Torpaq vergisinin hesablanması

posted in: Xəbər | 0

Verginin hesablanması qaydası

Əgər torpağa mülkiyyət yaxud ondan istifadə hüququnu təsdiq edən sənədiniz varsa, siz torpaq vergisi ödəyici sayılırsınız. Tikili, qurğu altındakı, habelə obyektlərin sanitariya mühafizəsinə görə zəruri olan torpaq sahələri vergiyə cəlb olunur. Bəs vergi ödəyicilərində torpaq vergisi nece hesablanır? Fiziki və hüquqi şəxslərin torpaq vergisinin hesablanması qaydası Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 208-ci maddəsində şərh olunub.

Hesablamalar mülkiyyət yaxud istifadə hüququnu təsdiq edən sənəd əsasında həyata keçirilir. Sahənin ölçüsü və kateqoriyası haqqında məlumatları bu sənəddən əldə etmək olar. Həmin məlumatlar vergi məbləğinin hesablanması zamanı istifadə edilir.

Məcəllənin müddəaları əsasında fiziki və hüquqi şəxslərin torpaq vergisinin hesablanması qaydası aşağıdakı kimi müəyyən edilə bilər:

illik torpaq vergisi = torpaq sahəsinin ölçüsü * vergi dərəcəsi

Verginin hesablanması ardıcıllığı torpaqların təyinatından asılıdır. Vergi Məcəlləsində torpaqların istifadə təyinatına görə təsnifatı aşağıdakı kimidir:

Torpaqların istifadə təyinatına görə təsnifatı

1. Kənd təsərrüfatı torpaqları

2. Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar

3. Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar

4. Təyinatı üzrə istifadə edilən və ya müxtəlif səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları

Qeyd edilən hər bir qrup üzrə torpaq vergisi nece hesablanır? Gəlin, bunu nümunələrlə izah edək.

Kənd təsərrüfatı fəaliyyətində torpaq vergisi

Kənd təsərrüfatı təyinatlı torpaqların mülkiyyətçisi yaxud istifadəçisi olan fiziki və hüquqi şəxslərin torpaq vergisinin hesablanması qaydası AR Vergi Məcəlləsində əks olunub. Hesablama zamanı tətbiq edilən vergi dərəcəsi Məcəllənin 206-cı maddəsinə əsasən müəyyən edilir.

Kənd təsərrüfatı ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan torpaqları aşağıdakı kimi qruplara bölmək olar:

  1. Təyinatı üzrə istifadə edilən;
  2. Təyinatı üzrə istifadəsi müəyyən səbəblərdən mümkün olmayan;
  3. Digər kənd təsərrüfatı torpaqları.

İlk iki qrupa daxil olan fiziki və hüquqi şəxslərin torpaq vergisinin hesablanması qaydası Məcəllənin 206.1-1 maddəsində şərh edilir. Torpağın təyinatına görə istifadə ediləməməsi irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən ola bilər. Səbəblərin müəyyən olunması meyarları burada şərh edilib. Belə torpaqlar üçün torpaq vergisinin hesablanması hər şərti bal üçün 0,06 manat olmaqla aparılır. Kadastr qiymət rayonları üzrə müəyyən edilən şərti ballar AR Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

Üçüncü qrupa aid olan torpaqlar təyinatı üzrə istifadə edilməyən kənd təsərrüfatı torpaqlarıdır. Həmin torpaqlara mülkiyyət yaxud istifadə hüququ olan fiziki və hüquqi şəxslərin torpaq vergisinin hesablanması qaydası Məcəllənin 206.1 maddəsində şərh edilib. Hesablamalar zamanı belə torpaqların 100 kv.m-nə 2 manat sabit vergi məbləği tətbiq edilir.

Nümunə 1: Şərur rayonunun Oğlaq qəsəbəsində vətəndaş Namiq bəyin mülkiyyətində əkin sahəsi var. Sahənin həcmi 1.6 hektar, I keyfiyyət qrupudur.

Həmin qrup üzrə torpağın şərti balı 53 təyin edilib. Vətəndaş qeyd edilən torpaq sahəsinin 1 hektarını taxıl əkini, digər 0.6 hektarını təyinatına uyğun olmayaraq quşçuluq təsərrüfatı məqsədləri üçün işlədir.

