Əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydası

posted in: Xəbər | 0

Əmək müqaviləsi

“Muhasibat.az”-ın səhifələrində kadr uçotu haqqında çoxsaylı məqalələr tapmaq olar. Əmək müqaviləsinin mahiyyəti burada hərtərəfli şərh edilib. Bu məqalədə Əmək Məcəlləsinə uyğun əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydaları ilə tanış olacağıq.

Əmək müqaviləsi işci və işəgötürən arasında əmək münasibətlərini rəsmiləşdirən sənəddir. Müqavilənin bağlanması iki mühüm mərhələdən keçir:

  • müqavilənin məzmununu təşkil edən şərtlər barədə tərəflərin razılığı;
  • əldə olunan razılığın qanuna uyğun şəkildə rəsmiləşdirilməsi.

Əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası (ASAN imza, SİMA imza və ya E-imza) ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir.

Vətəndaşlar əmək müqaviləsinin tərəfi olaraq – işçi kimi çıxış etdikdə mobil tətbiqi yükləməklə əldə olunan “SİMA İmza” ilə əmək müqavilələrini və ya ona dəyişiklikləri imzalaya bilərlər.

Qeyd edək ki, AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə:

  • fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə,
  • vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə,
  • hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

Əmək müqaviləsinin bağlanması, tələb olunan sənədlər

Müqavilə bağlanan zaman yeni işə başlayan işçi aşağıdakı sənədləri təqdim etməlidir:

  • şəxsiyyət vəsiqəsi;
  • əmək kitabçası (elektron informasiya sistemində məlumatları mövcud olmayan şəxslər üçün);

Məcburi köçkün və ya qaçqınlar, yeni işə başlayan işçilər, əcnəbilər, vətəndaşlığı olmayanlar əmək kitabçası olmadan da müqavilə bağlaya bilərlər. Qanunvericilikdə müəyyən edilmiş hallarda (ƏM-nin 7 maddəsinin 2-1-ci hissəsinə əsasən) bəzi hallarda əmək müqaviləsi kağız üzərində yazılı formada bağlanır. Belə hallarda işçinin əmək fəaliyyəti haqqında məlumatlar əmək kitabçasında qeydə alınır. İşəgötürən 5 (beş) gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydlər etməlidir.

  • Təhsil haqqında sənədlər

İşçinin peşə hazırlığı və təhsilinin olması zəruri olan hallarda tələb edilir.

  • Sağlamlıq haqqında tibbi arayış

İşçinin sağlamlığına təsir edən iş yerlərində, həmçinin yeyinti sənayesi, ictimai iaşə, səhiyyə və bu kimi digər yerlərdə müqavilə bağlanarkən tələb olunur. Həmin iş yerlərinin siyahısı AR Nazirlər Kabinetinin uyğun qərarı ilə təsdiq edilib.

İşçi qeyd edilən bu sənədləri təqdim etdikdən və daxili əmək qaydaları ilə tanış olduqdan sonra əmək müqaviləsinin bağlanma mərhələsi başlayır. Bu zaman əlavə sanksiyalarla üzləşməmək üçün düzgün kadr uçotunun aparılması, potensial işçinin vaxtında məlumatlandırılması vacibdir. Tərəflər arasında əmək münasibətləri elektron informasiya sistemində əmək müqaviləsinin elektron sənəd formasında bağlandıqda yaranır (ƏM-nin 7-ci maddəsinin 1-ci və 2-2-ci hissələrində müəyyən edilmiş şəxslər istisna olmaqla).

İmzalanma prosesi onlayn formada elektron imzadan istifadə edilərək həyata keçirilir. Bunun üçün işə qəbul ediləcək şəxsin 3 elektron imzadan birinin (ASAN imza, SİMA rəqəmsal imza, Elektron imza-token) olması vacibdir.

Əmək müqaviləsində yaş həddi

Əmək müqaviləsini bağlayarkən yaşa diqqət etmək lazımdır.

Əgər şəxs 15 yaşına çatmayıbsa əmək müqaviləsi bağlana bilməz. 15-18 yaş arası yazılı razılığı lazımdır.

