Vergilər Nazirliyi işə qəbulla bağlı müsabiqə elan edir

posted in: İş elanı, muhasibat, Vergi, Xəbər | 0

Dövlət vergi orqanlarına xidmətə qəbul “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin, “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin və Vergilər Nazirliyinin 24 iyun 2014-cü il tarixli 1417040100819300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”nın  tələblərinə müvafiq olaraq aparılır.

Müsabiqədə iştiraka yalnız aşağıdakı ixtisaslar üzrə ali təhsilə malik (xarici ölkədə təhsil almış namizədlərin diplomları müvafiq qaydada nostrifikasiya olunmalıdır), yaşı 35-i keçməmiş (müvafiq ixtisas üzrə elmi dərəcəsi olan şəxslər, ali təhsili fərqlənmə diplomu ilə bitirmiş şəxslər, yüksək peşə hazırlığına və ya iş təcrübəsinə malik şəxslərə yaş həddi tətbiq edilmir) vətəndaşlar buraxılırlar:

1.   Hüquqşünaslıq;
2.   Beynəlxalq hüquq;
3.   Maliyyə;
4.   İqtisadiyyat;
5.   Statistika;
6.   Beynəlxalq iqtisadi münasibətlər;
7.   Mühasibat uçotu və audit;
8.   Maliyyə və kredit;
9.   İqtisadiyyatın tənzimlənməsi;
10. Əməyin iqtisadiyyatı və sosiologiyası;
11. İqtisadi kibernetika;
12. Qiymət və qiymətin əmələ gəlməsi;
13. Xəzinə əməliyyatlarının uçotu;
14. İqtisadi nəzəriyyə;
15. Vergilər və vergitutma;
16. Sığorta işinin təşkili;
17. Milli hesablar sistemi;
18. Qiymətləndirmə (sahələr üzrə);
19. Qiymətli kağızlar;
20. İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarəedilməsi (sahələr üzrə);
21. Aqrar istehsalatın iqtisadiyyatı və idarəedilməsi;
22. Ticarət və istehlak kooperasiyasının iqtisadiyyatı və idarəedilməsi;
23. Gömrük işinin təşkili;
24. İqtisadiyyatın hüquqi tənzimlənməsi;
25. Vergi işinin təşkili və idarə edilməsi;
26. Tətbiqi riyaziyyat;
27. İnformatika;
28. İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi;
29. Maliyyə nəzarəti və audit.

MBA proqamı üzrə yuxarıda qeyd olunan ixtisaslardan fərqli ixtisaslar üzrə təhsil almış namizədlərin ixtisaslarının uyğunluğuna Komissiya tərəfindən baxılaraq qərar verilir.

“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 9-cu maddəsinə əsasən vətəndaş aşağıdakı hallarda vergi orqanlarında xidmətə qəbul oluna bilməz:

– məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;

– üzərindən məhkumluğu götürülmədikdə və ya ödənilmədikdə.

Qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar dövlət vergi orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə xidmətə qəbul edilmirlər.

Müsabiqəyə sənəd qəbulu elektron ərizə vasitəsilə 05.12.2017-ci il saat 10:00-dan 20.12.2017-ci il saat 24:00-dək həyata keçirilir. Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar göstərilən müddət ərzində Vergilər Nazirliyinin rəsmi internet saytına (www.taxes.gov.az və www.e-taxes.gov.az) daxil olaraq elektron ərizə formasını doldurmalıdırlar. Ərizə formasına sağlamlıq haqqında tibbi arayışın, ali təhsil haqqında diplomun, məhkumluğun olması (olmaması) barədə arayışın və narkoloji dispanserdə qeydiyyatda olması (olmaması) barədə arayışın surətləri mütləq qaydada fayl şəklində əlavə olunmalıdır. Ərizə formasını doldurub sistemə daxil etdikdən sonra namizədə ərizənin sistemə daxil olunduğu barədə elektron poçt ünvanına məlumat verilir. Namizədin ərizəsi qəbul edildikdən 5 gün ərzində baxılır, ərizə qəbul edilərsə namizədin iş nömrəsi və sınaq imtahanının vaxtı və yeri barədə, ərizə qəbul edilmədiyi halda isə səbəbi barədə elektron poçt ünvanına məlumat verilir.  Ərizə göndərilən müddətdən 5 gün ərzində elektron poçt ünvanına heç bir məlumat göndərilməyən vətəndaşlar elanda qeyd olunmuş telefon nömrəsi ilə əlaqə saxlamalıdırlar.

