ƏDV əvəzləşdirilməsi nədir?

posted in: Xəbər | 0

ƏDV əvəzləşdirilməsi hüququ

Ödənilmiş əlavə dəyər vergisinin əvəzləşdirilməsi əksər vergi ödəyicilərini maraqlandıran mövzudur. Əvəzləşdirmə dedikdə büdcəyə ödənmiş verginin müəyyən şərtlər daxilində qaytarılması nəzərdə tutulur.

ƏDV əvəzləşdirilməsi – alınmış malların, işlərin, xidmətlərin dəyərinə ödənilmiş ƏDV məbləğinin dövlət tərəfindən kompensasiya edilməsidir.

Bilmək lazımdır ki, ƏDV əvəzləşdirməsi vəzifə deyil, bir hüquqdur və bu hüququndan istifadənin bəlli şərtləri vardır:

  • siz ƏDV ödəyicisi olmalısınız;
  • mallar kommersiya məqsədləri üçün alınmalıdır;
  • e-qaimə faktura olmalıdır;
  • həmin mallar üçün ƏDV ödənmiş olmalıdır.

Bunları nümunə əsasında izah etməzdən öncə qeyd edək ki, mal dedikdə habelə iş, xidmət də nəzərdə tutulur.

ƏDV əvəzləşdirilməsi hüququndan istifadə şərtləri

İlk şərt əlavə dəyər vergisi ödəyicisi olmaq tələbidir. ƏDV məqsədləri üçün qeydiyyata alınmamış vergi ödəyiciləri əvəzləşdirmə əməliyyatlarını apara bilməzlər. Bu tələb:

  • istər alınmış elektron qaimə fakturalar üzrə;
  • istərsə də idxalda ödənilmiş əlavə dəyər vergilərinə aiddir.

ƏDV əvəzləşdirilməsi üçün digər şərt malların kommersiya məqsədləri üçün alınması niyyətidir. Bu hal Vergi Məcəlləsinin 175.1.3 bəndində şərh olunub.

 işlər və xidmətlərlə bağlı xərclər istehsal məsrəflərinə aid edilmirsə də, kommersiya fəaliyyəti üçün istifadə edilməli olduqda və ya istifadə edildikdə əvəzləşdirilə bilər.

Alınmış mallar sahibkarlıq fəaliyyətində qismən istifadə edildikdə əvəzləşdirilmə qaydası VM-nin 175.2 maddəsində əks olunub.

Nümunə 1:  ”A” və “B” müəssisələri ƏDV ödəyicisidir. “A” müəssisəsi “B”-dən 10000 manat dəyərində mal almış, sonradan onları 16% marja ilə “C” müəssisəsinə satmışdır. “A” müəssisə aldığı mala görə  ödənişin əsas hissəsini “B” müəssisənin bank hesabına, ƏDV hissəni isə depozit hesabına həmin ay  ödəmişdir. “A” müəssisəsi büdcəyə ödəmə müəyyən edərkən 10000 manat məbləğə görə ödədiyi ƏDV-ni əvəzləşdirmək hüququna malikdir.

3-cü şərt alınmış mallara görə e-qaimə faktura olmasıdır. Həmin elektron qaimə fakturanın verilmə tarixi:

  • ƏDV qeydiyyatına alınma tarixindən sonrakı;
  • ƏDV-nin əvəzləşdirildiyi aydan 3 ildən artıq olmayan əvvəlki tarix olmalıdır.

Yəni, mallar ƏDV qeydiyyatının qüvvəyə mindiyi tarixdən sonra alınmalı, onlar üçün  ƏDV məbləğini ödəmiş olmalıdır. Mallar ƏDV qeydiyyatından əvvəl alınmış olsa, amma dəyərini ƏDV qeydiyyatına durduqdan sonra ödəsəniz, ödənilmiş məbləği əvəzləşdirə bilmirsiniz.

