Turizm şirkətləri elektron qaimədə hansı məbləği göstərməlidir?

posted in: Xəbər | 0

Sual: Yerli turizm şirkəti aviabiletlərin satışı ilə əlaqədar, Vergi Məcəlləsinə edilmiş yeni əlavələr və dəyişikliklərə əsasən 01 yanvar 2018 ci il tarixindən qaimə faktura təqdim etməlidir. Mənim sualım:

1. Qaimə faktura bütün məbləğə verilməlidir yoxsa təkcə komissiyaya?

2. Aviaşirkətlər bizə qaimə faktura təqdim etmir, onda mənim xərclərim görünməcəyək, alınacaq ki, mənim tərəfimdən təqdim olunmuş bütün qaimə fakturalar mənim gəlirimdir?

Cavab: Sorğunuzdan agent (vasitəçi) kimi fəaliyyət göstərdiyiniz qənaətinə gələrək bildiririk ki, qanunvericiliyə əsasən elektron qaimə-faktura hüquqi şəxslərə və fərdi sahibkarlara malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxslər tərəfindən təqdim edilir. Odur ki, alıcılara elektron qaimə-faktura satıcı ilə müştəri arasında vasitəçilik fəaliyyəti göstərən agent tərəfindən deyil, satıcı tərəfindən təqdim edilir.

Eyni zamanda tur paketlərin satışının həyata keçirilməsi məqsədi ilə tur paketlərin agentlərə təhvil verilməsi üzrə turizm xidmətlərini həyata keçirən (vəkalət verən) şəxs tərəfindən agentə qaimə-faktura təqdim edilmir. Qeyd olunan əməliyyat müvafiq qaydada sənədləşdirilir və xidmətin göstərilməsi ilə bağlı tərəflər arasında müqavilə bağlanılır.

Tur paketlərin satışı üzrə xidmətlərin göstərilməsi agent tərəfindən turizm xidmətlərini həyata keçirən (vəkalət verən) şəxsə göstərildiyindən müvafiq olaraq onun tərəfindən vəkalət verənə göstərilmiş xidmətin dəyəri əks etdirilməklə elektron qaimə-faktura təqdim edilir.

Bax: Vergi Məcəlləsinin 71-1-ci maddəsi.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Rusiyada deoffşorizasiyanın əsas məqamları

posted in: Vergi, Xəbər | 0

Son vaxtlar dünyanın iqtisadi gündəliyində daha çox aktuallaşan mövzulardan biri də offşor zonalar vasitəsilə vergidən yayınma hallarına qarşı görülən tədbirlərdir. İndi bu sahədə həm nüfuzlu beynəlxalq iqtisadi qurumlar, həm də ayrı-ayrı ölkələr səviyyəsində ciddi işlər görülür, qanunvericilik bazasında təkmilləşdirmələr aparılır. Həmin işlərin əsas məqsədi vergi yığımının yüksəldilməsi, cinayət yolu ilə əldə edilən «çirkli» pulların qanuniləşdirilməsinin qarşısının alınması, eləcə də iqtisadi münasibətlərdə şəffaflığın artırılması, dünya iqtisadiyyatına təsir göstərmək gücündə olan şirkətlərin fəaliyyətinə aydınlıq gətirilməsidir.

Bu sahədə iri iqtisadiyyata malik ölkələrin ciddi tədbirlər görməsi xüsusi əhəmiyyət daşıyır. Belə ölkələrdən biri də Rusiya Federasiyasıdır. Dünyanın yeni iqtisadi reallıqlarını nəzərə alan Rusiyada xarici müəssisələrin gəlirlərindən vergi tutulması üçün qəbul edilmiş qaydaların əsas məqamları məlum olmuşdur.

«deloitte.com» saytının şərhində bildirilir ki, yeni qaydalara əsaəsn, nəzarət edilən xarici şirkətlər (Rusiya rezidentləri tərəfindən qismən nəzarət olunan müəssisələr) üçün səhmdarlar arasında bölünməmiş gəlirlərə qoyulan vergi 13 faizə (əgər şirkətə fiziki şəxs nəzarət edirsə) və ya 20 faizə (əgər şirkət başqa bir şirkətin nəzarətindədirsə) qədər ola bilər.

Şirkətlərin gəlirlərindən vergilərin tutulması dividendlərin ödənilməsi yolu ilə azaldıla bilər. Rusiyada gəlirləri vergiyə cəlb olunan şirkətlərin ödədikləri dividendlər vergidən azad edilə bilər: bu şərtlə ki, müəssisənin dividendlərin ödənildiyi  gəlirləri ilə bağlı bəyannamə təqdim edilmiş olsun, eləcə də şirkət sənədlə  təsdiq edilməsi mümkün olan müvafiq vergiləri ödəmiş olsun.

