“01 yanvar 2018-ci ildən etibarən əmək müqaviləsinə işçilərin sayının azalması və ya ştat ixtisarı ilə əlaqədar xitam verilərkən tətbiq edilən yeni qaydalar”

posted in: Xəbər | 0

“Azərbaycan Respublikası Əmək Məcəlləsinə dəyişikliklərin edilməsi haqqında” 31.05.2017-ci il tarixli qanunun 01 yanvar 2018-ci il tarixdən etibarən qüvvəyə minməsi ilə əlaqədar işçilərin sayının azalması və ya ştatların ixtisarı əsası ilə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi zamanı bir sıra yeni prosedur qaydalar nəzərdə tutulmuşdur. Bu barədə məqalənin əsas hissəsində əvvəlki və yeni proseduru izah etməyə çalışacağıq.

Məlum olduğu kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə işəgötürən tərəfindən işçilərin sayının azaldılması və ya ştat ixtisarı ilə əlaqədar xitam verilməsi mümkündür. Yeni dəyişikliklərədək göstərilən əsaslarla əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən işçiyə azı 2 ay əvvəlcədən rəsmi xəbərdarlıq edilməli, iki ayın tamamında isə orta əmək haqqı məbləği həddində işdənçıxarma müavinəti və Məşğulluq İdarəsindən alınmış müvafiq arayışlara əsasən işçinin işdən çıxarıldığı gündən yeni işə düzələcəyi günədək 2-ci və 3-cü aylar üzrə orta əmək haqqı ödənilməli idi.

Bununla yanaşı əvvəlki normalara görə işəgötürən tərəfindən işçinin razılığı ilə 2 aylıq xəbərdarlıq müddəti əvəzinə işçiyə 2 aylıq əmək haqqını birdəfəlik ödəməklə əmək müqaviləsinə xitam verilə bilərdi.

01 yanvar 2018-ci il tarixdən isə artıq tamamilə yeni prosedur qaydalar tətbiq olunmağa başlandı. Bu qaydalara görə işçiyə müqavilənin xitamından əvvəl verilən xəbərdarlıqla müddətində, orta aylıq əmək haqqı məbləğində ödənilən işdənçıxarma müavinətində və xəbərdarlıq müddəti əvəzinə işçinin razılığı ilə ödənilən birdəfəlik əmək haqqı məbləğində işçinin stajı nəzərə alındı. Onu da qeyd etmək zəruridir ki, bu staj sırf işçinin hazırda işlədiyi müəssisədə olan stajı deyil, ümumi stajını nəzərdə tutur.

Yeni dəyişikliklərə əsasən artıq işəgötürən işçilərin sayının azaldılması və ya ştat ixtisarı ilə əlaqədar əmək müqaviləsinə xitam verməzdən əvvəl işçini rəsmi xəbərdar edərkən aşağıdakı qaydada onun stajını nəzərə almaqla müddətlərə diqqət etməlidir:

İşçinin

  • bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi;
  • bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi;
  • beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi;
  • on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi əvvəlcədən rəsmi xəbərdar etmə həyata keçirilməldir.

 Həmçinin dəyişikliklərə görə işəgötürən müqaviləyə müvafiq əsaslarla xitam verdikdə yenə də işçinin stajını nəzərə alaraq aşağıdakı qaydada işdənçıxarma müavinəti ödəməyə borcludur:

İşçinin

  • bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;
  • bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;
  • beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;
  • on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında işdənçıxarma müavinəti ödənilməlidir.

Bu hissədə xatırlatmaq yerinə düşərdi ki, bu qaydalarda göstərilən orta aylıq əmək haqqının hesablanması zamanı işçinin ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.

Misal: işçi 300 AZN əmək haqqı (Gross və ya hesablanmış əmək haqqı) alır, yanvar ayının 31-i müqaviləsinə xitam verilir və onun yanvar ayından əvvəlki iki aylıq (noyabr və dekabr) əmək haqqı cəmi 600 AZN-dir. Bu halda 600-ü iki ayda olan cəmi 42 iş gününə bölərək bir günlük əmək haqqının 14.3 AZN olduğunu tapırıq. Sonra isə bu məbləği yanvar ayında işçinin işlədiyi iş günlərinin sayı qismində 20-yə vuraraq orta aylıq əmək haqqının 286 AZN olduğunu müəyyən edirik.

Bununla yanaşı yeni qaydalara görə işçi tərəfindən işəgötürənin tətbiq etdiyi xəbərdarlıq müddətini gözləmədən razılığa əsasən əmək müqaviləsinə vaxtından əvvəl xitam verilməsi zamanı da işçinin stajı nəzərə alınır. Bu halda isə işçiyə ödəniləcək birdəfəlik əmək haqqı məbləği aşağıda göstərilən məbləğlərdən az olmamalıdır.

