Topdan satış müəssisəsi Nəzarət Kassa Aparatı ilə satışı rəsmiləşdirə bilər?

posted in: Xəbər | 0

Sual: İstehsal müəssisəsində kassa nəzarət aparatı quraşdırılıbsa təqdim etdiyi malları həmin kassa aparatı ilə topdansatış qiymətlə topdan satırsa həmin dövriyyəni topdansatış dövriyyə kimi göstərməlidir ya pərakəndə satış dövriyyə kimi göstərməlidir?

Cabab: Bildiririk ki, topdan ticarət fəaliyyətini həyata keçirən şəxslər tərəfindən həmin fəaliyyətin məqsədləri üçün nəzarət-kassa aparatının tətbiq edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Rəsmiləşdirmənin NKA vasitəsi ilə aparılması yalnız pərakəndə ticarətə aiddir. Belə ki, topdansatış ticarət obyektlərindən mallar yalnız sahibkarlıq fəaliyyəti subyektlərinə elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura ilə rəsmiləşdirilməklə təqdim edilməlidir.

Bax: Vergi Məcəlləsinin 13.2.62-ci və 13.2.63-cü maddələri.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergilər Nazirliyindən şikayət edən şirkətlərin adları açıqlanıb

posted in: Vergi, Xəbər | 0

Ötən il hüquqi şəxslərdən və sahibkarlardan daxil olan 278 şikayətdə vergi, hüquq mühafizə, şəhər və rayon icra hakimiyyəti orqanlarının, ayrı-ayrı vəzifəli şəxslərin sahibkarların işinə maneələr yaratmasından narazılıq bildirilib və kömək istənilib”.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bildirib.

S.İsmayılov qeyd edib ki, sahibkarlar bəzi hallarda vergi orqanlarının onlara əsassız olaraq külli miqdarda borc yazmasından, buna görə fəaliyyətlərini dayandırmağa məcbur olduqlarından, Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən bank hesablarının bloklanmasından, qanunsuz sərəncamların tətbiq edilməsindən və digər məsələlərdən narazılıqlarını bildiriblər: ““Yanar Dağ” QSC, “Telko Qafqaz”, “Metals LTD”, “N-Link İNTELLİGENT SOLUTİONS”, “Qlobal Finans”, “Qartal-A”, “İnter Qarden”, “Relax” MMC-lərin, “İnkomservis” firmasının rəhbərləri və başqaları məhz Vergilər Nazirliyinin onların fəaliyyətinə mane olduğunu yazıb, bir çox kiçik sahibkarlar, həmçinin bəzi vətəndaşlar nazirliyin Gəncə, Lənkəran, Sumqayıt, Şirvan, Yevlax, Göyçay idarə və departamentləri işçilərinin onlara qarşı əsassız təzyiqlərindən şikayətləniblər”.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

“Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nda dəyişiklik edildi

posted in: Xəbər | 0
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 70; 2007, № 11, maddə 1117) ilə təsdiq edilmiş “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nın 6-cı hissəsində “5 il dövlət qulluğu stajına malik olan şəxslər öz xahişləri ilə işdən çıxdıqları vaxt əmək pensiyası yaşına çatmışlarsa və ya həmin vaxt əlil” sözləri “15 il dövlət qulluğu stajı olan Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları istisna olmaqla) öz xahişləri ilə işdən çıxdıqları vaxt əmək pensiyası yaşına çatmışlarsa və ya həmin vaxt I qrup əlil” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 fevral 2018-ci il.

Mənbə: president.az

Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə qərarda dəyişiklik edildi – Ümid edirik bundan sonra banklarda işsizlik sığortası ödəməsində problem olmayacaq

posted in: Xəbər | 0

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 41
Bakı şəhəri, 9 fevral 2018-ci il
“Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq
edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarında dəyişikliklər
edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2018-ci il 9 yanvar tarixli 5 nömrəli qərarında
dəyişikliklər edilməsi barədə

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

  1. “Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 9 yanvar tarixli 5 nömrəli qərarının 1.1-ci və 1.2-ci bəndləri müvafiq olaraq 1.2-ci və 1.3-cü bəndlər hesab edilsin və aşağıdakı məzmunda 1.1-ci bənd əlavə edilsin:

“1.1. həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə – “Büdcə gəlirlərinin Təsnifatı” üzrə:

1.1.1. “1.2.0.0.0.0. Sosial ayırmalar” bölməsinə aşağıdakı məzmunda köməkçi bölmə əlavə edilsin:

“1.2.3.0.0.0. İşsizlikdən sığortaya ayırmalar, 1.2.3.1.0.0. İşəgötürənlərin əməyin ödənişi fondundan hesablanan işsizlikdən sığorta haqqı, 1.2.3.2.0.0. İşləyənlərin əmək haqlarından hesablanan işsizlikdən sığorta 2 haqqı, 1.2.3.3.0.0. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş digər gəlirlər.”.

1.1.2. “1.4.3.7.0.0. Məşğulluq haqqında qanunvericiliyin pozulmasına görə tətbiq edilən cərimələrdən daxilolmalar” paraqrafından sonra “1.4.3.8.0.0. İşsizlikdən sığorta haqqında qanunvericiliyin pozulmasına görə tətbiq edilən cərimələrdən daxilolmalar” paraqrafı əlavə edilsin;

1.1.3. Büdcə gəlirlərinin təsnifatına əlavə üzrə:

1.1.3.1. “1.2. Sosial ayırmalar” paraqrafının mətni aşağıdakı redaksiyada verilsin:

“Sosial ayırmalar dövlətin həyata keçirdiyi sosial proqramlardan asılı olaraq sosial təminata, işsizlikdən sığortaya və sosial ehtiyaclara ayırmalara bölünür. Sosial sığorta və işsizlikdən sığorta haqlarının ödənişi məcburi xarakter daşıyır və xüsusi fondların yaradılmasını nəzərdə tutur.”;

1.1.3.2. “1.2.2. Sosial ehtiyaclara digər ayırmalar” paraqrafından sonra aşağıdakı məzmunda paraqraf əlavə edilsin:

“1.2.3. İşsizlikdən sığortaya ayırmalar dedikdə, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sığortaolunan və sığortaedən tərəfindən sığortaçıya ödənilən pul məbləği, həmçinin bu Qanunla müəyyən edilmiş digər gəlirlərdən daxilolmalar nəzərdə tutulur.

1.2.3.1. İşəgötürənlərin əməyin ödənişi fondundan hesablanan işsizlikdən sığorta haqqı sığortaedən tərəfindən hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi miqdarında ödənilən işsizlikdən sığorta haqqını nəzərdə tutur.

1.2.3.2. İşləyənlərin əmək haqlarından hesablanan işsizlikdən sığorta haqqı işləyənlərin hesablanmış əmək haqlarının 0,5 faizi miqdarında ödənilən işsizlikdən sığorta haqqını nəzərdə tutur.

1.2.3.3. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş digər gəlirlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xətalara görə tətbiq olunan inzibati cərimələrdən daxilolmalar istisna olmaqla, bu Qanunla müəyyən edilmiş digər mənbələr üzrə daxilolmaları nəzərdə tutur.”.

1.1.3.3. “1.4.3. Cərimə və sanksiyalar üzrə daxilolmalar” köməkçi bölməsinə “məşğulluq” sözündən sonra “, işsizlik” sözü əlavə edilsin.

  1. Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının
Baş naziri                                  Artur Rasi-zadə

Mənbə: cabmin.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.