Azərbaycanda dövlət müəssisələrinin yaradılmasına nəzarət gücləndiriləcək

posted in: Xəbər | 0

Azərbaycanda dövlət müəssisələrinin yaradılması və fəaliyyətinə rəqabət baxımından nəzarətin gücləndirilməsi istiqamətində yeni tədbirlər nəzərdə tutulur.

Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Bazar rəqabəti” indikatoru üzrə 2026-cı il üçün Yol Xəritəsində öz əksini tapıb.

Sənədə əsasən, təmərküzləşmələrə nəzarət və dövlət müəssisələrinin yaradılması üzrə mövcud qiymətləndirmə mexanizmlərinin tətbiqi praktikasının və boşluqların diaqnostik təhlili aparılacaq.

Dövlət müəssisələrinin yaradılmasını rəqabət orqanı qiymətləndirəcək.

Bu çərçivədə həmin müəssisələrin fəaliyyətində sağlam rəqabətin pozulmasına səbəb ola biləcək halların mövcudluğu və yaxud rəqabət baxımından neytrallığı araşdırılacaq.

Bununla bağlı qanunvericiliyə dəyişiklik edilməsinə dair təkliflərin təkmilləşdirilərək aidiyyəti üzrə təqdim edilməsi nəzərdə tutulur. Müvafiq tədbirlərin 1 sentyabr 2026-cı ilə qədər icrası planlaşdırılır.

Eyni zamanda, dövlət müəssisələri yaradılarkən və onların fəaliyyəti dövründə rəqabəti məhdudlaşdıra biləcək təsirlərin qarşısının alınması məqsədilə müvafiq yoxlamalar aparılacaq.

Tədbirlərin icrasını Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Ədliyyə Nazirliyi həyata keçirəcək.

Mənbə: report.az

Banklarda məsafədən hesab açılması qaydaları qüvvəyə mindi

Banklarda məsafədən hesab açılması qaydaları qüvvəyə mindi

posted in: Xəbər | 0

Məsafədən hesabların açılması qaydası təsdiqlənib.

Bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımovun 15 dekabr 2025-ci ildə imzaladığı müvafiq qərar 2026-cı il martın 30-dan qüvvəyə minib.

Belə ki, bu Qayda kredit təşkilatlarında, investisiya şirkətlərində, poçt rabitəsinin milli operatorunda, ödəniş təşkilatlarında (müstəsna olaraq ödəniş əməliyyatının aparılması üçün vasitəçilik xidməti və (və ya) hesab üzrə məlumat xidməti göstərən ödəniş təşkilatları istisna olmaqla), habelə elektron pul təşkilatlarında (bundan sonra – nəzarət subyektləri) məsafədən hesabların açılması qaydasını müəyyən edir.

İki və ya daha çox şəxsə məsafədən birgə hesab açıldıqda bu Qaydanın tələbləri həmin şəxslərin hər birinə ayrı-ayrılıqda tətbiq edilir.

Əsas anlayışlar

Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

  • məsafədən hesabların açılması – nəzarət subyekti əməkdaşının və məsafədən hesabın açılması üçün müraciət edən şəxsin (bundan sonra – müştəri) eyni zamanda birgə fiziki iştirakı olmadan informasiya texnologiyaları vasitəsilə hesabların açılması;
  • hesab – bank və digər ödəniş hesabı, müştəri hesabı (depo hesabı və marja hesabı);
  • şəxsin eyniləşdirilməsi – şəkil çəkilişi, videoçəkiliş və ya videozəng vasitəsilə müştərinin eyniləşdirilməsi və verifikasiyası;
  • videozəng – nəzarət subyekti əməkdaşının və müştərinin iştirakı ilə real vaxtda informasiya texnologiyaları vasitəsilə videoqeydiyyat formatında həyata keçirilən şəxsin eyniləşdirilməsi;
  • şəkil çəkilişi – nəzarət subyekti əməkdaşının birbaşa iştirakı olmadan informasiya texnologiyaları vasitəsilə fotoqeydiyyat formasında həyata keçirilən şəxsin eyniləşdirilməsi;
  • videoçəkiliş – nəzarət subyekti əməkdaşının birbaşa iştirakı olmadan informasiya texnologiyaları vasitəsilə videoqeydiyyat formatında həyata keçirilən şəxsin eyniləşdirilməsi.