Onu vurğulayaq ki, işçi 15-18 yaş aralığındadırsa, valideynlərdən birinin, yaxud qəyyumlardan birinin yazılı razılığı bəs edir.

Bundan əlavə, müqaviləni bağlamaq üçün işəgötürənin tam fəaliyyət qabiliyyəti olmalıdır. Əks təqdirdə sənəd tərtib oluna bilməz. İstisna halları çıxmaq şərti ilə, 18 yaşına çatmamış şəxs tam fəaliyyət qabiliyyətli şəxs sayılmır (istisna Mülki Məcəllə 28-ci maddə).

Əmək müqaviləsinin etibarsız hesab edilməsi

Əmək Məcəlləsi 43-cü maddədə müqaviləyə daxil ediləcək məlumatların, şərtlərin siyahısı verilib. Əgər göstərilən şərtlərdən ən azı 1-i qeyd edilməyibsə, müqavilə tərəflərdən birinin təşəbbüsü ilə etibarsız hesab edilə bilər. Yenidən tərtib etməyə görə tələb də qoyula bilər. Ancaq yeni daxil edilmiş şərtin olmasına baxmayaraq ilk bağlandığı, yazılı formada tərtib edildiyi gündən etibarlı sayılır.

Əmək müqaviləsinə edilən dəyişikliklər

Əmək müqaviləsi, o cümlədən kollektiv əmək müqaviləsi bağlanandan sonra, ona hansısa səbəbdən yenidən dəyişiklik etmək mümkündür. Belə olan halda tərəflərin razılığı tələb olunur. Məcəllənin 46-cı maddəsinin 5-ci bəndinə əsasən dəyişikliklər həcmcə az olsa müqaviləyə daxil edilir, həcmcə çox olduqda isə  əlavə etmək mümkün olmadığı  üçün sənəd yenidən tərtib olunmalıdır. Həmin dəyişikliklər kadr uçotu mütəxəssisləri tərəfindən ayrıca olaraq tərtib edilib, müvafiq qaydada təsdiqlənməlidir.

Yol vergisi üzrə kameral vergi məktubları barədə tövsiyələr

Əmək müqaviləsinin tərəfləri

posted in: Xəbər | 0

Əmək müqaviləsinin tərəfləri kimlərdir?

Biz “Əmək müqaviləsi nədir?” sualını cavablandırmışıq. İndi həmin müqavilənin tərəfləri haqqında danışaq. Əmək müqaviləsi ikitərəfli müqavilədir, tərəfləri isə işçi və işəgötürəndir.

İşçi – əmək funksiyalarını həyata keçirmək üçün işəgötürən tərəfindən əvəzi ödənilmək şərtilə işə götürülən fiziki şəxsdir.

İşəgötürən –işçilərlə əmək müqaviləsi bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq və ya qeyri-sahibkarlıq fəaliyyətini (xüsusi notarius, vəkillik və mediator fəaliyyətini) həyata keçirən vergi ödəyicisi olan fiziki şəxsdir. Bu zaman o tam fəaliyyət qabiliyyətli olmalıdır.

Əmək müqaviləsinin tərəfləri, onların hüquq və vəzifələri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.

Müqavilə tərəflərin razılığı ilə sərbəst bağlanır, bunun üçün heç bir məcburiyyət ola bilməz. Hər bir kəs sərbəst olaraq iş yeri müəyyən etmək, hər hansı bir fəaliyyət növü ilə məşğul olmaq hüququna malikdir. Əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlanır və onlayn formada elektron imza vasitəsi ilə imzalanır.

Tərəflər arasında münasibətlərdə sabitlik, eləcə də təhlükəsizlik olması üçün bu sənəd vacibdir. İşəgötürən əmin ola bilər ki, əmək müqaviləsi qüvvədə olduğu müddətdə onun müəssisəsində kimsə işləyəcək. Üstəlik, bu şəxs iş üçün lazım olan təhsilə, ixtisasa, bacarıqlara malikdir. İşçi əmin ola bilər ki, o, əmək müqaviləsi əsasında razılaşdırılmış əməkhaqqını, işini, həmçinin istirahətini ardıcıl, qanun normalarına uyğun olaraq alacaq. İşçi olaraq həm AR vətəndaşları, həm də əcnəbilər, vətəndaşlığı olmayan şəxslər çıxış edə bilər.

