514 saylı “Mənfəətdə iştirak planı və müavinət planları” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Müasir biznes dünyasında şirkətlər işçilərini cəlb etmək, motivasiya etmək və saxlamaq üçün müxtəlif mükafatlandırma planlarından istifadə edirlər. İşçilərin mükafatlandırma planları arasında “Mənfəətdə iştirak planı” və “Müavinət planları” xüsusi yer tutur. Mühasibat uçotu baxımından bu planların düzgün idarə edilməsi mühüm əhəmiyyət daşıyır. 514 saylı “Mənfəətdə iştirak planı və müavinət planları üzrə öhdəliklər” hesabı bu məqsədlə istifadə olunur.

İşçilərin mükafatlandırma planı nədir?

Mükafatlandırma planı, işçilərin şirkətə verdiyi töhfələrə görə mükafatlandırılması üçün sistemli bir yanaşmadır. Bu planın məqsədi işçilərin motivasiyasını, məhsuldarlığını və yüksək ixtisaslı kadrların şirkətdə saxlanmasın təmin etməkdir. O, bonuslar, mükafatlar, vəzifədə irəliləyiş, xidmətlərin tanınması, həmçinin peşəkar inkişaf imkanları kimi müxtəlif maddi və qeyri-maddi mükafatlandırma formalarını əhatə edir.

İşçilərin maddi mükafatlandırma planları maliyyə dəstəyi formasında həyata keçirilir və o, aşağıdakıları əhatə edə bilər:

  • bonuslar;
  • mükafatlar;
  • əməkhaqqının artırılması;
  • şirkət səhmləri;
  • mənfəətdə iştirak planları və sair.

Mənfəətdə iştirak planı və müavinət planları işçilərin müəssisənin mənfəətində iştirakını təmin edir. Pul və ya səhm şəklində olan belə iştirakı şərti olaraq iki qrupa bölmək olar:

  • qısamüddətli mükafatlandırma planları (Short-Term Incentive, STI), həm də işçilərə qısa müddətli müavinət planları kimi tanınır, həm də işçilərin mənfəətdə iştirakını təmin edir. Belə planlar işçiləri konkret qısamüddətli məqsədlərə (məsələn, rüblük və ya illik) çatmağa həvəsləndirir (məsələn, satış planının yerinə yetirilməsi və ya layihənin tamamlanması üçün bonuslar). Qısamüddətli mükafatlandırma planlarının uçotu 514 saylı “Mənfəətdə iştirak planı və müavinət planları” hesabında aparılır.
  • uzunmüddətli mükafatlandırma planları (Long-Term Incentive, LTI): işçilərin uzunmüddətli müəssisədə saxlanmasına yönəlib, adətən top-menecerlərə və əsas mütəxəssislərə verilir. Bura səhmlər və uzunmüddətli bonuslar daxil ola bilər. Müəssisənin işçiləri qarşısında uzunmüddətli pensiya öhdəliklərini də buraya aid etmək mümkündür. Belə öhdəliklərin uçotu 441 saylı “Uzunmüddətli pensiya öhdəlikləri” hesabında aparılır.

514 saylı “Mənfəətdə iştirak planı və müavinət planları” hesabı

514 saylı “Mənfəətdə iştirak planı və müavinət planları” hesabı aşağıdakı hesablarla birgə AR Maliyyə Nazirliyinin “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə müəyyən edilmiş hesablar planının 5-ci bölmənin 51 saylı “Qısamüddətli qiymətləndirilmiş öhdəliklər” maddəsinin tərkibinə daxildir:

  1. 511-ci hesab: “İşdən azad olma ilə bağlı qısamüddətli müavinətlər və öhdəliklər”;
  2. 512-ci hesab: “Qısamüddətli zəmanət öhdəlikləri”;
  3. 513-ci hesab: “Qısamüddətli hüquqi öhdəliklər”;
  4. 515-ci hesab: “Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər”.

Hesabın təyinatı AR MN-in yuxarıda qeyd edilmiş qaydaların 41.19-cu bəndində aşağıdakı kimi şərh olunub:

“514 saylı “Mənfəətdə iştirak planı və müavinət planları” hesabında mühasibat uçotu subyektinin hesabat tarixindən sonra 12 ay ərzində ödənilməli olan mənfəətdə iştirak planı və müavinət planları barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.”

Mənfəətdə iştirak planı və müavinət planları üzrə öhdəliklərinin formalaşması 514 saylı hesabın krediti, ödənilməsi isə debeti üzrə əks olunur.

