2017-ci ilin noyabr ayı ərzində vergi orqanlarına 782 şikayət daxil olub

posted in: Vergi, Xəbər | 0

2017-ci ilin noyabr ayı ərzində vergi orqanlarına daxil olmuş vətəndaş müraciətləri haqqında

2017-ci ilin noyabr ayı ərzində vergi orqanlarına 8792 müraciət daxil olub ki, onların da 91%-i ərizə, 8,9%-i şikayət, 0,1%-i təklifdir. Müraciətlərin 38,7%-i müxtəlif arayışların alınması, 33,7%-i kameral vergi yoxlamaları, 9,6%-i vergi borcları, 2,8%-i vergidən yayınma, nağd hesablaşmaların aparılması qaydalarının pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti, qalanları isə digər məsələlərlə bağlı olub.

Bütün müraciətlərə vaxtında baxılıb, onların 75,7%-i müsbət həll olunub.

Vergi orqanlarında 496 vətəndaş qəbul edilərək, onlara qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib.

Mənbə: www.taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

“İnzibati xəta zamanı götürülmüş tez xarab olan mallar barəsində sərəncam verilməsi Qaydası” təsdiqləndi

posted in: Xəbər | 0

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 564
Bakı şəhəri, 18 dekabr 2017-ci il

“İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş tez xarab olan mallar barəsində sərəncam verilməsi Qaydası”nın və “İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş narkotik vasitələr və psixotrop maddələr, həmçinin müvafiq
standartlara, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən etil spirti, alkoqollu və
tərkibində spirt olan məhsulların yenidən istehsala göndərilməsi və ya məhv edilməsi Qaydası”nın təsdiq edilməsi barədə

“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96 VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının 1.2.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş tez xarab olan mallar barəsində sərəncam verilməsi Qaydası” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş narkotik vasitələr və psixotrop maddələr, həmçinin müvafiq standartlara, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən etil spirti, alkoqollu və tərkibində spirt olan məhsulların yenidən istehsala göndərilməsi və ya məhv edilməsi Qaydası” təsdiq edilsin (2 nömrəli əlavə).

                                                        Azərbaycan Respublikasının
                                                                   Baş naziri                                                                  Artur Rasi-zadə

 

                                                                                                                                                              Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2017-ci il 18 dekabr
tarixli 564 nömrəli qərarı ilə
                                                                                                                                                                            təsdiq edilmişdir.

                                                                                                                                                              1 nömrəli əlavə

İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş tez
xarab olan mallar barəsində sərəncam verilməsi

Q A Y D A S I
1. Ümumi müddəalar

1.1. “İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş tez xarab olan mallar barəsində sərəncam verilməsi Qaydası” (bundan sonra – Qayda) “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795
nömrəli Fərmanının 1.2.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır.
1.2. Bu Qayda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 94.10-cu maddəsinə uyğun olaraq, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər) tərəfindən inzibati xəta haqqında işlərə baxılarkən inzibati xətanın bilavasitə obyekti olan tez xarab olan mallar barəsində sərəncam verilməsi qaydasını müəyyən edir.
1.3. Bu Qaydanın məqsədləri üçün istifadə edilən “tez xarab olan mallar” (bundan sonra – mallar) anlayışına aşağıdakılar daxildir:
1.3.1. inzibati xəta haqqında iş üzrə qərar qüvvəyə minənədək yararlılıq müddətinin bitəcəyini və satış üçün yararsız olacağını hesab etməyə əsas olan məhdud saxlama və ya yararlılıq müddətinə malik mallar;
1.3.2. əmtəə görünüşü və istehlak xassələrinin saxlanılması, eləcə də təhlükəsizliyinin təmin edilməsi üçün xüsusi temperatur rejimlərinin və digər saxlama şərtlərinin təmin edilməsi çətinlik yaradan, yaxud həmin şəraitin yaradılması xərcləri məhsulun dəyərinə bərabər və ya ondan yüksək olan mallar.