Bu Qaydada istifadə edilən “gücləndirilmiş elektron imza” anlayışı “Elektron imza və elektron sənəd haqqında” Qanunla müəyyən edilmiş mənaları ifadə edir.

Bu Qaydada istifadə olunan digər anlayışlar digər normativ hüquqi və normativ xarakterli aktlarda müəyyənləşdirilmiş mənaları ifadə edir.

Hesabların məsafədən açılması

Məsafədən hesab açılan zaman nəzarət subyekti tərəfindən istifadə edilən informasiya texnologiyaları, o cümlədən informasiya sistemi, proqram təminatı “Fərdi məlumatlar haqqında” Qanun və digər hüquqi aktlarla müəyyən edilmiş tələblərə cavab verməlidir.

Fiziki şəxs olan müştərilərə münasibətdə qanuni nümayəndə qismində valideynlər, övladlığa götürənlər və ya qəyyumlar, hüquqi şəxs olan müştərilərə münasibətdə qanuni təmsilçi istisna olmaqla müştəriyə digər səlahiyyətli nümayəndə vasitəsilə məsafədən hesab açılmasına yol verilmir.

Nəzarət subyekti məsafədən açılan hesablar ilə bağlı limitlər müəyyən etdikdə, bu barədə müştəriyə məlumat verilməli və hesab açılarkən həmin limitlərə riayət olunmalıdır.

Nəzarət subyekti xidmət göstərdiyi şəxsin yazılı müraciəti ilə ona məsafədən hesab açılmasını məhdudlaşdırmaq imkanı yaratmalıdır. Müvafiq məhdudiyyət yalnız həmin şəxsin nəzarət subyektində fiziki iştirakı ilə təqdim etdiyi yazılı müraciəti əsasında aradan qaldırıla bilər.

Müraciətin edilməsi

Məsafədən hesab açılması üçün müştəri tərəfindən nəzarət subyektinə elektron qaydada müraciət edilir.

Aşağıdakı abzasda nəzərdə tutulan hallar istisna olmaqla müştərinin müraciəti əsasında nəzarət subyekti tərəfindən hesabın açılması üçün qanunvericiliklə tələb edilən məlumat və sənədlər nəzarət subyektinə təqdim olunmalıdır. Məlumat və sənədlər elektron formada təqdim edildikdə məlumatlar müştərinin, sənədlər onları tərtib etmiş şəxslərin gücləndirilmiş elektron imzası ilə təsdiqlənmiş formada, kağız daşıyıcıda təqdim edildikdə isə əsli və ya surəti qanunvericiliyə uyğun olaraq təsdiqlənmiş formada olmalıdır.

Aşağıdakı hallarda müştəridən məlumat və sənədlərin nəzarət subyektinə təqdim edilməsi tələb olunmur:

Əldə edilmiş məlumat və sənədlər əsasında nəzarət subyekti tərəfindən MUT Qaydalarına uyğun olaraq verifikasiya tədbirləri görülür, nəzarət subyektinin daxili qaydalarına uyğun olaraq risk qiymətləndirilməsi həyata keçirilir. Risk qiymətləndirilməsi nəticələrindən asılı olaraq prosesə xitam verilməsi halları nəzarət subyektinin daxili qaydaları ilə müəyyən edilir.

Əldə edilmiş məlumat və sənədlər əsasında nəzarət subyekti tərəfindən müştərinin fəaliyyət qabiliyyəti, səlahiyyəti və gücləndirilmiş elektron imzası qanunvericiliyə uyğun olaraq yoxlanılır.

Şəxsin eyniləşdirilməsi

Bu Qayda ilə müəyyən edilmiş şəxsin eyniləşdirilməsinə dair tələblərin tətbiqi üzrə biznes proseslərinin və nəzarət mexanizmlərinin formalaşdırılmasından öncə nəzarət subyekti tərəfindən əməliyyat və komplayens risklərinin təhlili və onların effektiv idarə edilməsi məqsədilə tədbirlər, o cümlədən müvafiq təhlükəsizlik tədbirləri görülür.

