Kənar audit və auditor rəyi ilə bağlı vacib məqamlar (II hissə)

posted in: Xəbər | 0

Yazının əvvəlki hissəsi ilə buradan tanış olmaq olar.

Audit hesabatının oxuyucuları / istifadəçiləri kimlərdir?

Audit hesabatının əsas istifadəçiləri səhmdarlar, borcverənlər, kreditorlar, qurumun öz əməkdaşları, potensial investorlar, ictimai əhəmiyyətli qurumlar üçün həm də ümumilikdə cəmiyyətin özüdür.

Auditorlar fəaliyyətini hansı standartlar və qanunvericilik aktları əsasında icra edirlər?

“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu;

Beynəlxalq Audit və Əminlik Standartları Şurası (IAASB – International Auditing and Assurance Standards Board) tərəfindən müəyyən edilən – audit, əminlik və keyfiyyətin idarə edilməsi üçün Beynəlxalq Audit Standartları (ISA – International Standards on Auditing);

Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsi;

Digər bütün əlaqədar qanunvericilik aktları.

Hansı audit rəyi növləri var?

A. Müsbət (unmodified / unqualified opinion) – maliyyə hesabatlarının bütün əhəmiyyətli aspektlər baxımından maliyyə hesabatlarının tətbiq olunan çərçivələrinə uyğun hazırlanması barədə auditorun nəticə çıxardığı zaman bildirdiyi rəy.

B. Fərqli rəy (modified / qualified opinion) – şərti müsbət, mənfi və rəy verməkdən imtina.

B1. Şərti müsbət rəy – yetərli münasib audit sübutları əldə etdikdən sonra auditor təhriflərin istər ayrı-ayrılıqda, istərsə də məcmu şəkildə birlikdə maliyyə hesabatlarına təsirinin nüfuzedici deyil, əhəmiyyətli xarakter daşıması qənaətinə gəlirsə və ya auditor rəyini əsaslandırmaq üçün yetərli münasib audit sübutları əldə edə bilməsə belə, mövcud olduğu halda, müəyyən edilməmiş təhriflərin maliyyə hesabatlarına mümkün təsirinin nüfuzedici deyil, əhəmiyyətli xarakter daşıması barədə nəticə çıxardıqda şərti müsbət rəy bildirməlidir.

B2. Mənfi rəy – auditor yetərli audit sübutları əldə etdikdən sonra həmin təhriflərin istər ayrı-ayrılıqda, istərsə də məcmu şəkildə maliyyə hesabatları üçün eyni vaxtda həm nüfuzedici, həm də əhəmiyyətli xarakterdə olması barədə qənaətə gəldiyi zaman mənfi rəy bildirməlidir.

B3. Rəydən imtina – auditor öz rəyini əsaslandırmaq üçün yetərli münasib audit sübutları əldə edə bilmədikdə və müəyyən edilmiş təhriflərin maliyyə hesabatlarına mümkün təsirinin eyni vaxtda həm nüfuzedici, həm də əhəmiyyətli xarakterdə olması barədə qənaətə gəldiyi zaman rəy verməkdən imtina etməlidir və ya auditor bir neçə qeyri-müəyyənlik amillərindən ibarət həddən artıq nadir hallarda, qeyri-müəyyənliklərin hər biri ilə bağlı yetərli münasib audit sübutları əldə etmiş olmasına baxmayaraq, həmin qeyri-müəyyənliklərin potensial qarşılıqlı əlaqəsi və onların maliyyə hesabatlarına mümkün kumulyativ təsiri səbəbindən maliyyə hesabatları barədə rəy formalaşdırmağın qeyri-mümkün olması barədə qənaətə gəldiyi zaman rəy bildirməkdən imtina etməlidir.

Əhəmiyyətli təhriflər (material misstatement) nələrdir?

