Gəlir vergisinin hesablanması

posted in: Vergi, Xəbər | 0

Gəlir vergisi

Fiziki şəxslərin gəlir vergisi birbaşa vergilərin əsas növüdür. Qüvvədə olan qanunvericiliyə uyğun olaraq gəlir vergisinin hesablanması fiziki şəxslərin gəlirinə müvafiq faizlər tətbiq etməklə aparılır. Bu zaman vergi qanunvericiliyində nəzərdə tutulmuş güzəşt və azadolmalar, habelə sənədləşdirilmiş xərclər nəzərə alınır.

Gəlir vergisinin hesablanması və ödənilməsi fiziki şəxsin gəlirinin əldə edildiyi mənbəyə görə fərqlənə bilər. Məsələn, əməkhaqqıdan tutulmaların hesablanması aylıq gəlir vergisi kimi ödənir, idman mərc oyunlarından uduşlara görə vergilər ödəmələrin verildiyi vaxt həyata keçirilir.

Gəlir vergisi ödəyiciləri və vergitutma obyektləri

Gəlir vergisinin hesablanması aşağıdakı fiziki şəxslər üzrə aparılır:

  • Azərbaycan Respublikasının rezidenti olan fiziki şəxslərin gəliri (respublika ərazisində ardıcıl 12 ay ərzində ən azı 183 təqvim günü qalan şəxslər və Məcəllənin 13.2.5 maddəsinə uyğun digər fiziki şəxslər);
  • Azərbaycan mənbəyindən gəlir əldə edən qeyri-rezident qeyri-fiziki şəxslərin gəlirləri.

Gəlir vergisinin hesablanması qaydası

Fiziki şəxslərin gəlir vergisinin hesablanması vergitutma bazasının vergi dərəcəsinə hasili kimi müəyyən edilir.  Azərbaycan Respublikasının Vergi Məcəlləsi fiziki şəxsin gəlir vergisi üçün fərqli vergi dərəcəsi nəzərdə tutur. Məcəllədə həm gəlir növləri, həm də vergi ödəyicilərinin kateqoriyaları üzrə müxtəlif gəlir vergisi dərəcələri müəyyən edilib. Vergitutma bazası vergisi dərəcələrinə uyğun hər bir gəlir növü üçün ayrıca tapılır.

Fiziki şəxslərin gəlirini əldə edilmə mənbəyinə görə üç qrupa ayırmaq olar:

  • muzdlu işlə bağlı fiziki şəxslərin gəliri, bu bəzən əməkhaqqıdan tutulmaların hesablanması da adlandırılır. Vergi öhdəliyi aylıq gəlir vergisi şəklində hesablanır və ödənir;
  • muzdlu işlə bağlı olmayan gəlirlər, buraya sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilmiş gəlirlər aiddir;
  • fiziki şəxsin digər gəliri, məsələn, yarışlarda qazanılmış pul şəklində mükafatlar.

Gəlir vergisinin hesablanması zamanı dərəcələr bu qruplar, habelə onların daxilində ödəyici kateqoriyaları əsasında müəyyən edilir.

Muzdlu işlə bağlı gəlir vergisinin hesablanması

Muzdlu işlə bağlı gelir vergisinin hesablanmasi zamanı fiziki şəxslərin gəlirindən aylıq gəlir vergisi hesablanır və ödənir. Bu vergi ödəyiciləri arasında daha çox əməkhaqqıdan tutulmaların hesablanması kimi tanınır. Amma belə hesablamalar zamanı təkcə əməkhaqqı deyil, həm də muzdlu işlə bağlı fiziki şəxsin bütün gəlirləri nəzərə alınır. Muzdlu işlə fiziki şəxsin gəlirləri burada ətraflı şərh edilib. İşəgötürən fiziki şəxsin belə gəlirlərinə işçi kateqoriyalarına uyğun vergi dərəcələri tətbiq edir. Muzdlu işlə bağlı gəlir vergisinin hesablanması zamanı tətbiq edilən vergi dərəcələri AR VM-in 101.1, 101.1-1, 101.7 maddələri ilə müəyyən edilir.

Muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər

Belə fəaliyyətdən fiziki şəxslərin  gəliri iki qrupa ayrılır:

  • sahibkarlıq fəaliyyətindən gəlirlər;
  • qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlər.

Yuxarıda əməkhaqqıdan tutulmaların hesablanması və ödənilməsinin aylıq gəlir vergisi şəklində aparıldığın qeyd etmişdik. Burada isə bir qədər fərqlidir, gəlir vergisi ödəyiciləri illik vergi bəyannaməsi təqdim edir, ödənişlər ona uyğun olaraq nizamlanır. 

Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin gəlir vergisinin hesablanması vergitutma bazasına 20 faiz dərəcə tətbiq edilməklə aparılır. Sahibkarlıq fəaliyyətindən gəlirlərin tərkibi və vergi tutulan gəlirlər burada şərh edilib.

Qeyri-sahibkarlıq fəaliyyəti zamanı fiziki şəxsin illik gəliri 14 faiz dərəcə ilə vergiyə cəlb edilir. Xüsusi notariuslar üçün vergitutma bazası Məcəllənin 96.1 maddəsi ilə müəyyən edilir və ona 10 faiz vergi dərəcəsi tətbiq edilir.

Qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərin tərkibi, habelə  digər gəlirləri haqqında buradan oxuya bilərsiniz.

Vergi orqanlarında uçota durmayan fiziki şəxslərin göstərdiyi  xidmətlərə (işlərə) münasibətdə gəlir vergisinin hesablanması Məcəllənin 101.1-3 maddəsi əsasında 101.1-ci maddəsinə uyğun vergi dərəcəsi tətbiq edilməklə aparılır. Yəni bu, əməkhaqqıdan tutulmalarının hesablanması qaydalarına oxşardır.

Cari vergi ödəmələri

Gəlir vergisinin hesablanması zamanı digər maraqlı məqam cari vergi ödəmələri ilə bağlıdır. Məlumdur ki, hüquqi və sahibkar fiziki şəxslərin gəlir vergisi bəyannaməsi illik təqdim edilir, yəni onlarda dövlət büdcəsi qarşısında aylıq gəlir vergisi öhdəliyi yaranmır. Bu səbəbdən hesabatlılığın təmin edilməsi üçün hər rübdən sonrakı ayın 15-dən gec olmayaraq  “Cari vergi ödəmələrinin hesablanması haqqında” Arayış təqdim edir və cari ödəmələri həyata keçirir. Cari vergi ödəmələrinin hesablanması Vergi Məcəlləsinin 151-ci maddəsi ilə tənzimlənir.

Cari vergi ödəmələri vergi ödəyicisinin hesabat ili üçün ödəməli olduğu vergilərə aid edilir və ilin sonunda gəlir vergisinin hesablanması bu ödənişlər nəzərə alınmaqla yenidən aparılır. Cari vergi ödəmələrinin hesablanamsı qaydası haqqında buradan oxumaq olar.

Ehtiyatların qiymətləndirilməsi üsulları

Müharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur?

posted in: Xəbər | 0

Mən ötən ilin sentyabrında Xocalı rayonu ərazisində həyata keçirilən antiterror tədbirlərində iştirak etmişəm. Bununla bağlı gəlirlərimə hansı vergi güzəştləri tətbiq olunur?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində güzəşt hüququ verən sənədlərdən (müharibə veteranı vəsiqəsi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin və Daxili İşlər Nazirliyinin arayışları) biri təqdim edildiyi halda, vergi tutulmalı olan aylıq gəliri 400 manat azaldılır.

Siz əməkhaqqından tutulmaların hesablanması kalkulyatoru vasitəsilə əməkhaqqından tutulan vergi və digər tutulmalar haqda məlumatı əldə edə bilərsiniz.

Eyni zamanda, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin ödəməli olduqları əmlak vergisininin məbləği 30 manata qədər (evlərin icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla), torpaqlara görə torpaq vergisinin məbləği isə 10 manata qədər azaldılır.