Təyinatına müvafiq istifadə edilən hissəyə 3.18 AZN (53 * 0.06 * 1), təyinata görə istifadə edilməyən 0.6 ha torpaq sahəsinə görə 120 AZN (6000  : 100) * 2 ) vergi ödənilməlidir.

Kənd təsərrüfatı təyinatlı olmayan torpaqlara verginin hesablanması

Belə torpaqlara aşağıdakılar aid edilə bilər:

  • xüsusi təyinatlı torpaqlar (məsələn, sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti təyinatlı);
  • yaşayış fondlarının, habelə vətəndaşların həyətyanı torpaqları və bağ sahələrinin torpaqları.

Belə torpaqlara uyğun hüquqi sənədi olan fiziki və hüquqi şəxslərin torpaq vergisinin hesablanması qaydası AR VM-in  206.3 maddəsinin tələblərinə uyğun müəyyən edilir. Bu maddədə müəyyən edilmiş torpaq vergisi dərəcələri torpaq sahəsinin  ölçülərinə görə fərqlənir. Belə ki, torpaq sahəsinin:

  • 10000 m² – dək olan hissəsi üçün bir;
  • 10000 m² – dən yuxarı olan hissəsi üçün isə başqa vergi dərəcəsi tətbiq edilir.

Sabit məbləğ formasında ifadə olunan vergi dərəcələri haqqında “Torpaq vergisinin dərəcələri hansılardır?” adlı məqalədən tanış ola bilərsiniz.

Nümunə 2: Sahibkarlıq fəaliyyətini həyata keçirən “Aqro” MMC-nin 7500 kv.m sənaye təyinatlı torpaq sahəsi, həmçinin həmin torpağa mülkiyyət hüququnu təsdiq edən sənədi var. Bunun 3200 kv.m-i tikililərin, 2700 kv.m-i qurğuların altında qalıb. Hüquqi şəxs mülkiyyətində olan torpaq sahəsindən tam istifadə etməsə də, vergini 7500 kvadrat metrə görə hesablayaraq dövlət büdcəsinə ödəyəcək.

Nümunə 3: Hüquqi şəxsin Bakı şəhərində sənaye təyinatlı 5750 kv.m, Gəncə şəhərində isə tikinti təyinatlı 1000 kv.m. torpaq sahəsi var. Torpaq vergisini hesablayaq.

Bakı şəhərində  (5750 : 100 ) * 10 = 575;

Gəncə şəhərində  (1000 : 100 m) * 8 = 80;

Hüquqi şəxsin cəmi ödəməli olduğu torpaq vergisinin məbləği: 655=(575 + 80) manat olacaqdır

Nümunə 4: Fiziki şəxsin Bakı şəhərində 5 sot, Abşeron rayonunda 8 sot, Mingəçevir şəhərində 12 sot, Füzuli rayonunun Alxanlı kəndində isə 20 sot həyətyanı sahəsi var. 1sot = 100 kv.m. olduğunu nəzər alaraq fiziki şəxsin torpaq vergisini hesablayaq. Nəzərə almaq lazımdır ki, müxtəlif regionlar üçün torpaq vergisi dərəcəsi fərqlidir.

Bakı şəhərində  (500 : 100) * 0.6 = 3;

Abşeron rayonunda  (800 : 100 ) * 0.5 = 4;

Mingəçevir şəhərində (1200 : 100) * 0.3 = 3.6;

Füzuli rayonunun Alxanlı kəndində (2000 : 100) * 0.1 = 2;

Fiziki şəxsin cəmi ödəməli olduğu torpaq vergisinin məbləği 12,6= (3 + 4 + 3.6 + 2) manat təşkil edəcəkdir.

Torpaq vergisi üzrə digər nüanslar

Bəzən elə olur ki, eyni torpağın üzərində istifadə hüququ qarışıq olur, yəni torpaq sahəsi müxtəlif şəxslər tərəfindən istifadə olunur. Bəs birgə istifadə zamanı torpaq vergisi nece hesablanır? Nümunəyə baxaq.

