Dəfn üçün müavinətin hesablanması və verilməsi

posted in: Xəbər | 0
birbank biznes

Dəfn pulu üçün müraciət edilməsi

Ölüm hadisəsi sosial sığorta hadisəsi sayılır və mərhumun dəfn xərcini öz öhdəsinə götürmüş şəxslərə verilir. Bəzən dəfn pulu adlanan bu vəsait, dövlət sosial sığorta vəsaitləri hesabına birdəfəlik ödənilir. Dəfn üçün müavinətin verilməsi mərhumun dəfninə çəkilən xərcləri kompensasiya etmək üçündür.

Azərbaycan Respublikası vətəndaşları, respublika ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilərdə sosial sığorta hadisəsi baş verdikdə müavinət almaq hüququ yaranır. Dəfn pulu verilən şəxslərin tərkibi haqqında buradan oxuya bilərsiniz.

Hüququn təmin edilməsi qanunvericiliyə uyğun sənədlərin araşdırılması əsasında aparılan təyinat və dövlət sosial sığorta fondunun vəsaiti hesabına təmin edilir.

Dəfn müavinətinin təyin edilməsi üçün aşağıdakı qaydada müraciət edilir:

  • əmək müqaviləsinə ölüm hadisəsinə görə xitam verilən sığortaolunanlar üçün – işəgötürənə (sığortaedənə);
  • müavinət almaq hüququ yarandığı digər hallarda isə yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri”nə.

Qeyd edək ki, dəfn üçün müavinətin verilməsi məqsədi ilə müraciətin vaxtı məhdudlaşdırılmır.

Sığortaedəndə sənədlərin hazırlanması

Bizi daha çox sığortaolunanın ölümü səbəbindən əmək müqaviləsinə xitam verildikdə dəfn pulunun verilməsi halları maraqlandırır. Bu hal Əmək Məcəlləsinin 77.7-ci maddəsi ilə tənzimlənir. Müavinətin təyin edilməsi üçün sığortaedənə aşağıdakı sənədlər təqdim edilir:

  • vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın verdiyi ölüm haqqında arayış;
  • mərhumun dəfnini öhdəsinə götürən şəxs haqqında bələdiyyənin arayışı.

Müdiriyyətin müavinət təyin edən komissiyası dəfn üçün müavinət almaq hüququnu, onun məbləğini müəyyən edir, müavinətin təyin edilməsi haqda komissiyası iclasının protokolunda bunları qeyd etməklə qərar qəbul edir. Həmin məlumatlar ölüm arayışının arxasında komissiyanın səlahiyyətli üzvünün imzası ilə qeyd edilir.

Müavinət təyini zamanı qanunvericiliyin tələbləri pozulduqda baş (böyük) mühasib yol verilmiş nöqsanları yazılı surətdə göstərilməklə sənədləri komissiyaya qaytarır.

Sənədlər sığorta edən tərəfindən müvafiq qaydada rəsmiləşdirildikdən sonra aşağıdakı sənədlər əlavə edilməklə DSMF-nin yerli qurumlarına yaxud “DOST” mərkəzlərinə məktubla dəfn müavinətinin verilməsi üçün müraciət edilir:

  • komissiyanın protokolunun surəti;
  • ölüm haqqında arayış;
  • bələdiyyənin arayışı;
  • müavinəti alacaq şəxsin bank rekvizitləri yaxud ünvanı;
  • təsdiq olunmuş formada haqq-hesab cədvəli.

Müavinətin hesablanması 

Qeyd etdiyimiz kimi dəfn pulu almaq üçün haqq-hesab cədvəli təqdim edilir. Haqq-hesab cədvəli tərtib edilərkən təyin edilmiş müavinətin məbləği hesablanaraq uyğun xanaya daxil edilməlidir. Sığortaolunan üçün verilən dəfn üçün müavinətin miqdarı orta aylıq əməkhaqqının üç mislindən az olmamalıdır. Orta əməkhaqqının hesablanması Əmək Məcəlləsinə əsasən aparılır. Məcəllənin 177.2-ci maddəsi iki aydan çox işləyib vəfat etmiş şəxslərə münasibətdə tətbiq olunur. Nümunəyə baxaq.

Nümunə 1: Vəzifə maaşı 500 manat olan işçi oktyabr ayında vəfat edir. Müavinətin hesablanması üçün ödənişdən əvvəlki iki ayın gəliri həmin aylardakı iş günlərinə bölünür və tapılmış vəsait əməkhaqqı saxlanılan iş günlərinə vurulur. İş günləri avqust ayında 23, sentyabr ayı üçün isə 22 gündür.

1000/(23+22)=22,22 manat;

Şəxsin vəfat etdiyi ayda 21 iş günü var, orta aylıq əməkhaqqı – 22,22*21=466,62;

Ödəniləcək müavinətin məbləği 466,62*3= 1399,86 manat olacaq.

ƏM-nin  177.3 maddəsinə əsasən  işçi iki aydan az vaxtda işləmiş olduqda  orta  əməkhaqqının təyini zamanı  onun faktiki işlədiyi günlərin qazancı həmin günlərin sayına bölünür. Sonra isə alınmış məbləğ iş günlərinin sayına vurulur.

Nümunə 2: Merkur MMC-də işləyən işçibir aydansonra vəfat edir. Onun vəzifə maaşı 300 azn, iş günləri işlədiyi müddət ərzində 20, vəfat etdiyi ayda isə 22 gündən ibarətdir. Bu halda:

300 / 20 = 15;

22 * 15 = 330 manat.

Beləliklə, dəfn üçün müavinət 330* 3 = 990 manat olacaqdır.

Həmkarlar ittifaqları dəfn pulunun düzgün təyini və hesablanmasına nəzarət etməlidir.

Müavinətin ödənilməsi

Dəfn müavinətinin verilməsi üçün təqdim olunan sənədlər fond tərəfindən iki iş günü ərzində araşdırılır və ödənişi icra olunur. Araşdırma prosesində sığortaedəndən əlavə məlumatlar da tələb oluna bilər.

Əgər müavinət alanın bank rekvizitləri yaxud faktiki yaşayış ünvanı müəssisə tərəfindən düzgün göstərilməzsə və bu səbəbdən alınmayan müavinətin səhv ünvandan geri qaytarılması mümkün deyilsə, müavinət müəssisənin vəsaiti hesabına bərpa olunur.

Dəfn üçün müavinətin verilməsi xərcləri dövlət sosial müdafiə fondunun vəsaiti hesabına həyata keçirilir.

Dəfn üçün müavinətin təyin edilməsinə və hesablanmasına müəssisənin rəhbərliyi və baş (böyük) mühasib məsuliyyət daşıyırlar.

Səhv təyinat yaxud təyinatın ləngidilməsinə görə DSMF-nın yerli struktur vahidinə, habelə müvafiq həmkarlar ittifaqına şikayət edilə bilər.

Əmək müqaviləsi bağlanarkən tələb olunan sənədlər

Print Friendly, PDF & Email