Maliyyə Nazirliyi məcburi auditlə bağlı şirkətlərə xəbərdarlıq etdi

posted in: Audit, Maliyyə, Xəbər | 0

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin məlumatı

Kommersiya təşkilatlarının və publik hüquqi şəxslərin nəzərinə!

“Auditor xidməti haqqında” Azərbaycan Respublikası qanununun 2-ci maddəsinə uyğun olaraq audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.4-cü maddəsinə uyğun olaraq məhdud məsuliyyətli cəmiyyət illik maliyyə hesabatının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit).

Mülki Məcəllənin 107.6-cı maddəsinə uyğun olaraq səhmdar cəmiyyəti illik maliyyə hesabatının yoxlanılması üçün müstəqil auditoru cəlb etməyə borcludur.

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə uyğun olaraq ictimai əhəmiyyətli qurumlardan, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından, habelə dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatlarından illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə təşkilatın internet səhifəsi olduqda, həmin təşkilatın internet səhifəsində və mətbu orqanda dərc etdirməsi tələb olunur.

Eyni zamanda “Mühasibat uçotu haqqında” Qanunun 12-1.9-cu maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən, habelə nizamnamələrində maliyyə hesabatlarının dərc edilməsi nəzərdə tutulan publik hüquqi şəxslər illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə özlərinin rəsmi internet səhifələrində və ya mətbu orqanda dərc edirlər.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Mənbə: maliyye.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Maliyyə Nazirliyi haqqında Əsasnamədə kiçik dəyişiklik edildi

posted in: Maliyyə, Uncategorized, Xəbər | 0
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 486-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 61, № 7, maddə 533, № 10, maddə 780, № 12, maddə 983; 2010, № 2, maddələr 77, 80; 2011, № 2, maddə 85; 2015, № 2, maddə 108, № 9, maddə 988; 2016, № 9, maddə 1479; 2017, № 5, maddə 771, № 6, maddə 1081) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.15-ci yarımbəndinə “üzrə” sözündən sonra “hesabat ili ərzində” sözləri və “yönəldilərək,” sözündən sonra “il ərzində” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 yanvar 2018-ci il.

Mənbə: president.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasib olmaq üçün lazım olan keyfiyyətləri bilirsinizmi? (2-ci hissə)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Mühasibat sahəsində səmərəli şəkildə, peşəkar fəaliyyət göstərməyə mane olan əsas amillər hansılardır?

a) riyazi və analitik təhlil qabiliyyətinin olmaması;

b) tez yorulmaq;

c) diqqətsizlik;

d) fikir dağınıqlığı;

e) intizamsızlıq;

f) əxlaqi-etik normalardan kənarlaşma;

g) rəqəmlərlə işləmək meyilliliyinin mövcud olmaması.

Qeyd etmək lazımdır ki, şüur ilə hər hansı bir obyekti seçmək və diqqəti uzun müddət ərzində onun üzərinə istiqamətləndirmək bacarığı mühasibdən ötrü çox mühümdür.

Mühasib xırdaçı (pedant) olmalı, yəni, öz fəaliyyətini dəqiqliklə və səliqəli yerinə yetirməli, tələb və qaydalara əməl etməlidir. Fikir verdinizsə, bu peşədə çalışmalı olan insanın şəxsi keyfiyyətləri sanki biri  o birindən asılı olaraq ortaya çıxır. Həmçinin qeyd etmək lazımdır ki, mühasib öz işində səliqəli və dəqiq olmaqla yanaşı, xırdalıqları da nəzərdən qaçırmamalıdır, bu mənada o, son dərəcə dürüst olmalıdır.

Eləcə də şəxsi oriyentasiya və yuxarıda qeyd etdiyimiz şəxsi keyfiyyətlərlə bağlı uyğun gəlməyən müəyyən xarakteristikanın da bu məsələlərdə rolu az deyil. Məsələn, konformislik (konformizm cərəyanı) də bu işdə yaramır, bu, özlüyündə insanın başqa birinin və ya bir qrup insanın təsiri altında özünün ilkin dəyərləndirmələrindən imtina etməsi və ya onu dəyişdirməsi deməkdir. Eyni zamanda mühasib həm də sərbəst olmalıdır. Bax, bu cür fərqliliklər mühasibin kənar təsirlərdən, rəhbər personalın təzyiqlərindən və asılılığından qorunması üçün çox zəruri amillərdir. Məsələn, o, şübhəli əməliyyatları yerinə yetirməkdən imtina etməyi bacarmalıdır.

Belə götürəndə, mühasib işləmək üçün mütləq şəkildə çox şeylər uyğun gəlmir. Bu fərddə xüsusi psixoloji və şəxsi dəst keyfiyyətlər olmalıdır ki, üzərinə qoyulmuş öhdəlikləri yerinə yetirə bilsin.

Qeyd etmək lazımdır ki, mütəxəssisin uğuru çox vaxt zəruri olan şəxsi və psixoloji keyfiyyətlərdən asılı olur. Onların düzgün uyuşması mütəxəssisə peşəsində düzgün istiqamət almağa və öz fəaliyyətinin məntiqini başa düşməyə kömək edir, bu isə öz növbəsində  naməlum vəziyyətlərdə və ya alternativ seçimlər zamanı düzgün nəticəyə varmaqda yardımçı olur. Beləliklə, demək mümkündür ki, mühasib tərəfindən peşəkar düşüncə əsasında bu və ya digər qərar qəbul edilərkən, ona bir çox amillər, o cümlədən psixoloji və şəxsi amillər təsir edir.

Mühasib işinə xüsusi temperamentə malik insanlar daha uyğun gəlir, bayaq izah etdiyimiz kimi həmin vəzifə üçün fleqmatik temperamentli biri daha uyuşqandır. Çünki, bu temperamentdən olan insanlar uzun sürən monoton işə daha davamlı olurlar.

Mühasib əməyi işarə sistemləri ilə bağlı bir fəaliyyət sahəsi olduğundan işçidən işarə reallığına dalmağı və öz funksiyasını yaxşı yerinə yetirməyi tələb edir.

Məqalənin 1-ci hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

“100 mühasib 100 kitab” layihəsi

posted in: muhasibat, Xəbər | 0

Tezliklə Yeni Layihə!

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 yanvar tarixində imzaladığı Sərəncamla 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkəmizdə keçiriləcək tədbirlərə öz töhfəmizi vermək məqsədi ilə Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi 100 mühasib 100 kitab layihəsinə start verəcək.
Layihə çərçivəsində müxtəlif müsabiqələr və yarışmalara əsasən seçiləcək 100 mühasibə 100 kitab hədiyyə ediləcəkdir.

Mənbə: Maliyyə Elm-Tədris Mərkəzi

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.