‘ ‘Narxozu’ bitirmişəm, amma ki işsizəm’

posted in: Xəbər | 0

Bu günlərdə kiçik ərzaq mağazasına girəndə satıcı və dostu olan gəncin söhbəti diqqətimi çəkdi. Deyirlər, başqasının söhbətinə qulaq asmazlar. Amma söhbət məzunu olduğum ‘Narxoz’dan gedirsə qulaq verməmək çətin olur. Qısası bu iki gənc narxozu bitirib ‘işsiz’ qalmaqdan şikayətlənirdilər. Bu yazını bu vəziyyətə düşməyi arzulamayan tələbələr üçün təqdim etmək istərdim. Özü də ki, tək narxoz tələbələri üçün yox. Nəzərə alsaq ki, nə əkərsən, onu da CV-də qeyd edərsən prinsipindən qaçmaq olmaz, odur ki tələbələrə lap elə birinci kursun əvvəlindən nəzər yetirməli olduğu məsələlərlə bağlı qeydlərimizi təqdim edirik:

1. Tələbəlik illərində buraxılan səhvlər
Orta hesabla 17-18 yaşına çatmış gənclərimizin təxminən hər 10 nəfərindən 3-ü ali təhsil almaq şansı əldə edir. Ali təhsilin gücünə, imicinə bizdən qat-qat çox inanan valideynlərimiz də tələbə olduğumuz vaxtdan bitirinə qədər bizə böyük inam bəsləyirlər. Biz də bizə olan bu inamın içində 4 ili keçirib universiteti bitirəndə möcüzənin baş verməsini gözləyirik. Bu möcüzə isə baş verməyə tələsmir. Tələbəlik illərində çoxlu səhvlər buraxılır. Mən onlardan ən vacibi kimi indiki dövrün gənclərinin onlayn təhsil imkanlarından, youtube-dan, google-dan, wikipedia-da yetərincə yararlanmamaqlarında görürəm. Kimlərki bu dövrün onlayn və offlayn imkalarından düzgün istifadə edir, onlar 2 addım daha öndə olurlar.

2. Haradasa, nədənsə başlamaq
Fikrimcə, tələbə olarkən dərsləri çatdırmaq olmur, iş yoxdur, yarımgünlük işə heç kim götürmür və digər bəhanələrlə işləməkdən qaçan adamlar çox uduzur. Hansısa təşkilatda könüllü işləmək belə tələbə üçün uğurlu təcrübədir. Biznes, menecment sahəsi üzrə təhsil alan şəxsin adi bir satıcı olaraq işləməsi onun insanları öyrənməsi üçün əla imkandır. 10 il əvvəl tələbənin daha az xərci var idi. Bakıda KFC yox idi, bu qədər sayda kinoteatrlar yox idi, uzağı 200-250 manatlıq Nokia telefonları, böyük monitorlu kompüterlər var idi. Metro da ki, cəmi 5 köpük. Başa düşüləndir ki, indiki tələbənin xərci çoxdur. Ona görə də tələbəyə günə 4 saatlıq işə 150 AZN təklif ediləndə tələbə beynində avtomatik xərclər hesablanır və cavab o olur ki, yox işləmirəm, maaş azdır. Nəticədə, ələ düşən tək-tük fürsətlər də qaçırılır.