Nümunə 5: Sahibkarlıq məqsədləri üçün istifadə edilən bina 3 fiziki və bir hüquqi şəxsə məxsusdur. Tikilinin altında yerləşən torpaq sahəsi 1200 kvadrat metrdir. Birinci və ikinci fiziki şəxsin hər birinə 275 kvadrat metr, üçüncü şəxsə 200 kvadrat metr, hüquqi şəxsə 450 kvadrat metr tikinti sahəsi düşür. Bu şəxslərin ödəyəcəyi vergini hesablayaq.

Ümumi torpaq sahəsinə görə vergi məbləği :

(1200 : 100) * 10 = 120 manat

Birinci və ikinci fiziki şəxsin payı (275 : 1200) * 100 = 22.92 %, uyğun olaraq hər biri üçün vergi 27,50 manat;

Üçüncü fiziki şəxsin payı (200 : 1200) * 100 = 16.66 %, uyğun olaraq vergi 20 manat;

Hüquqi şəxsin payı: (450 : 1200) * 100 = 37.5 %, uyğun olaraq vergi 45 manat olacaq.

Fiziki və hüquqi şəxslərin torpaq vergisinin hesablanması qaydası haqqında danışarkən Vergi Məcəlləsində qeyd edilmiş aşağıdakı nüanslar da nəzərə alınmalıdır:

  • vergitutma obyektinin dəqiq təyin edilməsi;
  • vergi güzəştlərini tətbiq etməklə vergitutma bazasının düzgün təyini;
  • vergi dərəcəsinin torpağın təyinat istiqamətlərinə uyğun seçilməsi;
  • torpağın keyfiyyət və kəmiyyət göstəricilərinin müəyyən edilməsi;
  • ödəmələrin büdcə səviyyəsinə görə (dövlət yaxud bələdiyyə) düzgün həyata keçirilməsi və sair.

Son olaraq qeyd edək ki, hesablanmış torpaq vergisi gəlir (mənfəət) vergisi məqsədləri üçün məhdudlaşdırılmadan gəlirdən çıxıla bilər.

Nümunə 6: “Mars pro” ASC 2021-ci il ərzində 7100 manat torpaq vergisi, 12000 manat əmlak vergisi hesablayıb. Cəmiyyətin həmin təqvim ili üçün ümumi gəliri 420000 manat, gəlirdən çıxılan xərcləri isə hesablanmış torpaq, habelə əmlak vergiləri nəzərə alınmadan 270000 manat olmuşdur. Mənfəət vergisini hesablayaq:

Səhmdar cəmiyyəti hesabladığı torpaq vergisini VM-nin 119-cu maddəsinə əsasən ümumi gəlirdən çıxa bilər. Onun vergiyə cəlb edilən mənfəəti:

420.000 – (270.000+7.100+12.000) = 130.900 manat olacaq.

Beləliklə, məqalədə fiziki və hüquqi şəxslərin torpaq vergisinin hesablanması qaydasını izah etdik. Digər vergilərin hesablanması ilə saytımızın “Vergi” bölməsindən tanış ola bilirsiniz.


Fəaliyyətini dayandırmış hüquqi şəxs fəaliyyətini aktivləşdirmək üçün nə etməlidir?

posted in: Xəbər | 0

hüquqi şəxsin fəaliyyətinin onlayn bərpası, kameral məktub, yol vergisi üzrə kameral vergi yoxlaması, kameral vergi məktubu, kameral yoxlama, kameral vergi yoxlaması, mənfəət vergisi, kameral vergi məktubu, uyğunsuzluq məktubu, kameral vergi yoxlaması, əsas və əlavə iş yeri, əsas vəsaitlər, əsas vəsait, "daxildə emal" xüsusi gömrük proseduru,Fəaliyyətini 5 il müddətinə dayandırmış hüquqi şəxs fəaliyyətini həmin müddət ərzində yenidən bərpa edə bilərmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, fəaliyyətini dayandırmış hüquqi şəxsin fəaliyyətini aktivləşdirməsi üçün hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Bunun üçün müvafiq qaydada tərtib olunmuş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında Arayış” vergi orqanına təqdim edilməlidir.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə ətraflı məlumatı səhifəmizin “Elektron xidmətlər” bölməsindəki “Hüquqi şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament vasitəsilə və ya “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları” altbölməsindən əldə edə bilərsiniz.

Qeyd: Vergi ödəyicilərinin vergi orqanı tərəfindən verilən kod-paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq imkanı 2024-cü il yanvarın 1-dək qüvvədədir.