Hesabın mahiyyəti

Yuxarıda qeyd edildiyi kimi, şirkətin öz  işçilərinə gələcəkdə ödənilməli olan, lakin cari dövrdə işçi xərcləri kimi tanınan öhdəlikləri yarana bilər. Bu öhdəliklər adətən birbaşa əməkhaqqı deyil, əlavə mükafatlandırma formalarıdır. Bura işçilərə mənfəətindən ayrılan bonuslar, illik həvəsləndirmə planları və ya təqaüd, tibbi sığorta kimi müavinət planları daxildir. Bu planlar qısamüddətli və ya uzunmüddətli xarakter daşıyır. Məsələn, qısamüddətli mükafatlandırma planları (STI) bir il və ya daha qısa müddətdə müəyyən edilmiş məqsədlərə çatmaq müqabilində verilir və adətən pul şəklində ödənilir.  514 saylı “Mənfəətdə iştirak planı və müavinət planları” hesabı belə öhdəlikləklərin uçotu üçün bir alətdir.

Öhdəliyin yaranma mənbəyi

Mənfəətdə iştirak planı və müavinət planları üzrə ödənişlər, bir qayda olaraq, vergiyə cəlb olunan mənfəəti azaltmır, şirkətin xalis mənfəətindən müvafiq ehtiyatlar yaradılmaqla həyata keçirilir.

Xalis mənfəət, bütün vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra təşkilatda qalan mənfəətin bir hissəsidir. Şirkətlər xalis mənfəəti müxtəlif məqsədlər üçün, o cümlədən işçilərə əlavə ödənişlər etmək üçün istifadə edə bilərlər, amma bu ödənişlər mənfəət vergisi üzrə vergiyə cəlb olunan bazanı azaltmır.

Normativ baza və beynəlxalq standartlarla əlaqə

514 saylı “Mənfəətdə iştirak planı və müavinət planları” hesab üzrə uçot “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu,  Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Maliyyə Nazirliyinin yuxarıda qeyd edilən qaydaları və digər yerli qanunvericilik aktları əsasında aparılır.

Beynəlxalq standartlar insan kapitalının dəyərini aktiv kimi tanımağa imkan vermir (38 saylı MUBS (IAS38). Odur ki, bu xərclər, adətən, birbaşa mənfəət və zərər hesabatında əks etdirilir. Lakin bu cür planlar mənfəətdə iştirak planı və müavinət planları kimi müəyyən edilibsə 514 saylı hesabda uçota alınıb “İşçilərin mükafatlandırılması” adlı 19 saylı MUBS (IAS19)  əsasında tanına bilər.

İşçilərin mükafatlandırılması planında səhmlər və ya səhm kimi kapital alətləri ilə bağlı ödənişləri tənzimləyənməsi zamanı istifadə edilən əsas normativ baza 2 saylı “Pay alətləri əsasında ödəmə” (IFRS2) beynəlxalq standartıdır.

Hesab üzrə uçotun tənzimlənməsi

514 saylı “Mənfəətdə iştirak planı və müavinət planları” hesabı üzrə tənzimləmə Maliyyə Nazirliyinin yuxarıda qeyd edilən qaydalarının 41.19-41.23-cü bəndləri əsasında aparılır.

Əməliyyatın məzmunu Debit Kredit
Mənfəətdə iştirak planı və müavinət planları yarandıqda (41.19) 202, 203, 711, 721, 731 saylı hesablar 514 saylı hesab
Hesab üzrə müsbət məzənnə fərqi yarandıqda (41.20) 514 saylı hesab 611-8 saylı hesab
Hesab üzrə mənfi məzənnə fərqi yarandıqda (41.20) 731-8 saylı hesab 514 saylı hesab
Hesab üzrə vəsaitlər istifadə edildikdə (41.21) 514 saylı hesab 221, 223-225, 521, 531 saylı hesablar
Mənfəətdə iştirak planı və müavinət planlarının üçüncü şəxs tərəfindən ödənilməsi (41.22) 541 saylı hesab 171- 177, 211- 217, 243, 244, 538-ci hesablar
Əvvəllki dövrlər üzrə mənfəətdə iştirak planı və müavinət planları kimi tanınmaqla xərcə aid edilmiş öhdəliyin geri qaytarılması  (41.23) 514 saylı hesab 611 saylı hesab

Mühasibat yazılışlarına nümunə

“ABC” MMC mənfəətdə iştirak planına görə hər hesabat ilinin sonunda əldə etdiyi xalis mənfəətdən işçilərə 10000 manat əlavə ödəniş kimi ödəyir. Müəssisə ilin sonunda 100000 manat xalis mənfəət əldə edib.