Şəxsin eyniləşdirilməsindən əvvəl nəzarət subyekti tərəfindən müştəri eyniləşdirilmənin keçirilməsi ilə bağlı qaydalarla və müəyyən edilmiş şərtlərlə tanış edilir, habelə hesabın açılması üçün qanuna uyğun olaraq tələb olunan fərdi məlumatların “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq toplanılmasına və işlənilməsinə yazılı razılıq alınır.

Bu Qaydanın “Müraciətin edilməsi” hissəsinə uyğun olaraq, müvafiq prosedurlardan keçən şəxsə münasibətdə şəxsin eyniləşdirilməsi prosesinə başlanılır.

Şəxsin eyniləşdirilməsi risk əsaslı yanaşma nəzərə alınmaqla, nəzarət subyekti tərəfindən təsdiq edilmiş daxili qaydalar əsasında aşağıdakı üsullardan biri və ya bir neçəsinin tətbiqi yolu ilə həyata keçirilir:

  • şəkil çəkilişi vasitəsilə eyniləşdirmə;
  • videoçəkiliş vasitəsilə eyniləşdirmə;
  • videozəng vasitəsilə eyniləşdirmə.

Nəzarət subyekti tərəfindən şəkil çəkilişi, videoçəkiliş və ya videozəng nəticəsində müvafiq görüntülər əldə edilməlidir. Görüntülər aşağıdakı tələblərə uyğun olmalıdır:

  • görüntü və səs keyfiyyəti azı sinxronizasiya olunmuş şəkildə bütün proses zamanı şəxsin eyniləşdirilməsinə və verifikasiyasına imkan verməlidir;
  • görüntü rəngli olmalıdır;
  • görüntüdə şəxsin üz təsviri aydın görünməli, üz təsviri açıq olmalı və üzərinə kölgə düşməməli, üz təsvirini örtən hər hansı əşya, o cümlədən eynək və ya üzüörtən hər hansı bir vasitə olmamalıdır;
  • görüntüdə şəxsdən başqa üçüncü şəxslər iştirak etməməli, o cümlədən üçüncü şəxslərin köməyindən istifadə olunmamalıdır.

Videozəng real vaxtda və fasiləsiz olaraq həyata keçirilir.

Şəxsin eyniləşdirilməsi prosesində fiziki şəxsin canlılığını aşkarlayan üsullar istifadə edilməlidir. Canlılığın yoxlanılması proqram təminatı vasitəsilə həyata keçirilməlidir. Şəxsin canlı insan olduğundan əmin olmaq üçün ondan təsadüfi sıra ilə minimum 3 hərəkətin edilməsi tələb olunur. Proqram təminatı vasitəsilə şəxsin reaksiyalarının verilmiş tapşırıqlara uyğunluğu, şəxsin üz təsvirinin canlı dinamikası, o cümlədən onun şüurlu idarə edə bilmədiyi təbii fizioloji reaksiyaları təhlil edilir.

Şəxsin eyniləşdirilməsi zamanı şəxsin üz təsviri onun dövlət informasiya sistemindəki fotoşəkili ilə proqram təminatı vasitəsilə üzləşdirilir.

Nəzarət subyektində hesabı mövcud olan müştərilər tərəfindən həmin nəzarət subyektində məsafədən yeni hesabın açılması zamanı şəxsin eyniləşdirilməsinin həyata keçirilməsi tələb olunmur. Nəzarət subyekti bu qaydada hesabın açılmasını riskli hesab edərsə, yuxarıda nəzərdə tutulan üsullardan birini və ya bir neçəsini tətbiq edə bilər.

Şəxsin eyniləşdirilməsi zamanı nəzarət subyekti ilə müştəri arasındakı rabitənin bütövlüyü və məxfiliyi, o cümlədən məlumatların ötürülməsi kanallarının tam şifrələnməsi təmin edilir.

Müqavilələrin bağlanması

Bu Qaydanın tələblərinə riayət olunduqda və məsafədən hesab açılmasından imtina edilmədikdə müştəri ilə nəzarət subyekti arasında hesabın açılmasına dair müvafiq müqavilə bağlanılır.

Nəzarət subyekti tərəfindən müvafiq müqavilənin layihəsi aydın və oxunaqlı formada davamlı daşıyıcıda (məlumatın onun məqsədlərinə uyğun müddət ərzində saxlanmasına imkan verən və saxlanılan məlumatın dəyişiklik olmadan əks etdirilməsi mümkün olan istənilən vasitə) müştəriyə təqdim edilir.

