Read More9
Read More9

Repetitorluq xidməti göstərən fiziki şəxs vergi uçotuna necə alınır?

posted in: Xəbər | 0

Fərdi qaydada repetitor fəaliyyəti göstərən şəxs vergi ödəyicisi kimi qeydiyyata düşməlidirmi? Bunün üçün nə tələb olunur? 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, repetitorluq xidmətinin göstərilməsi sahibkarlıq fəaliyyəti hesab edilir və fiziki şəxs sahibkarlıq fəaliyyətinə başlandığı günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalıdır. Uçota alındıqdan sonra vergi ödəyicisi tərəfindən seçilmiş vergitutma metodundan (gəlir vergisi və ya sadələşdirilmiş vergi) asılı olaraq, əldə edilmiş gəlirlərdən vergi hesablanıb dövlət büdcəsinə ödənilməlidir.

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda, əldə edilmiş gəlirdən həmin gəlirin əldə olunması ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərən şəxslər hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanlarına təqdim etməlidirlər.

Bu fəaliyyət üzrə sadələşdirilmiş vergitutma metodu seçildiyi halda isə əldə olunmuş ümumi hasilatdan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanmalı və hər rübdən sonrakı ayın 20-dək vergi orqanına sadələşdirilmiş verginin bəyannaməsi təqdim edilməklə hesablanmış vergi məbləği dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 33-cü, 96-cı, 102-ci, 108-ci, 219-cu və 220-ci maddələri

Mənbə: vergiler.az

218 saylı “Şübhəli borclar üzrə düzəlişlər” hesabı üzrə uçot

İşǝmuzd əməkhaqqının hesablanması qaydası

posted in: Xəbər | 0

İşǝmuzd əməkhaqqı işçinin yerinə yetirilən işin həcminə görə alacağı ödənişdir. Vaxtamuzd əməkhaqqından fərqli olaraq, bu zaman iş vaxtı əsas götürülmür. Müəyyən olunmuş vaxt ərzində istehsal edilən məhsulun miqdarı və ya görülən işin həcmi əsasdır.

Bəs bu məsələ qanunvericiliklə və təcrübədə necə tənzimlənir? Bu suala əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov aydınlıq gətirir:

Əməkhaqqının işəmuzd ödənilmə sistemi işəgötürən tərəfindən istehsal olunan faktiki məhsulun və ya faktiki işin miqdarının müəyyən edilməsi imkanına malik olduğu iş yerlərində tətbiq edilir. Əmək Məcəlləsinin 149-cu maddəsində əməyin işəmuzd qiymətlərinin müəyyən olunması öz əksini tapıb.

Əməyin işəmuzd ödənilməsində qiymətlər müəyyən edilmiş iş dərəcələri, əməyin ödənilmə dərəcələri, tarif (vəzifə) maaşları və hasilat normaları (vaxt normaları) əsas götürülməklə müəyyən edilir. İşǝmuzd qiymət görülən işin dərəcəsinə uyğun olan gündəlik tarif maaşının (və ya saatlıq tarif maaşının) gündəlik (və ya saatlıq) hasilat normasına bölünməsi yolu ilə müəyyən edilir. İşǝmuzd qiymət, eyni zamanda, görülən işin dərəcəsinə uyğun olan gündəlik tarif maaşının (və ya saatlıq tarif maaşının) günlə (və ya saatla) müəyyən edilmiş vaxt normasına vurulması yolu ilə hesablana bilər. Gündəlik tarif (vəzifə) maaşları (saatlıq tarif maaşları) əməyin ödənilmə dərəcəsinə uyğun olan aylıq tarif (vəzifə) maaşının aylıq iş günü (aylıq iş saatı) normasına bölünməsi yolu ilə tapılır. Əməyin ödənilməsinin işəmuzd formasında iş vaxtının uçotundan əlavə istehsal edilən məhsulun və ya görülən işin miqdarının uçotu aparılmalı və gündəlik işçi tərəfindən imzalanmalıdır.

