İşəgötürən işçini ixtisar etdiyi halda müavinət

posted in: Xəbər | 0

İşdənçıxarma müavinəti nədir?

İşdənçıxarma müavinəti işçidən asılı olmayan səbəblərdən əmək müqaviləsinin ləğvi zamanı işəgötürən tərəfindən ödənilən pul müavinətidir. Müavinətin məbləği işçinin əmək stajından və onun işdən çıxarılması səbəbindən asılıdır. Əmək müqaviləsinə xitam verilmiş işçilərin təminatları AR Əmək Məcəlləsinin 77-ci maddəsi ilə tənzimlənir. Müavinətin hesablanması ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazanılmış əməkhaqqı nəzərə alınmaqla, Məcəllənin 177-ci maddəsinə uyğun olaraq hesablanır.

İşdənçıxarma müavinəti kimlərə verilir?

İşdənçıxma müavinəti aşağıdakı hallarda verilir:

  • müəssisənin ləğvinə görə əmək müqaviləsinin xitamı zamanı;
  • ixtisarlar zamanı;
  • əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə bağlı əmək müqaviləsinin xitamı;
  • işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda;
  • əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə;
  • müəssisənin mülkiyyətçisinin dəyişməsi zamanı, məcəllənin 63-2 maddəsi nəzərə alınmaqla.

İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinin xitamı zamanı, vərəsələrə dəfn üçün müavinət ödənir.

İşdənçıxarma müavinəti necə təyin olunur?

Müəssisə ləğv olunduqda və ixtisarlar zamanı işçiyə işdənçıxma müavinəti aşağıdakı məbləğdə ödənilir (Əmək Məcəlləsi, maddə 77):

  • bir ilədək iş stajı – orta aylıq qazanc məbləğində;
  • bir ildən 5 ilədək iş stajı – orta aylıq əməkhaqqının 1,4 mislindən az olmayaraq;
  • iş stajı 5 ildən 10 ilədək – orta aylıq əməkhaqqının 1,7 mislindən az olmayaraq;
  • 10 ildən artıq iş stajı – orta aylıq əməkhaqqının azı iki misli.

Bu hallarda işçiyə orta aylıq əməkhaqqının azı iki misli miqdarında işdənçıxarma müavinəti müəyyən edilir:

  • əmək şəraiti dəyişdikdə;
  • əmək qabiliyyətini fasiləsiz olaraq altı aydan çox müddətə tam itirdikdə.

Orta aylıq əməkhaqqının ən azı üç misli miqdarında müavinət aşağıdakı hallarda təyin olunur:

  • müəssisənin mülkiyyətçisinin dəyişilməsi ilə əlaqədar əmək müqaviləsinin xitamı;
  • işçi hərbi xidmətə çağırıldıqda;
  • işçinin vəfatı zamanı, onun vərəsələrinə.

İşəgötürən bütün hallarda əmək müqaviləsinin ləğv edilməsi zəruriliyini əsaslandırmalı, işçi öncədən xəbərdar edilməlidir.

İşçi necə xəbərdar edilir?

Müəssisə və təşkilatlarda işçilərin sayı azaldıqda və ya  ştatlar ixtisar edildikdə, işçi işəgötürən tərəfindən aşağıdakı müddətlərdə rəsmi məlumatlandırılmalıdır:

  • bir ilə qədər iş stajı – ən azı 2 təqvim həftəsi;
  • bir ildən 5 ilədək iş stajı – 4 təqvim həftəsindən az olmayaraq;
  • 5 ildən 10 ilə qədər iş stajı – 6 təqvim həftəsindən az olmayaraq;
  • 10 ildən çox iş stajı – 9 təqvim həftəsindən az olmayaraq.

Əgər işçi sınaq müddətində olarsa, tərəflərdən biri digər tərəfi üç gün əvvəl yazılı şəkildə xəbərdar etməklə əmək müqaviləsinə xitam verə bilər. Xəbərdarlıq müddəti ərzində işçi məşğulluq mərkəzinə, başqa işəgötürənlərə iş üçün müraciət edə bilər. Buna görə də  işçiyə hər iş həftəsində əməkhaqqı saxlanmaq şərtilə ən azı bir gün işdən azad olunaraq iş axtarmasına imkan yaradılmalıdır.