Nümunə 2: ƏDV ödəyicisidir “A” MMC kənd təsərrüfatı mallarının istehsalı və digər fəaliyyətlə məşğul olur. “B” MMC-yə 1180 AZN dəyərində kənd təsərrüfatı malları satıb. “B” MMC əsas hissəni qarşı tərəfin bank hesabına, ƏDV hissəni depozit hesabına ödəmiş və əvəzləşdirmişdir. “B” MMC-nin apardığı əvəzləşmə etibarsızdır.

Vergi orqanları “A” MMC-dən Vergi Məcəlləsinin 159.8-ci maddəyə uyğun olaraq ƏDV məbləğini ödəməyi tələb edəcək.

“B” MMC-nin əvəzləşdirməsi isə səyyar vergi yoxlaması zamanı etibarsız hesab edilib, VM-in 58.1-ci maddəsi ilə maliyyə sanksiyası tətbiq ediləcək.

ƏDV əvəzləşdirilməsində ödənişlə bağlı əsas şərtlər

Əlavə dəyər vergisinin əvəzləşirilməsi hüququ yaradan şərtlərdən biri ödənişlə bağlı tələblərdir. Məcəllənin 175.1-ci maddəsinə əsasən ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi  hüququ:

  • əməliyyatın dəyərinin alıcının bank hesabından satıcının bank hesabına;
  • əlavə dəyər vergisi məbləğinin ƏDV-nin depozit hesabına ödəndikdə yaranır.

Təbii ki, burada söhbət əlavə dəyər vergisi tutulan əməliyyatlar üçün mal alışından gedir.

Təcrübədə olur, əldə edilmiş malların dəyəri başqa mallar təqdim edilməklə (barter üsulu) ödənilir. Qanunvericilik bu halda sonuncu malların verilməsinin ödənişin əsas hissənin həyata keçirilməsinə bərabər hesab edir. Əvəzləşdirmək üçün ƏDV hissə mütləq ödənməlidir.

Nümunə 3:  “A” firması “B” firması ilə razılaşmaya əsasən 2020-ci ilin noyabr ayında barter sövdələşməsi üzrə ona təqdim edilmiş mallara görə üzərinə götürdüyü xidmət öhdəliyini 2021-ci ilin yanvar ayında təhvil verir. Lakin müəyyən səbəblərdən ƏDV hissəni 1 ay sonra ödəyə bilir. Belə olan təqdirdə “B” müəssisəsi fevral ayında əvəzləşmə yarada bilər.

Digər əməliyyatlarda isə əsas hissə də ƏDV-yə mütənasib formada ödənildikdə əvəzləşdirilə bilər.

Maddənin əsas tələbi ödənişin mütləq qarşı tərəfin bank hesabına edilməsidir, yəni, ödəniş nağd formada edilibsə, əvəzləşdirmək hüququ yaranmır. Həmçinin, ƏDV məbləği ödənişi qarşı tərəfin ƏDV depozit hesabına edilməzsə, yenə də əvəzləşdirmə hüququ olmayacaq.

Alınmış malların müəyyən hissəsi sahibkarlıq fəaliyyəti üçün istifadə edildikdə, həmin hissəyə düşən ƏDV məbləği qədər əvəzləşdirmə aparılır.

Nümunə 4: ƏDV ödəyicisi olan Ağayev Əhmədağa ƏDV nəzərə alınmadan e-qaimə faktura (EQF) ilə 5000 AZN dəyərində armatur alır. Armaturun 1000 manatlıq hissəsini özünə məxsus bağ evində istifadə edəcək. Digər qismi ilə isə satış üçün planlayır. Dəyərini və ƏDV hissəsini VM-nin 175.1-ci maddəsi üzrə ödəsə də, bağ evində istifadə etdiyi hissəyə görə ƏDV-ni əvəzləşdirə bilməyəcək.  


Vergi haqqında daha çox bilik və bacarığa malik olmaq istəyirsiniz?


Firma, fərdi sahibkar işçilərinə yemək yaxud əyləncə xarakterli xərclər çəkibsə, həmçinin işçilərin mənzil, o cümlədən digər sosial xarakterli xərclərlə bağlı ödədiyi əlavə dəyər vergilərini əvəzləşdirilə bilməz. Qeyd etdiyimiz nüans, fəaliyyəti əyləncə (sosial) xarakteri daşıyan vergi ödəyicilərinin həmin fəaliyyətində olan əməliyyatlarına aid deyil.