3. Zamanı gələcək
Yuxarıdakı fikirdə demək istədiyimiz o idi ki, nədənsə, haradasa başlasaz sizin də zamanınız gələcək. Bəzi insanlar var ki, heç nəyə fikir vermədən çoxlu oxuyur, oxuyur və universiteti bitirən andan yaxşı bildiyi bir şirkətdə işləməyə başlayır. Bu pis seçim deyil, deyərdim bəzi şəxslər üçün həddindən artıq uğurlu seçimdir. Amma bu prinsipin çoxları üçün problemi odur ki, bu tip insanların işdən kənar sosial həyatı çox maraqsız olur. Oxumaqla yanaşı sosial bağlılıqlarınıza da önəm vermək lazımdır, çünki bu əlaqələr harada, hansı vəzifədə işləməyinizdən asılı olmayaraq ömürboyu sizin əlinizdən tutacaq. Amma bu o demək deyil ki, əlinizi əlinizin üstünə qoyub bu möhtəşəm zamanı illərlə gözləməlisiniz. Yuxarıda dediyimiz kimi başlayın, sizin də zamanınız 2, 5 uzağı 15 ilə də olsa gələcək. Yetər ki, dəyər və məqsədlərinizi düzgün müəyyənləşdirəsiniz.

4. Yeniliklərə həyatboyu hazır olmaq
Məqsədlərin ömürlük olması vacib deyil. Bankda işləməyi planlaşdıran bir tələbənin 3 il sonra neft şirkətində HR şöbəsində görmək təəccüblü deyil. İxtisası üzrə işləmək yaxşıdır. Amma ki, iş bazarında imkanlar çox dinamikdir. Kim bilir, bəlkə 2 il arzuladığınız bir sahədə işlədikdən sonra, gedib xaricdə tam başqa bir sahədə işlədiniz. Bu o demək deyil ki, işinizi yeniliklər adı ilə hər ildən bir dəyişmək lazımdır. Sadəcə istər həkim, istərsə də hakim olmaq istəyiniz olsun, daima özünüzü yeniliklərə hazır edin. Bundan əlavə yaxşı insan olmağın vacibliyini də unutmayın.

5. Bəlkə elə ‘ticarət’ adamısınız?
Mən 2 ilə yaxın Azərbaycan Turizm İnstitutunda dərs deyərkən, oxumağın vacibliyindən söz açarkən tələbələrdən bəziləri Billin, Stivin heç ali təhsil almadığını böyük fəxrlə bildirirdilər. Mənim isə reaksiyam sadəcə o idi ki, özünə inamın varsa, auditoriyalarda vaxtını öldürmə. Get, elə bu andan başla. Yetər ki, öz ideyana və gücünə inan. Ticarət sözünü valideynlərimizin çoxu sevmədiyi üçündür ki, ali təhsil adı ilə potensiallı ticarət adamları ən azı 4 ili auditoriyalarda keçirtmək məcburiyyətində qalır. Ticarət olmasın, hər hansı bir başqa peşə və istiqamət olsun. Yetər ki, özünüzü tanımağa çalışın və fikirlərinizi bu istiqamətə yönəldin. Arxayın olmayın ki, həyat universiteti bitirəndən sonra başlayır, əslində düzgün yaşamalı olduğunuz həyat ən uzağı məktəbi bitirəndən sonra başlayır.

Bu barədə danışılması vacib olan çox məsələ var. Ümumi olaraq 5 məsələyə toxunduq ki, tələbələr bu və digər məsələlər haqqında düşünüb daha çalışqan və məqsədyönlü olsunlar. Unutmayın ki, gələcəkdə yaxşı işlərə vaxtınızın çox qalması üçün, gərək tələbə olarkən sizə ‘xoş gəlməyən’ işlərə daha çox vaxt ayırasınız. İnanıram ki, ömürlük tələbə olduğumuz həyatda onların həyatlarından da öyrənməli çoxlu məsələlər olacaq.

Müəllif: İlham Ali Yusif

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Bu ildən Azərbaycanda ilk dəfə olaraq İşsizlikdən sığorta fondu fəaliyyətə başlayacaq

posted in: Xəbər | 0

Bu ildən Azərbaycanda ilk dəfə olaraq İşsizlikdən Sığorta Fondu fəaliyyətə başlayır.