Əsas: Vergi Məcəlləsinin 102-ci, 199-cu və 207-ci maddələri

Mənbə: vergiler.az

Ehtiyatların ilkin dəyərinin qiymətləndirilməsi metodları

Ehtiyatların ilkin dəyərinin qiymətləndirilməsi metodları

posted in: Xəbər | 0

Ehtiyatların qiymətləndirilməsinin əsas metodları 

Mühasibat uçotu subyektlərində qiymətləndirilmə metodunu onlar müstəqil seçir. Bu zaman nəzərə almaq lazımdır ki, seçilmiş metod satılan ehtiyatların dəyərinə və onların dövrün sonuna qalığına təsir edir.

Ehtiyatların ilkin dəyəri üzrə qiymətləndirilmə zamanı tətbiq edilən əsas metodları aşağıdakılardır:

  1. Spesifik identifikasiya metodu – adətən qarşılıqlı əvəzlənməsi mümkün olmayan (məsələn, sifarişlə istehsal olunan məhsullar), habelə istifadəsi xüsusi layihələrdə nəzərdə tutulan mal və xidmətlər üçün tətbiq olunur.
  2. Çəkili orta dəyər metodu – ehtiyatların ilkin dəyərinin qiymətləndirilməsi alışların orta çəki qiymətinin tapılması yolu ilə hesablanır. Orta qiymət alışların cəmi məbləğini alınan malların sayına bölməklə tapılır. Orta qiymət üzrə qiymətləndirmə vaxtaşırı yaxud hər bir alışdan dərhal sonra fasiləsiz olaraq həyata keçirilməlidir.
  3. FİFO metoduna əsasən, qiymətləndirmə vaxta görə birinci əldə edilən malların qiymətinin nəzərə alınmasına əsaslanır. Yəni satılan malların dəyəri anbara ilk daxil olan malların alış qiyməti nəzərə almaqla hesablanır.
  4. LIFO metodu FİFO metodunun əksidir, yəni ən son alınmış mal yaxud istehsal edilmiş hazır məhsul ilk növbədə satılacaq. Yəni hər bir satışın maya dəyəri anbara sonuncu daxil olan malın dəyəri ilə hesablanır.
  5. Normativ məsrəflər metodu nəticələr maya dəyərinə yaxın olarsa tətbiq edilir.
  6. Pərakəndə satış qiyməti metodu tez-tez dəyişən məhsulları qiymətləndirmək üçün pərakəndə satışda istifadə edilir.

2 saylı MUBS (IAS2) ehtiyatların ilkin dəyərinin qiymətləndirilməsində daha dürüst nəticə almaq məqsədi ilə son iki metodun istifadəsini tövsiyə edir. Gəlin həmin metodları birgə araşdıraq.

Normativ məsrəflər metodu

Normativ məsrəflər metodu xammalın, materialların, sərf edilən əməyin, səmərəliliyin, habelə istehsal gücünün istifadəsinin normativ dərəcələrini nəzərə alır.

Materiallardan, işçilərin əməyindən səmərəli istifadə olunduqda, həmçinin müəssisə normal istehsal gücü ilə işlədikdə məhsul və ehtiyatların ilkin dəyərinin qiymətləndirilməsində, normativ məsrəflər metodundan istifadə edilə bilər.

Lakin bu üsul yalnız normativ xərclərin faktiki xərclərə yaxın olduğu halda istifadə oluna bilər. Normativlər mütəmadi təhlil edilir, lazım gəldikdə, cari şərtlər nəzərə alınmaqla yenidən baxılır.

Normativ dəyərin hesablanması müəssisəinin faktiki səmərəliliyini normativ səmərəliliyi ilə müqayisə edilməsi yolu ilə rəhbərliyin nəzarət və idarəetmə məqsədləri ilə istifadə etdiyi uçot qaydalarını nisbətən qəlizləşdirir. Bunu  nəzərə alaraq, normativ dəyərin hesablanması yalnız belə qaydanı tətbiq etmək gücündə olan müəssisələr tərəfindən istifadə edilə bilər.

