Hansı halda nağd ödəniş etmək mümkündür?

posted in: Xəbər | 0

ƏDV vergi ödəyicisi olan sahibkar fiziki şəxs vergi ödəyicisi olan fiziki şəxsə yük daşıma xidmətinə görə aylıq 10.000 manat nağd qaydada vəsait ödəyib (“Nağdsız hesablaşmalar haqqında” qanunun 3.3-cü maddəsinə əsasən). Bu əməliyyat doğrudurmu?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, “Nağdsız hesablaşmalar haqqında” qanunun 3.2-ci maddəsinə əsasən, hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız bu Qanunun 3.1.1-ci maddəsində müəyyən olunmuş formada həyata keçirilə bilər.

“Nağdsız hesablaşmalar haqqında” qanunun 3.1.1-ci maddəsinə əsasən, nağdsız hesablaşma dedikdə bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar nəzərdə tutulur.

Əlavə olaraq qeyd edirik ki, Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə vergi ödəyicilərinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Müraciətiniz barədə daha ətraflı məlumat üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz

Əsas: Vergi Məcəlləsinin 58.7-1-ci maddəsi və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu.

Mənbə: vergiler.az

Hansı meyarlara görə sahibkarlıq subyektləri riskli vergi ödəyicisi sayılır?

Torpaq vergisi ödəyiciləri

posted in: Vergi, Xəbər | 0

Torpaq vergisinin hüquqi bazası

Respublika ərazisində mülkiyyətində yaxud istifadəsində torpaq sahəsi olan fiziki şəxslər, habelə müəssisələr torpaq vergisinin ödəyiciləri, həmin sahələr isə vergitutma obyekti sayılır. Vergi məbləğinin hesablanması bələdiyyə qurumları yaxud ödəyicinin özü tərəfindən həyata keçirilir. Məsələn, Azərbaycanda hüquqi şəxslərin torpaq vergisi bilavasitə onların özü tərəfindən hesablanır.

Azərbaycan vergi qanunvericiliyinə görə torpaq vergisi həm dövlət, həm də yerli vergi sayılır. Torpaq vergisi üzrə hüquqi müddəalar Vergi Məcəlləsinin XIV fəslində, vergi ödəyiciləri isə həmin fəslin 204-cü maddəsində şərh olunub.

Fiziki şəxslər və bələdiyyə arasındakı torpaq vergisi üzrə münasibətlər bu akta uyğun qurulur.

Yerli vergilər haqqında daha çox məlumatı bizim saytın “Bələdiyyə vergiləri“ bölməsindən ala bilərsiniz.

Torpaq vergisinin ödəyiciləri kimlərdir?

Torpaq vergisi ödəyicisi olan hüquqi şəxslər qrupuna aşağıdakılar nümunə göstərilə bilər:

  • qanunvericiliyə əsasən hüquqi şəxs sayılan müəssisə və təşkilatlar;
  • həmin müəssisə və təşkilatların müstəqil balansla, bank hesablaşma hesabı açmış struktur vahidləri;
  • xarici hüquqi şəxslər, onların nümayəndəlikləri;
  • xarici investisiyalı müəssisələr və sairlər.

Azərbaycan Respublikasının vətəndaşları, xarici vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər fiziki şəxslərə aiddir.

Azərbaycan Respublikası başqa dövlətlə respublika ərazisində torpaq sahəsini birgə ehtiyacları üçün istifadə edə bilər. Bu zaman vergi tutulması dövlətlərarası müqavilələrlə, belə müqavilə yoxdursa ümumi qaydada tənzimlənir.

Azərbaycanda hüquqi şəxslərin torpaq vergisi üzrə hesablamalar, fiziki şəxslərdə verginin yerli büdcəyə ödənmə qaydaları, ümumiyyətlə torpaq vergisinin ödəyiciləri üzrə belə məsələlərin rəsmi izahı burada verilib.

