Fiziki şəxslərin gəlir vergisi bəyannaməsi

posted in: Xəbər | 0

Gəlir vergisi ödəyiciləri və vergitutma obyekti

Fiziki şəxslərin gəlir vergisinin bəyannaməsi üzrə müddətlər haqqında danışmazdan öncə gəlir vergisi ödəyiciləri və vergitutma obyektləri barədə qısa məlumat verək. Çünki bu vergi növü üzrə vergitutma obyektləri hazırlanmalı olan hesabatlara da təsir edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin VIII fəsli fiziki şəxslərin gəlir vergisi üzrə əsas müddəaların şərhinə həsr olunub. Məcəllənin 95-ci maddəsinə görə bu verginin ödəyiciləri rezident və qeyri-rezident fiziki şəxslərdir. Vergitutma obyektlərini 96-cı maddəsinə əsaslanaraq aşağıdakı kimi qruplaşdıra bilərik:

  • rezident fiziki şəxslərin vergiyə cəlb edilən gəlirləri;
  • xüsusi notariusların notariat hərəkətlərinə, göstərilən xidmətlərə görə aldığı haqlar;
  • ödəmə mənbəyində tutulan vergilər üzrə, vergiyə cəlb olunan gəlirlər;
  • qeyri-rezident fiziki şəxsin vergiyə cəlb edilən gəlirləri.

Gəlir vergisi bəyannaməsi üzrə müddətlər

Fiziki şəxslərin gəlir vergisi bəyannaməsinin təqdim edilməsi üzrə müddətlər, bunları nəzərə almaqla, aşağıdakı kimi qruplaşdırıla bilər:

  • fiziki şəxslərin gəlir vergisi bəyannaməsi – hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq;
  • cari ödəmələr üzrə arayış – hər rüb başa çatdıqdan sonra 15 gün ərzində;
  • xüsusi notariusların gəlir vergisi bəyannaməsi – hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq;
  • idman mərc oyunlarından, lotereyalardan, habelə digər yarış və müsabiqələrdən uduşlar əldə edən şəxsdən ödəmə mənbəyində tutulan gəlir vergisinin bəyannaməsi – hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq.

Ödəmə mənbəyində tutulan vergilər hüquqi şəxslərin və fərdi sahibkarların öhdəlikləri hesab olunur, vergi bəyannaməsi vergini tutan şəxslər tərəfindən təqdim edilir. Məsələn, “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)” vergi ödəyiciləri tərəfindən uçotda olduqları vergi orqanına rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq və hər rüb üçün ayrı-ayrılıqda təqdim edilir.

Gəlir vergisi ödəyiciləri aşağıdakı hallarda gəlir vergisi bəyannaməsini 30 gün müddətində vergi orqanına təqdim etməlidir:

Mühasibat xidmətləri
  • AR ərazisində sahibkarlıq fəaliyyətini dayandırdıqda;
  • AR ərazisində xitam verdikdə.

Hesabat dövrü vergi ilinin əvvəlindən sahibkarlıq fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir. Bəyannamə verməli olmayan fiziki şəxs verginin yenidən hesablanması və vəsaitlərin qaytarılması haqqında tələb irəli sürülən bəyannamə verə bilər.

Hesabatların təqdim edilməsi tarixi iş günü olmayan dövrə təsadüf edərsə, hesabatın təqdim olunması müddəti ayın 20-dən sonra gələn birinci iş gününə qədər artırılır. 

Gəlir vergisi bəyannaməsi necə hazırlanır?

Vergi hesabatları elektron, yaxud kağız daşıyıcıda təqdim edilə bilər. Gəlir vergisi bəyannaməsinin kağız daşıyıcıda hazırlamaq üçün formanı və onun doldurulma qaydası haqqında təlimatı buradan yükləmək olar.

Vergi hesabatlarının elektron daşıyıcıda hazırlamaq üçün Bəyannamə Tərtibat Proqramından (BTP) olunur. Bu məqsədlə BTP-ni İnternet Vergi İdarəsinin saytının “E-Bəyannamə” hissəsinin “Lazımlı proqramlar” bölməsindən yükləmək və kompüterdə quraşdırmaq lazımdır.

Gəlir vergisi bəyannaməsi İnternet Vergi idarəsinin saytında yüklənir və quraşdırılır

 

Fiziki şəxslərin gəlir vergisinin bəyannaməsinin hazırlama ardıcıllığı Dövlət Vergi Xidməti tərəfindən hazırlanmış videoda ətraflı şərh olunub.

Hazırlanmış hesabat real vaxt rejimində, İnternet Vergi İdarəsinə gücləndirilmiş elektron imzadan istifadə etməklə daxil olaraq göndərilir.

Qeyd edək ki, Vergi Məcəlləsinin 57-ci maddəsində  hesabatın və digər məlumatın təqdim edilməsi ilə bağlı hüquqpozmalara görə maliyyə sanksiyaları nəzərdə tutulub. Məsələn, gəlir vergisi bəyannaməsini əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə 40 manat maliyyə sanksiyası tətbiq edilə bilər.