Normativ xərclər mütəmadi olaraq yeniləşdirilmədikdə yaxud normativlər müəssisənin faktiki gücünə uyğun olmadıqda (bu hal böyük və davamlı uyğunsuzluqlarla təsdiq edilə bilər), normativ məsrəflər metodu ehtiyatların dəyərinin hesablanmasında istifadə edilə bilməz.

Pərakəndə satış qiyməti metodu

Pərakəndə ticarətdə eyni marjalı çox saylı və tez-tez dəyişən mallardan ibarət olan ehtiyatların qiymətləndirilməsi üçün hər hansı digər metoddan istifadə edilməsi məqsədə uyğun olmadığı üçün pərakəndə satış qiyməti metodundan istifadə edilir.

Ehtiyatların ilkin dəyəri satış qiymətinin müvafiq faiz dərəcəsilə ifadə olunmuş ümumi marja dəyərinə azaldılması vasitəsilə müəyyənləşdirilir. Tətbiq edilən faiz dərəcəsi ilkin satış qiymətindən aşağı qiymətləndirilmiş ehtiyatların təsirini də özündə əks etdirir. Adətən, pərakəndə ticarətin hər bir bölməsi üçün orta faiz dərəcəsi tətbiq edilir.

Bu metod yalnız sonda alınacaq dəyərlərin faktiki ilkin dəyərlərə yaxın olduğu halda istifadə edilə bilər, əks halda normativ məsrəflər metodu tətbiq edilməlidir.

Pərakəndə satış metodu adətən oxşar mənfəətlilik dərəcəsinə malik olan bir çox mallar ilə xarakterizə olunan pərakəndə sahələrdə istifadə edilə bilər.

Məsələn, “Avanqard” şirkəti kişi və qadın geyimlərinin pərakəndə satışı ilə məşğul olur. Müəssisə mallarının qiymətləndirilməsində çox sadə üsuldan istifadə edir: kişi geyimlərinin ilkin dəyərinə 30%, qadın geyimlərinin ilkin dəyərinə isə 50% əlavə edir.
Belə halda, ehtiyatların ilkin dəyərinin qiymətləndirilməsində pərakəndə satış metodu istifadə edilməlidir, çünki hər iki növ üzrə mənfəətlilik dərəcələri oxşardır.

Pərakəndə satış metodunda ilk olaraq ehtiyatın satış qiyməti təyin edilir (bu qiymətin müəyyən edilməsi çox asandır) və ondan normal mənfəətlilik dərəcəsi çıxılır.

Məsələn, 31.12.2023-cu il tarixində müəssisənin ehtiyatlarında pərakəndə dəyəri 50000 manat olan qadın geyimləri və pərakəndə dəyəri 60000 manat olan kişi geyimləri mövcud idi.
Beləliklə, bu ehtiyatların balans dəyəri aşağıdakı kimi olacaqdır:
Qadın geyimləri : 33333 (50000 / 150 * 100) manat
Kişi geyimləri : 46154 (60000 / 130 * 100) manat
Cəmi: 79487 manat.

Pərakəndə satış metodu, müxtəlif mənfəətlilik dərəcələrinə malik olan yaxud satışı zamanı mütəmadi olaraq güzəştlərin təqdim edildiyi geniş çeşiddə müxtəlif malları pərakəndə satan müəssisələrdə tətbiq edilə bilməz. Belə hallarda normativ məsrəflər metodu daha dəqiq nəticə verə bilər.

Məsələn, ”Min bir xırdavat” firması 400 növ müxtəlif malların satışını həyata keçirən mağazanı idarə edir. Bu malların mənfəətlilik dərəcəsi 9%-dən (siqaret satışının mənfəətlilik dərəcəsi) 150%-dək (ətriyyat satışının mənfəətlilik dərəcəsi) təşkil edir. Müəssisənin yürütdüyü siyasətə uyğun olaraq, mağazaya qoyulduqdan sonra bir ay ərzində satılmayan malların qiymətlərinə müəyyən güzəştlər tətbiq edilir. Hər hansı mallararın qiymətlərinə tətbiq ediləcək güzəştlər əvvəlcədən məlum deyil, mağazanın rəhbəri güzəştlərə dair qərarları müstəqil qəbul edir.