Müavinət necə hesablanır?

Bunu nümunə əsasında izah edək (mənbə: ”Vergilər” onlayn qəzet). İşəgötürən ştatların ləğvi ilə bağlı dörd işçinin əmək müqaviləsinə xitam verməyə hazırlaşır. Onların hər birinin orta əməkhaqqısı eynidir – 450 manat, iş stajları isə fərqlənir. Onlara qanunvericiliyə uyğun qaydada rəsmi xəbərdarlıq verilib. Hər bir işçi üçün hesablanacaq işdənçıxarma müavinəti ən azı əmək stajlarına uyğun olaraq aşağıdakı kimi olacaq:

  • bir ilədək əmək stajı  – 450 manat;
  • bir ildən beş ilədək əmək stajı: – 630 manat (450 x 1,4)
  • beş ildən on ilədək əmək stajı olan işçi – 765 manat (450 x 1,7)
  • on ildən çox əmək stajı olan işçi – 900 manat (450 manat x 2).

Xəbərdarlıq müddəti pul ödənişi ilə əvəz edilə bilərmi?

Əmək Məcəlləsinin 77-ci maddəsinin dördüncü hissəsi buna icazə verir. Belə ki,

  • azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli;
  • azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli;
  • azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli;
  • azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli miqdarında pul təzminatı ödənilə bilər.

İşdənçıxarma müavinətinin ödənilməsi üçün əsas əmək müqaviləsinin xitamı əmridir. Əmək kitabçasında uyğun qeydlər aparılmaqla vəsait hesablanır, nağd şəkildə verilir və ya işçinin bank kartına köçürülür.

Müavinətlər

Tibbi arayış tələb olunan peşələrin siyahısı yenilənəcək

posted in: Xəbər | 0

İşçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin siyahısı təkmilləşdiriləcək.

Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Nazirlər Kabineti 3 ay müddətində “İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə qida sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin (vəzifələrin) iş yerlərinin Siyahısı”nın təkmilləşdirilməsinə dair zəruri tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Nazirlər Kabineti bu müddət ərzində “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti”ndə narkoloji xəstələr üçün məhdudiyyətin müddətinin müvafiq peşə növləri və vəzifələr üzrə təkmilləşdirilməsinə dair də zəruri tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Mənbə: banker.az

Balıq məhsullarına tətbiq olunan ƏDV hesablanmasında yeni qaydalar

Balıq məhsullarına tətbiq olunan ƏDV hesablanmasında yeni qaydalar

posted in: Xəbər | 0

2026-cı ildən Vergi Məcəlləsində edilmiş dəyişikliklər biri də balıq və balıq məhsullarının satışı zamanı ƏDV-nin hesablanması ilə bağlıdır. Yeniliyi “Business Service Center” şirkətinin maliyyə və mühasibat işləri üzrə qrup rəhbəri Təbriz Məmmədli şərh edir.

2026-cı ildən balıq və balıq məhsulları ilə bağlı Vergi Məcəlləsində dəyişiklik edilib. Artıq balıqçılıq fəaliyyəti (balıq kürüsünün istehsalı və emal əməliyyatlarına məruz qalan balıq məhsulları istisna olmaqla) kənd təsərrüfatı fəaliyyəti kimi qəbul olunur. Eyni zamanda, kəsilmə və dondurulma əməliyyatlarına məruz qalan balıq məhsulları da kənd təsərrüfatı məhsullarına bərabər tutulur. Bu isə həmin sahədə fəaliyyət göstərən sahibkarlar üçün ƏDV üzrə müəyyən güzəşt fürsətləri yaradır.