2. Tez xarab olan mallar barəsində sərəncam (qərar)
verilməsi və onun icrası

2.1. Mallar inzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli dövlət orqanının qərarına əsasən sınaqdan keçirilir.
2.2. Malların sınaqdan keçirilməsi “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada akkreditasiyadan keçmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən aparılır.
2.3. Malların sınağının nəticələri əsasında onların aşağıdakı vəziyyətləri müəyyən edilir:
2.3.1 birbaşa təyinatı üzrə istifadə üçün yararlılığı;
2.3.2 təkrar emaldan sonra və ya emal edilmədən digər məqsədlə istifadə üçün yararlılığı;
2.3.3 birbaşa təyinatı üzrə və digər məqsədlə istifadə üçün yararsızlığı.
2.4. Mallar sınaqdan keçirildikdən sonra “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada qiymətləndiricilər tərəfindən qiymətləndirilir. Malların qiymətləri dövlət tərəfindən tənzimlədikdə, dövlət tənzimlədikdə qiymətləri tətbiq edilir. Digər hallarda malların qiyməti bazar qiymətinə əsasən müəyyən edilir.
2.5. İnzibati xəta haqqında iş üzrə icraatı aparan səlahiyyətli dövlət orqanı malların qiymətləndirilməsi barədə mal sahibini məlumatlandırır və malların qiymətləndirilməsində mal sahibinin iştirakına şərait yaradır.
2.6. Malların bazar qiyməti müəyyənləşdirilərkən onların keyfiyyəti, qablaşdırılması, istehsal tarixi, saxlama və ya yararlılıq
müddəti, miqdarı, bazarda analoji mallara olan tələb-təklif və sərbəst bazar topdansatış qiymətləri nəzərə alınır. Zədələnmiş və qüsurlu halda götürülmüş malların bazar qiyməti müəyyən edilərkən eyni zamanda onların keyfiyyətinin və xarici görünüşünün itirilmə dərəcəsi də nəzərə alınmalıdır.
2.7. İnzibati xəta haqqında iş üzrə icraatı aparan səlahiyyətli dövlət orqanı malların sınağının nəticələri əsasında onlar barəsində sərəncam (qərar) verir.
2.8. Malların sınağının nəticələri əsasında birbaşa təyinatı üzrə istifadə üçün yararlılığı təyin edilmiş mallar, eləcə də emal edilmədən digər məqsədlə istifadə üçün yararlılığı təyin edilmiş mallar satışa çıxarılır.
2.9. Malların satışı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müsabiqə əsasında müəyyən edilmiş və satınalma müqaviləsi bağlanılmış podratçı təşkilat (bundan sonra – satıcı) vasitəsilə həyata keçirilir.
2.10. Sınağının nəticələri əsasında təkrar emaldan sonra yararlılığı təyin edilmiş mallar belə malların emalı ilə məşğul olan hüquqi şəxslərə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə satılır.
2.11. Hüquqi və fiziki şəxslər malların qəbulunu, saxlanılmasını və satışını müvafiq texniki normativ hüquqi aktlara və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na uyğun olaraq həyata
keçirirlər.
2.12. Malların satışından daxil olan vəsait müvəqqəti olaraq inzibati xəta haqqında iş üzrə icraatı aparan səlahiyyətli dövlət orqanının hesabına köçürülür. Eyni zamanda satıcı inzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli dövlət orqanına malların satışı və satış ilə bağlı çəkilmiş xərclərə dair hesabat təqdim edir.
2.13. İnzibati xəta haqqında iş üzrə qərara əsasən götürülmüş malların satışından əldə edilmiş vəsaitin malın sahibinə qaytarılması nəzərdə tutulduğu hallarda, həmin malların satışından əldə edilmiş vəsait satışla bağlı çəkilmiş xərclər çıxıldıqdan sonra mal sahibinə
qaytarılır. Malların qanuni sahibi müəyyən edilmədikdə, həmin vəsait dövlət büdcəsinə köçürülür.
2.14. Götürülmüş malların satışından əldə edilmiş vəsaitin inzibati xəta haqqında iş üzrə məhkəmə qərarına əsasən müsadirə edilməsinin nəzərdə tutulduğu hallarda, həmin malların satışından əldə edilmiş vəsait satışla bağlı çəkilmiş xərclər çıxıldıqdan sonra dövlət büdcəsinə köçürülür.
2.15. Götürülmüş malların nümunələrinin dəyərinin ödənilməsi, onların saxlanılması, sınaq edilən parametrlərin dəyişməz saxlanılması, daşınması, sınaq aparılması, alınmış nəticələr barədə məlumat verilməsi, malların daha sonrakı satışı və ya utilizasiyası ilə əlaqədar yaranan xərclər, həmçinin səlahiyyətli dövlət orqanının malların sınağı barədə qərarının nəticəsi olaraq yaranan bütün digər xərclər inzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli dövlət orqanının hesabına ödənilir.
2.16. İnzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli dövlət orqanının bu Qaydanın 2.15-ci bəndinə uyğun olaraq çəkdiyi xərclərin əvəzi inzibati məsuliyyətə cəlb olunma barədə qərar çıxdıqda, mal sahibi tərəfindən aşağıdakı hallar istisna olunmaqla ödənilməlidir:
2.16.1. xərclər faktiki olaraq, dövlət orqanı tərəfindən ödənilmədikdə;
2.16.2. xərclərin çəkilməsi barədə sənədli təsdiqləmə olmadıqda;
2.16.3. xərclər dövlət orqanı tərəfindən malların nümunələrinin qanunsuz götürülməsi ilə əlaqədar ödənildikdə.
2.17. Aşağıdakı malların məhv edilməsi barədə qərar qəbul edilir:
2.17.1. malların sınağının nəticələri əsasında birbaşa təyinatı üzrə və ya digər məqsədlə istifadə üçün yararsızlığı müəyyən edilmiş mallar;
2.17.2. satıcıya verilmiş, lakin saxlama və ya yararlılıq müddəti ərzində satışı mümkün olmayan mallar.
2.18. Malların məhv edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 12 fevral tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstifadəyə yararsız yeyinti məhsullarının götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilir.