Əmək müqaviləsini bağlayarkən yaşa diqqət etmək lazımdır.

15 yaşına çatmayan şəxslər əmək müqaviləsi bağlaya bilməz. 15-18 yaş arası bağlanan müqavilədə valideyn yaxud qəyyumun razılığı lazımdır.

Bundan əlavə əmək müqaviləsini bağlamaq üçün işəgötürənin tam fəaliyyət qabiliyyəti olmalıdır. Əks təqdirdə müqavilə bağlana bilməz. İstisna halları (Mülki Məcəllə 28-ci maddə) şərti ilə 18 yaşı tamam olmayan şəxs tam fəaliyyət qabiliyyətli hesab olunmur. işəgötürən tərəfindən işçinin əməyinin təşkil edilməsi və onun öz öhdəliklərini həyata keçirməsi üçün sağlam əmək şəraiti yaradılması zəruridir. İşəgötürən kimi müəssəsisənin mülkiyyətçisi və ya müəssisənin rəhbəri, təyin edilən səlahiyyətli orqan çıxış edə bilər.

Tərəflərin  vəzifə və hüquqları

Müqavilənin məzmunu tərəflərin qanunvericiliyə əsasən razılaşdığı şərtlərdən ibarətdir. Əmək müqaviləsinin məzmunu burada ətraflı şərh edilib. Müqavilə bağlanan zaman tərəflərə vəzifə və hüquqları, başqa təlimatlar haqqında məlumatlar verilməlidir.

ƏM-nin 10-cu maddəsinə əsasən müqavilə üzrə işçinin əsas vəzifələri:

  • əmək funksiyasını yerinə yetirmək;
  • əmək intizamı və daxili qaydalara, əmək qanunvericiliyinə əməl etmək;
  • təhlükəsizlik qaydalarına riayət, kommersiya sirrini qorumaq;
  • qarşı tərəfə dəyən ziyana görə məsuliyyət;
  • digər işçilərin hüquqlarını pozmamaq;
  • məhkəmənin verdiyi qərarlara riayət etmək;
  • Əmək Məcəlləsi ilə müəyyən edilən məhdudiyyətlər çərçivəsində ezamiyyətə getmək və s.

ƏM-də 12-ci maddəyə görə işəgötürənin üzərinə düşən vəzifələr:

  • müqavilə şərtlərini həyata keçirmək;
  • müqaviləyə xitam verərkən ƏM-nin tələblərinə əməl etmək;
  • məhkəmə qərarlarına əməl etmək;
  • qarşı tərəfin şikayətlərini qanunauyğun şəkildə nəzərdən keçirmək;
  • əmək şəraitinin yaxşılaşdırılması, peşə hazırlığı və ixtisasın artırılması üçün şərait yaratmaq;
  • əmək müqaviləsini elektron formada hazırlamaq və onlayn elektron imza üçün təqdim etmək və s.

İşəgötürən öhdəlikləri yerinə yetirmədikdə qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb olunur.

Tələb olunan sənədlər

Müqavilə bağlayan zaman işçidən  aşağıdakı sənədlər tələb olunur:

  • şəxsiyyət vəsiqəsi;
  • əmək kitabçası (elektron informasiya sistemində işçinin əmək stajı barədə məlumatlar tam olmadıqda);
  • təhsil haqqında sənəd (işçinin peşə hazırlığını müəyyən etmək tələb olunduqda);
  • sağlamlıq barədə tibbi arayışı(qanunvericilkdə müəyyən edilmiş hallarda).

Yaşadığı yer üzrə qeydiyyat barədə sənədin təqdim edilməsi şərt deyil!

Qeyd olunanlar barədə ətraflı məlumatı buradan ala bilərsiniz.