Nümunə 5: “A Consulting” MMC mühasiblər günü münasibəti ilə öz işçiləri olan mühasiblərə restoranda qonaqlıq verir. Restoran EQF təqdim edir, ödəniş isə VM 175.1-ci maddəyə uyğun formada aparılır. Bununla belə bu cür sosial xərcə görə ödənilmiş ƏDV əvəzləşdirilə bilməz.  

Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV əvəzləşdirilməsinin vaxtı ilə bağlı məqamların VM-in 175-ci  maddəsinə uyğun şərhi burada verilib.

Müəssisənin mühasibatlığında istifadə olunan sənədlərin təsnifatı

Müəssisənin mühasibatlığında istifadə olunan sənədlərin təsnifatı

posted in: Xəbər | 0

Mühasibatlıqda istifadə edilən sənədlər

Uçot subyektlərinin fəaliyyətində mühüm rol oynayan struktur bölmələrdən biri mühasibat şöbəsidir. Məhz müəssisənin mühasibatlığında sənədlər müxtəlif mərhələlərdən keçir – tərtib edilir, yoxlanılır, imzalanır, sistemləşdirilir, saxlanılır, məhv edilir. Məlumat istifadəçiləri üçün yalnız sənəddəki informasiyaların keyfiyyəti deyil, həm də onların düzgün tərtib edilməsi mühüm rol oynayır. Mühasibatlıqda rəsmiləşdirmə zamanı buraxılmış səhv nəticəsində sənəd qüsurlu olur və  hüquqi qüvvəsini itirir.

Bütün təsərrüfat əməliyyatları mühasibat uçotunun aparılması üçün əsas sayılan ilkin uçot sənədlərinin hazırlanması ilə həyata keçirilir, bunun əsasında təşkilat mühasibat uçotunu aparır. Müəssisənin mühasibatlığında istifadə olunan sənədlərlə işi asanlaşdırmaq məqsədi ilə, onları müəyyən meyarlar üzrə təsnif etmək olar;

  • əks etdirdiyi məlumatların həcminə görə;
  • təyinatına görə;
  • təsərrüfat əməliyyatının məzmununa görə;
  • istifadə üsuluna görə;
  • tərtib olunma yerinə görə;
  • keyfiyyətinə görə və s.

Məlumatların həcminə görə sənədlərin təsnifatı

Əks etdirdiyi məlumatların həcminə görə mühasibatlıqda istifadə olunan sənədlər iki qrupa bölünür:

  • ilkin uçot sənədləri;
  • icmal sənədlər.

İlkin uçot sənədi təsərrüfat əməliyyatının baş verdiyi anda tərtib edilir və həmin əməliyyat haqqında ilkin məlumatları özündə ehtiva edir. Faktura və qaimələr, arayış və aktlar, çıxarışlar belə sənədlərə aiddir.

İcmal sənədlər bir neçə ilkin sənədlərin məlumatlarını ümumiləşdirir. Onlar qanunvericiliyə uyğun rəsmiləşdirilən ilk sənədlərə əsasında tərtib olunur. Bu sənədlərə aşağıdakıları nümunə göstərmək olar:

  • materialların dair maddi-məsul şəxslərin hesabatı;
  • əməkhaqqı üzrə haqq-hesab ödəmə cədvəlləri və s.

Təyinata görə təsnifat

Müəssisənin mühasibatlığında istifadə edilən sənədləri təyinatına görə aşağıdakılara bölünür:

