Vergi, Əmək və Mülki Məcəllədə bir sıra mühüm dəyişikliklər ediləcək

posted in: Vergi, Xəbər | 0

Baş nazirinin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyanın sədri Əli Əhmədov müsahibə verib.

– Bu ilin mart ayında Azərbaycan prezidentinin sərəncamı ilə qeyri-rəsmi məşğulluğun qarşısının alınması məqsədilə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yaradılıb. İl başa çatır. Komissiyanın fəaliyyətinin nəticələri barədə nə demək olar?

– Komissiyanın yaradılmasından bir il ötməsə də, təqvim ili başa çatır və bu mənada nəticələr haqqında danışmaq məntiqli olar. Əvvəla onu deyim ki, xatırlatdığınız sərəncamdan sonra cənab prezidentin qeyri-rəsmi məşğulluğun qarşısının alınması probleminə dair daha iki sərəncamı imzalanıb. Bunun biri tikinti sahəsində qeyri-rəsmi məşğulluğun aradan qaldırılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi xidmətinə əlavə səlahiyyətlərin verilməsi barəsindədir. İkinci sərəncam isə qeyri-rəsmi məşğulluğun aradan qaldırılması sahəsində tədbirlər planının təsdiq edilməsi haqqındadır. Göründüyü kimi, qeyri-rəsmi məşğulluğa qarşı mübarizə hökumətin fəaliyyətində diqqət mərkəzindədir və bu mübarizə uzun müddətə nəzərdə tutulur. Söhbət hansısa kampaniyadan deyil, əksinə, problemin kökünün kəsilməsinə yönəlmiş, sözün əsl mənasında, qəti mübarizədən gedir.

Konkret nəticələr haqqında sualınıza gəldikdə isə, bu barədə ilk, lakin ümidverici nəticələr artıq mövcuddur. Cari ilin 11 ayı ərzində əmək münasibətlərini rəsmiləşdirən işçilərin sayı təxminən 50 min nəfər, daha dəqiq desək 49 min 194 nəfər artıb. Daha çox artım topdan və pərakəndə ticarət sahəsində (17 min 264), tikinti (11 min 390) və emal sənayesində (7 min 758) müşahidə olunub. Eyni zamanda sevindirici dinamikanı da qeyd etmək istərdim. Bu da aydan-aya əmək müqaviləsini rəsmiləşdirənlərin sayının artmasıdır. Misal üçün, cari ilin oktyabr ayında əmək müqaviləsini rəsmiləşdirənlərin sayı 10 min 738 nəfər olduğu halda, noyabr ayında bu göstərici 14 min 585 nəfər olub. Demək, həm işçilər, həm işəgötürənlər arasında əmək müqaviləsini rəsmiləşdirməyin zəruriliyini, hər iki tərəf üçün faydasını dərk edənlərin sayı artmaqdadır. Mən bunu Komissiyanın işinin ən mühüm nəticəsi hesab edərdim. İndiki halda əsas məqsədimiz bu meyli daha da gücləndirməkdən ibarətdir.

– Qarşıya qoyulan hədəfə çatmaq üçün daha hansı tədbirlərin görülməsi planlaşdırılır?

– Qeyd etdiyim kimi, Azərbaycan prezidentinin 9 oktyabr 2017-ci il tarixli sərəncamı ilə qeyri-rəsmi məşğulluğun qarşısının alınması sahəsində tədbirlər planı təsdiq edilib. Nəzərdə tutulur ki, əvvəla, əmək münasibətlərinin rəsmiləşdirilməsi üçün daha etibarlı hüquqi baza yaradılsın. Əmək Məcəlləsində, Vergilər Məcəlləsində, Mülki Məcəllədə bir sıra mühüm dəyişikliklər ediləcək, əmək müqaviləsi olmadan işçi qüvvəsindən istifadə etmək imkanları məhdudlaşdırılacaq.

Tikinti sahəsində qeyri-rəsmi məşğulluğa münbit zəmin yaradan sifarişçi-podratçı-subpodratçı münasibətləri təkmilləşdiriləcək, bunlar arasında bağlanan müqavilələrdə tikintinin ümumi dəyəri, əmək haqqı fondu, əmək məsrəfi, o cümlədən vergi və sosial sığorta ödəmələri ilə bağlı göstəricilər məcburi xarakter alacaq. Bütün bunlardan sonra tikintidə işçilərin sayını gizlətmək həm qeyri-mümkün, həm də tamamilə mənasız olacaq.