Maliyyə hesabatlarında auditə qədər yol verilmiş təhriflər əhəmiyyətli təhriflərdir. Bu, iki komponentdən ibarət olmaqla təsdiqləmələr əsasında aşağıdakı şəkildə təsvir edilir:

1. Tərkib riski (Inherent risk) – əməliyyatların kateqoriyası, hesab qalıqları və ya açıqlamalar haqqında təsdiqləmələrin istənilən müvafiq daxili nəzarət vasitələrindən əvvəl istər öz-özlüyündə, istərsə də digər təhriflərlə birlikdə əhəmiyyətli ola biləcək təhriflərə meyilliliyidir.

2. Nəzarət riski (Control risk) – əməliyyatların kateqoriyası, hesab qalıqları və ya açıqlamalar haqqında təsdiqləmələrdə baş verə biləcək və istər öz-özlüyündə, istərsə də digər təhriflərlə birlikdə əhəmiyyətli ola biləcək təhrifin iqtisadi subyektin daxili nəzarət vasitələri tərəfindən vaxtında qarşısının alınmaması, aşkar və təshih edilməməsi riskidir.

Misal 1: Bəyan olunmuş satış 10.000 manat, reallıqda satış 9.000 manatdır. Arada qalan fərq 1.000 manat əhəmiyyətli təhrifdir. Çünki bu 10% fərq investorlar, kreditorlar və s. tərəfindən maliyyə analizinə və qərar qəbul edilməsinə əhəmiyyətli dərəcədə təsir edə bilər.

Nüfuzedici (pervasive) təhriflər nələrdir?

Təhriflərin maliyyə hesabatlarına təsirini və ya yetərli münasib audit sübutlarının əldə edilə bilməməsi səbəbindən aşkar oluna bilməyən təhriflərin maliyyə hesabatlarına mümkün təsirini (əgər olarsa) təsvir edir. Auditorun mühakiməsinə görə, maliyyə hesabatlarına nüfuzedici təsirlər bunlardır:

  • maliyyə hesabatlarının ayrı-ayrı elementləri, hesabları və ya maddələri ilə məhdudlaşmır;
  • əgər məhdudlaşarsa, maliyyə hesabatlarının xeyli hissəsini təmsil edir və ya edə bilər;
  • açıqlamalarla əlaqədar olaraq, istifadəçilərin maliyyə hesabatlarını başa düşmələri üçün əsaslı əhəmiyyət daşıyır.

Misal 2: Bəyan olunmuş satış 27.000 manat, real satış 30.000 manat, aradakı fərq 3.000 manat;

Bəyan olunmuş aktivlər 50.000 manat, real aktivlər 45.000 manat, aradakı fərq 5.000 manat;

Bəyan olunmuş nağd vəsait 10.000 manat, real nağd vəsait 8.000 manat, aradakı fərq 2.000 manat.

Burada yayınma bir neçə fərqli maddələrə təsir edir və bu da maliyyə hesabatının dürüstlüyünü bütövlükdə şübhə altına qoymaqla, nüfuzedici təhrifi əks etdirir.

Audit olunmuş maliyyə hesabatları hara və hansı müddətlərdə təqdim edilir?

Audit olunmuş maliyyə hesabatlarının təqdimedilmə müddətləri və ünvanları qurumlardan asılı olaraq fərqlənir. Adətən, hesabat ili bitdikdən sonrakı ilin 30 aprel və 30 iyun tarixlərinədək (konsolidasiya olunmuş maliyyə hesabatları təqdim edən şəxslər üçün) olan dövrdə hesabatlar təsisçiyə, tabe olduğu yuxarı quruma, Maliyyə Nazirliyinə, Mərkəzi Banka və s. təqdim edilir və ya dərc edilir.

Mənbə: vergiler.az

Dərzilərin vergi öhdəliyi necə müəyyənləşir?

503 saylı “Qısamüddətli konvertasiya olunan istiqrazlar” hesabı üzrə uçot

posted in: Xəbər | 0

İstiqrazlar

503 saylı “Qısamüddətli konvertasiya olunan istiqrazlar” hesabı qısamüddətli faiz xərcləri yaradan öhdəliklərin uçotu üçün nəzərdə tutulub. Belə öhdəliklər Hesablar Planının 50-cı maddəsi üzrə açılan hesablar üzrə qeydə alınır.