İşəmuzd əməkhaqqı sisteminin aşağıdakı növlərini fərqləndirmək olar:

Düzünə işəmuzd əməkhaqqı

İşəmuzd əməkhaqqı sistemləri içərisində ən geniş yayılmış forma – düzünə (müstəqim) işəmuzd əməkhaqqı sistemidir. Bu sistemdə işçinin əməkhaqqı aylıq hazırlanmış məhsulun miqdarına və istehsal olunmuş məhsul vahidi üçün müəyyən edilmiş işəmuzd qiymətə əsasən təyin olunur.

Misal 1: Fərz edək ki, mebel istehsalı fabrikində çalışan rəngsaz yalnız stulların rənglənməsindən məsuldur və tarif maaşı gündəlik 30 manat təşkil edir. Müəssisənin iş vaxtı həftədə 5 gün 8 saat olmaqla müəyyənləşib. Rəngsazın gündəlik norması 10 ədəd stulun rənglənməsidir. Bu zaman onun rənglədiyi bir məhsula görə qazancı 3 manat olacaq:

30 : 10 = 3 manat.

İşçinin aylıq hasilat norması 220 ədəd stulun rənglənməsidir:

22 x 10 = 220 ǝdǝd.

Ay sonunda işçinin hasilat normasına uyğun olaraq alacağı əməkhaqqı 660 manat olacaq:

220 x 3 manat = 660 manat.

Dolayı işəmuzd əməkhaqqı

İşǝmuzd əməkhaqqı sisteminin bu formasında işçinin aldığı əməkhaqqı onun xidmət etdiyi digər işçilərin aldığı əməkhaqqından və ya istehsal etdikləri məhsulun miqdarından asılıdır. Əməkhaqqının ödənilməsinin bu forması, adətən, əsas istehsalata köməklik göstərən istehsalat işçilərinə təyin edilir. Bu sistemdə köməkçi fəhlələrin əməkhaqqı məbləği əsas işçilərin əməkhaqqı məbləğindən asılı olur. Əməkhaqqının ödənilməsinin bu formasında köməkçi istehsalatın işçilərinin əməkhaqqı onların xidmət göstərdikləri əsas istehsalat işçilərinin əməkhaqqının müəyyən faizi nisbətində təyin edilir. Köməkçi fəhlənin əməkhaqqı əsas fəhlənin yerinə yetirdiyi işə görə aldığı əməkhaqqıdan birbaşa asılı olduğu üçün köməkçi fəhlə də əsas fəhlənin işinin yerinə yetiriməsində maraqlı olur.

Misal 2: Ortopedik döşəklərin istehsalı ilə məşğul olan müəssisədə istehsalat prosesi, əsas və köməkçi istehsal olmaqla, iki hissədən ibarətdir. Köməkçi istehsal sexində fəaliyyət göstərən Amil dolayı işəmuzd əməkhaqqı sistemi ilə əməkhaqqı alır. Ona əsas istehsal işçilərinin əməkhaqqının 10 faizi miqdarında əməkhaqqı hesablanması razılaşdırılıb. Fərz edək ki, əsas istehsal sexinin işçilərinin maaşı cari ay üzrə 7.000 manat olub. Bu halda Amilin maaşı 700 manat olacaq:

7000 x 10% = 700 manat.

Mütərəqqi işəmuzd əməkhaqqı

Əməkhaqqının ödənilməsinin bu formasında müəyyən olunmuş işəmuzd tarif dərəcələri istehsal edilmiş məhsul miqdarından asılı olaraq dəyişir ki, əmək məhsuldarlığının artması təmin edilsin. İşçi nə qədər çox məhsul istehsal etməyə həvəsli olarsa, işəmuzd tarif dərəcəsi də bir o qədər artacaq. Adətən, belə ödəmə sistemini müəyyən müddət üçün tətbiq edirlər.