  • inzibati sənədlər sərəncam, fərman, icazə, nəyəsə hüquq verən sənədlər. inzibati sənədlərə əmrlər, fərmanlar, etibarnamələr nümunə göstərilə bilər.
  • icraedici sənədlər təsərrüfat əməliyyatın baş verməsini əks etdirir, icra sənədinin tərtibi zamanı tərtib olunur. Belə sənədlər ilkin uçot sənədləri hesab olunur, özündə təsərrüfat əməliyyatı haqqında ilkin məlumatları əks etdirir, məsələn, kassa qəbzlər, hesab-fakturalar, qəbul aktları onlara nümunədir.
  • mühasibatlıqda rəsmiyyətə salınan sənədlər sənədlərlə işi asanlaşdırmaq üçün mühasib tərəfindən müəssisənin mühasibatlığında tərtib edilir. Bunlara hesablamalar (məsələn, maya dəyərinin kalkulyasiyası), mədaxili və məxarici üzrə qruplaşdırma cədvəlləri, xərclərin bölüşdürülməsi cədvəlləri nümunə ola bilər.
  • birləşdirilmiş (kombinə olunmuşlar) sənədlər özündə inzibati və icra sənədlərinin xüsusiyyətlərini birləşdirir. Belə sənədlərə əməkhaqqı ödənişi cədvəlini, kassa orderlərini, hesab-faktura aiddir.

Təsərrüfat əməliyyatının məzmununa görə

Bu təsnifat üzrə sənədlər aşağıdakılara bölünür:

  • pul vəsaitləri ilə əməliyyatları (nağd və nağdsız) əks etdirmək üçün nəzərdə tutulmuş sənədlər, məsələn, kassa sənədləri;
  • material axınlarının hərəkətini sənədləşdirmək üçün nəzərdə tutulmuş sənədlər material sənədləri, məsələn, malların təqdim edilməsi qaiməsi;
  • mühasibat uçotu subyektinin tərəfdaşlarla hesablaşma münasibətlərini rəsmiləşdirmək üçün istifadə edilən ödəniş sənədləri, məsələn, ödəniş tələbnaməsi.

İstifadə üsuluna görə

İstifadə üsuluna görə sənədlər birdəfəlik və yığma sənədlər kimi növə bölünür. Birdəfəlik sənədlər konkret əməliyyatı və ya eyni vaxtda həyata keçirilən bir neçə əməliyyatı əks etdirmək üçün istifadə olunur. Belə sənədlərə fakturalar, kassa orderləri nümunə göstərilə bilər.

Yığma sənədlər xronoloji ardıcıllıqla toplanmış tez-tez təkrarlanan oxşar məzmunlu birdəfəlik sənədləri özünsə ehtiva edir, məsələn, materialların sərf edilməsinə dair tərtib edilmiş cədvəllər. Bu cür əməliyyatlar yavaş-yavaş müəyyən cədvəllərə, jurnallara yazılır və dövrün sonunda bütün əməliyyatlar üzrə yekun hesablanır.

Tərtib olunma yerinə görə

Hazırlanma yerindən asılı olaraq sənədlər daxili və kənar sənədlərə Daxili sənədlər müəssisənin mühasibatlığında hazırlanır və müəssisə daxili istifadə üçün nəzərdə tutulub, məsələn, avans hesabatları, kassa orderləri. Kənar mühasibatlıq sənədlər tərəfdaş təşkilatlarda hazırlanır, amma bu müəssisənin mühasibatlığında olunur, məsələn yol sənədləri.

Keyfiyyətinə görə mühasibat sənədlərinin təsnifatı

Keyfiyyət göstəricilərinə görə müəssisənin mühasibatlığındakı sənədləri tamnatamam tərtibatlı kimi iki növə ayırmaq olar.

Tam tərtibatlı sənədlər bütün qaydalara uyğun olaraq tərtib edilmiş, bütün rekvizitləri özündə əks etdirir. Belə sənədlər hüquqi qüvvəyə malikdir və təsərrüfat əməliyyatlarının qanuniliyini təsdiq edir.

Natamam tərtibatlı sənədlər qanunvericiliyin tələblərinə cavab vermir və hüquqi qüvvəyə malik deyil.

Mühasibat uçotu sənədlərinin qanunvericiliyə görə təsnifatı

Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisənin mühasibatlığında istifadə edilən mühasibat uçotu sənədlərini qanunvericiliyin tələblərini almaqla da təsnif etmək olar. “Mühasibat uçotu haqqında” AR Qanunun 2.1.10 maddəsinə görə mühasibat uçotu sənədi dedikdə“- ilkin uçot sənədləri, mühasibat uçotu registrləri, maliyyə hesabatları, habelə uçotun formalaşdırılması üçün tərtib edilən sənədlər” başa düşülür.

