Maliyyə hesabatlarının elementlərinin qiymətləndirilməsi metodları

posted in: Xəbər | 0

Qiymətləndirmə nədir?

Qiymətləndirmə – mühasibat balansında və ya mənfəət və zərər haqqında hesabatda təqdim edilən obyektin pul ifadəsinin müəyyənləşdirilməsidir.

Maliyyə hesabatlarında bir sıra müxtəlif qiymətləndirilmə metodlarından istifadə olunur. Onlar ayrılıqda yaxud qarışıq formada istifadə edilə bilər.

Maliyyə hesabatının məqsədlərinə nail olmaq üçün, xüsusi qiymətləndirmə metodundan istifadə etməklə onlarda təqdim edilən məlumatlar maliyyə hesabatlarının istifadəçiləri üçün faydalı olmalıdır.Seçilmiş qiymətləndirmə metodu:

  • müqayisə edilə bilən;
  • yoxlanıla bilən;
  • vaxtında və başa düşülən məlumat verməlidir.

Beynəlxalq mühasibat uçotunda qiymətləndirmə metodların Maliyyə Hesabatlarının Konseptual Əsaslarında (Conceptual Framework for Financial Reporting), habelə GASBCS 6—Measurement of Elements of Financial Statements (Amerika Birləşmiş Ştatlarındakı Hökumət Mühasibatlığı Standartları Şurası (GASB)( tərəfindən yaradılan Maliyyə Hesabatı Konsepsiyası bəyannaməsində şərh olunub.

Mühasibat xidmətləri

Bundan başqa MUBS 40 (IAS40) “İnvestisiya mülkiyyəti” yaxud MHBS (IFRS 13) “Ədalətli Dəyərin Ölçülməsi” kimi beynəlxalq uçot standartlarında ayr-ayrı metodların tətbiq qaydaları qeyd edilib.

Qiymətləndirmə üçün aşağıdakı qiymətləndirmə metodları istifadə oluna bilər.

İlkin dəyər

Maliyyə hesabatlarının elementlərinin qiymətləndirilməsi zamanı diqqət edilməli əsas elementlərindən biri aktivlərdir. Aktivin ilkin dəyər əsasında qiymətləndirilməsi onun əldə edilməsi zamanı pul vəsaitlərinin və ya pul vəsaitlərinin ekvivalentlərinin  ödənilmiş məbləği  və ya verilmiş əvəzləşdirmənin (mübadiləyə verilmiş qeyri-monetar aktivlərin, qəbul edilmiş öhdəliklərin, buraxılmış kapital alətlərinin) ədalətli dəyəri ilə qiymətləndirilməsini nəzərdə tutur.

Öhdəliyin ilkin dəyər əsasında qiymətləndirilməsi müəssisənin adi iş şəraitində bu öhdəliyin yerinə yetirilməsi məqsədilə ödənilməsi gözlənilən pul vəsaitlərinin və ya onların ekvivalentlərinin məbləği, yaxud borc öhdəliyi əvəzinə alınmış pul vəsaitlərinin və ya onların ekvivalentlərinin məbləği, yaxud alınmış digər vəsaitlərin ədalətli dəyəri ilə qiymətləndirilməsini nəzərdə tutur.

Cari dəyər

Cari dəyərlə qiymətləndirmə maliyyə hesabatlarının elementlərinin qiymətləndirlməsində istifadə edilən metodlardan biridir. Aktivin cari dəyəri əsasında qiymətləndirilməsi hal-hazırda analoji aktivlərin əldə edilməsi üçün ödənilməli olan pul vəsaitlərinin və ya onların ekvivalentlərinin məbləği ilə qiymətləndirilməsini nəzərdə tutur.

Öhdəliyin cari dəyəri əsasında qiymətləndirilməsi onların hal-hazırda yerinə yetirilməsi məqsədilə ödənilməli olan pul vəsaitlərinin   və ya onların ekvivalentlərinin nominal (diskontlaşdırılmamış) məbləği ilə qiymətləndirilməsini nəzərdə tutur .

Mümkün satış dəyəri

Aktivin mümkün satış dəyəri əsasında qiymətləndirilməsi müəssisənin adi iş şəraitində bu aktivin satılması nəticəsində əldə edilə biləcək pul vəsaitlərinin və ya onların ekvivalentlərinin məbləği ilə qiymətləndirilməsini nəzərə tutur.

Maliyyə hesabatlarında öhdəliyin mümkün ödəniş dəyəri əsasında qiymətləndirilməsi müəssisənin adi iş şəraitində bu öhdəliyin yerinə yetirilməsi məqsədilə pul vəsaitlərinin və ya onların ekvivalentlərinin ödənilməli olan nominal (diskontlaşdırılmamış) məbləği ilə qiymətləndirilməsini nəzərdə tutur.

Diskontlaşdırılmış dəyər

Aktivin diskontlaşdırılmış dəyər əsasında qiymətləndirilməsi müəssisənin adi iş şəraitində bu aktivin istifadəsindən gözlənilən gələcək xalis pul vəsaiti daxilolmalarının hal-hazırkı məbləği ilə qiymətləndirilməsini nəzərdə tutur;

Öhdəliyin diskontlaşdırılmış dəyər əsasında qiymətləndirilməsi müəssisənin adi iş şəraitində bu öhdəliyin yerinə yetirilməsindən gözlənilən gələcək xalis pul vəsaiti xaricolmalarının hal-hazırkı məbləği ilə qiymətləndirilməsini nəzərdə tutur.

Ədalətli dəyər

Maliyyə hesabatlarında aktivin və öhdəliklərin ədalətli dəyərlə qiymətləndirlməsi də tətbiq edilə bilər.

Aktivin ədalətli dəyər əsasında qiymətləndirilməsi onun müstəqil, yaxşı məlumatlandırılmış  və  bu  cür əməliyyatı həyata keçirməkdə maraqlı olan tərəflər arasında mübadilə nəticəsində əldə edilə biləcək məbləğlə qiymətləndirilməsini nəzərdə tutur;

Öhdəliyin ədalətli dəyər əsasında qiymətləndirilməsi müstəqil, yaxşı  məlumatlandırılmış və bu cür əməliyyatı həyata keçirməkdə maraqlı olan tərəflər arasında əməliyyatın icrası zamanı bu öhdəliyin yerinə yetirilməsi üçün tələb olunan məbləğlə qiymətləndirilməsini nəzərdə tutur.

Beynəlxalq standartlar maliyyə hesabatlarının ayrı-ayrı elementlərinin qiymətləndirilməsində qarışıq qiymətləndirmə əsasının (modifikasiya edilmiş ilkin dəyərinin) istifadə edilməsinə maneə yaratmır. Bu halda, müvafiq dövrün maliyyə hesabatlarında təqdim olunmuş ayrı-ayrı obyektlərə müxtəlif qiymətləndirmə əsaslarının tətbiq edilməsi nəzərdə tutulur.