Əməliyyatın məzmunu Debit Kredit Məbləğ (manat)
Hesabat ilinin sonuna xalis mənfəətin məbləği 341: “Hesabat dövründə xalis mənfəət” 100000
İşçilər üçün xalis mənfəətdən hesablama aparılmışdı 341: “Hesabat dövründə xalis mənfəət” 514: ““Mənfəətdə iştirak planı və müavinət planları” 10000
İşçilərə mənfəətdə iştirak planına uyğun əlavə ödənişin hesablanması 514: ““Mənfəətdə iştirak planı və müavinət planları” 533: “İşçi heyətinə qısamüddətli kreditor borcları” 10000
İşçilərə əlavə ödəniş həyata keçirilir 533: “İşçi heyətinə qısamüddətli kreditor borcları” 223: “Bank hesablaşma hesabları” 10000

Bu mühasibat yazılışları 514 saylı “Mənfəətdə iştirak planı və müavinət planları” hesabının bonuslar və digər müavinətlər üzrə öhdəliklərin idarə edilməsində necə istifadə olunduğunu əks etdirir. Bu proses, şirkətin maliyyə hesabatlarında işçi ödənişlərinin düzgün və şəffaf əks etdirilməsin təmin edir.

131 saylı “Bioloji aktivlərin dəyəri” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Bioloji aktiv nədir?

Bioloji aktivlər Hesablar Planının 13-cü maddəsinə uyğun uçota alınır. Bioloji aktiv canlı heyvan və ya bitkilər, bioloji aktivlər qrupu isə canlı heyvan və bitkilərin cəmidir. Barverən bitkilərin üzərində yetişən məhsul bioloji aktivdir. 41 №-li “Kənd təsərrüfatı” MUBS-a (IAS 41)  əsasən müəssisə tərəfindən bioloji aktivlərdən alınmış kənd təsərrüfatı məhsulunun ehtiyatları ilkin tanınma anında gözlənilən satış məsrəfləri çıxılmaqla məhsul yığımı zamanına olan ədalətli dəyəri əsasında qiymətləndirilir.

Şərti olaraq bilolji aktivləri iki qrupa ayırmaq olar:

  • istehlak olunanlar;
  • daşıyıcılar.

İstehlak olunan bioloji aktivlər kənd təsərrüfatı məhsulları kimi yığılacaq və ya bioloji aktiv kimi satılacaq aktivlərdir. İstehlak olunan bioloji aktivlərə bunları nümunə göstərmək olar:

  • emal üçün nəzərdə tutulmuş mal-qara;
  • satış üçün olan mal-qara;
  • yetişdirmə kooperativdəki balıq;
  • qarğıdalı və buğda kimi məhsul;
  • odun üçün becərilmiş ağaclar.

Daşıyıcı bioloji aktivlərə bunları nümunə göstərmək olar:

  • süd istehsal edən mal qara;
  • üzüm tənəkləri;
  • meyvə ağacları;
  • ağacın özü qalmaqla ondan oduncağın hazırlanması göstərilə bilər.

Daşıyıcı bioloji aktivlər kənd təsərrüfatı məhsulları deyildir, lakin onlar yenidən bərpa olunandırlar.

Bioloji aktivlərin tanınması

Müəssisə bioloji aktivlərini və ya kənd təsərrüfatı məhsullarını ancaq aşağıda göstərilən şərtlərin mövcud olduğu təqdirdə tanıya bilər:

(a) müəssisə keçmiş hadisələr nəticəsində, aktivə nəzarət edirsə;

(b) aktivlə əlaqədar olan gələcək iqtisadi səmərələrin müəssisəyə daxil olacağı ehtimaldırsa və

(c) aktivin ədalətli və ilkin dəyərləri etibarlı olaraq qiymətləndirilə bilərsə.

Ədalətli dəyər – ölçülmə tarixinə bazar iştirakçıları arasında normal şərtlər çərçivəsində aktivin satılmasına görə alına bilən və öhdəliyin ötürülməsinə görə ödənilə bilən qiymətdir.

Bioloji aktivlər yaxud kənd təsərrüfatı məhsullarının satışı üzrə müqavilələr tez-tez gələcək tarixlə bağlanılır. Belə müqavilərdə qiymətlər ədalətli dəyərin ölçülməsində münasib deyil, çünki, alıcı və satıcı sövdələşərkən ədalətli dəyər cari bazar dəyəridir. Nəticə etibarilə, bioloji aktivin və ya kənd təsərrüfatı məhsullarının ədalətli dəyəri müqavilənin mövcudluğuna görə uyğunlaşdırıla bilməz.