Müştəri ona təqdim olunmuş müqavilə layihəsi ilə tanış olur və şərtləri ilə razı olduqda müqaviləni və digər əlaqəli sənədləri gücləndirilmiş elektron imza ilə təsdiq edir.

Nəzarət subyekti həmin müqaviləni gücləndirilmiş elektron imza ilə təsdiq edir və müştəriyə davamlı daşıyıcıda təqdim edir. Nəzarət subyekti müştərinin tələbi ilə məsafədən bağlanmış müqavilənin surətini müştərinin seçdiyi formada (kağızda və ya digər davamlı daşıyıcıda) əlçatan etməlidir.

Aşağıdakı hallarda məsafədən hesab açılmasından imtina edilir:

  • bu Qaydanın 1.3-cü bəndində göstərilən hüquqi aktlarda nəzərdə tutulmuş hallar mövcud olduqda;
  • bu Qaydanın 4.5-ci bəndinə uyğun olaraq aparılan yoxlama nəticəsində məsafədən hesabın açılması mümkün olmadıqda;
  • bu Qaydanın 5-ci hissəsinin tələblərinə uyğun olaraq şəxsin eyniləşdirilməsi mümkün olmadıqda.

Nəzarət subyekti tərəfindən hesabın məsafədən açılmasından imtina edildikdə bu barədə müştəriyə onun təqdim etdiyi müvafiq əlaqə vasitələri ilə (SMS məlumatlandırma, elektron poçt ünvanı və s.) bildiriş göndərilir və bildirişdə imtinanın səbəbləri göstərilir.

Yekun müddəalar

Məsafədən hesab açılması xidmətini göstərən nəzarət subyektinin müşahidə (direktorlar) şurası (belə orqan olmadıqda nəzarət subyektinin icra orqanı) tərəfindən bu xidmətlərə dair daxili qaydalar təsdiq edilir. Şəxsin eyniləşdirilməsi prosesinin adekvatlığının yoxlanılması ildə bir dəfədən az olmayaraq nəzarət subyektinin daxili qaydaları ilə müəyyən edilmiş dövriliklə həyata keçirilir.

Təhlükəsizlik pozuntularının aşkarlanması və ya baş verməsi, aidiyyəti hüquqi aktlarda dəyişikliklərin edilməsi, nəzarət subyektinin mümkün fırıldaqçılıq və ya digər hüquq pozuntusu hallarından xəbərdar olması və şəxsin eyniləşdirilməsi ilə bağlı çatışmazlıqların aşkarlanması hallarında texnoloji inkişaf və prosesin tətbiqində qazanılan təcrübə də nəzərə alınmaqla məsafədən hesab açılması proseslərinə yenidən baxılır, zərurət olduqda daxili qaydalarda müvafiq dəyişikliklər edilir.

Məsafədən hesab açılması zamanı əldə olunmuş bütün məlumat və sənədlər, o cümlədən şəxsin eyniləşdirilməsi zamanı yaradılmış video və audio fayllar, şəkillər, loqlar qanunvericiliyə uyğun qaydada və müddətlərdə saxlanılır.

Mənbə: banker.az

İstifadə olunmamış məzuniyyət kompensasiyası vergiyə cəlb olunurmu?

İstifadə olunmamış məzuniyyət kompensasiyası vergiyə cəlb olunurmu?

posted in: Xəbər | 0

Mövzunu iqtisadçı ekspert Mahmud Abasquliyev şərh edir. 

Bildiyimiz kimi, 01.01.2019-cu ildən 01.01.2026-cı ilədək qeyri-neft və qeyri-dövlət sektorunda çalışan işçilərin əməkhaqları hesablanan zaman 8.000 manata qədər olan məbləğlər gəlir vergisindən azad idi. Artıq bu il yanvar ayının 1-dən özəl sektorda çalışan işçilərin əməkhaqlarına 3% gəlir vergisi tətbiq olunmağa başlayıb.

Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən, əsas iş yerində çalışan əməkdaşların 2.500 manata qədər olan əməkhaqqı məbləğlərinin 200 manatlıq hissəsi vergidən azaddır.