İşçinin

–    bir ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının 0.5 misli

–    bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının 0.9 misli

–    beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının 1.4 misli

–    on ildən çox əmək stajı olduqda – orta aylıq əmək haqqının 2 misli məbləğində birdəfəlik əmək haqqı ödənilməlidir.

Göstərilənlərlə yanaşı xatırlatmaq mümkündür ki, işçilərin sayının azaldılması və ya ştatların ixtisarı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən ödənilən birdəfəlik məbləğlər 14% dərəcə ilə tətbiq edilən gəlir vergisindən və 3% dərəcə ilə tətbiq olunan məcburi dövlət sosial sığorta haqqından tamamilə azaddır.

Yekunda isə bildiririk ki, yeni qaydalara əsasən artıq işəgötürən tərəfindən işdən çıxarıldığı gündən yeni işə düzələnədək olan 2-ci və 3-cü aylar üzrə işçiyə Məşğulluq İdarəsi tərəfindən verilmiş arayışa əsasən ödənilən müavinətlər ləğv olunmuşdur.

Müəllif: Hüquqşünas, Şəhriyar Həbilov

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Qəribə, qeyri-adi və insanı mat qoyan faktlar (1-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

  • Dünyada o qədər almaz mövcuddur ki, planetin hər bir sakininə bundan bir dolu fincan düşə bilər.
  • Böyük Britaniyada il ərzində insanı həbsxanada saxlamaq 45 min funt sterlinqə başa gəlir – bu onun təhsil alması üçün ödəniləcək məbləğdən yarım dəfə çoxdur.
  • Amerikada piar sahəsində çalışanların sayı jurnalistlərin sayından üç dəfə çoxdur.
  • Viktorian rəhbərliyi dəmiryolu ilə səyahətə çıxan qadınlara qatar tunelə daxil olarkən, qaranlıqda xoşagəlməz öpüşlərdən can qurtarmaq üçün ağızlarında sancaq tutmağı məsləhət görüblər.
  • Planetimizdə uran gümüşdən 40, qızıldan isə 500 dəfə daha çox yayılıb.
  • Ağ və qara kərgədanlar – eyni rəngdə olur.
  • Dünyada butulkalara doldurularaq satılan suların 40% adi kran suyudur.
  • XIX əsrdə və XX əsrin əvvəlində bütün dişlərin çıxarılaraq, yerinə protez dişlərin qoyulması 21 yaşı tamam olanlar üçün gözəl hədiyyə hesab olunurmuş.
  • 1938 və 1960-cı illər arası çəkilən fotoşəkillərin yarısından çoxu körpələrə aid olub.
  • XVIII əsrdə fransız donanmasında ölənləri gəminin anbarında basdırırdılar.
  • Bəşəriyyətin mövcud olduğu dövrdən bu yana insanların 40%-i 1 yaşına çatmadan vəfat edib.

Digər məqalələrimizi bu linkə daxil olaraq oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

“İxrac nəzarəti haqqında Qanunun tətbiqi ilə bağlı bəzi normativ aktların təsdiq edilməsi” qərarında kiçik dəyişiklik edilib

posted in: Xəbər | 0

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 13
Bakı şəhəri, 15 yanvar 2018-ci il
“İxrac nəzarəti haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiqi ilə bağlı bəzi normativ aktların təsdiq
edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2005-ci il 15 dekabr tarixli 230 nömrəli
qərarında dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 dekabr tarixli 230 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1230; 2006, № 9, maddə 822, № 11, maddə 1000; 2007, № 4, maddə 387, № 10, maddə 1021, № 12, maddə 1337; 2009, № 2, maddə 144; 2010, № 6, maddə 558; 2012, № 9, maddə 925; 2014, № 1, maddə 69, № 6, maddə 747; 2015, № 5, maddə 660; 2016, № 9, maddə 1585; 2017, № 8, maddə 1612) ilə təsdiq edilmiş “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi Qaydaları”nın 2.1.1- ci yarımbəndinin beşinci abzası çıxarılsın və yeddinci abzasında “əsli” sözü “surəti” sözü ilə əvəz edilsin.

Azərbaycan Respublikasının
Baş naziri         Artur Rasi-zadə

Mənbə: cabmin.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Maliyyə Nazirliyi haqqında əsasnaməyə kiçik dəyişiklik edilib

posted in: Maliyyə, Xəbər | 0

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 486-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 61, № 7, maddə 533, № 10, maddə 780, № 12, maddə 983; 2010, № 2, maddələr 77, 80; 2011, № 2, maddə 85; 2015, № 2, maddə 108, № 9, maddə 988; 2016, № 9, maddə 1479; 2017, № 5, maddə 771, № 6, maddə 1081) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.15-ci yarımbəndinə “üzrə” sözündən sonra “hesabat ili ərzində” sözləri və “yönəldilərək,” sözündən sonra “il ərzində” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 yanvar 2018-ci il.

Mənbə: president.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.