Çox mühüm yeniliklərdən biri bu olacaq ki, yeni yaradılan iş yerlərinə dair məlumatlar yalnız əmək müqaviləsi bağlandığı halda Dövlət Statistika Komitəsi tərəfindən qəbul olunacaq. Düşünürəm ki, bu tələb qeyri-rəsmi məşğulluğun qarşısını almağa, xüsusilə də, iş yerlərinin yaradılması kontekstində, mühüm töhfə verə biləcək.

Bir çox sahədə, xüsusilə də xidmət və ticarət sahələrində qeyri-rəsmi məşğulluqla mübarizə sahəsində böyük təcrübə toplamış ölkələrdə olduğu kimi, işçi sayı normativləri deyilən anlayışlardan istifadə olunacaq. Misal üçün, 1000 m2 sahəsi olan iaşə müəssisəsində 3-5 nəfərin işləməsi, indi belə hallar kifayət qədərdir, real ola bilməz. Əgər həmin iaşə obyektinin iş həcmi azdırsa, 1000 m2 sahədən istifadə etmək onun nəyinə lazımdır, axı bu mənfəət baxımından faydalı deyil.

Nəhayət, elektron informasiya uçot və nəzarət formasından geniş istifadə olunacaq. Ona nail olmaq istəyirik və nail olacağıq ki, heç bir işçi uçot və nəzarətdən kənar qalmasın, sahibkar bunu nə qədər istəsə də. İndiki texniki imkanlar bunu asanlıqla təmin edir.

– KİV-lə ötən görüşünüz zamanı sahibkarları “qara mühasibat”lıqdan əl çəkməyə çağırmışdınız. Sahibkaralara yeni çağırışınız varmı?

– İslam dinində halallıq anlayışı əsas yerlərdən birini tutur. Sahibkarlıq, mənfəət sahəsinə tətbiq etsək, onda belə bir çağırış alınacaq: Vergisi ödənən gəlir halaldır. Mən tövsiyə edərdim ki, sahibkarlar, iş adamları qanunla nəzərdə tutulan bütün ödəmələri könüllü surətdə həyata keçirsinlər. Belə olan halda onları gözləyən bir çox problemlər avtomatik aradan qalxacaq. “Doğruya zaval yoxdur”, deyiblər. İstərdim ki, bizim sahibkarlar və iş adamları həmişə doğru olsunlar. O ki qaldı Komissiyanın fəaliyyətinə, o davam edəcək, bütün neqativ hallar gec-tez aşkar edilib aradan qaldırılacaq. Buna heç kimin şübhəsi olmamalıdır.

Mənbə: day.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasiblər üçün hədiyyəli bilik yarışması

posted in: Maliyyə, muhasibat, Xəbər | 0

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi bilik yarışması təşkil edir.

2017-ci il 24 dekabr tarixində ödənişsiz təlimə qeydiyyatdan keçmiş şəxslər üçün Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində “Maliyyə və mühasibatlıq” üzrə bilik yarışması keçiriləcəkdir. Suallar iqtisadi nəzəriyyə, dövlət maliyyəsi, vergilər və mühasibat uçotunu əhatə edəcəkdir.
Qaliblər müxtəlif sertifikat və hədiyyələrlə mükafatlandırılacaqdır.

Telefon: (012) 404-81-59

Email:

Mənbə: Maliyyə Elm-Tədris Mərkəzi

Ünvan: 50, Heydər Əliyev, Bakı AZ 1154, Azərbaycan

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

 

Bələdiyyə vergilərinin toplanılmasını necə asanlaşdırmaq olar?

posted in: Vergi, Xəbər | 0

Bələdiyyə məsələləri üzrə ekspert bələdiyyə vergilərinin toplanması ilə əlaqədar (səmərəli) təkliflə çıxış edib.