Qanunvericiliyə yeniliyin daxil edilməsi digər gəlirlərin hesablanması və vergiyə cəlb olunub-olunmaması ilə bağlı müəyyən suallar doğurur. Əvvəlki illərdə çalışan və illik məzuniyyət hüququndan istifadə etməyən işçilərə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərsə, bu zaman həmin məbləğ gəlir vergisinə cəlb ediləcəkmi?

Bu suala birmənalı olaraq “bəli” deyə bilərik. Çünki işçi istifadə etmədiyi məzuniyyətə görə kompensasiyanı artıq 2026-cı ildə alacaq. Yəni həmin kompensasiya məbləği işçinin cari il üzrə gəliri olduğundan yeni qayda ilə gəlir vergisinə cəlb ediləcək. Əsas iş yerində çalışan işçiyə hesablanan kompensasiya məbləği 2.500 manatdan azdırsa, o zaman 200 manat azadolma məbləği də tətbiq ediləcək, qalan hissəsi 3% gəlir vergisinə cəlb olunacaq. Sosial sığorta ödənişləri mövcud qanunvericiliyin tələbinə uyğun qaydada tutulacaq.

Əvvəlki illər üzrə hesablanan məzuniyyətin kompensasiyası cari ilin həmin ayında verilərkən vahid rüblük hesabatda ayrıca göstərilərək əsas iş yeri üzrə güzəşt tədbiq ediləcək.

Əvvəlki illər üzrə hesablanan məzuniyyətin kompensasiyasının hesablanıb verilməsi Əmək Məcəlləsinin 111-ci və 135-ci maddələri ilə tənzimlənir.

Misal

İşçi özəl sektorda baş mühasib vəzifəsində çalışır və əməkhaqqı 1.500 manatdır. O, 2022-ci ildən işləsə də məzuniyyətə çıxmayıb. Baş mühasib 2026-cı ildə ötən illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya almaq istəyir. Tutaq ki, buna görə ona 2.000 manat kompensasiya məbləği hesablanıb. Bu zaman həmin məbləğ artıq gəlir vergisinə cəlb ediləcək.

Gəlir vergisinə cəlb olunacaq məbləğ: 2.000 – 200 = 1.800 manat;
Gəlir vergisi = 1.800 x 3% = 54 manat;
İşçidən tutulan MDSS məbləği: 200 x 3% + (2.000 – 200) x 10% = 186 manat;
İşçidən tutulan işsizlikdən sığorta haqqı: 2.000 x 0.5% = 10 manat;
İşçidən tutulan icbari tibbi sığorta haqqı: 2.000 x 2% = 40 manat;
Net kompensasiya məbləği: 2.000 – 54 – 186 – 10 – 40 = 1.710 manat.

Mənbə: vergiler.az

Mühasibat xidmətləri ilə maraqlanırsınız? Peşəkar konsultasiya üçün bizimlə əlaqə saxlayın!

Vergi auditi kursu

posted in: Xəbər | 0

Vergi auditi kursu

Vergi auditi iqtisadi subyektlərin mühasibat və vergi hesabatlarının, ödəmələrin və müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətinin ümumi vəziyyətinin yoxlanılmasından, onların aktiv və passivlərinin qiymətləndirilməsindən ibarətdir.

Azərbaycan Mühasiblər Məktəbində tədris edilən Vergi auditi kursunun keçirilməsində məqsəd iştirakçıların praktik vergi biliklərini artırmaq, vergi auditi zamanı proaktiv addımların atılması və qabaqlayıcı tədbirlərin görülməsi, riskləri minimuma endirməkdir.

Kurs kimlər üçündür?

  • Peşəkar mühasiblər, baş mühasiblər;
  • Vergi məsləhətçiləri;
  • Vergi autsorsinqi aparan şəxslər;
  • Maliyyə yaxud müəssisə direktorları və fərdi sahibkarlar;
  • Auditor, baş auditorlar və b.

Kursun faydaları:

  • Kameral uyğunsuzluqların düzgün cavablandırılması;
  • Səyyar vergi yoxlamalarına hazır olmaq;
  • Praktiki vergi biliklərinizin artırılması;
  • Risklərin minimallaşdırılması və proqnozlaşdırılması bacarığı;
  • Vergi mübahisələrinin həlli yolları.