Misal 3: Fərz edək ki, istehsal müəssisəsində mütərəqqi işǝmuzd əməkhaqqı sistemi tətbiq edilir və qəbul olunmuş normalara görə, aylıq 200 məhsul istehsalı zamanı işəmuzd qiymət 4 manat, 200 məhsuldan yuxarı olduqda isə yuxarı olan istehsal üçün 5 manat müəyyən edilib. İşçinin aylıq 230 ədəd məhsul istehsal etdiyini nəzərə alsaq, onun aylıq əməkhaqqı belə hesablanacaq:

200 x 4 = 800 manat;

30 x 5 = 150 manat.

İşçinin cari ay üçün əldə edəcəyi cəmi əməkhaqqı məbləği:

800 + 150 = 950 manat olacaq.

Mükafatlı işǝmuzd əməkhaqqı sistemi

Bu əməkhaqqı sistemində çalışan işçi əməyin kəmiyyət və keyfiyyət göstəricilərindən asılı olaraq, mükafat da alır. Mükafat məhsulun keyfiyyət göstəricilərinə, kəmiyyət göstəricilərinə bağlı ola və ya sabit məbləğdə müəyyən edilə bilər.

Misal 4: Mükafatlı işǝmuzd əməkhaqqı forması ilə çalışan işçiyə istehsal edilən məhsul miqdarına uyğun qiymətlərdən əlavə tabeliyində olan şəxslərin də aylıq hasilat normalarının qüsursuz yerinə yetirilməsinə görə əlavə 10 faiz məbləğində mükafat müəyyən edilib. İşçi ay ərzində 300 məhsul istehsal edib və məhsul üzrə işəmuzd qiymət 4 manat olub. Tabeliyində olan şəxslər də öz hasilat normalarını qüsursuz yerinə yetiridikləri üçün işçinin əməkhaqqı məbləği aşağıdakı formada hesablanacaq:

300 x 4 = 1200 manat;

1200 x 10% = 120 manat.

Beləliklə, işçi cari ay ərzində cəmi 1320 manat əməkhaqqı alacaq:

1200 + 120 = 1320 manat.

Kollektiv (akkord) işǝmuzd əməkhaqqı

Kollektiv və ya akkord işəmuzd əməkhaqqı sistemi yerinə yetirilən işin xüsusiyyətlərinə görə işçinin fərdi əməyinin qiymətləndirilməsi mümkün olmayan hallarda tətbiq edilir. Bu zaman hasilat normaları işçi üçün fərdi deyil, həmin işi yerinə yetirən işçi qrupu – briqada üçün təyin olunur və sərf edilən əməyin payına uyğun olaraq əməkhaqqı müəyyən edilir. Verilmiş işin yerinə yetirilməsi zamanı sərf edilən zamana uyğun olaraq, qrup üzvlərinin əməkhaqqı məbləği müəyyən edilir.

Misal 5: Müəssisənin yeni açılmış filialına kombi istilik sisteminin quraşdırılması üçün Mahirin rəhbərlik etdiyi 4 nəfərdən ibarət briqada ilə razılıq əldə edilib. Razılığa əsasən, 120 radiator quraşdırılmalı və iş 20 günə təhvil verilməlidir. Qeyd edilmiş işin qarşılığında ödəniləcək məbləğ ümumilikdə 6.000 manat olmaqla hər radiatora görə 50 manatdır. Fərz edək ki, müəyyən olunmuş iş bölgüsünə əsasən, ustalar tərəfindən xətlər çəkilməli və radiator briqadir tərəfindən quraşdırılmalıdır.

Göründüyü kimi, verilmiş tapşırığın icra edilməsinə 160 saat zaman sərf edilib. Fərz edək ki, sərf edilmiş 160 saatlıq zamanın 110 saatı xətlərin çəkilməsinə, 50 saatı isə radiatorların quraşdırılmasına sərf edilib. Bu halda əməkhaqqı işçilər üzrə aşağıdakı şəkildə bölüşdürüləcək:

6000 : 160 saat = 37.5 manat.

Briqadirin maaşı: 37.5 x 50 saat = 1.875 manat;

Ustaların maaşı: 37.5 x 110 saat = 4.125 manat;

Bir ustaya düşən ödəniş: 4.125 : 3 nəfər = 1.375 manat.

