507 saylı “Digər qısamüddətli faiz xərcləri yaradan öhdəliklər” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Mühasibat uçotunun əsas vəzifəsi maraqlı tərəfləri şirkətin maliyyə vəziyyəti və fəaliyyət nəticələri barədə dəqiq, şəffaf məlumatlarla təmin etməkdir. Bu prosesdə öhdəliklərin düzgün qeydiyyatı və təsnifatı xüsusi əhəmiyyət kəsb edir. 507 saylı “Digər qısamüddətli faiz xərcləri yaradan öhdəliklər” hesabı bu sahədə əhəmiyyətli rol oynayır.

Uzunmüddətli və qısamüddətli öhdəliklərin fərqi

Mühasibat uçotunda öhdəliklər, onların geri ödəmə müddətinə görə uzunmüddətli və qısamüddətli olaraq iki əsas qrupa bölünür. Bu təsnifat, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (xüsusilə IAS 1 – “Maliyyə hesabatlarının təqdim edilməsi”) və Azərbaycanın mühasibat uçotu qanunvericiliyinə uyğun aparılır.

  • Uzunmüddətli öhdəliklər – 12 aydan artıq müddətə ödənilməsi gözlənilən borc və öhdəliklərdir. Məsələn, uzunmüddətli bank kreditləri, istiqrazlar və ya illər sonra ödəniləcək digər borclar bu kateqoriyaya daxildir.
  • Qısamüddətli öhdəliklər – 12 ay ərzində və ya növbəti hesabat dövrü ərzində ödənilməsi planlaşdırılan borc və öhdəliklərdir. Təchizatçılara olan borclar, qısa müddətli bank kreditləri, əmək haqqı borcları və ya vergi öhdəlikləri qısamüddətli öhdəliklərə nümunədir.

Belə təsnifatın əsas səbəbi, maliyyə hesabatlarının düzgün və şəffaf şəkildə təqdim edilməsin təmin etməkdir. Bu şirkətin likvidliyini (qısa müddətli borclarını ödəmək qabiliyyətini) və ödəmə qabiliyyətini (uzunmüddətli borclarını ödəmək qabiliyyətini) anlamaqda, düzgün qərarlar qəbul etməkdə mühüm rol oynayır.

Qısamüddətli öhdəlikləri uçota alan mühasibat hesabları

Haqqında danışacağımız 507 saylı “Digər qısamüddətli faiz xərcləri yaradan öhdəliklər” hesabı AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə müəyyən edilmiş hesablar planının 5-ci “Qısamüddətli öhdəliklər” bölməsində təqdim olunur. Bu bölmənin əhatə etdiyi uçot hesabları 5 maddə üzrə qruplaşdırılıb:

Mühasibat xidmətləri
  • “Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər”;
  • “Qısamüddətli qiymətləndirilmiş öhdəliklər”;
  • “Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər”;
  • “Qısamüddətli kreditor borcları”;
  • “Sair qısamüddətli öhdəliklər”.

Həmin maddələrdə toplanmış uçot hesablarının tam tərkibi ilə buradan tanış olmaq olar. Hesablar planın 4-cü “Uzunmüddətli öhdəliklər” maddəsində  toplanmış mühasibat uçotu hesabları haqqında isə bizim eyni adlı səhifədə məlumat verilib.

507 saylı hesabın təyinatı və əhatə dairəsi

507 saylı “Digər qısamüddətli faiz xərcləri yaradan öhdəliklər” hesabı “Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər” maddəsinə (50-cı maddə) aid olan hesablardan biridir. Həmin maddəyə aid olan digər hesablar bunlardır:

“Digər qısamüddətli faiz yaradan öhdəliklər” – əhatəli anlayışdır, xüsusi növlərə aid edilməyən bütün qısamüddətli faiz yaradan öhdəlikləri özündə birləşdirir və şirkətin likvidliyini qiymətləndirmək üçün hərtərəfli təhlil tələb edir.

507 saylı “Digər qısamüddətli faiz xərcləri yaradan öhdəliklər” hesabında 501 – 506 saylı hesablarda göstərilməyən bütün digər qısamüddətli faiz xərcləri yaradan öhdəliklər barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

Hesabat tarixindən sonra 12 aydan daha çox müddətə ödənilməli olan, hesablar planının 401 – 407 saylı hesablarda göstərilməyən bütün digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər 408 saylı hesabda uçota alınır.