“İlkin uçot sənədləri – maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir.” (“Mühasibat uçotu haqqında” AR Qanunu, maddə 2.1.11)

İlkin uçot sənədlərinin vahid forması bir qayda olaraq dövlət qurumları tərəfindən müəyyən edilir. Forma özündə bir sıra zəruri rekvizitləri əks etdirməlidi. Rəsmi forma müəyyən edilmədikdə zəruri rekvizitləri əks etdirməklə müəssisə özü onu tərtib edə bilər. Bu zaman diqqət etmək lazımdır ki, aşağıdakı rekvizitlər sənəddə öz əksini tapsın:

  • sənədin adı, tarixi;
  • uçot subyektinin adı, VÖEN-i
  • təsərrüfat əməliyyatının tərkibi, ölçü vahidləri:
  • məsul şəxsləri, onların vəzifələri, imzaları.

Hər hansı mütləq rekvizitin olmaması, sənədin mühasibatlıqda uyğun yazılış aparılması üçün sübut kimi gücünü itirilməsinə səbəb olur.

Uçot əməliyyatlarının mahiyyətindən asılı olaraq ilkin uçot sənədlərinə digər əlavə rekvizitlər daxil edilə bilər.

“Mühasibat uçotu registrləri – ilkin uçot sənədlərindəki məlumatların mühasibat uçotunda, maliyyə, vergi və digər hesabatlarda əks etdirilməsi məqsədi ilə həmin məlumatların xronoloji ardıcıllıqla sistemləşdirilməsi və yığılması üçün nəzərdə tutulan sənədlərdir.” (“Mühasibat uçotu haqqında” AR Qanunu, maddə 2.1.12)

Maliyyə hesabatları (mühasibat hesabatları) – təsərrüfat subyektinin hesabat tarixinə maliyyə vəziyyəti, onun fəaliyyətinin maliyyə nəticəsi və hesabat dövründəki pul vəsaitlərinin hərəkəti haqqında qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun sistemləşdirilmiş məlumatlarıdır.

Maliyyə hesabatları müəssisənin mühasibatlığında toplanmış mühasibat uçotu sənədləri əsasında tərtib edilir.

211 saylı “Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları” hesabı üzrə müxabirləşmə nümunələri

Sadələşdirilmiş vergi ödəyiciləri mallarının maya dəyərini necə hesablamalıdır?

posted in: Xəbər | 0

Maya dəyərinə təsir edən amillər

Sadələşdirilmiş vergi ödəyiciləri üçün malların uçotu digər vergi növlərində aparılan uçotla oxşar olsa da, müəyyən fərqlər var. Maya dəyərinin formalaşmasına təsir edən bu fərqlər əsas etibarilə sadələşdirilmiş vergi ödəyicilərinin ƏDV ödəyicilərindən mal alan zaman yaranır. Belə ki, sadələşdirilmiş vergi ödəyiciləri ƏDV ödəyicisi deyil (Vergi Məcəlləsi, maddə 219.5), odur ki, malları alarkən ödədikləri ƏDV-ni əvəzləşdirə bilmirlər. Nəticədə ödənilmiş ƏDV satılmış malların maya dəyərinə daxil edilir. Nəticədə sadələşdirilmiş vergi ödəyicilərində ƏDV ödəyicilərindən fərqli olaraq, eyni müəssisədən alınmış malların maya dəyəri yüksək olacaq. Sadələşdirilmiş vergi ödəyiciləri nəzərə almalıdırlar ki, vergitutma məqsədi üçün aktivlərin dəyərinə  aşağıdakıları aid edir:

  • onların gətirilməsinə, alınmasına, tikilməsinə, istehsalına, quraşdırılmasına, qurulmasına çəkilən xərcləri;
  • vergi ödəyicisinin gəlirlərdən çıxılmağa hüququ olduğu xərcləri;
  • aktivlərin dəyərininin artmasında iştirak edən digər xərclər.