MUBS-da ağır şərtli müqavilə anlayışı

Ağır şərtli müqavilə anlayışı “Qiymətləndirilmiş öhdəliklər, şərti aktivlər və şərti öhdəliklər” adlı 37 №-li MUBS-da (IAS 37) -da  şərh olunub.

Ağır şərtli müqavilə, müqavilə çərçivəsində öhdəliklərin ödənilməsi üzrə qaçılmaz xərclərin həmin müqavilə üzrə ən yüksək gözlənilən iqtisadi səmərənin əldə olunmasını təmin edən müqavilədir.

Bəzən bioloji aktivin və ya kənd təsərrüfatı məhsullarının satış müqaviləsi ağır şərtli kimi xarakterizə edilə  bilər. Belə müqavilələrə MUSB (IAS37) tətbiq olunur.

Bioloji aktivlərin qiymətləndirilməsi

Bioloji aktivlər bir çox hallarda fiziki cəhətdən yerə bağlıdır (məsələn, plantasiya meşəliyində ağaclar). Burada yerə bağlı olan bioloji aktivlər üçün ayrıca bazar mövcüd deyil, lakin fəal bazar:

  • birləşmiş (mürəkkəb) aktivlər;
  • paket halında bioloji aktivlər;
  • xam torpaq və ərazinin abadlaşdırılması üçün mövcud ola bilər.

Müəssisə yerə bağlı olan aktivlərə aid məlumatı bioloji aktivlər üçün ədalətli dəyəri ölçmək üçün istifadə edə bilər. Məsələn, xam torpağın və ərazinin abadlaşdırılmasının ədalətli dəyərini birləşik aktivlərin ədalətli dəyərindən çıxmaqla, bioloji aktivlərin ədalətli dəyərini tapmaq olar.

Bioloji aktivlərin satışa hazır anda qiymətləndirilmiş ilkin dəyəri çıxılmaqla ədalətli dəyərdə olan dəyişiklikdən yaranan mənfəət və ya zərər dövr ərzində yaranmış mənfəət və ya zərərə daxil edilir.

Bioloji aktivlərin ilkin tanınmasında zərər yarana bilər, çünki bioloji aktivin satışa hazır anda qiymətləndirilmiş ilkin dəyəri çıxılmaqla ədalətli dəyərin müəyyən edilməsində, satış nöqtəsindəki təxmin edilmiş xərclər çıxılmışdır. Buzovun doğulması kimi hal bioloji aktivin ilkin tanınmasında qazanc yarada bilər.

Bioloji aktivlərin satışa hazırki halda qiymətləndirilmiş ilkin dəyər çıxılmaqla ədalətli dəyəri bazardakı fiziki və qiymət dəyişikliklərinə görə dəyişə bilər. Fiziki və qiymət dəyişikliklərinin ayrıca açıqlamaları cari dövrdə görülmüş işin və gələcək imkanların qiymətləndirilməsində, xüsusilə də istehsal dövrü bir ildən artıq olarsa, faydalıdır. Belə hallarda müəssisənin, qrup üzrə və ya digər şəkildə, mənfəət və zərərə daxil edilmiş, fiziki və qiymət dəyişikliyinə məruz qalmış satışa hazır anda qiymətləndirilmiş ilkin dəyər çıxılmaqla ədalətli dəyərin məbləğini açıqlaması təşviq edilir. Adətən, bu məlumat bir ildən az olan istehsal dövrü üçün bir o qədər əhəmiyyətli deyildir (məsələn, toyuq yetişdirmə və ya taxıl istehsalı).

Bioloji aktivlər üzrə uçot hesabları

Kənd təsərrüfatı fəaliyyəti tez-tez iqlim, xəstəlik və digər təbii risklərə məruz qalır. Əhəmiyyətli gəlir və ya xərc maddəsinə səbəb olacaq hadisə baş verərsə, “Maliyyə hesabatlarının təqdim edilməsi” adlı 1 №-li MUBS-a (IAS 1) uyğun olaraq həmin maddənin xüsusiyyəti və məbləği açıqlanır. Yoluxucu xəstəlik, subasma, şiddətli quraqlıq və ya şaxta və həşəratların gəlişi kimi hadisələri belə bir hadisəyə misal kimi göstərmək olar.