Yenicag.az bələdiyyə eksperti Fərman Salmanlının sözügedən məsələ ilə bağlı məqaləsini təqdim edir:

Bələdiyyələrin maliyyə vasitələrinin və bələdiyyə büdcəsinin formalaşmasında fiziki şəxslərdən toplanan torpaq və əmlak vergilər, yerli əhəmiyyətli tikinti materialları (kərpic-kirəmit gilləri, tikinti qumları, yüksək möhkəmliyə malik olan çınqıl xammalı) üzrə mədən vergisi və digər vergilər mühüm yer tutur. Bələdiyyələr tərəfindən vergilərin düzgün hesablanması və toplanması mexanizmi hələdə özünü tam doğrultmaayıb. Səbəb isə bir çox hallarda bələdiyyə vergisinin toplanılmasını həyata keçirən şəxslərin qeyri peşəkarlığıdır.

Bələdiyyə vergilərinin toplanması prosesində mövcud olan sıxıntılar bədiyyələrin inkişafına mane olur. Bu problemin həlli istiqamətində bələdiyyələr müxtəlif tədbirlər həyata keçirsələrdə nəticələr gözlənilən effekti verməyib. Bələdiyyə vergilərinin ödənilməsi istiqamətində hələdə elə bir mexnizm tətbiq edilməyib ki, tam olaraq özünü doğrulda bilsin. Bələdiyyə vergilərinin toplanılması üçün elə bir mexanizm tətbiq edilməlidir ki, həm sakinlər tərəfindən işin ciddiliyi anlaşılsın, həmdə vergi ödəyiciləri tərəfindən asan və əlçatan olsun. Nece edək ki, bələdiyyələrin vergi yığımı məsələsində müsbət nəticə əldə edək? Zəmanəmiz elektronika və internet zəmanəsidir. Artıq zamanın tələbinə uyğun olaraq istənilən layihənin səmərəli, asan və əl çatan olması üçün İnformassiya Komunikasiya Texnologiyalarına (İKT) müraciət etmək lazımdır. Düzdür Bələdiyyələrin Milli Assosasiyaları tərəfindən Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi “BAMS” adlı proqramı yaradılıb. Lakin “BAMS” proqramı bələdiyyələrin fəaliyyətlərinə nəzarət məqsədiylə yaradılmış proqram olmaqla yanaşı vergi və digər ödənişləri haqqında informasiya bazasıdır. “BAMS” proqramı bələdiyyələrin bütün fəaliyyətini əhatə etdiyi üçün yalnız bələdiyyə nümayəndələrin xüsusi parol ilə giriş izni vardır.

Digər ödəniş vasitəsi olan elektron ödəniş aparatları ilə olan ödənişlərdə gözlənilən nəticəni verməkdə acizdir. Çünki bu sistemdə hansı vergi ödəyicisinin nə qədər vergi ödəyəcəyi və nə qədər vergi borcunun qaldığı barədə məlumat yoxdur.

Bələdiyyələ vergilərinin toplanılmasında səmərəli olacaq xüsusi ixtisaslaşmış proqramın yaradılmasına ehtiyac vardır. Nəzərə alınmalıdır ki, getdikcə nəğd ödənişlər aradan qalxmaqda və nağdsız qaydada hesablaşmalar sistemi inkişaf etməkdədir. Yaxın illərdə nəğd ödənişin yerini elekton vasitələrlə ödənişlər əvəz edəcəklər. Təklif edirəm ki, bələdiyyə vergilərinin toplanılmasında səmərəliyin artırılması və prosesin asanlaşdırılması məqsədiylə 3 mərhələli xüsusi elektron layihə həyata keçirilsin.

Birinci mərhələdə www.belediyyevergileri.az adlı saytın domeni əldə edilsin və həmən adda sayt yaradılsın. Bu saytın əhəmiyyəti nədir?Mövcud ödəniş sistemindən üstün və fərqli cəhətləri nədir və saytda işlər necə qurulmalıdır? Saytın üstünlüyü bundadır ki, saytda hər bir şəhər, rayon, qəsəbə və kənd bələdiyyələrinin bölmələri yaradılmalıdır.

