Əmək pensiyalarının indeksləşdirilməsinə 164,5 milyon manat vəsait yönəldiləcək

posted in: Xəbər | 0

“Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 09 fevral 2018-ci il tarixli sərəncamı pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti mühüm addımdır və bu sərəncam pensiya təminatında artım dinamikasının, ümumən əhalinin rifah halının yaxşılaşdırılmasına yönələn tədbirlərin cari ildə də uğurla davam etdirildiyini təsdiq edir”.

Bunu Azərbaycan prezidentinin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” sərəncamı ilə əlaqədar  keçirilən mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov vurğulayıb.

Nazir qeyd edib ki, Azərbaycanda 2006-cı il yanvarın 1-dən beynəlxalq standartlara uyğun müasir sığorta-pensiya sisteminin tətbiqi ilə əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə başlanılıb və 2007-ci ildən etibarən Azərbaycan prezidenti İlham Əliyev tərəfindən əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı 11 sərəncam verilib. Onun sözlərinə görə, ölkənin sığorta-pensiya sistemində növbəti islahat tədbiri kimi, “Əmək pensiyaları haqqında” qanuna edilmiş və 2017-ci il iyulun 1-dən tətbiqinə başlanılan mütərəqqi dəyişikliklər bu sistemin tam sığorta prinsipləri üzərində formalaşmaqla uzunmüddətli və etibarlı maliyyə dayanıqlığına, bazar iqtisadiyyatı şəraitində sosial rifah tələblərinə uyğun layiqli pensiya təminatı imkanlarının artırılmasına xidmət edib: “Həmin dəyişikliklər eyni zamanda uzun illər ölkəmizin pensiya qanunvericiliyində mövcud olmuş “əmək pensiyasının baza hissəsi” anlayışının aradan qalxmasına, pensiyaların baza və sığorta hissələrinin birləşdirilərək vahid məbləğ kimi müəyyən edilməsinə səbəb olub. Beləliklə, hər ilin əvvəlində əmək pensiyalarının yalnız sığorta hissəsinin əvvəlki ilin rəsmi inflyasiya göstəricisi əsasında artırılması həyata keçirilirdisə, artıq cari ildən əmək pensiyalarının ümumi məbləğinin ölkə üzrə orta aylıq əmək haqqının əvvəlki ildəki artım faizinə uyğun indeksləşdirilərək artırılması mexanizminə keçilir. Bu tədbir isə pensiyaçı vətəndaşların sosial maraqlarının daha dolğun şəkildə təmin olunmasına imkan verir”.

S.Müslümov bildirib ki, Dövlət Statistika Komitəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olan rəsmi məlumata əsasən, 2017-ci ildə ölkədə orta aylıq nominal əmək haqqının illik artım tempi 5,7% səviyyəsində müəyyən edilib: “Prezident İlham Əliyevin sərəncamının icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən respublikamızda əmək pensiyalarının ümumi məbləğinin də 2018-ci il yanvarın 1-dən hesablanaraq həmin göstəriciyə uyğun, yəni 5,7 faiz artırılması təmin ediləcək. Bununla bağlı Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondu artıq müvafiq işlərə başlayıb. 01 yanvar 2018-ci il vəziyyətinə ölkədə 1 milyon 318 min 434 nəfər əmək pensiyası alır. Sərəncama əsasən əmək pensiyalarının indeksləşdirilərək artırılması pensiyaçıların 1 milyon 236 min nəfərinə və ya 94 faizinə şamil olunacaq.  Dövlət qulluqçusu, hərbi qulluqçu, Mərkəzi Seçki Komissiyasının üzvü, Hesablama Palatasının üzvü, deputat və s. kateqoriyalardan olan şəxslər kimi pensiyaya çıxmış vətəndaşların pensiyalarına bu artımlar tətbiq olunmayacaq”.

Nazir diqqətə çatdırıb ki, 01 yanvar 2018-ci il vəziyyətinə ölkədə əmək pensiyalarının orta aylıq məbləği 208,36 manat, yaşa görə pensiyanın orta aylıq məbləği isə 233,68 manat təşkil edir: “Vətəndaşların əmək pensiyalarının məbləğləri müxtəlif olduğundan pensiyalarda  artımların məbləğləri də fərqli olacaq. Məsələn, 208,36 manat səviyyəsində olan əmək pensiyası üzrə hesablama aparsaq,  indeksləşdirmə nəticəsində həmin pensiyanın məbləği 5,7 faiz, yəni 11,87 manat artırılaraq 220,23 manata çatdırılacaq. Bununla yanaşı, onu da qeyd edim ki, artımın pensiyanın bütün məbləğinə tətbiq olunması prinsipi aşağı məbləğdə pensiya alanlar üçün daha effektiv olması ilə diqqəti çəkir”.