Hər bir müəssisənin fəaliyyətinin müəyyən mərhələsində borc vəsaitlərinə ehtiyacı olur. Bu ehtiyacı təmin etmək üçün müxtəlif vasitələrdən istifadə edir. Belə vasitələrdən  biri də müəssisənin nominal dəyəri üzərindən buraxdıqları qiymətli kağızlar – istiqrazdır.

Borc forması kimi istiqrazlar onu verən şəxs üçün əlavə vəsait mənbəyi rolunu oynayır. Bəzən onların buraxılışı məqsədyönlü xarakter daşıyır: maliyyələşdiriləcək proqram və ya obyektlərdən əldə ediləcək gəlirin bir hissəsi sonradan istiqrazlar üzrə gəlirin ödənişinə yönəldilir.

İstiqrazların iqtisadi mahiyyəti kreditləşməyə çox oxşardır. Onlar emitent üçün gəlir və xərclərin səviyyəsini, alıcı üçün isə gəlir səviyyəsini planlaşdırmağa imkan verir, lakin girov tələb etmir və tələb hüququnun yeni kreditora ötürülməsi prosedurunu sadələşdirir.

Gəlirliyə görə istiqrazlar aşağıdakı növlərə bölünür:

  • konvertasiya oluna bilən;
  • sabit dərəcəli;
  • üzən dərəcəli;
  • inflyasiyaya bağlı;
  • diskontlu.

Qısamüddətli konvertasiya olunan istiqrazlar üzrə uçot

Qiymətli kağızların bu növü öz sahiblərinə faiz almaq hüququndan əlavə həmin istiqrazları şirkətin səhmlərinə dəyişmək imkanı verir. Mühasibat uçotu baxımından müddətinə görə onlar iki qrupa bölünür və aşağıdakı hesablarda uçota alınırlar:

Sonuncu hesab 50-ci maddə (“Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər”) üzrə AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” uyğun açılan hesablardan biridir. Bu qaydaların 40.1 maddəsinə görə belə öhdəliklərin mühasibat uçotu üçün aşağıdakı hesablar açıla bilər.

Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər maddəsi, qısamüddətli konvertasiya olunan istiqrazlar

“Qısamüddətli konvertasiya olunan istiqrazlar” hesabı öhdəlik hesabıdır.

Hesab üzrə mühasibat yazılışlarının tənzimlənməsi

503 №li “Qısamüddətli konvertasiya olunan istiqrazlar” hesabında mühasibat uçotu subyektinin kapitala konvertasiya oluna bilən istiqrazlar (borc kağızları) buraxdığı zaman, konvertasiyası hesabat tarixindən sonra 12 ay ərzində həyata keçirilən həmin istiqrazlar barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

Qısamüddətli konvertasiya olunan istiqrazlar buraxıldıqda yaranan hallar sözügedən qaydaların 40.14-cü bəndinə əsasən tənzimlənir.

Belə öhdəliklər üzrə müsbət məzənnə fərqi yarandıqda mühasibat yazılışları qaydaların 40.15-ci bəndi əsasında aparılır.

İstiqrazlar kapitala keçirildiyi halda mümkün hallar bu qaydaların 40.16-cı bəndi ilə tənzimlənir.

Onlar ödənildikdə qaydaların 40.17-ci, üçüncü şəxs tərəfindən ödənildikdə isə 40.18-ci bəndi tətbiq olunur.

Qısamüddətli konvertasiya olunan istiqrazların bağışlanılması və ya iddia müddətinin keçməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada silinməsi zamanı yaranan hallar nəzərdə tutulan qaydaların 40.19-cu bəndilə tənzimlənir.

503 saylı hesab üzrə müxabirləşmə nümunələri

“Qısamüddətli konvertasiya olunan istiqrazlar” hesabı üzrə müxabirləşmə nümunələrinə baxaq.