İkinci mərhələdə saytda yaradılmış şəhər, rayon, qəsəbə və kənd bələdiyyələrinin bölmələrinə həmən ərazidə yaşayan və fəaliyyət göstərən vergi ödəyicilərinin məlumat bazası yerləşdirilməlidir. Hər bir vergi ödəyicisin sayt daxilində şəxsi kabineti yaradılmalı və vergi ödəyicilərin bütün məlumatlarını həmən bölməyə daxil edilməlidir. Bura aşağıdakı məlumatlar daxildir:

Şəxsin adı,soy adı və atasının adı.
Ailə tərkibi haqqında məlumat.
Əlaqə nömrələri(şəxsin özünün və ailə üzvlərinin).
Hüquqi ünvanı.
Faktiki ünvanı.
Torpağın ölçüsü.
Tikilinin ölçüsü.
Sənədin növü.
Verginin təyinatı.
Ödəyəcəyi verginin məbləği.

Sayta vergi ödəyicilərinin şəxsi məlumatları daxil edildikcə, məlumatları daxil edilmiş hər bir şəxsə öz bölməsinə daxil olmaq, məlumat almaq və vergilərini ödəmək üçün xüsusi pin kod (Login və parol) verilməlidir. Vətəndaşa pin kod verilərkən indiyə qədər ödədiyi vergi müəyyən edilməli, vergi borcu, illik vergisinin məbləği və verginin əhəmiyyəti haqqında ətraflı məlumat verilməlidir. Şəxsi kabinet nədir? Şəxsi kabinet budurki, vətəndaş sayta daxil olaraq müvafiq pəncərədən yaşadığı ərazini seçdikdən sonra login və parolu daxil edərək özü haqqında bölməyə “şəxsi kabinetə” daxil ola bilər. Burada o özü haqqında məlumatların dəqiqliyini yoxlaya, vergi məbləğini öyrənə, vergilərini ödəyə və vergi qalığı haqqında məlumat əldə edə bilər.

Üçüncü mərhələdə vergi ödəyiciləri üçün daha əlçatan vasitə olan saytın mobil əlavəsi hazırlanmalı və vergi ödəyicisinə verilmiş login və parol vasitəsiylə şəxsin mobil əlavəyə daxil olması təmin edilməlidir.

Vergilərin ödənmə mexanizminə gəlincə elə edilməlidir ki, vergi ödəyicilərinin işləri asanlaşsın.Bunun üçün vətəndaşa maaş kartı, bank kartları, bank hesabından, digər kartlardan və öz mobil nömrəsindən hissə-hissə ödəmə imkanı təmin edilməlidir.

Saytın və mobil əlavəsinin üstünlüyü ondan ibarət olacaq ki, şəxsin vergilərini birbaşa ödəmək imkanı olmadığı təqdirdə il ərzində maaş kartından, bank kartlarından və mobil telfon nömrəsindən hissə-hissə ödəmək imkanı əldə edəcək.Ödəniləcək məbləğdən sonra eyni bank krediti kimi vergi ödəyicisinin məlumat bölməsində vergi borcu avtomatik hesablanaraq qalıq borcun məbləğı və yaxud verginin tamamlanması barədə məlumat yenilənəcək.

Saytda vətəndaşın şəxsi kabinetinin və mobil əlavənin yardılmasının əhəmiyyəti budur ki, hal-hazıra qədər vətəndaş hansı illərdə nə qədər vergi ödədiyi və hansı məbləğdə vergi borcunun qalmasından xəbərsizdir. Problem bundadır ki, hətta bələdiyyələr belə vətəndaşın nə qədər vergi borcu olduğu tam müəyyənləşdirməkdə çətinlik çəkirlər. Lakin sayt vasitəsiylə vergi borcları haqqında məlumatlar mərkəzləşəcək, vətəndaş nə qədər vergi ödədiyini və hansı məbləğdə vergi borcu olduğu haqqında məlumatları öz şəxsi kabinetinə daxil olmaqla öyrənə biləcək. Eyni zamanda bələudiyyələrdə həmçini vergi ödəyicinin nə qədər vergi ödədiyini və qalıq borcunu asanlıqla kontrol edə biləcəklər.