Əsas: Vergi Məcəlləsinin 16.3-cü və 16.5-ci maddələri, Vergilər Nazirliyinin Kollegiyasının 23.09.2016-cı il tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hüquqi şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament.

Mənbə: vergiler.az


Əmlak vergisinin dərəcəsi

posted in: Xəbər | 0

Fiziki şəxslərin əmlak vergisinin dərəcəsi

Azərbaycan vergi qanunvericiliyinə görə sahibkarlıq fəaliyyəti ilə məşğul olan (fərdi sahibkarlar) və məşğul olmayan fiziki şəxslərin əmlak vergisi fərqli hesablanır və ödənir.  Bu məqalədə sadəlik üçün onları fiziki şəxslər və fərdi sahibkarlar adlandıracağıq. Fiziki şəxslərin binalar və nəqliyyat vasitələri üçün fərqli əmlak vergisinin dərəcəsi tətbiq olunur.

Binalar üçün əmlak vergisinin dərəcələri

Rezident və qeyri-rezident fiziki şəxslərin mülkiyyətində olan binaya görə əmlak vergisi binanın (evin, mənzilin, qeyri – yaşayış sahəsinin, digərlərinin) sahəsi ilə vergi dərəcəsinin hasili kimi hesablanır. Bu məqsədlə fiziki şəxslərin əmlak vergisinin dərəcələri aşağıdakı şəkildə verilib:

 Bakı, Gəncə, Sumqayıt və digər şəhərlərdə ev, yaşayış sahələri, qeyri mənzil sahəsi üzrə fiziki şəxslərin əmlak vergisi dərəcələri

Nümunə 1: Gəncə sakini olan şəxsin mülkiyyətində olan mənzilin sahəsi 70 kv.m-dir. Eyni zamanda sahibkarlıq fəaliyyətində sahəsi 35 kv.m obyektdən istifadə edir. Ödəniləcək məbləği tapaq.

Məcəlləyə əsasən mənzilin 30 kv.m-lik hissəsi ümumi sahədən çıxılır (bax: Əmlak vergisindən azadolmalar və güzəştlər),qalan hissənin hər 1 kvadrat metrinə 0.3manat dərəcə tətbiq edilir. Emlak vergisi:

(70– 0) × 0.3 = 12 manat

Sahibkarlıq fəaliyyətində istifadə edilən sahəsi 35 kv.m olan obyektə güzəşt nəzərdə tutulmayıb, həmin əmlaka görə vergi 35 × 0.3 = 10.5 manat olacaq.

Əgər bina Bakıda yerləşərsə fiziki şəxsin əmlak vergisi dərəcələrinə əmsallar tətbiq olunur.  Zonalar və zona əmsalları haqqında buraya keçid etməklə tanış olmaq olar.

Nəqliyyat vasitələri üçün əmlak vergisinin dərəcəsi

Rezident fiziki şəxslərin su, hava nəqliyyatı vasitələrinə tətbiq edilən əmlak vergisi dərəcələri aşağıdakı kimidir:

  • mühərriki olanlar –  hər kub sm.-ya görə 0,02manat
  • mühərriki olmayanlar –  bazar qiymətinin 1%-i.

Nümunə 1: Fiziki şəxs 950 kub smhəcmli mühərrikə malik motorlu katerə mülkiyyət hüququna sahibdir. Kater üçün bu şəxsin emlak vergisi öhdəliyini hesablayaq. Fiziki şəxsin əmlak vergisi dərəcəsi 0,02 manat olduğundan vergi öhdəliyi 950 × 0.02 = 19 manat olacaqdır.

Müəssisələrin və fərdi sahibkarların vergi dərəcələri

Fərdi sahibkarlar da müəssisələr kimi, balanslarında olan əsas vəsaitlərə görə əmlak vergisi ödəyirlər. Fərdi sahibkarların və müəssisələrin əmlak vergisinin dərəcələri Məcəllənin 198.2 maddəsi ilə müəyyən edilir və 1 faiz təşkil edir.

Emlak vergisi əsas vəsaitlərinin orta illik qalıq dəyərinə əmlak vergisinin dərəcəsini tətbiq etməklə hesablanır. Əsas vəsaitlərinin orta illik qalıq dəyəri Vergi Məcəlləsinin 202-ci maddəsinə əsasən müəyyən edilir. Nümunəyə baxaq.

