilərək, «qəbul» düyməsi sıxılır.

Daha sonra isə əvəzləşdiriləcək faktura məlumatları hissəsi doldurulur. Hesabat dövrü üzrə əvəzləşməyə təqdim edilən fakturanın seriya nömrəsi daxil edildikdə həmin fakturaya aid məlumatlar səhifədə avtomatik əks olunur. Sətir kodu xanasında əldə edilən fakturanın ƏDV-yə cəlb edilməsinə uyğun olaraq müvafiq kod seçilir. Ödənilmiş ƏDV-siz ümumi dəyər xanasında fakturanın ödənilmiş məbləği əks etdirilir və ona uyğun  hesablanmış ƏDV məbləği ödənilmiş ƏDV xanasında avtomatik əks olunur. Daha sonra «daxil et» düyməsi sıxılmaqla əvəzləşəcək faktura daxil etdiyiniz son 5 əvəzləşəcək faktura siyahısında əks olunur. Əvəzləşməyə daxil ediləcək digər fakturalar da siyasıya eyni üsulla daxil edilir. «Təmizlə» düyməsini sıxmaqla əvəzləşəcək faktura məlumatları hissəsində əvəzləşməyə daxil ediləcək fakturanı silmək olar. «Baxış» düyməsini sıxmaqla açılan təsdiqləmə pəncərəsində «bəli» düyməsini seçməklə əvəzləşmə üçün təqdim edəcəyiniz fakturalara baxa bilərsiniz. Daxil etdiyiniz əvəzləşəcək faktura siyahısında hər hansı bir faktura məlumatını səhv daxil etmisinizsə, bu dövr üçün axtarış hissəsində həmin faktura üzərində düzəliş edə və ya onu silə bilərsiniz.

Bu əməliyyatı yerinə yetirmək üçün dövr üzrə axtarış hissəsində axtarış kriteriyasını və ona uyğun məlumatı müvafiq xanalara daxil edərək Axtar düyməsi sıxılır. Axtarışa uyğun əvəzləşdiriləcək fakturalar hissəsində görünən faktura üzərində müvafiq dəyişiklik edilir. Səhv daxil edilmiş fakturanı silmək üçün axtarışa uyğun əvəzləşdiriləcək fakturalar hissəsində görünən fakturanı silmək üçün «sil» düyməsi sıxılmalıdır.

Əvəzləşmə üçün daxil edilmiş fakturaların doğruluğuna əmin olduqda «göndər» düyməsi sıxılır. Bu zaman açılan səhifədə «qəbul» düyməsi sıxılır. Açılan pəncərədə əvəzləşəcək fakturaların doğruluğuna əminlik olduğunuzu təsdiqləməklə əvəzləşəcək fakturanın göndərilməsi əməliyyatını başa çatdırmış olacaqsınız.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.