Neft-qaz sahəsi və dövlət sektorunda əməkhaqqıdan tutulmalar

posted in: Xəbər | 0
birbank biznes

Əməkhaqqının hesablanması və tutulmalar

İşəgötürən işçilərin muzdlu işlə əlaqədar gəlirlərindən bir sıra tutulmalar edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.34 maddəsinə görə fiziki şəxsin muzdlu işlə bağlı aldığı haqq “əməkhaqqı” adlanır. Əməkhaqqı hesablanması zamanı tutulmalar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 175-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aşağıdakı hallarda əməkhaqqıdan tutulmalar həyata keçirilə bilər:

  • vergi, sosial sığorta və digər icbari ödənişlər üçün;
  • işçinin yazılı razılığı olduqda;
  • məhkəmənin qərarı ilə müvafiq icra sənədləri əsasında;
  • AR ƏM, maddə 175.2-də sadalanan digər hallarda.

Əməkhaqqının hesablanması, vergi, sosial sığorta haqları, icbari tibbi sığorta kimi digər əməkhaqqıdan tutulmaların icrası müəssisənin mühasibat xidməti tərəfindən həyata keçirilən mürəkkəb, həm də əziyyətli bir prosesdir.

Əməkhaqqı üzrə hesablaşmaları dəqiq, operativ və əziyyətsiz həyata keçirmək istəyirsinizə, Accounting.Az şirkətinin “İşçi heyətlə hesablaşmalar” xidmətindən istifadə edin!

Əməkhaqqıdan vergi və digər icbari tutulmalar

Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinə görə “…vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.” Vergi və yığımların dövlət büdcə gəlirlərinin formalaşmasında rolu böyükdür. İşçinin əmək müqaviləsi ilə çalışdığı iş yerindən aldığı maaş onun gəlirlərinin əhəmiyyətli hissəsini təşkil edir.

İşəgötürən işçiyə əməkhaqqı hesablanması zamanı dövlətin müəyyən etdiyi minimum məbləği nəzərə almalı, qanunvericilikdə müəyyən edilmiş tutulmaları dəqiq yerinə yetirməlidir.

Qüvvədə olan qanunvericiliyə əsasən vergi və digər icbari ödənişlər üzrə əməkhaqqıdan tutulmaların tərkibi aşağıdakı kimidir:

  • gəlir vergisi üzrə tutulma;
  • məcburi dövlət sosial sığorta haqqı;
  • işsizlikdən sığorta haqqı;
  • icbari tibbi sığorta haqqı.

İşçilərə əməkhaqqı hesablanması zamanı “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”-nın təsdiq edilməsi haqqında AR NK-ın qərarı nəzərə alınmalıdır.

İcbari tutulmaların normativ-hüquqi əsasları

Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin əməkhaqlarından tutulmalar aşağıdakı qanunvericilik aktlarına uyğun həyata keçirilir:

  • gəlir vergisi üzrə – AR Vergi Məcəlləsi, maddə 101.1;
  • sosial sığorta üzrə – “Sosial sığorta haqqında” AR qanunu, maddə 14.3;
  • işsizlikdən sığorta haqqı – “İşsizlikdən sığorta haqqında” AR Qanunu, maddə 9;
  • icbari tibbi sığorta üzrə – “Tibbi sığorta haqqında” AR Qanunu, maddə 15-10.1.

Əməkhaqqı hesablanması zamanı bu  maddələrdə qeyd edilmiş faiz dərəcələri nəzərə alınır.

Neft-qaz sahəsində və dövlət sektorunda işləyən işçilərdən tutulmalar

Neft-qaz sahəsində fəaliyyəti olan, habelə dövlət sektorunda işləyən şəxslərdən gəlir vergisi aylıq əməkhaqqıdan aşağıdakı dərəcələrlə tutulur:

  • 2500 manata qədər olduqda 14%;
  • 2500 manatdan çox olduqda 350 və əlavə olaraq 2500 manatdan çox olan məbləğin 25%.

Əsas iş yerində muzdlu işlə əlaqədar aylıq gəliri 2500 manatadək olan işçilərdən vergi tutulan məbləğ 200 manat azaldılır (AR VM, maddə 102.1.6).

Bundan başqa əməkhaqqıdan tutulmalar zamanı işçilərə Vergi Məcəlləsində nəzərdə tutulmuş  gəlir vergisindən azadolmalar və güzəştlər tətbiq edilə bilər.

Əməkhaqqı hesablanması zamanı məcburi dövlət sosial sığorta haqqı sığortaedənlər üçün 22%, sığortaolunanın gəlirindən isə 3% həcmində müəyyən olunub.

İşsizlikdən sığorta ödənişi – işçi əməkhaqqı gəlirlərindən 0.5 faiz olmaqla hesablanır.

İşçidən icbari tibbi sığorta üzrə tutulma əməkhaqqı 8000 manatadək olduqda 2 faiz, 8000 manatdan yuxarı olan hissədən 0,5 faiz olmaqla həyata keçirilir.

Əməkhaqqıdan tutulmaların hesablanması nümunələri

Nümunə 1. Aylıq əməkhaqqısı 1000 manat olan işçi dövlət müəssisəsində işləyir. Heç bir güzəşt və azadolması yoxdur. Əməkhaqqıdan tutulmalar necə olcaq?
Gəlir vergisi: (1000-200) x 14% =112 manat
DSMF-ya ayırma 1000 x 3%=30 (işçidən tutulur), 1000*22% = 220 manat (işəgötürən tərəfindən ödənir);
Əməkhaqqından tutulan işsizlikdən sığorta haqqı: 1000 x 0,5%= 5 manat;
İşçidən tutulan icbari tibbi sığorta haqqı: 1000 x 2% = 20 manat;
Əməkhaqqı hesablanması (“NETT” əməkhaqqı) : 833 manat ( 1000-112-30- 5-20).
Nümunə 2: Aylıq əməkhaqqısı 3500 manat olan işçi dövlət müəssisəsində işləyir. Heç bir güzəşt və azadolması yoxdur. Əməkhaqqıdan tutulmalar necə olacaq?
Gəlir vergisi: 2500*14% +(3500-2500)*25%=350+250=600 manat;
DSMF ayırmaları: 3500*3%=105 manat;
Işsizlikdən sığorta haqqı: 3500*0,5%=17,50 manat;
İcbari tibbi sığorta haqqı: 3500*2%=70 manat;
“NETT” əməkhaqqı hesablanması: 2707,50 manat (3500-600-105-17.50-70).

“NETT” əməkhaqqı dedikdə vergi, habelə digər ödənişlər tutulandan sonra olan əməkhaqqı (işçiyə yekun verilən məbləğ) başa düşülür.

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərdən əməkhaqqıdan tutulmalar haqqında buradan oxumaq olar.

Əsas vəsaitlərin təmiri

Print Friendly, PDF & Email