“Digər qısamüddətli faiz xərcləri yaradan öhdəliklər” hesabı üzrə tənzimləmələr

507 saylı hesab üzrə uçot qeydlərinin tənzimlənməsi yuxarıda qeyd edilən qaydaların 40.35-40.41 bəndləri əsasında aparılır. Tənzimləməlin mahiyyəti aşağıdakı cədvəldə verilib:

Əməliyyatın məzmunu Debit Kredit
Digər qısamüddətli faiz xərcləri yaradan öhdəliklər əmələ gəldikdə (40.35) 223 (“Bank hesablaşma hesabları”) yaxud 224 (“Tələblərə əsasən açılan digər bank hesabları”) 507 saylı hesab
Öhdəlik qısamüddətli kimi təsnifləşdirildikdə (40.35) 507 saylı hesab 408 saylı hesab
Hesab üzrə müsbət məzənnə fərqi yarandıqda (40.36) 507 saylı hesab 631-4: Faiz xərcləri yaradan öhdəliklər üzrə məzənnə gəliri
Hesab üzrə mənfi məzənnə fərqi yarandıqda (40.36) 751-4: “Faiz xərcləri yaradan öhdəliklər üzrə məzənnə xərcləri” 507 saylı hesab
Digər faiz xərcləri yaradan öhdəliklər (49.37) 507 saylı hesab “Pul vəsaitlri və onların ekvivalenti” bölməsinin hesabları (221, 223, 224, 225)
Öhdəlik üçüncü şəxs tərəfindən ödənilməsi (40.38) 507 saylı hesab Uzun və qısamüddətli debitor borcları- uyğun hesabları, Sair qısamüddətli aktivlər –  243, 244 saylı hesabları, 538 -“Digər qısamüddətli kreditor borcları” və 545 “Digər qısamüddətli öhdəliklər” hesabları
Öhdəliyin bağışlanılması və ya qanunvericiliyə uyğun silinməsi (40.39) 507 saylı hesab 631-5: “Digər maliyyə gəlirləri” hesabı
Öhdəliklər nizamnamə kapitalına çevrildikdə (40.40):

1. səhmlərin buraxılmasına

2. səhmlərin nominal dəyəri məbləğinə

3. səhmlərin nominal dəyərindən artıq məbləğinə (emissiya gəlirinə)

 

 

302: “Nizamnamə (nominal) kapitalının ödənilməmiş hissəsi”

507 saylı hesab

507 saylı hesab

 

 

301: “Nizamnamə (nominal) kapitalı”

302: “Nizamnamə (nominal) kapitalının ödənilməmiş hissəsi”

311: “Emissiya gəliri”

Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər geri alınmış səhmlərin yenidən buraxılması hesabına nizamnamə kapitalına çevrildikdə (maddə 34.45):

1.    səhmlərin nominal dəyəri məbləğinə

2.    səhmlərin nominal dəyərindən artıq məbləğə (emissiya gəlirinə)

 

 

 

507 saylı hesab

507 saylı hesab

 

 

 

321: “Geri alınmış kapital (səhmlər)”

311: “Emissiya gəliri”

 Praktik nümunə

“ABC” şirkəti bir layihə üçün müştəridən ilin əvvəlində bir il ərzində ödəmək şərti ilə layihənin maliyyələşdirilməsi məqsədilə 3 faizlə 5000 manat avans alır. Həmçinin əvvəlki illərdə eyni faizlə alınmış 10000 manat avans borcu ödəmə müddətinə 12 ay qaldığı üçün qısamüddətli kimi təsnif edilir. İlin sonunda hər iki avans borc ödənilir. Mühasibat yazılışları aşağıdakı cədvəldə verilib.

Əməliyyatın məzmunu Debit Kredit Məbləğ (manatla)
Alınmış avans digər qısamüddətli faiz xərcləri yaradan öhdəlik kimi uçota alınır 223: “Bank hesablaşma hesabları” 507 saylı hesab 5 000
Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəlik qısamüddətli kimi təsnif olunur (ödənişə qalan müddət 12 aydan çox deyil) 507 saylı hesab 408 saylı hesab 10 000
Digər uzunmüddətli öhdəlik üçün faiz xarici hesablanıb 751: “Maliyyə xərcləri” 537: “Faizlər üzrə qısamüddətli borclar” 450
Hesablanmış faiz borcu ödənilir 537: “Faizlər üzrə qısamüddətli borclar” 223: “Bank hesablaşma hesabları” 450
İlin sonunda faiz xərcləri mənfəətlə bağlanır 801: “Ümumi mənfəət (zərər) 751: “Maliyyə xərcləri” 450
Alınmış avans məbləğlər qaytarılır 507 saylı hesab 223: “Bank hesablaşma hesabları” 15 000

Yekun olaraq, 507 saylı “Digər qısamüddətli faiz xərcləri yaradan öhdəliklər” hesabı müəssisənin ani maliyyə ehtiyaclarını qarşılamaq üçün istifadə etdiyi, lakin standart kateqoriyalara sığmayan borc alətlərini əks etdirir. Bu hesabın düzgün uçotu, şirkətin cari likvidliyinin və maliyyə öhdəliklərinin şəffaf şəkildə idarə olunması üçün kritik əhəmiyyət kəsb edir. Odur ki, onun mahiyyətini anlamaq və tətbiq etmək maliyyə hesabatlarının doğruluğunu təmin edir.