Əmək pensiyalarına edilən artımların cari ilin əvvəlindən hesablandığını diqqətə çatdıran S.Müslümov qeyd edib ki, fevral ayının pensiyalarının ödənişi  yanvar və fevral aylarındakı artımlarla birgə həyata keçiriləcək: “Sərəncamla 2018-ci il yanvarın 1-dən əmək pensiyalarının indeksləşdirilməsinə hər ay təqribən 13,78 milyon manat, il ərzində isə 165,4 milyon manat əlavə vəsait yönəldiləcək”.

Nazir vurğulayıb ki, sərəncama əsasən, sığortaolunanlar üzrə ödənilən və onların fərdi uçot sistemindəki fərdi hesablarının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğlərinin də indeksləşdirilməsi aparılacaq: “Sığorta-pensiya sistemi elektron infrastruktur üzərində fəaliyyət göstərir və hər iki proses, yəni əmək pensiyalarının və fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilmə ilə artımı avtomatlaşdırılmış qaydada həyata keçiriləcəkdir. Eyni zamanda əmək pensiyasının minimum məbləği də 5,7 faiz səviyyəsində artırılır. Ümumiyyətlə, cənab Prezidentin ölkədə sosial müdafiə sisteminin gücləndirilməsinə  xidmət edən bu Sərəncamından irəli gələn vəzifələrin icrası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vaxtında və tam təmin ediləcək”.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Üç yaşınadək uşağa qulluqla əlaqədar verilən müavinət artırılacaq

posted in: Müavinət, Xəbər | 0

Uşağın 3 yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyətdən istifadə etdiyi müddət qadınların əmək və sığorta stajına daxil ediləcək.

Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası 2018-2019-cu illərdə uşaq əməyinin, məcburi əməyin və insan alverinin aradan qaldırılmasını təmin edən, əmək miqrasiyasını tənzimləyən dövlət sosial proqramlarının dəstəklənməsi, birgə monitorinqlərin təşkil edilməsi öhdəliyini öz üzərlərinə götürüblər.

Bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında bağlanan 2018-2019-cu illər üçün Baş Kollektiv Sazişdə əksini tapıb.

Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının bu istiqamətdə 2018-2019-cu illər üzrə götürdükləri öhdəliklər sırasında ölkənin şəhər və rayonlarında məktəbyaşlı uşaqların təhsildən yayınması hallarının üzə çıxarılması, onun səbəblərinin araşdırılması və uşaqların məktəblərə qaytarılması üzrə yerli icra hakimiyyəti, həmkarlar ittifaqı və təhsil orqanlarının nümayəndələrindən ibarət komissiyaların yaradılması, ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan tələbə və şagirdlərin yataqxana ilə təmin olunması məqsədi ilə təkliflərin hazırlanması, qanunvericilikdə nəzərdə tutulmuş hallarda işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməsini təmin etmək və bu istiqamətdə nəzarəti gücləndirmək, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 4 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nın icrası istiqamətində tədbirlərin davam etdirilməsi, uşağın 3 yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyətdən istifadə etdiyi müddətin qadınların əmək və sığorta stajına daxil edilməsindən ötrü müvafiq qanunvericilikdə dəyişikliklər etmək, Beynəlxalq Əmək Təşkilatının “Sosial təminatının minimum normaları haqqında” 102 nömrəli Konvensiyasının ratifikasiyasını sürətləndirmək, üç yaşınadək uşağa qulluqla əlaqədar verilən müavinətin artırılması ilə bağlı tədbirlər görmək də var.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Şairlər də vergi ödəməlidir

posted in: Vergi, Xəbər | 0

Şair dediyi şeirdən pul qazanırsa, vergi ödəməlidir.

Bu sözləri Vergilər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Şahin Məmmədov deyib.

Onun sözlərinə görə, vergi ödəmək hər kəs üçün vacibdir:

“Müğənnilər oxuduqları mahnıdan pul qazandıqları üçün vergi ödəyirlər. Şairlər də həmçinin… Bu qayda hər kəs üçün keçərlidir”.

Mənbə: gündeminfo.az

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Əmək pensiyaları artırıldı

posted in: Xəbər | 0
Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədi ilə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə uyğun olaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, 2017-ci il üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, 2018-ci ilin 1 yanvar tarixinə:

1.1. bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin;

1.2. fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 fevral 2018-ci il.

Mənbə: president.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.