Nümunə: “A” MMC  illik faizi 15% olan 6 ay müddətində 10000 manat dəyərində uzunmüddətli istiqrazlar buraxmışdır. İstiqrazların satışı başa çatdıqdan sonra əldə olunan məbləğ kassaya mədaxil edilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Müəssisə tərəfindən istiqrazlar buraxıldıqda 223 – Bank hesablaşma hesabları 503 – Qısamüddətli konvertasiay olunan istiqrazlar 10000.00
2 İstiqrazlarla bağlı əsas məbləğin faiz xərcləri hesablandıqda 242 – Gələcək hesabat dövrünün xərcləri 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 1000.00
3 Hesablanmış  faiz borcu ödəndikdə 537 – Faizlər üzrə qısamüddətli kreditor borclar 223 – Bank hesablaşma hesabları 1000.00
4 Faiz xərcləri maliyyə xərclərinə bağlandıqda 751 – Maliyyə xərcləri 242 – Gələcək hesabat dövrünün xərcləri) 1000.00
5 Hesabat ilinin sonunda faiz xərci ümumi mənfəət(zərər) hesabına bağlandıqda 801 – Ümymi mənfəət (Zərər) 751 – Maliyyə xərcləri 1000.00

Qısamüddətli konvertasiya olunan istiqrazlar mühasibat uçotunda həm də pul vəsaitlərinin ekvivalenti kimi tanınır.

216 saylı “Faizlər üzrə qısamüddətli debitor borcları” hesabı üzrə uçot

Kənar audit və auditor rəyi ilə bağlı vacib məqamlar

posted in: Xəbər | 0

Mövzunu “Consulting Group” MMC-nin direktor-auditoru Elçin Əkbərov şərh edir:

“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, audit əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır.

Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə, öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli audit məcburi, digər hallarda isə könüllüdür.

Auditor xidməti nədir?

Təsərrüfat subyektlərində müqavilə əsasında maliyyə-təsərrüfat fəaliyyəti sahəsində yoxlama, ekspertiza, təhlil aparmaq və yazılı rəy vermək, mühasibat uçotu qurmaq, hesabat göstəricilərinin dürüstlüyünü təsdiq etmək və auditorun peşə fəaliyyətinə (auditor təşkilatının nizamnamə məqsədlərinə) uyğun olaraq maliyyə-təsərrüfat münasibətləri sahəsində digər xidmətləri göstərmək auditor xidməti hesab edilir.

Hansı audit növləri var?

Ümumilikdə auditi 3 yerə bölmək olar: daxili audit, kənar audit, dövlət auditi.

Daxili audit: “Daxili audit haqqında” Qanuna əsasən, daxili audit təsərrüfat subyektinin fəaliyyətinin inkişafına və səmərəliliyinin yüksəldilməsinə yönəldilmiş risklərin idarə olunması, nəzarət və idarəetmənin səmərəliliyinin qiymətləndirilməsi və inkişafına sistemli yanaşmaqla, təsərrüfat subyektinə öz məqsədlərinə nail olmaqda köməklik edən obyektiv, təminatverici və məsləhətverici fəaliyyətdir.

Kənar audit: “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, audit əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır.

Dövlət auditi: “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununda qeyd olunur ki, auditor xidməti dövlət orqanlarının öz səlahiyyətləri daxilində təsərrüfat subyektlərinin fəaliyyətini yoxlamasını istisna etmir. Misal üçün, Vergi Məcəlləsində “elektron audit” termini var – vergi ödəyicisinin elektron formatda saxlanılan maliyyə (mühasibat) məlumatlarına xüsusi proqram təminatı vasitəsilə birbaşa və ya məsafədən çıxış imkanı yaradılmaqla aparılan vergi yoxlaması.

Auditor rəyi nədir?