İşçi əmək vəzifələrini yerinə yetirməyə müqavilə bağlandıqdan və hüquqi qüvvəyə mindikdən sonra başlayır. Həmin sənəd üzrə öhdəliklərin üçüncü şəxsə həvalə olunması yolverilməzdir. İşçi müəyyən olunmuş əmək funksiyasının vaxtında, keyfiyyətlə yerinə yetirilməsini təmin etməlidir.  Müqavilə online formada qanunvericiliklə müəyyən olunmuş nümunəvi formaya uyğun tərtib olunur. Burada əmək müqaviləsinin forması haqqında məlumat əldə etmək olar. Sənəddə hər hansı dəyişiklik tərəflərin istəyinə əsasən həyata keçirilir. Birtərəfli qaydada edilmiş dəyişikliklər  hüquqı cəhətdən əsassızdır. Müqaviləyə dəyişiklik edən zaman əmək müqaviləsi yenidən tərtib olunmalı və online formada hər iki tərəfdən təsdiq edilməlidir.

Maddi məsuliyyət müqaviləsi: növləri, nümunələr

Əmək qanunvericiliyinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyət

posted in: Xəbər | 0

İnzibati məsuliyyət nədir?

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinə əsasən əmək qanunvericiliyi üzrə pozuntulara görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi uyğun inzibati məsuliyyət tətbiq edilə bilər.

İnzibati məsuliyyət – səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati xəta törətmiş şəxsə qarşı inzibati tənbehin tətbiq olunması ilə ifadə olunan hüquqi məsuliyyət növüdür. Onun əsasını inzibatı xəta təşkil edir. İnzibati tənbehlərin tətbiqi bir qayda olaraq törədilən inzibati xətalara görə müəyyən olunur.

İnzibati xəta — idarəetmə sahəsində olan hüquq pozuntularıdır. Onu törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, mənşəyindən, cinsindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər və inzibati məsuliyyətə cəlb oluna bilərlər.

İnzibati xətalar haqqında işlərə aşağıdakı orqanlar tərəfindən baxılır:

  • rayon (şəhər) məhkəmələri;
  • yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar;
  • müvafiq icra hakimiyyəti orqanları.

İnzibati məsuliyyət AR İXM-ə uyğun tənzimlənir və bu qanunvericilik aktı inzibati məsuliyyətin normativ-hüquqi əsasını təşkil edir.

Əmək qanunvericiliyinin pozulmasına görə məsuliyyət

Əmək qanunvericiliyinin pozulmasına görə işəgötürən (təşkilat, fərdi sahibkar) və ya digər məsul şəxslər cərimə şəklində inzibati məsuliyyətə cəlb edilə bilər. İnzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədəni xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir.

İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsi əmək qanunvericiliyinin pozulmasına görə cərimələri tənzimləyir.

Əmək müqaviləsinin bağlanması ilə bağlı pozuntulara görə cərimələr

  • Əmək Məcəlləsin də nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin  yerinə yetirilməsinə cəlb edilməsinə görə, ona aşağıdakı inzibati məsuliyyət tədbirləri görülə bilər;

      – fiziki şəxslər 1000 manatdan 2000  manatadək məbləğdə;

      – vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə;

      – hüquqi şəxslər 20000 manatdan 25000 manatadək məbləğdə cərimə edilir.

  • qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərlə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsinin bağlanılmasına görə – vəzifəli şəxslər 3000 manat məbləğində;
  • işəgötürən tərəfindən 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsinə, ona inzibati məsuliyyət tədbirləri tətbiq edilə bilər:

      -vəzifəli şəxslər 1000 – 1500 manat;

      -hüquqi şəxslər 3000 – 5000 manat məbləğində cərimə edilir.

  • işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələblərini pozaraq uşaqların onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsinə görə:

      -vəzifəli şəxslər 3000 –  4000 manat;

      -hüquqi şəxslər 10000 manatdan 13000 manatadək məbləğdə cərimə edilir.