Namizədlər internet vasitəsi ilə elektron ərizə formasını doldura bilmədikdə və ya bu zaman hər hansı texniki problem yarandıqda 012-403-81-35 nömrəli telefonla Vergilər Nazirliyinə, Bakı şəhərində və regionlarda fəaliyyət göstərən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Elektron ərizə vermiş namizədlər 24-26.01.2018-ci il tarixdə (saat 10:00-dan 18:00-a dək) imtahana buraxılış vərəqələrini Vergilər Nazirliyinin inzibati binasından (Bakı şəhəri, Yasamal rayonu, ak. Landau küçəsi 16) götürməlidirlər. Müsabiqənin test imtahanı mərhələsi 28.01.2018-ci il tarixdə Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi yerdə və vaxtda keçiriləcəkdir.

Müsabiqənin test imtahanı mərhələsinin suallarını (məntiq və informatika sahələri üzrə suallar istisna olunmaqla) özündə əks etdirən ədəbiyyat siyahısı 30.11.2017-ci il tarixdə Vergilər Nazirliyinin rəsmi internet saytının (www.taxes.gov.az) “İşə qəbul. Müsabiqələr” bölməsində yerləşdiriləcəkdir.

Son 1 il ərzində ingilis dilini bilmə səviyyəsi TOEFL (IBT) 100 və 100-dən yuxarı və ya IELTS üzrə 7 və 7-dən yuxarı olan namizədlərə üstünlük verilir. Namizəd ingilis dili səviyyəsini təsdiq edən müvafiq sənəd barədə məlumatları (sənədin adını, nömrəsini, qısa məzmununu və ingilis dili səviyyəsini) elektron ərizə formasının “Əlavə qeydlər” hissəsində göstərməlidir.

Müsabiqədə müvəffəqiyyət qazanmış, lakin vakant vəzifələr üzrə iş təklifindən imtina edən namizədlər Vergilər Nazirliyinin kadr ehtiyatından çıxarılacaqdır.

 

Mənbə: taxes.gov.az

Dünyanın ən böyük çəhrayı brilyantı öz alıcısını tapa bilmədi

posted in: Məqalə, Xəbər | 0

“Raj Pink” adlandırlan dünyanın ən böyük çəhrayı brilyantı Cenevrədə Sothebyʼs hərrac evində keçirilən noyabr satışlarında öz alıcısını tapa bilməyib.

Öz adını sanskrit dilindəki “kral” sözündən alan brilyant 37,30 karatdır. Ona 20-30 milyon dollar arası qiymət qoyulmuşdu. Çox nadir intensiv-fantaziyalı çalar brilyanta xüsusi unikallıq və dəyər verir.

Qiymətli daş 2015-ci ildə Cənubi Afrikada tapılmış almazdan cilalandırılaraq yaradılıb. Amma noyabr hərracında brilyant öz sahibini tapa bilməyib.