Bildiyimiz kimi, Vergi Məcəlləsinin 164.1.18-ci maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən özlərinin istehsal etdikləri məhsulların satışı üzrə dövriyyələr 2014-cü il yanvarın 1-dən 13 il müddətinə ƏDV-dən azad edilib. Balıqçılıq fəaliyyəti də 2026-cı ildən kənd təsərrüfatı fəaliyyətinə aid edildiyi üçün həmin istehsalçılar tərəfindən istehsal olunan balıq məhsullarının satışı üzrə dövriyyələr ƏDV-dən azad edilib.

Misal 1

“Farel” MMC balıq məhsullarının istehsalı ilə məşğul olan təsərrüfat subyektidir. Müəssisənin istehsal etdiyi balıq məhsullarının satışı üzrə 2025-ci ildə 10.000 manat, 2026-cı ildə isə 20.000 manat dövriyyəsi olub. Qeyd olunan illər üzrə ƏDV məbləğini hesablayaq:

2025-ci il üzrə: 10.000 x 18% = 1.800 manat;
2026-cı il üzrə: ƏDV-dən azaddır.

Vergi Məcəlləsində edilmiş dəyişikiliklərlə vergi güzəştlərindən biri də Məcəllənin 153.3-cü maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli (xarici mənşəli balıq məhsulları istisna olmaqla)) topdan və pərakəndə satışı zamanı ƏDV-nin ticarət əlavəsindən hesablanmasıdır. Balıq məhsullarının satışı zamanı ƏDV satış qiymətindən deyil, ticarət əlavəsindən, yəni satış qiyməti ilə alış qiyməti arasındakı fərqdən hesablanacaq.

Lakin bir məqamı unutmayaq ki, qeyd edilən güzəşt kənd təsərrüfatı məhsullarının alışı elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi və həmin bəyannamə ilə bağlı hesab-faktura (invoys), habelə elektron alış aktı ilə, topdan və pərakəndə satışı isə müvafiq olaraq elektron qaimə-faktura və nəzarət-kassa aparatının çeki ilə rəsmiləşdirildiyi halda tətbiq edilir. Məhsulların alışı və ya satışı bu qaydada rəsmiləşdirilmədikdə ƏDV ümumi dövriyyədən hesablanacaq.

Misal 2

“Çupra” MMC balıq məhsullarının topdan satışı ilə məşğul olan təsərrüfat subyektidir. 2026-cı ilin yanvar ayı ərzində 10.000 manat dəyərində balıq məhsullarını elektron qaimə-faktura əsasında digər təsərrüfat subyektindən əldə edərək 12.000 manata elektron qaimə-faktura əsasında alıcıya satıb. Bu zaman yanvar ayı üzrə ƏDV aşağıdakı qaydada hesablanacaq:

Ticarət əlavəsi – 12.000 – 10.000 = 2.000 manat;
ƏDV məbləği – 2.000 x 18% = 360 manat.

Lakin alış və ya satış qüvvədə olan qanunvericiliyə uyğun aparılmadığı halda, ƏDV aşağıdakı qaydada hesablanacaq:
ƏDV = 12.000 x 18% = 2.160 manat.

Mənbə: vergiler.az

Sığorta haqqına uyğun müavinət, proaktiv təyinat, yeni məbləğlər

Əmək müqaviləsinə xitam verilməsi

Əmək müqaviləsi

Əmək müqaviləsi müəssisə, yaxud təşkilatlarda əmək münasibətlərinin  rəsmiləşdirilməsinə əsas verən yeganə sənəddir. Müqavilənin məzmunu tərəflərin hüquq və vəzifələrini müəyyən edən şərtlərdən ibarətdir. Əmək müqaviləsinin tərəfləri işçi və işəgötürəndir. İşəgötürənlə işçi arasında əmək münasibətləri AR Əmək Məcəlləsi ilə tənzimlənir.  Bu sənəd iki tərəfin razılığı ilə nümunəvi əmək müqaviləsi forması əsasında sərbəst  bağlanır, yəni bunun üçün heç bir məcburiyyət yoxdur. Müqavilə ən azı 2 nüsxədə tərtib edilərək təsdiqlənir, hər iki şəxsə – həm işçi, həm də – işəgötürənə  verilir.