Əmək müqaviləsinin bağlanmasından imtinaya görə cərimələr

  • insanın immunçatışmazlığı virusuna yoluxması səbəbinə görə ( işləməsinə yol verilməyən peşə növləri və vəzifələr istisna olmaqla) işə qəbul etməkdən imtinaya və ya həmin səbəbdən onları işdən azad etməyə görə – vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə;
  • şəxsin dağınıq skleroz xəstə olması səbəbinə görə onunla əmək müqaviləsi bağlamaqdan imtina edilməsinə və ya əmək müqaviləsinə xitam verilməsinə (işəgötürənin müvafiq işi olmadığı, həmçinin belə şəxslərin əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə işə götürməkdən imtina edilən hallar istisna olmaqla) görə vəzifəli şəxslər 1500 – 2000 manat məbləğində cərimə tətbiq edilməklə inzibati məsuliyyətə cəlb edilir;

Əmək müqaviləsinin xitamı zamanı inzibati hüquq pozuntuları

  • əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə- vəzifəli şəxslər 1500 – 2000 manat məbləğində;
  • işəgötürən tərəfindən əmək qanunvericiliyində müəyyən edilmiş müddətdə işçiyə əmək kitabçasının açılmamasına görə – vəzifəli şəxslər 500 manatdan 1000 manatadək məbləğdə;

İşçilərə ödənişlərlə bağlı pozuntulara görə cərimələr

  • işçiyə minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə tətbiq edilməklə inzibati məsuliyyətə cəlb edilir;
  • işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə- vəzifəli şəxslər 700 manatdan 1500 manatadək məbləğdə;
  • istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə, habelə işçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə görə – vəzifəli şəxslər 1500 – 2000 manat məbləğində;

İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş digər cərimələr

  • işəgötürən işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi qaydalarının pozulmasına görə 700 manatdan 1200 manatadək məbləğdə cərimə tətbiq edilməklə inzibati məsuliyyətə cəlb edilə bilər;
  • əmək qanunvericiliyinin tələblərini pozaraq əmək müqaviləsinə xitam veriləcəyi və ya kollektiv müqavilədə müəyyən edilmiş güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etməyə görə – 1000 manatdan 2000 manatadək məbləğdə (IXM maddə 193);
  • müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul edilməməsinə görə inzibati məsuliyyət tədbirləri – 1500 manatdan 2000 manatadək məbləğdə cərimələr təyin edilir  (İXM maddə 194).

Cərimələrin tətbiqi qaydaları

Cərimələrin tətbiq zamanı, vəzifəli şəxs dedikdə, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, AR Silahlı Qüvvələrində, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər başa düşülür (İXM maddə 17).

Əmək qanunvericiliyinin pozulması hallarında səlahiyyətli orqan tərəfindən təqsirkar şəxs inzibati məsuliyyətə cəlb edilərkən, bu Məcəllədə 192.6, 192.10, 192.11 maddələr üzrə nəzərdə tutulan inzibati cərimənin şərti olaraq verilməsi barədə qərar qəbul edilə bilər (İXM, maddə116). Qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırmaq üçün ona 1 ayadək, zəruri hallarda isə (törədilmiş inzibati xətanın aradan qaldırılması üçün əlavə vaxt tələb olunduqda) 1 aydan 2 ayadək müddət müəyyən olunur. Əgər həmin müddət ərzində hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir.

Hansı aylarda məzuniyyətə çıxmaq daha sərfəlidir?

Maddi məsuliyyət müqaviləsi: növləri, nümunələr

posted in: Xəbər | 0

Maddi məsuliyyətdən azadolmalar

İşçi işəgötürənin əmlak və avadanlıqlarına əmək münasibətləri prosesində vurduğu ziyana görə əmək qanunvericiliyinə uyğun maddi məsuliyyət daşıyır.  “Maddi məsuliyyət” dedikdə əmək müqaviləsinin tərəflərindən birinin təqsiri, hüquqazidd hərəkətlərinin digər tərəfə vurulan ziyanın ödənilməsi vəzifəsi başa düşülür. Maddi məsuliyyət işçinin işəgötürənə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Onun təqsiri sübut olunarsa işçinin intizam, inzibati yaxud cinayət məsuliyyətinə cəlb edilməsi mümkündür.