Təlimçi: Azər Qənbərov

Azər Qənbərov Azərbaycan Dövlət İqtisad Universitetində “Dövlət maliyyəsində vergi siyasəti”, “Vergi müqavilələri”, “Vergi auditi”,  “Rəqəmsal iqtisadiyyat və vergiqoyma”, “Vergiqoymanın prinsipləri” fənlərini tədris edir. Eyni zamanda “Azərbaycan Mühasiblər Məktəbi”ndə vergi üzrə təlimçi olaraq fəaliyyət göstərir. Dövlət İmtahan Mərkəzində PMS imtahanları üzrə ekspertdir.

Azercell şirkətində Vergi hesabatları bölümünün rəhbəridir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində “Biznesə başlama, vergi və hesabatlılıq” üzrə işçi qrupunun üzvüdür.

SOCAR Baş ofisində Vergilər Departamentində rəis müavini vəzifələrində çalışmışdır. Vergi qanunvericiliyinin tətbiqinə dair 50-dən artıq məqalənin müəllifidir. Peşəkar Mühasib Sertifikat imtahanını hər iki sektor üzrə müvəfəqiyyətlə vermişdir. “CİMA və ACCA” üzrə “Diplom Performance Management” və “DİPİFR” beynəlxalq diplomların, həmçinin Daxili audit Sertifikatının sahibidir.

Azərbaycanda ilk dəfə mənfəət vergisinin SAP ERP sistemində avtomatlaşdırılması və vergi uçotu ilə maya dəyərinin, gəlir və xərclərin uçotunun, eləcə də vergi registrlərinin düzgün formalaşması üzrə layihənin rəhbəridir.

Vergi auditi və daxili audit üzrə 15 ildən çox təcrübəyə malikdir.

Qrupda iştirakçı sayı: 12-15 nəfər

Təlim formatı: Ənənəvi və onlayn

Təlim sayı və vaxtı: 8 təlim – 20 saat / Həftədə 2 dəfə, saat: 19:00-21:30

Kursa daxildir:

  • 20 saat təlim;
  • Video qeydlər (praktiki dərslərin) və təlim materialları ilə təminat;
  • Sertifikatların təmini;
  • Coffee break.

Proqram: Nəzəri hissə (16 saat)

Vergi orqanı tərəfindən keçirilən yoxlamalar, vergi monitorinqləri, elektron audit (2 saat)

  • Yoxlama prosedurları və qaydaları, yoxlamanın tətbiq dairəsi və qanuniliyi, məqsəd və prinsipləri;
  • Yoxlama zamanı sahibkarın hüquq və vəzifələri;
  • Yoxlama zamanı yoxlayıcıların səlahiyyətləri, hüquq və vəzifələri, onlara dair tələblər, elektron auditin keçirilməsi qaydaları.
  • Sahibkarların risk qrupları üzrə bölgüsü, risklərin idarə olunması sistemi;
  • Yoxlamaların növü və dövrü, plan üzrə (növbəti) və plandankənar (növbədənkənar) yoxlamaların keçirilməsi;
  • Yoxlamaların vahid məlumat reyestri, yoxlamanın aparılması haqqında qərarların qəbul edilməsi, yoxlamanın müddəti, yoxlama suallarının siyahısı.

Kameral vergi yoxlamalarının aparılması qaydaları və prosedurları – 1-ci dərs (2 saat)

  • Hüquqi şəxslərin mənfəət vergisi üzrə kameral yoxlamanın aparılması prosedurları;
  • Mənfəət vergisi bəyannaməsi ilə əlavə 1-in yoxlanılması, əlavə 1-in tərtib edilməsində səhvlərin aradan qaldırılması;
  • Mənfəət vergisi bəyannaməsi ilə digər bəyannamə sətirlərinin yoxlanılması.

Kameral vergi yoxlamalarının aparılması qaydaları və prosedurları – 2-ci dərs  (2 saat)

  • Fiziki şəxslərin gəlir vergisi üzrə kameral yoxlamaların aparılması prosedurları;
  • Gəlir vergisi bəyannaməsi ilə əlavə 1-in yoxlanılması, əlavə 1-in tərtib edilməsində səhvlərin aradan qaldırılması;
  • Gəlir vergisi bəyannaməsi ilə digər bəyannamə sətirlərinin yoxlanılması.