3. Yekun müddəa

3.1. Bu Qaydada dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Mənbə: www.cabmin.gov.az

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

2018-ci ilin yanvar ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə YADDAŞ

posted in: Vergi, Xəbər | 0

2017-ci ilin dekabr ayına görə vergi ödəyiciləri tərəfindən tədiyəçisi olduqları

  • Əlavə dəyər vergisi bəyannaməsi,
  • Aksiz bəyannaməsi,
  • Yol vergisi bəyannaməsi,
  • Mədən vergisi bəyannaməsi,
  • Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsi və
  • Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi

2018-ci ilin yanvar ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim edilmiş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

  • Daşınmaz əmlakın təqdim edilməsi üzrə Sadələşdirilmiş verginin bəyannaməsi

2018-ci ilin yanvar ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün – 1 bank günü ərzində ödənilir).

2017-ci ilin 4-cü rübünə görə vergi ödəyiciləri tərəfindən tədiyəçisi olduqları

  • Sadələşdirilmiş verginin bəyannaməsi və
  • Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi

2018-ci ilin yanvar ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və rüb üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

 

  • Xüsusi notariusların gəlir vergisi bəyannaməsi

2018-ci ilin yanvar ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və 2017-ci ilin dekabr ayı üzrə hesablanmış gəlir vergisi həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

  • Dövlər rüsumu haqqında hesabat

    2018-ci ilin yanvar ayının 22-dək vergi orqanına təqdim edilməli, notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edilərək 2bank günü, xarici ölkələrdəki diplomatik nümayəndəliklərdə aparılan konsul əməliyyatları üçün alınan dövlət rüsumu 1 ay, digər dövlət rüsumları isə tutulduqdan sonra 1 bank günü ərzində dövlət büdcəsinə köçürülməlidir.

 

Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi

  • ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən 2018-ci ilin yanvar ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və 2017-ci ilin dekabr ayı üzrə hesablanmış vergi 2018-ci ilin yanvar ayının 22-dən gec olmayaraq tam həcmdə dövlət büdcəsinə ödənilməlidir
  •  Digər vergi ödəyiciləri tərəfindən (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri istisna olmaqla) 2018-ci ilin yanvar ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və 2017-ci ilin dekabr ayı üzrə hesablanmış vergi həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir

 

Gəlir və mənfəət vergisi ödəyiciləri tərəfindən

2017-ci ilin 4-cü rübü üzrə hesablanmış cari ödəmələr 2018-ci ilin yanvar ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir.

*  *  *

Bəyannamələr müəyyən edilən müddətdə təqdim edimədikdə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir (VM, 57), vergilər vaxtında ödənilmədikdə isə bir ildən çox olmamaqla ötmüş hər bir gün üçün 0,1 faizi məbləğində faiz tutulur (VM, 59).

 

Hörmətli vergi ödəyiciləri, Bəyannamələrinizi və bəyannamələr üzrə hesablanmış vergiləri Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı vasitəsi ilə elektron qaydada təqdim edə və ödəyə bilərsiniz. Bununla vaxtınıza qənaət etmiş olarsınız.