Əmək müqaviləsinə xitam verilməsi

Bəzi hallarda müəssisə və təşkilatlarda işçi ilə bağlanmış əmək müqaviləsinə xitam vermək zərurəti yaranır. Əmək müqaviləsinin ləğvi işəgötürənin əmri ilə rəsmiləşdirilir, imza və möhürlə təsdiqlənir. İşçinin tələbi ilə işəgötürən əmrin surətini ona  təqdim etməlidir. Əmək müqaviləsinə xitam verildiyi gün işçinin son iş günü hesab olunur. Həmin gün işçiyə əmək qanunvericiliyinə uyğun olaraq aşağıdakı sənədlər təqdim edilməlidir:

  • işdən çıxma barədə əmrin surəti;
  • əmək kitabçası (qanunvericilikdə əmək kitabçasının aparılması tələb olunduğu müəssisələrdə);
  • hesablanmış son haqq-hesab.

Əmək müqaviləsinə xitam verilməsinin səbəbi barədə qeydlər əmək kitabçasında göstərilməlidir. Hər hansı bir səbəbdən əmək kitabçasını vermək mümkün olmadıqda, işçiyə onu götürməyin zəruriliyi barədə məlumat verilməli və ya kitabçanı poçtla göndərmək üçün razılıq alınmalıdır.

İşçiyə hesablanmış haqq-hesab sənədlərinin tərtib edilməsi Əmək Məcəlləsinin 173-cü maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq yerinə yetirilir. İstifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya, əməkhaqqı və digər ödəmələr hesablanaraq son iş günü işçiyə təqdim edilməlidir.

Mühasib tərəfindən imzalanan haqq-hesab sənədi işçinin tələbi ilə ona təqdim edilir. İşçinin tələbi ilə o, kompüterin yaddaşında saxlanılan hesablamalarla tanış edilir, habelə işçinin xahişi ilə çap edilib ona verilir.

Əmək müqaviləsinə müxtəlif əsaslarla xitam verilə bilər.

Tərəflərdən birinin təşəbbüsü ilə

İşçi əmək müqaviləsinin ləğvi üçün 1 təqvim ayı əvvəldən işəgötürənə yazılı ərizə ilə müraciət etməlidir. Xəbərdarlıq müddəti ərzində nə işçi, nə də işəgötürən birtərəfli qaydada müqaviləni ləğv edə bilməz. Ola bilər ki, işçi xəbərdarlıq müddəti bitənə qədər yenidən müraciət edərək müqavilənin ləğvi barədə ərizəni geri götürmüş olsun. Əgər işəgötürən həmin vəzifəyə yeni işçi götürübsə və bu barədə işçiyə rəsmi şəkildə yazılı xəbərdarlıq edibsə, işçinin əvvəlki ərizədən imtina hüququ olmayacaqdır. İşçiyə yazılı xəbərdarlıq edilmədiyi halda isə işçinin imtina ərizəsi qəbul edilməli və əmək müqaviləsi ləğv edilməməlidir.

İşəgötürənin təşəbbüsü ilə aşağıdakı hallarda əmək müqaviləsinə xitam verilə bilər:

  • müəssisə ləğv edildikdə və ya fəaliyyətinə xitam verildikdə;
  • işçilərin sayı və ya ştatı ixtisar edildikdə;
  • işçi attestasiyanın nəticələri ilə təsdiq edilmiş kifayət qədər ixtisasa malik olmadığına görə tutduğu vəzifəyə və ya yerinə yetirdiyi işə uyğun gəlmədikdə;
  • işçi əmək funksiyasını, üzərinə düşən öhdəlikləri yerinə yetirmədikdə,  əmək vəzifələrini birdəfəlik kobud şəkildə pozduqda (işdən çıxma, sərxoş vəziyyətdə işə gəlmə, qanunla qorunan sirri açıqlama və s.)
  • işçi sınaq müddətində özünü doğrultmadıqda;
  • çalışmanın yaş həddinə çatdıqda (dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi)

Müəyyən hallarda əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsi zamanı (məsələn, ixtisar, təşkilatın ləğvi və s. ) işçiyə orta əməkhaqqından az olmamaqla işdənçıxma müavinəti ödənilməlidir.