“İşsizlikdən sığorta haqqında” qanunda işsizlikdən sığorta üzrə işçinin əmək haqqının 0,5%-i, sığortaedən tərəfindən isə hesablanmış əməyin ödənişi fondunun 0,5%-i sığortahaqqının ödənilməsini nəzərdə tutulur. Qanunda sığorta ödənişinin 3 növü – əsas sığorta ödənişi, sığorta ödənişinə əlavə və minimum sığorta ödənişi müəyyən edilib.

Qanunda  sığorta ödənişi sığorta stajından asılı olaraq onun itirilmiş orta aylıq əmək haqqının məbləğinə müəyyən faiz dərəcələri tətbiq olunmaqla hesablanır. Başqa sözlə, işçinin sığorta stajı 3 ildən 5 ilə qədər olduqda onun itirilmiş orta aylıq əmək haqqının məbləğinin 50%-i, sığorta stajı 5 ildən 10 ilə qədər olduqda 55%, sığorta stajı 10 ildən yuxarı olduqda 60% məbləğində işsizliyə görə aylıq sığorta ödənişi veriləcək.

Qeyd edək ki, bu ilin dövlət büdcəsində ilk dəfə olaraq “İşsizlikdən sığorta haqqında” qanunun qüvvəyə minməsi ilə əlaqədar fəaliyyətə başlayacaq bu sistemdə dövlət büdcəsindən maliyyələşən təşkilatlar üzrə sığortaedənin payının maliyyələşdirilməsi ilə bağlı vəsait proqnozlaşdırılıb.

Aparılmış hesablamalara uyğun olaraq, 2018-ci il üçün İşsizlikdən sığorta fondunun işəgötürən və işçi arasında paritet bölgü əsasında əmək haqlarının 1 faizi hesabı ilə müəyyənləşdirilən sığorta haqlarından formalaşan büdcə gəlirləri 89 mln. manat məbləğində, o cümlədən büdcə sektoru üzrə 35,4 milyon manat, qeyri-büdcə sektoru üzrə 53,6 milyon manat məbləğində proqnozlaşdırılır.

2018-ci ildə İşsizlikdən sığorta fondunun 89 mln. manat məbləğində nəzərdə tutulan xərclərinin 37,6%-ni və ya 33,5 mln. manatını işsizliyə görə sığorta ödənişləri təşkil edəcək ki, bu da cari ildə bu məqsədlər üçün nəzərdə tutulmuş vəsaitin həcmindən 1,9 dəfə çoxdur. Xərclərin 40,2%-i və ya 35,8 mln. manatı həcmində proqnozlaşdırılan özünüməşğulluq tədbirləri hazırda Əmək və Əhalinin Sosial Müdafisəsi Nazirliyi tərəfindən bu sahədə həyata keçirilən sosial proqramın əhəmiyyətli şəkildə genişləndirilməsinə və il ərzində əlavə olaraq 8 minə yaxın ailənin bu proqramla əhatə olunmasına şərait yaradacaq.

“İşsizlikdən sığorta fondunun xərclərinin 6,8 faizi və ya 6 milyon manatı peşə hazırlığı və əlavə təhsil, ictimai işlərin təşkili və digər aktiv əmək bazarı tədbirləri üçün nəzərdə tutulub ki, bu da 2017-ci illə müqayisədə 3,7 dəfə çoxdur. Məşğulluq orqanlarının saxlanılması xərcləri cari illə müqayisədə 1,7 dəfə artaraq İşsizlikdən sığorta fondunun xərclərinin 15,4%-ni və ya 13,7 mln. manat təşkil edəcək.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Azərbaycanda valyuta mübadiləsi əməliyyatlarının aparılmasının yeni qaydaları təsdiqlənib

posted in: Xəbər | 0

Maliyyə Bazarlarına Nəzarət Palatası “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası”nı təsdiqləyib.