İşçinin vurulan ziyana görə maddi məsuliyyətdən azad edildiyi hallar da mövcuddur, məsələn:

  • sel, daşqınlar, quraqlıq, yanğın və s. bu kimi təbii fəlakətin vurduğu ziyan halları;
  • normalaşdırılmış iqtisadi risklər;
  • son zərurət, habelə məcburi özünü müdafiə zamanı;
  • maşın-mexanizmlərin, avadanlıq və cihazların, digər istehsal vasitələrinin işçinin günahı olmadan sıradan çıxması.

Maddi məsuliyyət müqaviləsi

AR  Əmək Məcəlləsində işəgötürənə vurulan ziyana görə maddi məsuliyyətinin iki növü nəzərdə tutulub:

  • işçinin məhdud maddi məsuliyyət, yaxud aylıq orta əməkhaqqı məbləğindən çox olmayan maddi məsuliyyəti;
  • işçinin tam maddi məsuliyyəti.

Tam maddi məsuliyyət zamanı işəgötürənə vurulan ziyanin ödənişi işçi əməkhaqqı məbləğindən asılı deyil və tam həcmdə  icra olunur. Tam maddi məsuliyyət tərəflər arasında bağlanmış xüsusi tam maddi məsuliyyət müqaviləsi əsasında yaranır. Belə müqavilə bütün işçilərlə deyil, yalnız 18 yaşı tamam olmuş, işçiyə verilmiş (saхlanmaq və başqa məqsədlər üçün) əmlakın, digər sərvətlərin salamatlığını təmin etməyi öhdəsinə götürən əməkdaşlarla bağlanılır. Müqavilə iki nüsxədə hazırlanır, tərəflər imzalayaraq təsdiq edir, bir nüsxəsi işçiyə verilir, digəri isə işəgötürəndə saxlanılır. Müqavilənin məcburi şərti onun bağlanma tarixidir, çünki həmin andan əmlak işçiyə verilmiş sayılır və o, qiymətlilərin təhlükəsizliyinə cavabdehdir. Tarixin olmaması müqavilənin etibarsız olmasına səbəbdir. Maddi məsuliyyət haqqında müqavilə əmək müqaviləsi imzalandıqdan dərhal sonra, yaxud da  əmlakın işçiyə qəbul aktı əsasında təhvil verildiyi zaman bağlanıla bilər.

Tam maddi məsuliyyət müqaviləsinin növləri

Maddi məsuliyyət müqaviləsinin iki növü mövcuddur:

  • fərdi;
  • kollektiv.

Əmlakın saxlanması və istifadəsi ilə bağlı müəyyən işləri birgə yerinə yetirən işçilərə kollektiv məsuliyyət tətbiq etmək mümkündür.  İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın, maddi yaxud digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla tam maddi məsuliyyət barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv məsuliyyət haqqında müqavilə bağlanıla bilər. İşçilərin bilavasitə iş yeri üzrə kollektiv məsuliyyəti müəyyən edilən hallarda, həmin kollektiv tərəfindən işəgötürənə vurulan ziyana görə kollektiv üzvlərinin hər biri özünün məsuliyyət dərəcəsi həddində fərdi maddi məsuliyyət daşıyır.

İşçinin müqavilə üzrə öhdəliyi

Maddi məsuliyyət müqaviləsi üzrə işçinin əsas öhdəliyi (həm fərdi, həm də kollektiv) ona həvalə edilmiş əmlakın təhlükəsizliyini təmin etməkdir. Yəni işçi ona həvalə edilmiş əmlakla ehtiyatlı davranmağa və mümkün zərərin qarşısını almaq üçün tədbirlər görməyə borcludur. İşəgötürən də öz növbəsində işçilərin normal işləməsi üçün lazımi şərait yaratmalı, işçilərə həvalə edilmiş əmlakın təhlükəsizliyini təmin etməlidir. Əmək müqaviləsində müvafiq müddəanın olmasına baxmayaraq, işçinin tam maddi məsuliyyət haqqında müqavilə imzalamaqdan imtina etməsi onun əmək vəzifələrini yerinə yetirməməsi kimi qiymətləndirilə bilər. Əgər işçi müqaviləni imzalamaqdan imtina edərsə, işəgötürən ona başqa bir vəzifə təklif etməyə borcludur. Müvafiq vəzifə olmadıqda yaxud işçi ona təklif olunan işdən imtina etdikdə, işəgötürən onun əmək müqaviləsinə xitam verə bilər.