Nəzərə alınmalıdır ki, hər ailədə kompyuter və ağıllı telefonlar var. Demək ki, vergi ödəyicisi özünün və yaxud ailə üzvlərinindən birinin telfonuna mobil əlavə yükləyərək öz evində və yaxud iş yerində vergilərini banka gəlmədən rahat ödəmək və vergi borcunu öyrənmək imkanı əldə edir. Saytın yaranmasının və mobil əlavənin bir çox üstün müsbət cəhətləri var ki, xüsusi olaraq aşağıdakı dörd məsələni qeyd etmək yerinə düşər.

Bələdiyyə ərazisində yaşayan bütün sakinlər barədə mərkəzləşdirilmiş məlumat bazası formalaşdırılacaq.
Bələdiyyələr bir çox hallarda ərazidə baş vermiş alqı-satqılardan xəbərsiz olurlar. Bu zaman vergilərin kimin ödəməsi məsələsidə qaranlıq qalır. Bəzən torpağı və yaxud əmlakı yeni almış şəxs köhnə vergi borclarını ödəmək məcburiyyətində qalır və yaxud əmlakın köhnə vergi borcları ödəməkdən imtina edir. Lakin saytda qeydiyyata düşmüş şəxs işin ciddiyətini anlayacaq əmlakını satdığı təqdirdə torpaq və əmlak borcunun üzərində qalmaması üçün bələdiyyəyə alqı-satqı barədə məlumat verməkdə maraqlı olacaq. Çünki anlaycaq ki, əks halda şəxs bölməsində ildən-ilə adına vergi borcu yüklənəcək. Nəticədə əmlakının yeni sahibi barədə bələdiyyədə məlumat olacaq və bazada əmlakın köhnə sahibinin adı çıxarılıb yeni sahibinin məlumatlarının qeyd edilməsi asanlaşacaq.
Ödənişlər maaş kartı, bank kartları və şəxsin mobil nömrəsindən köçürmə yolu ilə olacaqki, nəticədə birbaşa vergini ödməkdə çətinlik çəkən şəxslər il ərzində ən kiçik məbləğlər olsa belə hissə-hissə ödəmə imkanı əldə edəcəklər.
Vətəndaşlar üçün vergi ödəmə prosesi və vergi borcları haqqında məlumat almaqları asanlaşacaq.
Vergi yığımı ilə məşğul olan şəxslərin manipulyası etmək və yeyinti kimi hallarının qarşısı alınacaq.

Hökməli bələdiyyəsinin sədr müavini, hüquqşunas Fərman Salmanlı

Mənbə: www.yenicag.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Dövlət Əmək Müfəttişliyi 102,6 min manat məbləğin işçilərə ödənilməsini təmin edib

posted in: Xəbər | 0

Dövlət Əmək Müfəttişliyi Xidməti 102,6 min manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib.

Cari ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olan vətəndaş müraciətlərinin bir qismində sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsinin gecikdirildiyi ifadə olunub.

Həmin müraciətlərlə əlaqədar Xidmətin həyata keçirdiyi tədbirlər nəticəsində bu ilin 11 ayında işəgötürənlər tərəfindən 102 623 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub. Qeyd olunan vəsaitin 92,2 faizini əmək haqları, 5,2 faizini işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, qalan hissəsini zərərə görə ödənclər təşkil edib.  Görülən tədbirlərlə bərabər, Xidmətin əməkdaşları aidiyyəti işəgötürənlərə əmək haqqı və digər sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi ilə bağlı qanunvericiliyin tələbləri barədə hüquqi izahatlar veriblər. Ayrı-ayrı vətəndaşların işdən qeyri-qanuni şəkildə azad edilməsi ilə bağlı müraciətlər də obyektiv şəkildə araşdırılıb. Qanunvericiliə zidd şəkildə əmək müqaviləsinə xitam verildiyi müəyyən olunan şəxslər yenidən əvvəlki işlərinə bərpa etdiriliblər.

Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən cari ildə də işəgötürənlər arasında əmək qanunvericiliyi ilə bağlı maarifləndirmə işləri davam etdirilib, habelə əməyin mühafizəsi ilə bağlı norma və standartlar barədə onların ətraflı şəkildə məlumatlandırılması təmin olunub. 2017-ci il üçün İş planına uyğun olaraq, Xidmət ayrı-ayrı orta məktəblərin yuxarı sinif şagirdləri arasında əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair maarifləndirmə tədbirləri də keçirib.

Mənbə: www.mlspp.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.