Bioloji aktivlərin uçotu Hesablar Planının 13-cü maddəsində əks etdirilir. Bu maddədə canlı heyvan və ya bitkilərdən ibarət olan bioloji aktivlər barədə ümumiləşdirilmiş məlumatlar təqdim olunur. Bioloji aktivlərin tanınma meyarına cavab verən (yəni mühasibat uçotu subyekti keçmiş hadisələr nəticəsində aktivə nəzarət edirsə, aktivlə əlaqədar olan gələcək iqtisadi səmərələrin müəssisəyə daxil olacağı ehtimalı varsa və aktivin ədalətli və ilkin dəyərləri etibarlı olaraq qiymətləndirilə bilirsə) aktivlər ilkin olaraq ilkin dəyəri ilə uçota alınır. Bu maddə aşağıdakı hesablardan ibarətdir:

  • 131 saylı hesab – Bioloji aktivlərin dəyəri;
  • 132 saylı hesab – Bioloji aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri.

131 saylı hesab üzrə nizamlamalar   

Bioloji aktivlərə subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  ilə tənzimlənir.

131 saylı “Bioloji aktivlərin dəyəri” hesabı aktiv hesabdır və ona yuxarıda qeyd edilən qaydaların 14.3 bəndinə uyğun olaraq aşağıdakı subhesablar açamaq olar:

  • 131-1 saylı subhesab – Bitkilərin dəyəri;
  • 131-2 saylı subhesab – Heyvanların dəyəri.

131 saylı “Bioloji aktivlərin dəyəri” hesabı üzrə uçot qeydlərinin nizamlanması, müxabirləşmə nümunələr haqqında buradan oxumaq olar.

Hesablar Planının “Uzunmüddətli aktivlər” bölməsinə aid olan ayrı-ayrı hesablar üzrə uçot və müxabirləşmə nümunələri burada verilib.

Fiziki şəxslərin muzdlu işlə əlaqədar gəlir vergisindən azadolmaları

Birbank Biznes-də dostluq qazandırır

posted in: Xəbər | 0

Sahibkarlara yeni fürsətlər yaradan Birbank Biznes müştərilərinə daha çox qazandıran “Dostunu dəvət et” proqramına start verir. Proqram sahibkar dostlarını Birbank Biznes mobil tətbiqinə dəvət edən hər kəsə 50 AZN-dək pul qazanmaq şansı yaradır.

Bunun üçün Birbank Biznes müştəriləri mobil tətbiqdə “Dostunu dəvət et” bölməsinə keçid edərək dəvət linkini Birbank Biznes müştərisi olmayan dostlarına göndərə bilərlər. Həmin şəxs qeydiyyatdan keçib 30 gün ərzində 10 AZN dəyərində ilk əməliyyatını həyata keçirdikdə isə hər iki tərəf 10 AZN pul mükafatı qazanır. Dəvət edən istifadəçi ay ərzində 50 AZN-dək pul qazana bilər. Qeyd edək ki, bu limit hər ay yenilənir.

Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://birbank.business/ saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin. Qeyd edək ki, Birbank Biznes Kapital Bank-ın əmtəə nişanıdır.

Kənd təsərrüfatı məhsullarının topdansatışı ilə məşğul olanların dövriyyəsi necə hesablanır?

Kənd təsərrüfatı məhsullarının topdansatışı ilə məşğul olanların dövriyyəsi necə hesablanır?

posted in: Xəbər | 0

Müəssisəmiz kənd təsərrüfatı məhsullarının (meyvə-tərəvəz) topdansatışı ilə məşğul olur. Bu məhsulları Vergi Məcəlləsinin tələblərinə uyğun qaydada rəsmiləşdirməklə istehsalçılardan alıb topdan satırıq. Belə olan halda, ƏDV qeydiyyatına alınma öhdəliyimiz nə zaman yaranır – ümumi dövriyyə (təqdim edilmiş malların tam dəyəri) 200.000 manatı keçdikdə, yoxsa ticarət əlavəsi 200.000 manatdan artıq olduqda?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) həmin Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludurlar. Bu maddənin məqsədləri üçün vergi tutulan əməliyyatların həcmi dedikdə, ümumi dövriyə nəzərdə tutulur.

Əlavə olaraq nəzərinizə çatdırırıq ki, 2022-ci il yanvarın 1-dən 5 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ƏDV – ticarət əlavəsindən hesablanan verginin məbləği hesab edilir.

Əsas: Vergi Məcəlləsinin 155.1-ci , 159-cu maddələri

Mənbə: vergiler.az

123 saylı “İnvestisiya mülkiyyəti ilə bağlı məsrəflərin kapitallaşdırılması” hesabı üzrə uçot

1 176 177 178 179 180 181 182 2. 700