Mühasiblər 2.6 milyon dolları oğurlamağa necə kömək etdilər??

posted in: Xəbər | 0

Rusiya dövlət əmlakının idarə olunması üzrə federal agentliyinin direktor müavini Yelena Patkina agentliyin hesablarından 150 milyon rubl (2 milyon 580 min ABŞ dolları) mənimsəməkdə şübhəli bilinir.

Hadisə barədə “Kommersant” nəşri məlumat verib. Qeyd edək ki, agentliyin direktor müavini bütün Rusiya üzrə torpaqla əlaqəli məsələlərə nəzarət edirdi.

Patkina pulları saxta şirkətlər vasitəsilə nağdlaşdıraraq əldə edib. Müstəntiqlər güman edirlər ki, bu işdə ona Rusiya dövlət əmlakının idarə olunması üzrə federal agentliyin Moskvaətrafı idarəsinin mühasibləri kömək ediblər. Hazırda onlar da həbs olunublar.

Hüquq-mühafizə orqanları Moskvadakı pul nağdlaşdırma meydançalarından birinin ləğv olunmasından sonra Patkinanın izinə düşüblər. Sahibkar Andrey Yujakovun (hazırda həbsdədir) rəhbərlik etdiyi cinayətkar qrupun xidmətlərindən Patkina və Rusiya əmlakını idarə edən agentliyin digər əməkdaşları da istifadə ediblərmiş.

Müstəntiqlər Patkinanın oğurluğun təşkilatçısı hesab edirlər və Moskvanın Tverskiy məhkəməsi onun barəsində iki aylıq həbs qəti-imkan tədbiri seçib. O, 150 milyon rubl pul mənimsəməkdə şübhəli bilinir.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Bu məhsul idxal gömrük rüsumundan tam azad ediləcək

posted in: Vergi, Xəbər | 0

Nazirlər Kabinetinin təsdiq etdiyi «Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri»nə əsasən, ölkəyə idxal olunan qəzet kağızı gələn il yanvarın 1-dən idxal gömrük rüsumundan tam azad ediləcək.

Rulonlarda və ya istənilən ölçülü düzbucaqlı (kvadrat da daxil olmaqla) vərəqlərdə, yazı, çap və ya digər qrafik məqsədləri üçün istifadə edilən təbaşirlənməmiş kağız və karton, deşilməmiş kartlar və deşilməmiş kağız lentlər, əllə tökülmüş kağız və karton üçün tətbiq edilən 15 faiz idxal gömrük rüsumu isə qüvvədə qalıb.

Hazırda qüvvədə olan «Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri»nə əsasən rulonlarda və ya vərəq şəklində ölkəyə gətirilən qəzet kağızına 0,50 faiz gömrük rüsumu tətbiq edilir. Gələn il yanvarın 1-dən bu növ qəzet kağızına idxal gömrük rüsumu tətbiq olunmayacaq. Yarımsellülozdan və saman kütləsindən büzmə üçün kağız da 0,50 faizlik idxal gömrük rüsumundan azad olunub.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Almaniyada işlə bağlı maraqlı faktlar

posted in: Məqalə, Xəbər | 0

  • Alman şirkətlərində rəhbər şəxsə əksər vaxtlarda “Sən” deyə müraciət etmək ənənəsi mövcuddur. Belə hesab edilir ki, ünsiyyətin bu forması şirkət əməkdaşları arasında kommunikasiyanın, yəni, əlaqələrin daha da yaxşılaşmasına yardım edir.
  • Almaniyada qadınlar hündürdaban ayaqqabını yalnız xüsusi hallarda geyinirlər, işdə isə onlar daha rahat ayaqqabı geyinməyi üstün tuturlar.
  • Almaniyada qadınların da kişilər kimi əllə görüşməsi halı qəbul edilib.
  • Almaniyda dövlət qulluqçuları vergi ödəməkdən azad olunublar, eyni zamanda onları işdən də çıxarmaq olmaz. Hesab olunur ki, bu cür yanaşma işçiləri öz öhdəliklərini daha yaxşı yerinə yetirməyə motivasiya edir və korrupsiyaya qarşı da əla təsir göstərir.
  • İstənilən işgüzar yazışma “Mit freundlichen Grussen” frazası ilə başlayır ki, tərcüməsi belədir: “Xoş salamlarla”. Hətta cərimə və ya borcları bildirən bildirişlər də istisna deyil.
  • Məlum olduğu kimi, bu ölkədə sosial sistem yaxşı inkişaf edib. Məsələn, buna nümunə olaraq borca düşənləri misal göstərmək olar. Əgər hər hansı bir insan çətin maliyyə vəziyyətinə düşübsə, bu barədə dövlət hakimiyyət orqanlarına məlumat vermək yetərlidir. Həmin şəxsin qarşısında stabil iş yeri tapmaq kimi bir öhdəlik qoyulur, yaşaması üçün müəyyən vəsait ayrılır, maaşının bir hissəsini isə borcunu ödəmək üçün tuturlar. Hətta 10 ildən sonra ödənilməyən borclar silinir.
  • Məktəbəqədər təhsil müəssisələri Almaniyada saat 16:00-da bağlanır. Kiçik uşaqları olan almanlar üçün iş saatı erkən vaxtda başlayıb, saat 16:00-da bitir ki, onlar övladlarını uşaq bağçasından vaxtında götürə bilsinlər.  

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi

posted in: Xəbər | 0
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 539-VQD nömrəli Qanununun və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 540-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299; Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 814-VQD və 817-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 43.1-ci maddədə “387, 388” rəqəmləri “387-388-1” rəqəmləri ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 370-1-ci maddə əlavə edilsin:

“Maddə 370-1. İnternet telekommunikasiya xidməti göstərən operatorlar və provayderlər tərəfindən uçota durma qaydalarının pozulması

370-1.0. İnternet telekommunikasiya xidməti göstərən operatorlar və provayderlər tərəfindən uçota durma qaydalarının pozulmasına, yəni:

370-1.0.1. xidmət göstərməyə başladıqları vaxtdan 15 gün müddətində müvafiq icra hakimiyyəti orqanında uçota durmamasına;

370-1.0.2. uçota alınma üçün zəruri olan sənədlərdəki çatışmazlıqları aradan qaldıraraq 15 gün müddətində uçota alınma üçün yenidən müraciət edilməməsinə;

370-1.0.3. uçot məlumatlarında dəyişiklik baş verdiyi gündən 10 gün müddətində həmin dəyişiklik barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilməməsinə görə –

vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.”.

3. Aşağıdakı məzmunda 388-1-ci maddə əlavə edilsin:

“Maddə 388-1. İnternet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması

388-1.1. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına, yəni:

388-1.1.1. informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə –

388-1.1.2. internet informasiya ehtiyatında yerləşdirilmiş yayılması qadağan edilən informasiyanın götürülməsi ilə bağlı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tədbirlərin görülməməsinə görə –

fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

388-1.2. İnternet informasiya ehtiyatı “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı”na daxil edildikdən dərhal sonra host provayder və internet provayderlər tərəfindən həmin internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılmamasına görə –

vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Qeyd: Bu Məcəllənin 388-1.1.1-ci maddəsi həmin maddədə göstərilən əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 dekabr 2017-ci il.

Mənbə: president.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.