Kameral vergi yoxlamalarının aparılması qaydaları və prosedurları – 3-cü dərs  (2 saat)

  • ƏDV-nin kameral yoxlanılması prosedurları;
  • ƏDV bəyannamələri üzrə əlavələrin bank sənədləri və digər məlumatlarla yoxlanılması;
  • Kameral yoxlamalar zamanı uyğunsuzluq məktublarının cavablandırılması, testlər və məsələlər.

Səyyar vergi yoxlamalarının aparılması prosedurları və qaydaları (2 saat)

  • Səyyar vergi yoxlaması zamanı əlaqəli məlumatlara əsasən əlavə vergilərin hesablanması;
  • Tələb olunan sənədlər və həmin sənədlərə əsasən vergi orqanının görə biləcəyi tədbirlər;
  • Məhsulun tədqiqi (sınağı) barədə qərarın qəbul edilməsi, məhsulun tədqiqi (sınağı) məqsədilə məhsul nümunələrinin seçilməsi qaydası və götürülməsi metodu. Götürülmüş məhsul nümunələrinin tədqiqinin (sınağının) sınaq aparan təşkilata çatdırılması, sınağın aparılması müddətləri və qaydası.

Səyyar vergi yoxlaması zamanı maliyyə sanksiyalarının, cərimələrin hesablanması (2 saat)

  • Vergilərin azaldılmasına və ya yayındırılmalarına görə maliyyə sanksiyalarının tətbiqi;
  • Nağd pul dövriyyəsinə görə topdan və pərakəndə satış məntəqələrində maliyyə sanksiyalarının hesablanması;
  • Malların hərəkəti və dövriyyəsinə görə maliyyə sanksiyalarının tətbiqi;
  • Testlər və məsələlər.

Operativ vergi nəzarətinin aparılması qaydaları, nəzarət zamanı əlavə vergi hesablamaları və maliyyə sanksiyalarının hesablanması (2 saat)

  • Vergi orqanlarında uçota durmayan vergi ödəyicilərinin aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin aksiz markaları ilə markalanmalı və məcburi nişanlanma ilə nişanlanmalı malların dövriyyəsinə operativ vergi nəzarəti;
  • Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə operativ vergi nəzarəti;
  • Lisenziya tələb olunan fəaliyyət növləri ilə belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi və “Fərqlənmə nişanı”nı almayan vergi ödəyicilərinin aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarəti;
  • Nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına, elektron qaimə-faktura və elektron alış aktı əsasında malların hərəkət dövriyyəsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarəti tədbirləri;
  • Operativ vergi nəzarəti tədbirlərinin nəticələrinin rəsmiləşdirilməsi (testlər və məsələlər).

Səyyar vergi yoxlaması zamanı yoxlama aktının müzakirəsinə və debatlara hazırlıq, aktdan və ya qərardan şikayət məktubunun yazılması, vergi cinayətləri üzrə ibtidai araşdırmalar aparılarkən sənədlərin hazırlanması və təqdim edilməsi (2 saat)

  • Vergi orqanları ilə görüşdə müzakirə olunmalı məsələlər;
  • Şikayət məktubunun yazılması zamanı diqqət yetirilməsi olan hallar və risklərin sığortalanması;
  • İbtidai araşdırmalar zamanı görüşlərə hazırlıq və müvafiq sənədlərin hazırlanması.

Praktiki hissə (4 saat)

Mənfəət və gəlir vergisi bəyannamələri üzrə kameral yoxlamalara və uyğunsuzluqlara dair məsələ həlli və kameral uyğunsuzluqların cavablandırılması (2 saat)

ƏDV və digər bəyannamələr üzrə kameral uyğunsuzluqlarla bağlı məsələ həlli və kameral uyğunsuzluqların cavablandırılması (2 saat)


Kurslara qoşulmaq və ya ödəniş, başlama tarixi və s. haqda məlumat almaq üçün müvafiq linkdən qeydiyyatdan keçə bilərsiniz. Ən qısa zamanda əməkdaşlarımız sizə geri dönüş edəcəklər: https://crmform.azgroup.az/

Əlaqə:

📞+994 12 310 05 50
📱+994 50 209 34 72

Ünvan: Caspian Plaza

1 9 10 11 12 13 14 15 2. 679