Le Figaro qəzetinin yazdığına görə, çəhrayı brilyantlar arasında rekord qiymətə satış “Graff Pink” adlandırılan brilyanta məxsusdur, hansı ki, 2010-cu ildə 46,2 milyon dollara satılıb.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Facebook-a ödənişlər zamanı hansı vergi öhdəliyimiz yaranır?

posted in: Vergi, Xəbər | 0

Sual: MMC Facebookda öz məhsullarını reklam etmək üçün bank vasitəsilə Facebooka valyuta məbləğində ödənişlər edir. Bu halda alınmış bu xidmət üzrə hansı vergi mükəlləfiyyətləri (ƏDV və ÖMV) yaranır? Və zəhmət olmasa hesablama qaydasınıda qeyd edin. Məsələn, 24.11.2017 tarixdə 45 Avro dəyərində Facebooka bank vasitəsilə reklam üçün ödəniş edilmişdir. Mümkünsə hansı mükəlləfiyyətlərin yaranması və nə cür hesablanmasını izah edirdiniz.

Cavab: Bildiririk ki, sosial şəbəkədə reklam xidmətlərin göstərilməsinə görə qeyri-rezidentə ödənilən məbləğdən 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutulmalıdır (qeyd olunan  məlumata əsasən – 45 €*10%).

Bununla yanaşı, xidmətlərin dəyərinə 18 faiz dərəcə ilə ƏDV hesablanmalı, ödənməli və hesablanan verginin ödənilməsini təsdiq edən ödəniş sənədinə əsasən əvəzləşdirilməlidir (45 €*18%).

Onu da qeyd edək ki, xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan hər hansı əməliyyat onun həyata keçirildiyi gün Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi mübadilə məzənnəsi ilə manatla hesablanır.

Vergitutma ilə bağlı əlavə suallar yarandıqda Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz

Bax: Vergi Məcəlləsinin 69-cu125-ci və 169-cu maddələri.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mənşə sertifikatının alınmasında dəyişiklik

posted in: Xəbər | 0

“İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC tərəfindən “Açıq hökümətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq, sahibkarların qarşılaşdıqları məsələlərin öyrənilməsi, ixrac zamanı yaranan məsələlərin operativ həlli və şəffaflığın təmin edilməsi məqsədilə təşkil edilən “Açıq qapı” günləri çərçivəsində seminar keçirilib.

Tədbirdə 50-dən çox sahibkarlıq subyektinin nümayəndəsi iştirak edib.

Seminarda ixracın stimullaşdırılması istiqamətində kompleks tədbirlərin həyata keçirildiyi vurğulanıb, “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin və regional bölmələrin inzibati binalarında təşkil olunan “Açiq qapı” günləri barədə sahibkarlara ətraflı məlumat verilib.

Tədbir çərçivəsində “Mənşə ekspertizaların aparılması qaydaları və ixrac zamanı güzəştlərin tətbiqi” və “Laboratoriya xidmətləri” mövzularında keçirilmiş təqdimatlarda sahibkarlar malın ixrac proseduru və gömrük güzəştləri barədə məlumatlandırılıb. Bildirilib ki, mənşə sənədinin verilməsi prosedurunun sadələşdirilməsi məqsədilə nazirlik tərəfindən elektron müraciət forması daha da təkmilləşdirilib, tələb olunan sənədlərin sayı hüquqi şəxslər üçün 9-dan 6-ya, fiziki şəxslər üçün isə 5-dən 4-ə endirilib. Azərbaycanda mənşə ekspertizası və malın mənşəyini təsdiq edən sənəd 1 gündən gec olmayaraq sahibkara təqdim edilir. Məlumat üçün bildirək ki, istər MDB məkanında, istərsə də əksər digər ölkələrdə malın mənşəyinin müəyyən edilməsi müddəti 3 gündən az deyil. Bundan başqa, artıq 2 ildir ki, ölkəmizdə qeyri-neft malları üçün ekspertiza xidmətlərinin tarifləri 30% aşağı salınıb. Qeyd edək ki, sahibkarlara mənşə sertifikatının alınması qaydaları barədə təlimatlar paylanılır.

Seminarda “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin nəzdində fəaliyyət göstərən Mərkəzi qida və qeyri-ərzaq mallarının sınaq laboratoriyasının iş prinsipi, akkreditasiya sahələri, burada aparılan laborator müayinələr barədə məlumat tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.