Ehtiyatların satış qiymətlərindən çıxılmalı olan məbləğin, habelə mənfəətlilik dərəcəsinin təyin edilməsi ilə bağlı bu cür praktiki çətinliklər burada pərakəndə satış metodunun tətbiqinin məqsədə uyğun olmayacağından xəbər verir. İxtiyari güzəştlərin tətbiqi ilə bağlı əlavə çətinlik də, həmçinin, qeyd edilmiş praktiki çətinliklərə əlavə olunur.

Ehtiyatların qiymətləndirilməsi üsulları

Aktiv və passivlər, onların tarazlığı

posted in: Xəbər | 0

Biz mühasibat haqqında danışarkən tez-tez aktiv yaxud passiv anlayışı ilə rastlaşarıq. Bu məqaləmiz onların şərhinə həsr olunub.

Aktiv və passiv anlayışı nəyi ifadə edir?

Qollu bir tərəzi düşünün, onun 2 gözü var – sol və sağ. İstifadədən öncə tərəzi boş olur, ölçmə zamanı gözlərə nəsə qoyub-götürürsünüz. Boş olduğu anda tərəzinin vəziyyəti necə olur? Əlbəttə ki, tam taraz, yəni balanslaşmış vəziyyətdə. Tərəzi müəssisənin yarandığı anda maliyyə vəziyyətini təcəssüm etdirir: müəssisəmiz yoxdur, tərəzimiz balansdadır. Müəssisə öz təsərrüfat fəaliyyəti zamanı mühasibatlıqda qeydə alınması vacib olan əməliyyatları həyata keçirir – alır, satır, istehsal edir, əməkhaqqı ödəyir və sair. Bu əməliyyatlardan heç biri müəssisənin maliyyə durumunu (tərəzimizin balansını) pozmamalıdır.

Hər dəfə “sol tərəf”, “sağ tərəf” deməmək üçün tərəzimizin gözlərinə ad verək.  Məsələn, sol gözü “aktivlərimiz”, sağ gözü “passiv” adlandıraq. “Aktiv” – “Passiv”  antonimlərdir, bu sol ilə sağın fərqini anlamağımıza kömək edər.

Aktivlərimiz, adətən, fiziki olaraq mövcuddur, onları görürük – pulumuzu sayır, malımıza toxunuruq. Lakin onların yaranma mənbələri, yəni passiv dediklərimiz, adətən, fiziki olaraq toxunulan olmur (məsələn, borcumuzun olması faktı).

Tərəzi bizim xəyali təsəvvürümüz olsun, amma xəyallarımızı kiməsə izah etmək, başa düşmək, gerçəkləşdirmək lazımdır axı. Hər halda bunu dəftərimizə tərəzi çəkməklə edə bilməyəcəyik. Amma, biz balansı, eyniliyi ifadə edən alətə sahibik. “Hansı alətə?” sualını versəniz “Riyazi bərabərlik!” deyə cavab verəcəyik. Gəlin riyazi bərabərliyin işarəsini çəkək:

Riyazi bərabərlik

Başlanğıcda bizim solunda və sağında heç nə olmayan, yoxluqla tarazlaşmış balansımız var. Tərəzimizin sol tərəfi bərabərliyimızın sol tərəfi, tərəzimizin sağ tərəfi isə bərabərliyimizin sağ tərəfi olsun. Deməli sola “aktiv”, sağa isə “passiv” yaza bilərik:

Aktiv = Passiv

A = P

Aktiv və passiv arasında tarazlıq

Riyazi bərabərliklə ifadə etdiyimiz tərəzinin balansda olması üçün aktiv və passivlərdə nə baş verməlidir? Riyaziyyatdan bilirik ki, bərabərliyin qorunması 4 halda mümkündür:

Aktiv və passiv, riyazi bərabərliyin şərtləri

Beləliklə:

  • müəssisəmizdə baş verən istənilən hadisə səbəb-nəticə əlaqəsinə bağlıdırsa;
  • səbəbləri şərti olaraq sağda, onların nəticələrini – aktivləri isə solda qeyd edəriksə, balans qorunmuş olacaq.