Sonuncu xərclərin tərkibində əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsi nəticəsində əmələ gələn fərq (yenidən qiymətləndirilmədən sonra əmələ gələn müsbət fərq) istisnadır.

Həmçinin, sadələşdirilmiş vergi ödəyicisi:

  • özünün satmaq;
  • istehsalda istifadə etmək;
  • bu qəbil işlərdə istifadə üçün saxladığı malları əmtəə-material ehtiyatı kimi uçotda göstərməlidir.

Uçot üçün dəyər olaraq isə malın, materialın ilkin dəyəri, məsələn alınmışdırsa alış dəyəri, istehsal edilmişdirsə hazır məhsula çevrilərkən formalaşan dəyər götürülür. Sadələşdirilmiş vergi ödəyicisi həmin malların saxlanması, daşınmasına çəkilən xərcləri onların dəyərinə əlavə etməlidir. Uçot zamanı ola bilər ki, hər hansı mallar köhnəlsin, dəbdən düşsün yaxud müəyyən səbəblərdən öz ilkin dəyərindən aşağı qiymətə satıla biləcək hala gəlsin. Həmin mallar real satıla biləcəkləri qiymətlə uçotda göstərilə bilər.


Mühasibatın olmaması maliyyə itkiləridir. Biz sizin vəsaitləri qoruyarıq!


Uçot zamanı tətbiq edilən qiymətləndirmə metodları

Sadələşdirilmiş vergi ödəyicisi malların uçotunu hər bir mal üzrə ayrı ayrılıqda aparmasa, orta maya dəyəri ilə qiymətləndirmədən, yəni orta xərc metodundan (AVCO – Average Cost Method-un qısaldılmış forması) istifadə edərək əmtəə-material ehtiyatlarının uçotunu apara bilər.

AVCO – orta dəyər metodu hazır məhsulların maya dəyərini müəyyən etməyin ən geniş yayılmış üsullarından biridir. Bu metodun əsas üstünlüyü, hətta, qeyri-sabit iqtisadiyyatda belə ehtiyatları adekvat qiymətləndirməyə imkan verməsidir. Metodun mahiyyəti məhsulun orta dəyər vahidində ifadəsidir.

Xatırladaq ki, orta maya dəyəri metodu mühasibat uçotu dövrü aparıldığı hallarda dəyərin hesablanması üsuludur. Mühasibat uçotu davamlı aparılırsa, hər mədaxil və ya məsrəfdən sonra yenidən hesablama aparılır.

Bir sıra sadələşdirilmiş vergi ödəyiciləri malların idxalı zamanı maya dəyərinin hesablanmasında gömrük orqanı tərəfindən müəyyən edilmiş statistik dəyərdən istifadə edir. Lakin, bu tamamilə yanlışdır, malların maya dəyərinin əksər hallarda şişirdilməsi, nəticədə isə maya dəyəri xərcinin çox, mənfəətin isə az göstərilməsi ilə nəticələnir.

Düzdür, sadələşdirilmiş vergi ödəyiciləri vergi hesablayan zaman gəlirdən xərcləri çıxmırlar, onlarda vergitutma üçün mənfəət anlayışı yoxdur. Amma,  istənilən halda bu doğru deyil, çünki, gələcəkdə həmin sadələşdirilmiş vergi ödəyicisi keçmiş tarixə ƏDV qeydiyyatına durarsa, bu onda ciddi çətinliklər yarada bilər.

Sadələşdirilmiş vergi ödəyicilərinin mühasibatlığını aparan gənc mühasiblər bilməlidirlər ki, vergi uçotu baxımından mühasibatlığın mövcud LİFO, FİFO, AVCO metodlarından yalnız son ikisindən istifadə edilə bilər.