Əməyin ödənilməsinin işəmuzd formasında hasilat normaları müəyyən edilməlidir. Əmək Məcəlləsinin 147.4-cü maddəsinə əsasən, hasilat normaları elə müəyyən edilməlidir ki, tam iş vaxtı ərzində işçi əmək funksiyasını yerinə yetirmək imkanına malik olsun və onun əməkhaqqı məbləği qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmasın.

Əmək normaları – hasilat normaları, vaxt normaları, xidmət normaları və işçilərin say normaları işçilər üçün texnikanın, texnologiyanın əldə edilmiş səviyyəsinə uyğun müəyyən edilir. Hasilat normaları dedikdə, işçilərin və ya onların kollektiv qurumlarının müvafiq ixtisas üzrə və müəyyən təşkilati-texniki şəraitə uyğun olaraq vahid iş vaxtı ərzində görməli olduğu işin həcmi başa düşülür. Vaxt normaları dedikdə isə işçilərin və ya onların kollektiv qurumlarının müvafiq ixtisas üzrə və müəyyən təşkilati-texniki şəraitə uyğun olaraq vahid iş vaxtı ərzində istehsal etdiyi məhsula sərf olunan iş vaxtının müddətidir.

Xidmət normaları – işçilərin, yaxud onların kollektiv qurumlarının (briqadanın) müvafiq ixtisas üzrə və müəyyən təşkilati-texniki şəraitə uyğun olaraq vahid iş vaxtı ərzində xidmət göstərməli olduğu istehsal obyektlərinin sayıdır. İşçilərin say normaları – müəyyən olunmuş vaxt ərzində müəyyən əmək funksiyalarının, yaxud işin həcminin yerinə yetirilməsi üçün zəruri olan işçilərin sayıdır.

Bağlanmış əmək müqaviləsində əməyin ödənilmə sistemi işəmuzd nǝzərdə tutulubsa, o zaman elektron informasiya sistemində işçinin vəzifə maaşı hissəsində işəmuzd işçi üçün nəzərdə tutulmuş tarif maaşı qeyd olunacaq.

Ümumiyyətlə, əksər müəssisələrdə əməkhaqqı sistemi elə qurulur ki, işçi təkcə vəzifə maaşına bağlı olmasın. Əmək məhsuldarlığının və ya işin səmərəliliyinin artırılması məqsədilə müəyyən mükafat sistemi nəzərdə tutulur. Vaxtamuzd əməkhaqqı formasında tarif maaşından əlavə, mükafat sistemi də olur. Bəzi fəaliyyət növlərində bu mükafat sistemini qurmaq faydalı olmur və işǝmuzd formada rəsmiləşdirmək işçilərin əmək məhsuldarılığının artırılmasına hədəflənir. İşǝmuzd əməkhaqqı formasında müəyyən edilmiş hasilat normasının yerinə yetirilməməsi işəgötürənin ucbatından baş verirsə, işin olub-olmamasından asılı olmayaraq, işçiyə gündəlik iş vaxtını işdə keçirirsə, ona tarif maaşından az olmamaqla əməkhaqqı verilməlidir.

İşǝmuzd əməkhaqqı formasında, qeyd etdiyimiz kimi, işçinin müəyyən olunmuş dərəcələr üzrə istehsal etdiyi məhsulun miqdarı, göstərilən xidmətin və ya işin həcminə görə hesablanır. İşçilərə müəyyən edilmiş hasilat normalarının artıqlamasilə yerinə yetirilməsinə görə mükafat da hesablanır.

Mənbə: vergiler.az

Sadələşdirilmiş vergi tutulan fəaliyyət və əməliyyatlar: vergitutma obyekti

İstehsalda zay məhsul və onun sənədləşdirilməsi

posted in: Xəbər | 0

 “İstehsalda zay” anlayışı

İstehsal zamanı bəzən məhsullar qüsurlu, defektlə hazırlanmış olur. Belə məhsullara, demək olar ki, bütün istehsal növlərində rast gəlinir. Bir sıra istehsal sahələrində zay məhsul gündəlik istehsalın ayrılmaz tərkib hissəsi olacaq qədər tez-tez baş verir.