Deməli, müəssisəmizdə baş verən istənilən əməliyyat sadaladığımız 4 formadan birinə uyğun gələcək.

Yuxarıdakı riyazi bərabərliyimizi maliyyə bərabərliyi adlandıra bilərik. Çünki o bizim maliyyə vəziyyətimizi ifadə edir. Sonrakı mövzularda maliyyə bərabərliyini daha ətraflı şərh edib, aktiv və passivlərimizə detallı baxış keçirəcəyik.

Aktivlərə nələr aiddir, passivlər hansılardır?

Aktivlər müəssisənin mülkiyyətində yaxud idarəsində olan maddi varlıqların, hüquqların məcmusu, müəssisənin sahib olduqlarıdır. Bunlar indi və gələcəkdə müəssisəyə iqtisadi səmərə axını gətirir yaxud gətirəcəyi gözlənilir. Məsələn, nağd yaxud bank hesabında olan pulunuz – bunlar özlüyündə iqtisadi səmərə və dəyərdir. Başqa nümunəyə baxaq. Satmaq üçün aldığınız mal, verdiyiniz avans ödənişi hazırda iqtisadi səmərə yaratmaya bilər, amma gələcəkdə birini satmaqla, digərinin əvəzində mal (iş, xidmət) almaqla səmərə axını gətirəcəyini gözləyirsiz.

Passivlər, bərabərliyimizin və tərəzimizin sağ tərəfi, aktivlərin yaranma (azalma) səbəbini, mənbəyini göstərir. Bu səbəblər hansılar ola bilər?

Aktivlərin riyazi ifadəsi

Suala cavab tapmaqla passivlər adlandırdığımız hissəni daha yaxşı anlamağa çalışaq. Məsələn, müəssisəmizdə 10.000 manat pul varsa, bunun səbəbi, mənbəyi nədir? Bu:

  • satışdan daxil olma;
  • təsisçinin qoyduğu nizamnamə kapitalı;
  • bankdan götürdüyümüz kredit;
  • qonşu təşkilatdan aldığımız borc vəsaiti və s. ola bilər.

Bu pul eyni zamanda keçən ilki fəaliyyətimizin nəticəsinin qalığı da ola bilər.

Gördüyünüz kimi, səbəblər müxtəlifdir. Fikir verdinizsə, bunlar ya borcdur ( bankdan alınmış kredit, təşkilatdan götürlümüş borc) ya da nəsə başqa bir mənbə. Yəni, mənbələri 2 qrupa bölə bilərik – borclar nəsə. Borclar başqaları qarşısında öhdəliyimizdir – onu “Öhdəliklər” adlandıraq. “Nəsə” dediyimizi də adsız saxlamayaq, “Kapital” adı verək.

Beləliklə, passivlərimiz “Kapital” və “Öhdəliklər”imizdən ibarətdir,  yəni:

Passiv = Kapital + Öhdəlik

Bu o deməkdir ki, daha əvvəl yazdığımız maliyyə bərabərliyini belə də yaza bilərik:

Aktivlər  = Kapital  + Öhdəlik

Beləliklə, müəssisənin aktivlərini müəssisəyə məxsus kapital və öhdəliklərin cəmi kimi xarakterizə edə bilərik.

Bəs “Kapital” necə formalaşır, tərkibi nələrdən ibarətdir? Bunu növbəti mövzuda daha geniş şərh edəcəyik. Hələlik isə, gəlin sizə bir sirr açım. Balans anlayışını izah etmək üçün tərəzidən istifadə etdik. Əslində “balans” sözü fransız sözüdür (balance), mənası “tərəzi” deməkdir.

Təsərrüfat uçotu sisteminin tərkib hissələri

1 412 413 414 415 416 417 418 2. 700