Bu qayda “Valyuta tənzimi haqqında” qanuna uyğun olaraq valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması, valyuta mübadiləsi əməliyyatlarının həyata keçirilməsi üçün təşkilati, texniki təchizat və təhlükəsizlik tələblərinin, həmin tələblərə dair təsdiqedici sənədlərin siyahısının, valyuta mübadiləsi əməliyyatları üzrə uçotun, hesabatın və sənədləşmənin vahid formalarının, onların təqdim olunması qaydasının və müddətlərinin, valyuta mübadiləsi fəaliyyəti həyata keçiriləcək obyektlərin yerləşəcəyi ərazilərin müəyyən olunması ilə bağlı münasibətləri tənzimləyir.

Qaydalara əsasən, valyuta mübadiləsi məntəqəsində valyuta mübadiləsi fəaliyyətindən başqa digər xidmətlər həyata keçirilə bilməz. Valyuta mübadiləsi məntəqəsinin iş rejimi valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxs tərəfindən Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırmaqla müəyyən olunacaq.

Bundan başqa, valyuta mübadiləsi məntəqəsi köşk formasında, ayrıca binada və ya binanın küçəyə çıxışı olan hissəsində təşkil edilməlidir. Binanın daxilinə çıxışı olan valyuta mübadiləsi məntəqələri yalnız mehmanxanalarda, vağzallarda, limanlarda açıla bilər. Valyuta mübadiləsi məntəqəsi nəzərdə tutulmuş əməliyyatların aparılması üçün ən azı 6 kvadrat metr sahəyə malik olmalıdır. Valyuta mübadiləsi məntəqəsinin konstruksiyası xəzinədarın təhlükəsizliyini və qiymətlilərin mühafizəsini təmin etməlidir.

Valyuta mübadiləsi fəaliyyətinə lisenziya alan şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatı yalnız nağd qaydada və müştərilərin sifarişi ilə həyata keçiriləcək. Valyuta mübadiləsi məntəqəsində nağd xarici valyutanın bir müştəriyə 500 (beş yüz) ABŞ dollarına ekvivalent məbləğdən artıq satılması, habelə bir müştəridən 10000 (on min) ABŞ dolları ekvivalent məbləğdən artıq alınması şəxsiyyəti təsdiq edən sənəd əsasında aparıla bilər.

Yeni qaydalara görə, əməliyyat günü ərzində xarici valyuta və ya milli valyuta vəsaitləri qurtardığı hallar istisna olmaqla, valyuta mübadiləsi məntəqəsində yalnız alış və ya yalnız satış əməliyyatlarından birinin tək formada aparılmasına yol verilə bilməz.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasib fırıldaqları (2-ci sxem)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

 

Mühasibat – istənilən biznesin mühüm tərkib hissəsidir. Həm nəhəng müəssisələr, həm də kiçik şirkətlər öz fəaliyyətlərində mühasibsiz keçinə bilməzlər. Bununla yanaşı, mühasiblərdən bəziləri öz rifah hallarını işlədikləri şirkətlərin hesabına artırmaqdan da əl çəkmirlər. Bundan ötrü çoxlu sayda variantlar mövcuddur, axı, öz təşkilatlarının bütün maliyyə axınının “nəbzini öz əllərində” məhz, mühasiblər tuturlar.

Bu bölmədə mühasiblərin bəzi saxta sxemlərini nəzərdən keçirəcəyik, hansı ki, bunların sayəsində şirkətin gəlirləri əhəmiyyətli dərəcədə azala bilər, eləcə də həmin müəssisənin nüfuzuna xələl gələ bilər.

2-ci sxem
Personalın uçota alınması zamanı və ya “ölü canların” saxlanması ilə bağlı fırıldaqçılıq

Hətta rus yazıçısı Qoqolun yazdığı “Ölü canlar” əsəri də tamah məqsədilə saxta sənədlər düzəltmək yolu ilə bu növ fırıldaqçılıqların mövcud olduğunu təsdiq edir.