“Auditor xidməti haqqında” Qanuna əsasən, auditor rəyi auditorun (auditor təşkilatının) imzası və möhürü ilə təsdiq olunmuş, audit aparılan təsərrüfat subyektinin maliyyə vəziyyətinə, maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinə, illik maliyyə hesabatları maddələrinin doğruluğuna, mühasibat uçotunun ümumi vəziyyətinə verdiyi qiyməti əks etdirən və bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idarəetmə orqanları, habelə məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti olan rəsmi sənəddir.

Auditor rəyini tələb etmək, eyni zamanda, vergi orqanlarının hüquqlarına aid edilib. Belə ki, Vergi Məcəlləsinin 23.1.4-cü maddəsində qeyd olunur ki, vergi ödəyicisi auditor tərəfindən yoxlanılmalı olduğu halda, auditor rəyi vergi orqanları tərəfindən tələb edilə bilər.

Kənar audit və auditor rəyi kimlər üçün məcburidir?

1. Məhdud məsuliyyətli cəmiyyət: Mülki Məcəlləsinin 91.4-cü maddəsinin tələblərinə uyğun olaraq, (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir.

2. Səhmdar cəmiyyətləri illik hesabatlarını və maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) hamının tanış olması üçün hər il dərc etməyə borcludur. Bu zaman o, illik maliyyə hesabatlarının yoxlanılması üçün müstəqil auditor cəlb etməyə borcludur.

Bundan başqa, nizamnamə kapitalında məcmu payı 10 faiz və daha çox olan səhmdarların tələbi ilə səhmdar cəmiyyətinin fəaliyyətinin auditor yoxlanışı istənilən vaxt keçirilməlidir.3. Bank olmayan kredit təşkilatları;

4. Sığorta təşkilatları;

5. İnvestisiya fondları və onun depozitarı;

6. İnvestisiya şirkəti;

7. Fond birjası;

8. Klirinq təşkilatı.

Aidiyyəti şəxslə bağlanması nəzərdə tutulan əqdin dəyəri hüquqi şəxsin aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil etdikdə, Mülki Məcəllənin 49-1.2. maddəsinin tələblərinə uyğun olaraq, həmin əqd hüquqi şəxs tərəfindən cəlb edilmiş müstəqil auditorun rəyi və hüquqi şəxsin iştirakçılarının ümumi yığıncağının sadə səs çoxluğu ilə qəbul edilmiş qərarı ilə bağlanılır.

Mülki Məcəllənin 49-1.1-ci maddəsinə əsasən, hüquqi şəxsə aidiyyəti olan şəxslər aşağıdakılardır:

  • hüquqi şəxsin Direktorlar Şurasının (Müşahidə Şurasının) və icra orqanının rəhbəri və üzvləri;
  • hüquqi şəxsin struktur bölməsinin (filial, nümayəndəlik, idarə və s.) rəhbəri;
  • yuxarıdakı bəndlərdə göstərilən şəxslərin qohumları (əri (arvadı), valideynləri, o cümlədən ərinin, arvadının valideynləri, babaları və nənələri, övladları, övladlığa götürənləri (götürülənləri), qardaşları və bacıları);
  • hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz və daha çox paya birbaşa və ya dolayı yolla malik olan hər hansı şəxs;
  • yuxarıdakı 4.1., 4.2. və 4.4. bəndlərində göstərilən şəxslərin birbaşa və ya dolayısı ilə iştirak etdiyi hüquqi şəxslər;
  • hüquqi şəxsin nizamnamə kapitalında ən azı 20 faiz payla iştirak etdiyi hüquqi şəxs;
  • yuxarıdakı 4.4. və 4.6. bəndlərində göstərilən hüquqi şəxslərdə ən azı 20 faiz paya (səhmlərə) malik olan hər hansı şəxs;
  • yuxarıdakı 4.4. və 4.6. bəndlərində göstərilən hüquqi şəxslərin Direktorlar Şurasının (Müşahidə Şurasının) və icra orqanlarının rəhbərləri;
  • “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş, müvafiq olaraq, banklara, bank olmayan kredit təşkilatlarına və investisiya fondlarına aidiyyəti olan digər şəxslər.