İstehsalda zay məhsul dedikdə elə yarımfabrikatlar və hazır məhsul nəzərdə tutulur ki, onlar sifarişçi ilə razılaşdırılmış formaya, şərtlərə uyğun olmur, yaxud məhsulun keyfiyyət göstəriciləri (konkret sifarişçi bəlli olmasa da) əvvəlcədən bəlli olan standartlardan əsaslı fərqlənir. Bunun səbəbi müxtəlif ola bilər, məsələn:

  • xammalda yaranmış qüsurlar;
  • hazır məhsula təsir edən amillər;
  • işçilərin səhvləri;
  • texnoloji avadanlığın köhnəlməsi,
  • işıqların qəfil sönməsi;
  • ehtiyat enerji mənbəyinin (generatorun) olmaması yaxud işə düşməməsi (gec işə düşməsi) və s. belə səbəblərdəndir.

İstehsal əməliyyatından keçmiş, lakin öz keyfiyyətinə görə müəyyən olunmuş standartlara, texniki göstəricilərə, yaxud sifarişçi ilə bağlanmış müqavilə şərtlərinə uyğun olmayan məhsul və yarımfabrikatlar zay məhsul hesab olunur.

İstehsalda zay məhsul – aşağı keyfiyyətli məhsullar, hissələr, xidmətlər, komponentlər və yarımfabrikatlardır. Bu zaman keyfiyyət texniki şərtlərə yaxud standartlara uyğun gəlmir və qüsurlu məhsul təyinatı üzrə istifadə edilə bilməz.

Zay məhsulun istehsalı ərzində çəkilmiş xərclər sonda mənfəət əldə edilməsinə səbəb olmur, yəni xərclər faydalı istiqamətə yönəlməmişdi.  Nəticədə digər normal  hazır məhsulların da maya dəyəri artır.

Zay məhsul istehsalının qarşısının alınması

Zay məhsul istehsalı zamanı qeyri-məhsuldar xərclər artır, bunun nəticəsində keyfiyyətli məhsulların həcmi azalır, bu da öz növbəsində məhsulun maya dəyərini yüksəldir. Buna görə də istehsalatda zay məhsulların sayının azaldılması, əgər mümkün olarsa tamamilə qarşısının alınması ümdə məqsəd və vəzifələrdən biridir. Müəssisələrin idarəetmə təcrübəsində zay məhsul istehsalının qarşısını alınması istehsal prosesinin bütün mərhələlərində mühüm vəzifə kimi qarşıda qoyulur.

Zay məhsul istehsalının qarşısını almaq üçün mühüm tələb zay məhsul buraxılışının əmələ gəlməsi səbəblərinin araşdırılması və onun qarşısının alınması, istehsalda zaya təqsirli olan şəxslərin müəyyən olunması və lazımi tədbirlər görülməsidir. Belə nəzarətin və uçotun təşkili bir sıra hallarda zayın yaranmasının xarakteri və onun müəyyən olunduğu yerdən asılıdır.

Ümumiyyətlə, istehsalda zayın yaranma səbəblərini aşağıdakı əsas qruplara aid edə bilərik:

  • keyfiyyətsiz xammal;
  • avadanlığın qeyri-stabil işi;
  • texnoloji proseslər;
  • işçilərin iş şəraiti;
  • işçilərin qeyri-peşəkarlığı və məsuliyyətsizliyi.

Hətta istehsalda zay məhsulun yaranma səbəblərinin ötəri təhlili onları aradan qaldırmaq üçün kifayət qədər effektiv həllər tapmağa imkan verir.

İstehsalda zay məhsulun təsnifatı

İstehsal prosesində yaranan qüsurları onların xarakterindən asılı olaraq məhsulun texniki baxışı və qəbulu dövrünə görə düzəldilən  və düzəldilməyən zay məhsullar kimi iki qrupa bölmək olar.