Əmək müqaviləsinin müddəti başa çatdıqda

Müqavilənin bitməsinə azı 1 həftə qalmış tərəflərdən biri digərinə müqaviləyə xitam verməsi barədə yazılı və ya elektron informasiya sistemi üzərindən xəbərdarlıq verməlidir. Əks halda  müqavilənin müddəti uzadılmış hesab olunur. Müəyyən müddət (mövsüm) ərzində mövsümi işlərin görülməsi üçün bağlanmış əmək müqaviləsinə bu müddətin (mövsümün) sonunda xitam verilir.

İşçi təşkilatın əmlakının mülkiyyətçisinin dəyişməsi (yenidən təşkili) zamanı işdən imtina etdikdə

Yeni mülkiyyətçi tərəfindən müəssisənin işəgötürəninin (rəhbərinin), onun müavinlərinin, baş mühasibin və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmələrin rəhbərlərinin əmək müqavilələrinə mülkiyyətçinin dəyişməsi ilə əlaqədar bu Məcəllənin 68-ci maddəsinin «ç» bəndi ilə xitam verilə və ya bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulan qaydada onların əmək müqavilələrinin şərtləri dəyişdirilə bilər.

Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi

Bəzən müəssisələrdə əmək şəraitinin şərtlərinin dəyişdirilməsi zərurəti yaranır. Bu zaman işəgötürən işçini 1 ay əvvəldən yazılı şəkildə xəbərdar etməlidir. Əmək şəraitinin dəyişdirilməsi ilə razılaşmayan işçi ya yeni işlə təmin edilməli, ya da xəbərdarlıq müddəti bitdikdən sonra əmək müqaviləsinə xitam verilməlidir.

Tərəflərdən asılı olmayan hallar yarandıqda

  • işçinin hərbi xidmətə çağırılması və ya onu əvəz edən alternativ mülki qulluğa göndərilməsi;
  • əvvəllər bu işi görmüş işçinin dövlət əmək müfəttişliyinin və ya məhkəmənin qərarı ilə işə bərpa edilməsi;
  • məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə işçinin əvvəlki işini davam etdirməsinə mane olan cəzaya məhkum edilməsi;
  • tibbi arayışa uyğun olaraq işçinin tam əmək qabiliyyətsizliyinin tanınması;
  • işçinin və ya işəgötürənin vəfatı, habelə məhkəmə tərəfindən işçinin və ya işəgötürənin ölmüş və ya xəbərsiz itkin düşmüş hesab edilməsi;
  • əmək münasibətlərinin davam etdirilməsinə mane olan fövqəladə halların (hərbi əməliyyatlar, fəlakət, təbii fəlakət, böyük qəza, epidemiya və digər fövqəladə hallar) baş verməsi;
  • işçinin əmək müqaviləsi üzrə vəzifələrini yerinə yetirməsinə mane olan inzibati tənbeh;
  • işçinin xüsusi hüquqdan (məsələn, lisenziya, nəqliyyat vasitəsini idarə etmək hüququ, silah gəzdirmək hüququ və s.) məhrum edilməsi ilə əlaqədar əmək müqaviləsi üzrə vəzifələrini yerinə yetirməsinin mümkün olmaması;
  • vəzifələrin icrasını qeyri-mümkün edən digər halların baş verməsi.

Belə halların tam siyahısı Əmək Məcəlləsinin 74-cü maddəsində şərh olunub.

Tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsində nəzərə tutulan digər hallar

Əmək müqaviləsinə xitam digər hallarda da ola bilər. Belə hallar əmək müqaviləsində nəzərdə tutulmalıdır. Müqavilədə ona xitam verilməsi barədə nəzərdə tutulan hallar tərəflərin hüquq bərabərliyinin qorunması, müqavilə üzrə öhdəliklərin icrasına hüquqi təminat yaradılması prinsiplərinə zidd olmamalıdır.

1 10 11 12 13 14 15 16 2. 699