Qeyd etmək lazımdır ki, dünyada günümüzdə də bu tip saxtakarlıqlardan heç də məşhur klassikin yaşadığı dövrdəkindən az istifadə olunmur. Bu cür bədəməl rollarda daha çox mühasiblər və kassirlər çıxış edirlər və işçilər üçün nəzərdə tutulan, amma faktiki olaraq müəssisədə çalışmayan adamların adına pul vəsaitləri yazaraq, mənimsəyirlər.

Bu dələduzluq növü üçün ən primitiv sxemdən istifadə olunur – maaş cədvəlinə uydurma işçilərin adını yazmaqla, onlara saxta məvacib təyin edirlər.  Sonra özləri də imzalayaraq, həmin nağd pulları mənimsəyirlər.

Elə də böyük olmayan müəssisə rəhbəri üçün bu cür fırıldaqçılığı aşkara çıxarmaq çətinlik törətmir. Bunu aşkar etməkdən ötrü hər ay mühasibin işçilərə maaş vermək üçün bankdan aldığı nağd pullara nəzarət etmək, yetərlidir. Əgər cari ayda ötən aya nisbətən əmək haqqı məbləği yüksəlibsə (eyni zamanda əməkdaşların sayı olduğu kimi qalıbsa) deməli, bunun izahı üçün mühasibə müraciət etmək lazımdır.

Əgər mühasib qeyri-qanuni bir iş görməyibsə, o faktı asanlıqla izah edəcək: məsələn, qadın əməkdaş körpə uşağına baxmaq üçün çıxdığı məzuniyyətdən geri qayıdıb və  müavinət əvəzinə tam məvacib almağa başlayıb. Yox, əgər fırıldaqçılıq edibsə, bunun üstü dərhal açılacaq.

Çox vaxt mühasib daha hiyləgər hərəkət edir. O, hər hansı bir əməkdaşın işdən çıxmasını gözləyir və sonra sadəcə onun adını mühasibat sənədlərindən silməyi “unudur”, əsasən də maaş cədvəlindən. Belə halda həmin əməkdaş əvvəl olduğu kimi yenə “məvacib” almaqda davam edir ki, həmin məbləğ də mühasibin cibinə gedir. İşçinin əvəzinə isə təbii ki, mühasib özü imza atır.

Bəzi hallarda isə həmin əməkdaşın özü də mühasiblə razılığa gəlir – hər ay maaş cədvəlinə özü qol çəkir və sözügedən məbləğdən öz “payını” alır. Elə də olur ki, mühasib həmin cədvəldən bir neçə belə “ölü canı” silməyi “unudur” – bu fırıldaqdan onun kifayət qədər əlavə gəlir götürdüyünü təsəvvür etmək etmək elə də çətin deyil.

Eyni yolla mühasib digər cinayətkar sxemlərdən də istifadə edə bilər. Məsələn, qadın əməkdaş dekretə və uşağa baxmağa görə məzuniyyətə çıxır, sənədləşməni həyata keçirən mühasib, bunu çox asanlıqla “yaddan çıxara” bilər. Bu zaman əməkdaş qanunvericilikdə nəzərdə tutulan qədər (təbii ki, bu məbləğ tam maaşdan az olur) müavinət alır.

Mühasib isə həmin işçiyə maaş yazmaqda davam edir – təbii ki, qadın əməkdaş yalnız müavinəti alır, fərq isə fırıldaqçının cibinə gedir.

Saxta sənədləşmə yolu və ya uydurma səbəblər vasitəsilə həyata keçirilən bu qrup növündən olan qanun pozuntularına müxtəlif növ kompensasiyaları, müavinətləri və s. aid etmək olar.

Bu cür “ölü canlar” kimi müxtəlif  və qeyri-qanuni sxemlər ucbatından müəssisə xeyli miqdarda maliyyə itkisi ilə üzləşir, çünki bu təkcə məvacibin verilməsi ilə nəticələnmir, həmin saxta maaşlar, müavinətlər, kompensasiyalara görə müəssisənin vergi yükü də artır.

Məqalənin 1-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.