Düzəldilən zay məhsullara o məhsullar daxildir ki:

  • onların düzəldilməsi texniki cəhətdən mümkündür;
  • defekt aradan qaldırıldıqdan sonra onlar öz təyinatına görə istifadə edilə bilir;
  • zay məhsulun düzəldilməsi iqtisadi cəhətdən sərfəlidir.

Belə demək olarsa, onlara əl gəzdirdikdən sonra bərpa edilə bilirlər və onları digər normal hazır məhsullar kimi satışa çıxarmaq mümkün olur. Bərpaetmə proseduruna çox xərc çəkilmir.

Düzəldilməyən zay məhsullar, yarımfabrikatlar o məhsullardır ki, onların düzəldilməsi texniki cəhətdən mümkün deyil. Bəzən bu, mümkün olsa belə, iqtisadi cəhətdən əlverişli olmur. Belə məhsullar digər məqsədlərə xidmət üçün, habelə alıcıya kifayət qədər ucuz məbləğə satılmaq istiqamətində istifadə edilir.

Qeyd etdiyimiz hallar təkcə zay hazır məhsula deyil, zay yarımfakrikatlara da münasibətdə keçərlidir.

Düşünmək lazım deyil ki, istehsalda zay məhsulu həmişə istehsalçı təsbit edir. Bir sıra hallarda belə fakt məhsulun istehlakı zamanı ortaya çıxır, ona görə də istehsalçı faktla alıcının müraciətindən sonra tanış olur.

Zay məhsulun müəyyən olunma yerinə görə zay:

  • daxili zaya;
  • alıcı tərəfindən müəyyən olunan kənar zaya bölünür.

Daxili zay istehsal müəssisəsi daxilində məhsulun alıcıya yüklənməsinə qədər olan vaxtda müəyyən olunmalıdı. Kənar zay mal alıcıya yükləndikdən sonra alıcı tərəfindən müəyyən olunmuş zaydır.

Zay məhsulun sənədləşdirilməsi

Ortaya zay məhsul çıxıbsa, xüsusilə də İstehsalçı tərəfindən düzəldilməsi mümkün olmayan (bərpa edilə bilinmədiyi halda) mütləq texniki nəzarət şöbəsi mütəxəssislərinin iştirakı ilə akt tərtib edilməli, aktda məhsulun ziyanın növü, xarakteristikası, səbəbləri, miqdarı, standartlardan uzaqlaşma həddi əks olunur. Həmçinin, əgər məlumdursa müqəssir qeyd edilir, habelə zayın maya dəyəri, itki məbləği və zay kimi qəbul olunmuş məhsul və ya yarımabrikatların qəbuluna qeydiyyat aparılır. .

Akt müəssisənin texniki nəzarət şöbəsinin işçiləri, sex rəisi və baş ustası tərəfindən tərtib olunmaqla mühasibatlığa təqdim olunur. Mühasibatlıqda istehsalda zay məhsulun maya dəyəri kalkulyasiya olunur. Tərtib olunmuş akt müəssisə rəhbəri tərəfindən təsdiq edilir. Bu əməliyyatdan sonra müəssisə rəhbəri müəyyən olunmuş zərərin təqsirkar şəxslər tərəfindən ödənməsi və ya müəssisənin istehsal məsrəfləri hesabına silinməsi haqqında qərar qəbul edir.

İstehsalda zay məhsul “Zay məhsullara dair akt”-la, zay məhsulların qəbulu “Zay məhsulların təhvil-qəbul aktı” ilə rəsmiləşdirilir. Bu akrların forması Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında AR Maliyyə Nazirliyinin Kollegiyasının 04.04.2016-cı il tarixli Q-09 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” 04.10.2017 tarixli Q-12 saylı qərarla təsdiq edilib.

İstehsalatda zay hesabı üzrə analitik uçot müəssisənin ayrı-ayrı sexləri, məhsulların növləri, xərc maddələri, zayın günahkarları və səbəbləri üzrə aparılır.