Nümunə 2:“ABC” müəssisəsininəsas vəsaitlərinin vergiyə cəlb edilən əsas vəsaitlərinin orta illik qalıq dəyəri 36500 manatdır. Müəssisələrin əmlak vergisi dərəcəsini tətbiq etsək, “ABC”-nin ödəməli olduğu emlak vergisi məbləği : 36500 × 1% = 365 manat olacaq.

Fərdi sahibkarların və müəssisələrin əsas vəsaitlərinin orta illik qalıq dəyərinin hesablanması haqqında daha ətraflı bizim məqalədən oxuya bilərsiniz.

Fərdi sahibkarlar üzrə hesablamalar zamanı əmlak vergisinin dərəcəsi tətbiq edilən əsas vəsaitlərin orta illik qalıq dəyərinin tərkibində AR VM-in  197.1.1-ci maddəsində göstərilən istisnalar nəzərə alınmalıdır. Yəni, fiziki şəxsin mülkiyyətində olan binalar, habelə su və hava nəqliyyatı vasitələri hesablamaya daxil edilmir.


Bələdiyyə vergiləri: hesablamalar və güzəştlər

posted in: Xəbər | 0

vergi güzəştləri, yol vergisi, vergitutma obyekti, yol vergisinin vergitutma obyekti, vergi güzəşti, şəhid ailəsi statusu,Bələdiyyə vergilərinin hesablanması, güzətlərin və azadolmaların tətbiqi ilə bağlı yaranan suallara sərbəst auditor Altay Cəfərov aydınlıq gətirir.

27 dekabr 2001-ci il tarixli 244-IIQ nömrəli “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunun 8-ci maddəsinə əsasən, yerli vergilərə aşağıdakılar aiddir:

  • Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi;
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198.1-ci maddəsində nəzərdə tutulan halda fiziki şəxslərin əmlak vergisi;
  • Bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisi.

Konkret hansı fiziki şəxslərə torpaqəmlak vergisi tətbiq edilir?

Bələdiyyələr fiziki şəxslərdən (vətəndaşlardan) binalara (evlərə), su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisini tələb edə bilərlər və fiziki şəxslər həmin vergini bələdiyyəyə ödəməlidirlər.

Bələdiyyələr fiziki şəxslərlərdən (vətəndaşlardan) müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilməklə tələb edir. Fiziki şəxslər isə bələdiyyələr tərəfindən təqdim edilmiş tədiyə bildirişlərinə əsasən vergini bələdiyyəyə ödəyirlər.

Bələdiyyələrin fiziki şəxslərlərdən (vətəndaşlardan) sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı, yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlarlar üzrə müvafiq dərəclərlə torpaq vergisini tələb etmək hüququ vardır.

Bundan əlavə, Nazirlər Kabineti tərəfindən kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla, şərti ballar müəyyənləşdirilir.

Bəs yerli ödənişlər nələri əhatə edir?

“Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunun 9-cu maddəsinə əsasən, yerli ödənişlərə aşağıdakılar aiddir:

  • bələdiyyə mülkiyyətində olan daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı ödəniş;
  • Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, icarəyə və istifadəyə verilməsindən daxil olan ödəniş;
  • bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödəniş;
  • bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş. Bu ödəniş hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla müəyyən edilir;
  • bələdiyyə ərazilərində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş. Bu ödəniş hər bir nəqliyyat vasitəsi üçün sutkada 0,1 manatdan çox olmamaqla müəyyən edilir.
  • qanunvericilikdə nəzərdə tutulmuş qaydada bələdiyyələr yerli əhəmiyyətli proqramların maliyyələşdirilməsi üçün yerli rəy sorğusunun nəticəsinə əsasən hüquqi və fiziki şəxslərin sərəncamında qalan mənfəət və gəlirlər hesabına ödənilən könüllü birdəfəlik ödənişlər tətbiq edə bilər. Bu ödənişlərdən yalnız təyinatı üzrə istifadə olunmalıdır.

Bir çox hallarda bələdiyyələr hüquqi şəxslərə (bələdiyyə mülkiyyətində olmayan) torpaq vergisinin ödənilməsi ilə bağlı məktublar təqdim edir. Bu, qeyri-qanunidir.