Təsərrüfat cəmiyyəti iştirakçısının mayasının pulla qiymətləndirilməsi Mülki Məcəllənin 64.9. maddəsinin tələblərinə uyğun olaraq, cəmiyyətin təsisçiləri (iştirakçıları) arasında razılaşmaya əsasən yerinə yetirilir və müstəqil ekspert yoxlamasından (auditdən) keçirilməlidir.

Məcburi auditdən yayınmağa görə cərimələr

İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən, “Auditor xidməti haqqında” Qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300-600 manat arası, hüquqi şəxslər isə 1.500-2.500 manat arası məbləğdə cərimə edilir.

Başqa hansı hallarda auditor cəlb edilə bilər?

Ləğv ediləcək hüquqi şəxsin bütün kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinin olub-olmamasını təsdiq etmək üçün Mülki Məcəllənin 59.2-1-ci maddəsinin tələblərinə uyğun olaraq, iştirakçıların ümumi yığıncağı müstəqil auditor cəlb edə bilər. Müstəqil auditor hüquqi şəxsin ödəmə qabiliyyətinin olmasını öz rəyi ilə təsdiq etdikdə, həmin rəy hüquqi şəxsin cari fəaliyyətinə rəhbərlik edən icra orqanından hüquqi şəxsin bütün kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanata (aktiv və passivlərinin vəziyyəti barədə) bərabər tutulur. Ümumi yığıncaq o halda müstəqil auditor cəlb edir ki, icra orqanı yuxarıda qeyd olunan bəyanatın qəbul edilməsinin mümkünsüzlüyünü bildirsin:

  • nizamnamə kapitalının artırılması üçün;
  • mühasibatlığın, vergi, hüquq və kadr qanunvericiliyinə riayət olunmasının auditinin aparılması üçün;
  • səlahiyyətli dövlət orqanlarının sifarişi ilə aparılan auditlər üçün.

Hansı hallarda maliyyə hesabatları dərc etdirilməlidir?

Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim olunması və dərc edilməsi qaydalarına əsasən, illik maliyyə hesabatları və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları auditor rəyi ilə birlikdə aşağıda qeyd olunan qurumların internet səhifəsində və ya mətbu orqanda dərc edilməlidir:

  • ictimai əhəmiyyətli qurumlar;
  • birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatları (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla);
  • dövlət zəmanəti ilə kredit alan kommersiya təşkilatları;
  • dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən kommersiya təşkilatları;
  • büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları.

İctimai əhəmiyyətli qurumlara hansılar daxildir?

Aşağıda sadalananlar ictimai əhəmiyyətli qurumlar hesab edilirlər:

  • publik hüquqi şəxslər;
  • ictimai birliklər və fondlar;
  • dini qurumlar;
  • kredit təşkilatları;
  • sığortaçılar və təkrarsığortaçılar;
  • investisiya fondları və bu fondların idarəçiləri;
  • qeyri-dövlət (özəl) sosial fondlar;
  • qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər;
  • qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər;
  • media ilə məhsullarının istehsalını və (və ya) yayılmasını həyata keçirən hüquqi şəxslər;
  • telekommunikasiya xidməti göstərən müəssisələr;
  • poçt müəssisələri;
  • müntəzəm sərnişin və yük daşımalarını həyata keçirən nəqliyyat müəssisələri;

“Kommersiya təşkilatlarının (kredit təşkilatlarından, sığorta şirkətlərindən, investisiya fondlarından və bu fondların idarəçilərindən, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərdən, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəriciləri”nə cavab verən hüquqi şəxslər, yəni aşağıdakı tələblərdən hər hansı birinə və ya bir neçəsinə cavab verən kommersiya təşkilatları:

İllik gəlir

(mln.manat)

Hesabat ili ərzində işçilərin orta hesabla sayı

(nəfər)

Balansın yekun məbləği

(mln.manat)

200,0 1500 500,0

Mənbə: vergiler.az

Ezamiyyə əmri üçün nümunələr

1 281 282 283 284 285 286 287 2. 692