Fiziki şəxslərin muzdlu işlə əlaqədar gəlir vergisindən azadolmaları

Fiziki şəxslərin muzdlu işlə əlaqədar gəlir vergisindən azadolmaları

posted in: Xəbər | 0

Vergi Məcəlləsinin 102.1.6 maddəsinə əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə etdiyi aylıq gəliri 2.500 manatadək olduqda 200 manat məbləğində hissəsi gəlir vergisindən azad edilib. 

Qanunvericiliyin bu tələbini “Turan” Tədris Mərkəzinin təlimçisi və vergi eksperti Cavid Vəlizadə nümunələr əsasında şərh edir: 

Tutaq ki, şəxs dövlət neft-qaz sektorunda muzdla işləyir və aylıq 2.400 manat gəlir əldə edir. Bu halda həmin şəxsin aylıq gəlirindən 308 manat gəlir vergisi tutulacaq:

2.400 – 200 – 2.200 manat;

2.200 x 14% = 308 manat.

Həmçinin, Vergi Məcəlləsinin 102-ci maddəsinin müvafiq maddələrinə əsasən, fiziki şəxslərin muzdlu işlə əlaqədar əldə etdikləri gəlirdən aşağıdakı güzəştlərdən istifadə etmək hüququ vardır:

– şəhid statusu almış şəxslərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldılır;

– Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının, Azərbaycanın Milli Qəhrəmanlarının, Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin (şəhid statusu almış şəxslər istisna olmaqla) dul arvadlarının (ərlərinin) və övladlarının, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərin, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin, Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslərin aylıq gəliri 400 manat məbləğində azaldılır;

– orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş (müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla), 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin, daimi qulluq tələb edən 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır;

– həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin (şəhid statusu almış şəxslər istisna olmaqla) valideynləri, habelə vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideynləri və arvadları (ərləri). Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar, Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilər, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (bu güzəşt mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi nəticəsində daimi məskunlaşmış şəxslərə şamil edilmir) aylıq gəliri 100 manat məbləğində azaldılır;

– qohumluq dərəcəsindən asılı olmayaraq, himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

Lakin Vergi Məcəlləsinin 102.7-ci maddəsinə əsasən, həmin Məcəllənin 102.1-1-ci, 102.2-ci, 102.3-cü və 102.4-cü maddələri üzrə güzəşt hüququ olduqda (800 manat, 400 manat, 200 manat, 100 manat) bu güzəştlərdən biri, məbləğcə ən böyük olanı verilir. Yəni qeyd etdiyimiz güzəştlərdən aylıq gəliri 2.500 manatadək olan 200 manat azadolma və qohum dərəcəsindən asılı olmayaraq, himayəsində azı üç nəfər olan şəxslərə görə verilən 50 manat azadolma hər zaman çıxılacaq. Digər azadolma üzrə güzəştləri olduqda isə güzəştlərin məbləğcə ən böyük olanı nəzərə alınacaq.
Həmçinin, qeyd etmək lazımdır ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, şəhid – Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.

Misal

Məcburi köçkün olan şəxs dövlət neft-qaz sektorunda aylıq 1.600 manat muzdlu işdən gəlir əldə edir. Şəxsin atası 1-ci Qarabağ müharibəsində şəhid olub, özü isə 2-ci Qarabağ müharibəsində iştirak edib və himayəsində 3 nəfər vardır. Bu halda azadolmalar necə tətbiq ediləcək?

Misaldan da göründüyü kimi, bu şəxsin aylıq gəliri 2.500 manatı keçmədiyi üçün 200 manat, məcburi köçkün olduğu üçün 100 manat, şəhid ailəsi olduğu üçün 800 manat, veteran olduğu üçün 400 manat və himayəsində olan şəxslərə görə 50 manat güzəşt əldə etmək hüququ vardır. Bu halda, gəlir vergisinin hesablanması aşağıdakı qaydada aparılacaq:

(1.600 – 200 – 50 – 800) = 550 manat;

550 x 14% = 77 manat.

Mənbə: vergiler.az

Sadələşdirilmiş vergi tutulan fəaliyyət və əməliyyatlar: vergitutma obyekti

1 376 377 378 379 380 381 382 2. 684
error: Content is protected !!