Torpaq vergisi öhdəliyinin yaranma şərtləri

Torpaq vergisi sabit tədiyyə formasında hər il ödənilir. Ödəniləcək məbləğ hesablanarkən torpağın bazar dəyəri, satıla biləcəyi dəyər, yaxud balans dəyəri rol oynamır. Ümumiyyətlə, torpaq vergisi üzrə öhdəliyin yaranması:

  • torpaqdan istifadə edilib-edilməməsindən;
  • ondan effektiv istifadədən;
  • əldə edilən səmərədən asılı deyildir.

Torpaq vergisinin ödəyiciləri vergini sırf sahibi olduqları torpağa görə ödəyirlər. Siz sahibkarlıq fəaliyyətinizi dayandırmış olsanız belə, onu ödəməli, bəyannaməni təqdim etməlisiniz (Vergi Məcəlləsi, maddə 16.4). Bəyannamə Azərbaycanda hüquqi şəxslərin torpaq vergisi üzrə əsas hesabat sayılır. Torpaq sahəsi üzərində mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışla (kupça) təsdiq olunur.

Ümumən, belə sahələr sizə:

  • vərəsəlik qaydasında;
  • alqı-satqı qaydasında;
  • bağışlanma, dəyişmə, hərrac yolu ilə;
  • renta müqaviləsi və s. formada keçə bilər.

Həmçinin, torpaq sahəsində məhkəmənin qərarı əsasında da yaşamaq olar. İstənilən halda, şəxslər, bu sənədləri əsas götürməklə, torpaq vergisinin ödəyiciləri sayılır. Tikili, qurğu altındakı torpaqların, obyektlərin sanitariyası məqsədi üçün mühafizəsi vacib torpaq sahəsinin mülkiyyətçiləri yaxud istifadəçiləri də bu kateqoriyaya aid edilir. Məsələn, sizin eviniz var, lakin həyətyanı sahəniz yoxdur. Bu halda evin üzərində yerləşdiyi torpaq vergitutma obyekti hesab olunur və siz torpaq vergisinin ödəyicisi sayılırsınız. Bu, çoxmərtəbəli binada mənzili olan şəxslərə aid deyil.

Torpaq vergisi ödəyicilərinə güzəştlər

Vergi məcəlləsində torpaq vergisi ödəyiciləri üzrə bir sıra güzəştlər nəzərdə tutulub. Vergi güzəştləri aşağıdakı formalarda tətbiq edilə bilər:

  • vergidən tam azadolma;
  • vergitutma bazasının azaldılması;
  • müəyyən dövr üçün vergidən azad edilmə.

Vergidən tam azad edilən torpaq vergisinin ödəyicilərinin siyahısı genişdir (bax: AR VM, maddə 207). Məsələn, dövlət hakimiyyəti orqanları, büdcə təşkilatları, AR Mərkəzi Bankı və onun qurumları torpaq vergisi üzrə ödənişlərdən tam azaddır (VM, maddə 207.12).

Bəzi kateqoriyalı fiziki şəxslərin mülkiyyətindəki torpaqlara görə torpaq vergisinin məbləği 10 manat azaldılır (VM, maddə 207.3). Geoloji – kəşfiyyat işləri aparılan torpaq sahələri üçün vergitutma bazası 75% azaldıla bilər. Azaldılma şərtləri Məcəllənin 207.8-ci maddəsində şərh edilib.

İstehsalı təşviq etmək məqsədi ilə Azərbaycanda hüquqi şəxslərin torpaq vergisi müəyyən dövr üçün vergidən azad edilə bilər (VM, 207.3, 207.5-207.7, 207.10, 207.11 maddələr). 207.3, 207.5 maddələr hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə (fərdi sahibkarlara) – torpaq vergisinin ödəyicilərinə da aid edilir.

Hansı halda nağd ödəniş etmək mümkündür?