Yuxarıda açıqladığımız kimi, bələdiyyələr ancaq fiziki şəxslərdən, yəni vətəndaşlardan torpaq vergisini tələb edə bilərlər. Hüquqi şəxslərin torpaq sahələri olduğu halda belə, bələdiyyənin onlardan torpaq vergisi tələb etmək hüququ yoxudr. Bu hallarda torpaq vergisi vergi orqanları tərəfindən hesablanılır və yığılır.

Bələdiyyə vergiləri və yığımları üzrə vətəndaşlara güzəşt və ya azadolma tətbiq olunurmu?

“Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, bələdiyyələr vergi qanunvericiliyinə uyğun olaraq vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını vergidən tam və ya qismən azad edilməsi, vergi dərəcələrinin aşağı salınması barədə qərar qəbul edə bilərlər.

Bununla yanaşı, Vergi Məcəlləsinin özündə də torpaq və əmlak vergiləri ilə bağlı güzəştlər nəzərdə tutulur.

Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən, vətəndaşların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə – onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə müvafiq vergi dərəcələri tətbiq olunur. Bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilir. Yəni yaşayış sahələrinə görə bələdiyyələr əmlak vergisini hesablayan zaman hesablanmış vergini 30 manat azaldırlar. Ancaq bu güzəşt qeyri-yaşayış sahələrinə tətbiq edilmir.

Vergi Məcəllənin 199.3.-cü maddəsində isə göstərilib ki, bu Məcəllənin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manat azaldılır.

Məcəllənin 207.2.-ci maddəsinə əsasən, bu Məcəllənin 102.2-ci maddəsində göstərilən şəxslərin, yəni:

  • Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının;
  • Azərbaycanın Milli Qəhrəmanlarının;
  • Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının;
  • həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının;
  • 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərin;
  • qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin;
  • Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslərin mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləği 10 manat azaldılır.

Misal. Tutaq ki, fiziki şəxsin 100m2 yaşayış binası, 50m2 qeyri-yaşayış binası, 1 ha torpaq sahəsi vardır və o, pensiyaçıdır. Bu halda, birinci güzət olaraq, 30 m2 yaşayış sahəsi üçün əmlak vergisi tutulmayacaq:

100 – 30 = 70m2

70 + 50 = 120m2

Cəmi 120m2 üçün əmlak vergisi hesablanacaq. Vətəndaş pensiyaçı olduğuna görə hesablanan əmlak vegisinə ikinci güzəşt tətbiq edilərək məbləğ 30 manat azaldılacaq. Torpaq vergisinə görə isə güzəşt verilməyəcək. Çünki Vergi Məcəlləsinin 207.2-ci maddəsində pensiyaçılara güzəşt nəzərdə tutulmayıb.

Bələdiyyələrin özləri vergi güzəştlərini necə verə bilərlər?

Yuxarıda qeyd etdik ki, bələdiyyələr vergi qanunvericiliyinə uyğun olaraq vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını vergidən tam və ya qismən azad etmək, vergi dərəcələrini aşağı salmaq barədə qərar qəbul edə bilərlər. Qeyd edək ki, bələdiyyələr bu güzəştləri və ya azadedilmələri Vergi Məcəlləsində göstərilmiş vergilərə tətbiq edilə bilər.

“Bələdiyyələrin statusu haqqında” Qanunun 43-cü maddəsində göstərilib ki, yerli vergiləri, ödənişləri, habelə onların ödənilməsi üzrə güzəştləri bələdiyyələr Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və qanunlarına uyğun müəyyənləşdirirlər. Yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilir. Bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qadağandır. Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir.

Son olaraq qeyd edək ki, güzəşt tətbiq edilən kateqoriyaların siyahısı birbaşa konkret qanunvericlik ilə müəyyənləşdirilməyib, onları bələdiyyələr özləri müəyyənləşdirir. Güzəşt və azadedilmələr barədə qararlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir.

Güzəşt və azadolmaları qəbul edən bələdiyyələr ildə bir dəfə hesabatlarını vətəndaşlara açıqlamalıdırlar.

Mənbə: vergiler.az


1 531 532 533 534 535 536 537 2. 690