Nəzarət edən rezident şəxsin əldə etdiyi gəlir aşağıda göstərilmiş şərtlərdən birinə uyğun olarsa, həmin rezident Rusiyada məcburi vergi ödəməkdən azad edilir:

  • şirkət kommersiya qurumu deyilsə və əldə edilən gəliri səhmdarlar arasında bölüşdürmürsə;
  • nəzarət edilən xarici şirkət Qazaxıstan, Belarus, Ermənistan və Qırğızıstan kimi dövlətlərdən birində vergi ödəyirsə;
  • müəssisə Rusiyanın ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı müqavilə imzaladığı yurisdiksiyanın  rezidentinə (Rusiya Federasiyası ilə vergilərə dair informasiyanı mübadilə etməyən ölkələr istisna olunmaqla) aiddirsə.

Offşorlaşmanın aradan qaldırılması ilə bağlı qanunlar Rusiya ərazisində qeydiyyatda olan daşınmaz əmlakdan əldə edilən gəlirlərdən vergi tutulması sahəsində də yeni qaydaların tətbiq edilməsinə səbəb olmuşdur. Bu qaydalara uyğun olaraq, şirkətin səhmlərinin satışından Rusiyadakı daşınmaz əmlaka aid aktivlərin 50 və ya daha artıq faizini əldə etdiyi kapitalın artımı   gəlir vergisinin subyektidir. Bu verginin dərəcəsinin isə 20 faizədək olduğu qeyd edilir.

Bundan əlavə, yeni qaydalar Rusiyada daşınmaz əmlak sahibi olan hüquqi və qeyri-hüquqi şəxslər üzərinə öz səhmdarlarının adlarını açıqlamaq  öhdəliyi qoyur.

Mənbə: www.vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Alğı-satqı müqavilələri barədə bilmədiklərimiz

posted in: Müqavilələr, Xəbər | 2

Alğı-satqı müqaviləsinin mahiyyəti mülkiyyətin satıcıdan alıcıya keçməsidir. Satıcı müqavilədə müəyyən edilmiş müd­dət çərçivəsində malı bütün aksessuarlar və sənəd­lərlə birgə alıcıya ötürür. Alıcı isə bu məhsulu qəbul edir və qarşılığında müəyyən məbləğ ödəməyi öhdəsinə gö­tü­rür. Mövzunu hüquqşünas Əkrəm Həsənov şərh edir.

Əmtəələrin (xidmətlərin) alğı-satqısı ölkə daxilində və beynəlxalq kommersiya fəaliyyətində ən geniş yayılmış təsərrüfat əlaqələri formalarından biridir. Alğı-satqı müqaviləsi tərəflər məhsul ilə bağlı razılığa gəldiyi andan etibarən bağlanmış hesab olunur. Lakin məhsulun mülkiyyət hüququ satıcıdan alıcıya onun ötürülməsi zamanı keçir. Burada daşınmaz əmlak alğı-satqısı istisna təşkil edir. Əvvəlcədən, yaxud daha sonradan ödəniş, nisyə ödəniş mümkündür. Bu hallarda mülkiyyət hüququ,  bir qayda olaraq, (müqavilədə fərqli qayda müəyyən edilə bilər) ödəniş tam başa çatana qədər satıcıda qalır.

Nəyi almaq və satmaq olar…

İstənilən əşyanı, hətta hələ istehsal olunacaq məhsulu satmaq mümkündür. Bundan əlavə, heyvanlar və intellektual mülkiyyət də məhsul sayılır. Həm daşınmaz (torpaq, bina və s.), həm də daşınan (bütün digər məhsullar, həmçinin nəqliyyat vasitələri) əmlakı alıb-satmaq mümkündür.  Silah, dərman, zinət əşyaları və dövriyyədə məhdud şəkildə iştirak edən məhsulları xüsusi icazə çərçivəsində alıb-satmaq olar.

Alğı-satqı müqavilələri üzrə əmtəə kimi dövriyyəsi məhdudlaşdırılmayan, yaxud dövriyyədən çıxarılmayan istənilən əşya iştirak edə bilər. Müqavilə yalnız müqavilə bağlanan anda satıcıya məxsus olan, eləcə də gələcəkdə satıcı tərəfindən yaradıla və ya əldə oluna biləcək əmtəənin alğı-satqısı üzrə bağlana bilər. Əgər alğı-satqı müqaviləsində başqa qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə eyni vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatı, istismar təlimatını və s.) verməyə borcludur.

Həm fiziki, həm də hüquqi şəxslər, eləcə də dövlət və bələdiyyə qurumları alıcı və satıcı qismində çıxış edə bilərlər.