Mənbə: www.taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

 

2018-ci ilin İş vaxtı norması və İstehsalat təqvimi təsdiq edilib

posted in: Kadr, muhasibat, Məqalə, Xəbər | 1

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2018-ci ilin İş vaxtı norması və İstehsalat təqvimi təsdiq edilib

 AZƏRBAYCAN RESPUBLİKASININ
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
KOLLEGİYASI

QƏRAR

№ 18

 20 dekabr  2017-ci il

2018-ci il üçün

İŞ  VAXTININ  NORMASI

 

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ”2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2017-ci il 6 dekabr tarixli 540 nömrəli  qərarına  əsasən 2018-ci ildə aşağıdakı günlər iş günü hesab edilmir:

 

1, 2 yanvar

Yeni il bayramı;

20 yanvar

Ümumxalq hüzn günü;

8  mart

Qadınlar günü;

20, 21 , 22, 23, 24 mart

Novruz bayramı;

9 may

Faşizm üzərində qələbə günü;

28 may

Respublika günü;

15 iyun

Azərbaycan xalqının milli qurtuluş  günü;

15,16 iyun

Ramazan  bayramı;

26 iyun

Azərbaycan Respublikasının Silahlı Qüvvələri  günü;

22, 23 avqust

Qurban bayramı;

9  noyabr

Azərbaycan Respublikasının Dövlət  bayrağı günü;

31 dekabr

Dünya azərbaycanlılarının  həmrəyliyi günü.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci və 6-cı hissələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ”2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2017-ci il 6 dekabr tarixli 540 nömrəli qərarına əsasən 2018-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri və Ramazan bayramının bir gününün Azərbaycan xalqının milli qurtuluş günü ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3 yanvar, 26 mart və 18,19 iyun tarixləri, altıgünlük iş həftəsində isə 3 yanvar və 18 iyun  tarixləri  istirahət günləridir.

2018-ci ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir.

Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 8.2-ci maddəsinə əsasən səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur. Səsvermə günü Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə ümumxalq hüzn və ya iş günü hesab edilməyən bayram gününə düşərsə (Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin II hissəsində nəzərdə tutulan hal istisna olmaqla), səsvermə səsvermənin keçirilməli olduğu ayın başqa iş gününə təyin edilir. Seçki Məcəlləsinin 178-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Prezidentinin Konstitusiya ilə müəyyən olunmuş səlahiyyət müddəti başa çatdığı son ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü seçki günü hesab olunur. Seçkilərin keçirilməsi günü Mərkəzi Seçki Komissiyasının qərarı ilə elan edilir. Seçkilərin keçirilməsi gününün elan edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının qərarı ən geci 2 gün müddətində dərc edilməlidir.

2018-ci ilin iş vaxtı normasının hesablanması məqsədilə rəsmi elan olunanadək şərti olaraq 2018-ci ilin 17 oktyabr tarixi iş günü hesab edilməyən Azərbaycan Respublikası Prezidentinin seçki günü kimi nəzərə alınır.

2018-ci ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan, 7-i bayramqabağı, 1-i Ümumxalq hüzn günü qabağı, 1-i səsvermə qabağı iş günləridir), iş günü hesab edilməyən 108 istirahət günü (onlardan, 3-ü iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşən, 1-i isə Ramazan bayramının bir gününün iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşməsinə görə verilən istirahət günü), iş günü hesab edilməyən 17 bayram (2-si istirahət günləri ilə üst-üstə düşən), 1 səsvermə və 1 Ümumxalq hüzn günü vardır (241+108+17+1+1-3 = 365).

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu və 90-cı maddələrinə əsasən Azərbaycan Respublikasında gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz və bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz.

2018-ci ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir və bu zaman Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq hüzn günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır.

Qanunvericiliyə uyğun olaraq 2018-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1919 saat təşkil edir (232 x 8 + 9 x 7 = 1919 saat).

İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq  tətbiq edilən bir istirahət günü olan altıgünlük iş həftəsi və müəyyən qeydiyyat (uçot) dövrü üçün növbə cədvəlləri beşgünlük iş həftəsinin həmin dövr üzrə iş vaxtı normasına riayət edilməklə tərtib olunur. Əmək Məcəlləsinin 90-cı və 108-ci maddələrinə əsasən altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 91-ci, 92-ci və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və Ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2018-ci ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1919 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.

İş vaxtının qeydiyyatı (uçotu) dövründə və ya təqvim ili ərzində iş vaxtı saatları iş vaxtı normasına uyğun gəlirsə, ayrı-ayrı aylarda iş vaxtının normal iş vaxtından az və ya çox işlənilməsi halları altıgünlük iş həftəsi cədvəlinə yenidən baxılması üçün əsas ola bilməz.

İş vaxtının illik normasına görə altıgünlük iş həftəsi cədvəlinə il ərzində düzəliş edilməsi ilə bağlı konkret məsələlər istehsalat və digər yerli şərait nəzərə alınmaqla bilavasitə kollektiv müqavilədə nəzərdə tutulmaqla həll olunur.

Qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il 20 dekabr tarixli 18 nömrəli Qərarı

Faylı buradan yükləyə bilərsiniz: 2018-ci ilin istehsalat təqvimi

Mənbə: www.mlspp.gov.az