Video: “İstehsalat və maya dəyəri xərclərinin uçotunun aparılması”

posted in: Xəbər | 0

“Azərbaycan Mühasiblər Məktəbi”nin “İstehsalat və maya dəyəri xərclərinin uçotunun aparılması” mövzusunda təşkil etdiyi ödənişsiz vebinara qoşula bilməyənlər, keçid edərək video yazını izləyə bilərlər. 

Vebinarın təqdimatçısı Şahin Qurbanov 2019-cu ildən etibarən müxtəlif sahələrdə (istehsalat, xidmət, kənd təsərrüfatı, tikinti və s.) fəaliyyət göstərən “SAPPORT MMC”də maliyyə meneceri və eyni zamanda “Caspian Rail MMC” logistika şirkətində Baş mühasib olaraq çalışır.

Daha öncə “MD Design” MMC, “NOBEL İLAÇ SAN. VE TİC. A.Ş.”, “Carlsberg Azerbaijan” kimi müxtəlif şirkətlərdə işləmişdir.

15 ilə yaxındır mühasibatlıq və maliyyə sahəsində fəaliyyət göstərən Şahin Qurbanov “ACCA” üzrə F1, F2, F3 beynəlxalq sertifikatlarının sahibidir. 2018-ci ildən bu günə kimi mühasibat uçotu və 1C mühasibat proqramı üzrə təlimçi kimi fəaliyyətini davam etdirir.

Peşəkar mühasib sertifikat imtahanını hər iki mərhələ üzrə müvəffəqiyyətlə vermişdir.

Kanalımıza abunə olmaqla, qoşula bilmədiyiniz vebinarları yenidən izləyə bilərsiniz: https://www.youtube.com/@muhasiblermektebi

Peşəkar Mühasib Sertifikatı imtahanına hazırlıq kursları

Mühasibat kursları

Vergi kursları

Mühasiblər üçün Excel kursları

Əlaqə:

Hansı meyarlara görə sahibkarlıq subyektləri riskli vergi ödəyicisi sayılır?

posted in: Xəbər | 0

Riskli vergi ödəyicisi – Nazirlər Kabinetinin təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Bəs bu meyarlar hansılardır? Niyə bəzi sahibkarlıq subyektləri riskli vergi ödəyicisi kimi tanıdılır?

Bu suallara “Business Service Centre” şirkətinin  maliyyə-mühasibatlıq üzrə aparıcı mütəxəssisi Mircəfər Rzayev aydınlıq gətirir. 

1) Vergi ödəyicisi riskli və əmtəəsiz əməliyyatlar apardıqda:

Misal 1

Vergi ödəyicisi digər vergi ödəyicisi ilə müqavilə imzalayır, lakin fiziki olaraq mal təqdim edilməsi baş vermir. Buna baxmayaraq, qarşı tərəfə 1.000 manatlıq elektron qaimə-faktura göndərir və qarşı tərəf mal almadığı təqdirdə, ona ödəniş edir. Bu hal aşkar edilərsə, həmin vergi ödəyicisi riskli hesab olunacaq.

2) Vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbar) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə olunan malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim olunduğu hallar istisna edilməklə):

Misal 2

Vergi ödəyicisi digər vergi ödəyicisindən satış məqsədilə mallar alır, malların alışının rəsmiləşdirməsi Vergi Məcəlləsinin tələblərinə uyğun baş verir. Lakin mal alan vergi ödəyicisinin vergi orqanında qeydiyyatdan keçmiş obyekti yoxdur. Bu halda alış edən vergi ödəyicisi vergi orqanının qərarı ilə riskli vergi ödəyicisi hesab edilə bilər.

Misal 3

Vergi ödəyicisi xaricdən satış məqsədilə 300 ton armatur idxal edir (mallar digər vergi ödəyicisinin sifarişi əsasında idxal olunmur). İdxal edən vergi ödəyicisinin vergi orqanında qeydiyyatdan keçirdiyi anbarın sahəsi 20 kvadratmetr təşkil edir. Yəni fiziki olaraq idxal edilən armaturun qeydiyyatdan keçmiş anbara yerləşdirilməsi mümkün deyildir. Buna görə də vergi orqanının qərarı ilə həmin sahibkarlıq subyekti riskli vergi ödəyicisi hesab edilə bilər.

3) Vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim olunması aşkar edildikdə;

4) Vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən olunmuş müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna edilməklə) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda:

Misal 4

Vergi ödəyicisi elektrik avandalıqlarının topdanşatışı ilə məşğul olur, son 6 ay üzrə elektron qaimə-faktura ilə 15.000 manat, yük gömrük bəyannaməsi ilə 30.000 manatlıq mal alışı olub. Alışların hər biri Vergi Məcəlləsinin tələblərinə uyğun baş verib və vergi ödəyicisinin vergi orqanında qeydiyyata qoyduğu anbar sahəsi də malların həcmi ilə heç bir ziddiyyət təşkil etmir. 6 ay üzrə satışların həcmi 12.000 manat olub. Buna görə də həmin vergi ödəyicisi vergi orqanının qərarı ilə riskli vergi ödəyicisi hesab edilə bilər.

Yuxarıda qeyd edilmiş meyarlar üzrə riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; həmin meyarlar üzrə riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər də riskli vergi ödəyicisi hesab olunurlar.

Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən, vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab edilir:

  • vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə:

Misal 5

Vergi ödəyicisi ərzaq mallarının pərakəndə satışı ilə məşğuldur, lakin buna baxmayaraq, elektron qaimə-faktura ilə digər vergi ödəyicisinə çınqıl satışı həyata keçirib. Bu halda həmin sahibkarlıq subyekti riskli vergi ödəyicisi kimi tanına bilər.

  • vergi ödəyicisinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim olunmuş mallara münasibətdə):

Misal 6

Yeni fəaliyyətə başlayan vergi ödəyicisi fəaliyyətə başladığı rüb üzrə satış məqsədilə 10 ədəd soyuducunu digər vergi ödəyicisindən elektron qaimə-faktura ilə alıb və müəssisənin basqa heç bir mal alışı olmayıb. Anbarında 10 ədəd soyuducu olmasına baxmayaraq, vergi ödəyicisi 12 ədəd soyuducu satışı həyata keçirib. Bu halda da əməliyyat riskli hesab olunacaq.

Qeyd edək ki, riskli vergi ödəyicisi statusunu daşıyan vergi ödəyicilərinə, habelə əmtəəsiz və riskli əməliyyatlar apararaq vergidən yayınan vergi ödəyiciləri ilə bağlı Vergi Məcəlləsində bir sıra məhdudlaşdırmalar nəzərdə tutulub. Həmin məhdudlaşmalara aşağıdakılar aiddir:

  • əmtəəsiz əməliyyatlar üzrə yaranan vergi öhdəlikləri benefisiar şəxsin (faydalanan şəxsin) üzərinə qoyulur;
  • əmtəəsiz əməliyyatlar çərçivəsində əldə olunmuş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab olunmur;
  • əmtəəsiz və riskli əməliyyatlar çərçivəsində aparılan əməliyyatlar üzrə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsinə yol verilmir;
  • riskli vergi ödəyiciləri barədə məlumat kommersiya və (və ya) vergi sirri olmayan məlumat hesab edilir;
  • vergi ödəyicisi riskli vergi ödəyicisi meyarına uyğun gəldiyi halda, bu hal onda növbədənkənar səyyar vergi yoxlamasının və operativ vergi nəzarəti tədbirinin aparılmasına əsas verir;
  • vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır;
  • riskli vergi ödəyicisinə münasibətdə vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadılmır;
  • riskli vergi ödəyicilərinə münasibətdə artıq ödənilmiş məbləğlər vergi ödəyicisinin fəaliyyəti üzrə vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra qaytarılır.

Mənbə: vergiler.az

ƏDV-nin büdcəyə ödənmə vaxtı necə müəyyən olunur?

1 315 316 317 318 319 320 321 2. 683