Müqavilənin bağlanılma forması

Kağız sənədin mövcudluğu məhsulun kim tərəfindən satılıb-alınmasından asılıdır. Məhsul daşınmaz əmlak olduqda, bir və yaxud hər iki tərəf hüquqi şəxs olduqda və s. müqavilənin yazılı forması mütləqdir. Müqavilələrin pərakəndə alğı-satqı müqaviləsi, təminat müqaviləsi,  dövlət və bələdiyyə ehtiyacları üçün məhsul təminatı müqaviləsi,  enerji tədarükü müqaviləsi, daşınmaz əmlakın satışı müqaviləsi, müəssisənin satışı müqaviləsi kimi növləri vardır və onların hər biri hüquqi xüsusiyyətlərə malikdir.

Mülki Məcəllənin 569-cu maddəsinə görə, alğı-satqı müqaviləsi qəti müəyyənləşdirilmiş müddətədək icra edilmək şərti ilə bağlanmış sayılır. Satıcı müqavilədə müəyyənləşdirilmiş müddət başa çatanadək və ya müddət keçdikdən sonra həmin müqaviləni yalnız alıcının razılığı ilə icra edə bilər. Alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, müqaviləyə uyğun olaraq, satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir. Yolda olduğu vaxt satılmış əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, alğı-satqı müqaviləsində və ya işgüzar dövriyyə adətlərində ayrı qayda nəzərdə tutulmayıbsa, alğı-satqı müqaviləsinin bağlandığı andan alıcıya keçir. Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Alıcıya verilməli əşyaların miqdarı alğı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur.

Alğı-satqı müqaviləsi pozulduqda…

Satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, alıcı çatışmayan miqdarda əşya verilməsini tələb edə və ya verilmiş əşyadan, yaxud onu ödəməkdən imtina edə, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin geri qaytarılmasını tələb edə bilər. Satıcı alıcıya alğı-satqı müqaviləsində nəzərdə tutulan miqdardan çox əşya verərsə, alıcı bu barədə satıcıya bildiriş verməlidir. Satıcı alıcının bildirişini aldıqdan sonra ağlabatan müddətdə əşyaların müvafiq hissəsinə dair sərəncam verməzsə, müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, alıcı bütün əşyaları qəbul edə bilər.

Alğı-satqı müqaviləsinə görə, satıcı alıcıya tərəflərin razılaşdıqları çeşiddə əşya verməyə borcludur. Satıcı müqavilədə nəzərdə tutulan əşyanı müqaviləyə uyğun gəlməyən çeşiddə verdikdə alıcı onları qəbul etməkdən və ödəməkdən imtina edə bilər, ödəmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər.

Satıcı alıcıya alğı-satqı müqaviləsinə əsasən keyfiyyəti, nümunəyə və ya təsvirə uyğun gələn əşya verməyə borcludur.

Əşyanın keyfiyyətinin yoxlanılması

Dövlət standartlarının məcburi tələblərində və ya alğı-satqı müqaviləsində əşyanın keyfiyyətinin yoxlanılması nə­zərdə tutulur, əşyanın keyfiyyətinin yoxlanılması qaydaları isə hüquqi normalarla müəyyənləşdirilir. Mülki Məcəllənin 587-ci maddəsinə əsasən, satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat vermədikdə həmin əşyanı alan alıcının ixtiyarı var ki, satıcıdan öz seçimi ilə alış qiymətinin mütənasib azaldılmasını, əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını, bunun üçün özünün çəkdiyi xərcin əvəzinin ödənilməsini tələb etsin. Alğı-satqı müqaviləsində satıcının alıcıya əşyanın müəyyən toplusunu dəst şəklində vermək vəzifəsi nəzərdə tutulduqda, öhdəlik dəstə daxil olan bütün əşyaların verildiyi andan icra edilmiş sayılır.

Mənbə: www.vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasiblər haqqında maraqlı lətifələr (10-cu hissə)

posted in: muhasibat, Məqalə, Xəbər | 1

Riyaziyyat dərsidir. Müəllim ev tapşırıqlarını yoxlayır.

– Hə, Maşa sənin atan nə işləyir?

– Atam polis işçisidir.

– Nə qədər maaş alır?

– 1000 rubl.

– Bəs anan?

– Anam mühəndisdir. 500 rubl maaş alır.

– Ailənizin büdcəsi nə qədər edir?

– 1500 rubl.

– Afərin, 5 alırsan.

Növbə Vovaya çatır.

– Atam kommersiya mağazasında direktor işləyir. Ayda 7 min dollar qazanır. Anam isə bankda baş mühasib işləyir. Ayda 5 min dollar maaş alır. Ailəmizin büdcəsi isə ayda 50 min dollar edir.

– Axı, bu necə ola bilir? 5 min + 7 min = 50 min edir ki? Otur, Vova, iki alırsan!

– Ehhh, cəhənnəm olsun iki, əsas odur ki, adam kimi yaşayırıq!!!

Məqalənin əvvəlki hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.