Tam maddi məsuliyyət müqaviləsi bağlanan işçilər

Tam maddi məsuliyyət barədə müqavilələr bağlanılmalı olan işçilərin və işlərin siyahısı işəgötürən tərəfindən müəyyən olunur. Həmin işçilər aşağıdakılardır:

  • nağd əməliyyatlar aparan işçilər ( kassir, nəzarətçi və s.);
  • inkasso funksiyalarını, pul vəsaitlərinin və digər qiymətlilərin daşınmasını həyata keçirən işçilər;
  • əskinasların, qiymətli kağızların, qiymətli metalların alqı-satqısı və tədavülünün digər növləri üzrə əməliyyatlarda iştirak edən rəhbər şəxslər və mütəxəssislər;
  • nağd pul və ödəniş kartları ilə digər əməliyyatlar aparanlar;
  • bankomatlara xidmət göstərərkən kassa əməliyyatlarını həyata keçirən və anbarda qiymətlilərin, digər əmlakın saxlanma yerində fərdi seyfləri olan müştərilərə xidmət göstərən işçilər;
  • bank, kredit kartlarının emissiyası, uçotu, saxlanması üzrə əməliyyatları həyata keçirən işçilər;
  • pərakəndə satış müəssisələrinin, ictimai iaşə, məişət xidmətləri, mehmanxanaların işçiləri;
  • tikinti-quraşdırma işlərini yerinə yetirən işçilər;
  • anbar müdirləri, təsərrüfat müdiri, təchizat rəhbərləri, təchizatçılar, uçot aparan və maddi sərvətləri saxlayan digər işçilər;
  • yükün, baqajın, poçt göndərişlərinin və digər maddi sərvətlərin qəbulu və emalı;
  • təhsil müəssisələri və kitabxana işçiləri (laborant, kitabxana sektorlarının müdirləri) və s.

Tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmadıqda və işçinin təqsirində cinayət tərkibli yoxdursa, işəgötürənə dəyən ziyana görə əməkdaş orta əməkhaqqı məbləğində maddi məsuliyyət daşıyır.

Zərərin ödənilməsi qaydası

Müəssisə və təşkilatlarda işəgötürən zərərin ödənilməsi barədə qərar qəbul etməzdən əvvəl yoxlama aparmağa borcludur. Belə bir yoxlamanın məqsədi zərər faktını, onun həcmini  və  baş vermə səbəblərini müəyyən etməkdir.  İşəgötürən zərərin vurulması faktı ilə bağlı işçidən yazılı izahat tələb edə bilər. Əgər işçi onu verməkdən imtina edərsə, bu barədə müvafiq akt tərtib edilməlidir. Araşdırmaların  gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşçi yoxlamanın nəticələri işəgötürən tərifindən mütləq tanış edilir.

İşçi vurulan ziyanı:

  • könüllü tam yaxud qismən ödənilir, həmçinin;
  • işəgötürənin razılığı olarsa korlanmış, itirilmiş əmlak başqası ilə əvəzlənə bilər;
  • habelə şəxsən özü yaxud öz vəsaiti hesabına onu təmir edə bilər.

Cinayət, inzibati və digər məsuliyyətə cəlb olunmasından asılı olmayaraq maddi ziyanın məbləği müəyyən olunmuş qaydada işçi tərəfindən ödənilir. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.

Tam maddi məsuliyyət haqqında müqavilə nümunəsinə buradan baxa bilərsiniz.

Xaricə elektron kitab satışı üçün vergi öhdəlikləri

1 334 335 336 337 338 339 340 2. 700