Aktivlər təqdim edilərkən gəlir və zərərlərin hesablanması

Torpaq vergisi nədir?

posted in: Vergi, Xəbər | 0

Torpaq ilk vergitutma obyektlərindən biridir. Torpaq vergisinin tarixi vergitutmanın formalaşması ilə bağlıdır, o, qədim dünya və orta əsrlər dövlətlərinin vergi sistemində mərkəzi yer tuturdu. Bunun səbəbi natural təsərrüfatın üstünlük təşkil etməsi, kənd təsərrüfatı istehsalının iqtisadiyyatda aparıcı rolu ilə bağlı idi. Bu məqalədə Azərbaycanda torpaq vergisi haqqında məlumat verilir.

Azərbaycanda torpaq vergisinin tarixi

Qədim Misirdə, Yunanıstanda, Romada mövcud olan torpaq ve emlak vergisi, qədim dövrlərdə, xüsusilə də orta əsrlərdə dövlət gəlirlərinin formalaşmasında mühüm yer tutub. Başlanğıcda natural formada alınan vergi torpaq sahələrinin böyüklüyünə görə müəyyənləşirdi. Sonralar torpaq kadastrı əsasında müəyyən edilən məhsuldarlıq da nəzərə alınmağa başladı.

Müasir Azərbaycanda torpaq vergisi haqqında məlumat verməzdən öncə tarixə qısa bir nəzər salaq. Bütün dövrlərdə torpaq ve emlak vergisi dövlətin, onun əhalisinin  iqtisadi və sosial vəziyyətinə birbaşa təsir edib. Respublikamızın mövcud ərazisində tarix boyu formalaşmış dövlətlər, rejimlər onu “xərac”, “üşr” və digər müxtəlif adlar altında toplayırdılar. Hələ Sasanilərin dövründə xaraq adlı vergi növü var idi ki, bu da əslində torpaq vergisi idi.

XIX əsrin ortalarında bütün torpaqlara şamil edilən “zemski” rüsumu Azərbaycanda torpaq vergisinin tarixi inkişafında yeni mərhələ idi. Bu dövrdə paralel olaraq mülkiyyətdə olan torpaqlara görə də adi qaydada alınırdı.

Torpaqdan alınan vergi XVll – XlX əsrlərdə tam şəkildə formalaşdı. Həmin dövrdə ev, sənətkarlıq vergisi, eləcə də birbaşa vergilərin əsasını torpaq ve emlak vergisi təşkil edirdi. XIX əsrin sonlarında torpaq vergisinin rolu fiskal sistemdə azalmağa başladı. Kadastrın tərtib edilməsi torpağın qiyməti, məhsuldarlığının artımından geri qalırdı. Torpaq vergisinin tarixi inkişafının müasir dövrü, onun vergi yığımlarında xüsusi çəkisinin nisbətən azalması ilə xarakterizə olunur, bir çox ölkələrdə bu vergi növü gəlir vergisi və ya əmlak vergisinin tərkibinə daxil edilir.

Torpaq vergisi nədir?

Azərbaycanda torpaq vergisi haqqında qanunvericiliyin əsasını AR Vergi Məcəlləsi təşkil edir. Məcəllədə verilmiş torpaq vergisi haqqında məlumata əsaslanıb deyə bilərik ki, o:

  • birbaşa vergi növüdür;
  • vergi ödəyiciləri mülkiyyətində yaxud istifadəsində (icarə və ya digər əsaslarla) torpaq sahəsi olan fisiki şəxslər və müəssisələrdir;
  • vergitutma obyekti torpaq sahələridir;
  • vergi dərəcəsi kvadrat metrə tətbiq edilən illik sabit ödənişlər şəklində müəyyən edilir.

Fiziki şəxslərin, fərdi sahibkarlar istisna olmaqla torpaq ve emlak vergisi üzrə vergi dərəcələrinin tətbiqi mexanizmi oxşardır. Müəssisələr və fərdi sahibkar faizlə ifadə olunan faiz dərəcəsindən istifadə edir.

Azərbaycanda torpaq vergisi üzrə qanunvericilik

Azərbaycanda torpaq vergisi haqqında qanun iki dəfə – 1993-cü il fevralın 2-də, 1996-cı il dekabrın 24-də qəbul edilib. 01 yanvar 2001-ci ildən sonuncu qüvvədən düşmüş, onun müddəaları bir qədər dəyişdirilərək Vergi Məcəlləsinin XlV fəslinə daxil edilmişdir.

Torpaq vergisi renta tipli əmlak vergisi xarakteri daşıyır

Azərbaycanda torpaq vergisinin tarixi inkişafına nəzər salsaq, onun əmlak vergisi ilə paralel formalaşdığını görə bilərik. Bu təbiidir, çünki hər ikisi ta qədimdən sərvət növü hesab edilib. Bu səbəbdən də torpaq və əmlak vergisi arasında oxşar cəhətlər var. Vergi dərəcəsi haqqında yuxarıda qeyd etdik. Digər oxşarlıq vergitutma obyektləri ilə bağlıdır: belə ki, torpağın yaxud əmlakın mövcudluğu verginin tutulması üçün kifayət edir. Bu zaman onun gəliri olub-olmaması nəzərə alınmır. Amma fərz edilir ki, münbitliyinə və yerləşməsinə görə daha yaxşı torpaq sahələrindən daha çox gəlir əldə edilir yaxud əldə etmək imkanı var. Odur ki, verginin miqdarı bu meyarlardan asılı olur. Hər vahid torpaq sahəsinə uyğun olaraq sabit məbləğdə torpaq vergisi təyin olunur.

Azərbaycanda torpaq vergisi mülkiyyətçilərin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin torpaq sahəsinə görə hər ilə (bərabər) sabit məbləğlər şəklində hesablanır.

Torpaqdan istifadə hüququ nədir?

Torpaq vergisinin tarixi inkişafının ilkin mərhələsində bu vergi onun sahiblərinə tətbiq olunurdu. Sonrakı mərhələdə, insan azadlığı məsələləri həll edildikcə, istifadəçilər də onu ödəməyə başladı. Yuxarıda, Azərbaycanda torpaq vergisi haqqında məlumat verərkən torpaq istifadəçilərini qeyd etmişdik. Onlar kimlərdir? Ola bilər torpaq mülkiyyətçisi deyilsiniz, lakin bağlanmış müqaviləyə (icarə və s.) əsasən müəyyən müddət ərzində konkret torpaq sahəsindən istifadə edəcəksiniz. İstifadə hüququ:

  • həm müvəqqəti;
  • həm də daimi ola bilər.

Daimi istifadə dedikdə əvvəlcədən konkret müddət müəyyən edilməmiş istifadə hüququ nəzərdə tutulur.

Torpaq sahəsi:

  • dövlətə;
  • bələdiyyələrə;
  • ayrı-ayrı fiziki və hüquqi şəxslərə məxsus ola bilər.

Adi icarə münasibətlərində torpağın daimi istifadəyə verilməsi halına rast gəlinmir. Daimi əsasla istifadəyə əsasən dövlət, həmçinin bələdiyyə torpaqları verilə bilir. Səbəb isə hər hansı işlərin görülməsi, vətəndaşların mənzil hüququnun həyata keçirilməsi və s. ola bilər.

Daimi əsaslarla söz açdığımız halda torpaqlar əsasən bələdiyyələrə, dövlət hakimiyyət orqanlarına, büdcə təşkilatlarına, dini qurumlara, mənzil istismar sahələrinə, həmkarlar ittifaqlarına verilir.

Bəzən qurumun müvəqqəti yaradıldılması səbəbindən, torpaqdan istifadə hüququ ona müvəqqəti verilir. On beş ilədək istifadəyə verilmiş torpaqlar qısamüddətli, doxsan doqquz ilədək istifadəyə verilmiş torpaqlar isə uzunmüddətli istifadəyə verilmiş hesab edilir. Hansı müddətə verilməyindən asılı olmayaraq qanunvericiliyin tələblərinə uyğun torpaq vergisi ödənilir.

Beləliklə, biz sizə torpaq vergisinin tarixi inkişafı, ümumiyyətlə Azərbaycanda torpaq vergisi haqqında qısa məlumat verdik. Buraya keçid etməklə daha ətraflı məlumat ala bilərsiniz.

Vergi tutulan əməliyyatların aparıldığı vaxt

1 323 324 325 326 327 328 329 2. 683