Müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar əmək müqaviləsinə xitam

posted in: Xəbər | 0
birbank biznes

Müəssisənin mülkiyyətçisinin dəyişməsi

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin onuncu fəsli işçi və işəgötürən arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi qaydalarını tənzimləyir. Həmin fəslin 68-ci maddəsində əmək müqaviləsinin ləğvinin əsasları şərh edilir. Ləğvə əsas verən səbəblərdən biri müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədardır.

İdarəetmədə dəyişiklik və onun əmək münasibətlərinə təsirinin aşağıdakı üç halını qeyd edə bilərik:

  • müəssisə əmlakının sahibinin (mülkiyyətçinin) dəyişməsi;
  • təşkilat tabeliyinin dəyişdirilməsi;
  • təşkilatın yenidən təşkili, yəni birləşmə və bölünmə halları.

Mülkiyyətçinin dəyişməsi dedikdə, təşkilatın əmlakına mülkiyyət hüququnun bir şəxsdən digər şəxsə və ya digər şəxslərə, xüsusən də dövlət və ya bələdiyyə mülkiyyətinin özəlləşdirilməsi zamanı, keçməsi (köçürülməsi) başa düşülməlidir.

Qeyd edək ki:

Mülkiyyətçinin dəyişməsi heç də həmişə işəgötürənin – hüquqi şəxsin dəyişməsi ilə müşayiət olunmur. Mülkiyyətçi dəyişibsə, lakin işəgötürən eyni qalırsa, əmək müqaviləsinə və əmək kitabçasına düzəlişlər edilmir.

Müəssisəyə mülkiyyət hüququ bu hüququn dövlət qeydiyyatına alındığı andan keçir.

Müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əmək müqaviləsinə xitam

AR ƏM-in 63-cü maddəsi müəssisə və təşkilatlarda mülkiyyətçi dəyişdikdə əmək münasibətlərini tənzimləyir. Əmlakın yeni sahibinin təşəbbüsü ilə yalnız aşağıdakı işçilərin əmək müqaviləsinin ləğvi həyata keçirilə bilər:

  • müəssisənin rəhbəri;
  • onun müavinləri;
  • baş mühasib;
  • idarəetmə funksiyasını həyata keçirən digər struktur bölmə rəhbərləri.

Əmək müqaviləsinə xitam vermək hüququ, mülkiyyət hüququnu əldə etdiyi gündən 3 ay ərzində yeni işəgötürənə məxsusdur.

Təşkilat rəhbərinin, onun müavinlərinin və baş mühasibin işdən çıxarıldığı gün yeni mülkiyyətçi onlara orta əməkhaqqının  azı 3 misli qədər kompensasiya ödəməlidir.

Lakin yeni mülkiyyətçi qeyd edilən kateqoriyadan olan işçilərlə əmək müqaviləsinə xitam vermək hüququndan istifadə etməyə də bilər. İşəgötürən onları əvvəlki vəzifələrində saxlaya və ya onların razılığı ilə aşağı vəzifələrə keçirə bilər, yaxud da işdən azad edərək  əmək müqavilələrinə xitam verə bilər.

Əmək müqaviləsinə xitam müəyyən edilmiş qaydalar çərçivəsində Məcəllənin 70, 73 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla həyata keçirilə bilər.

Bəs digər işçilər?

Mülkiyyətçinin dəyişməsi heç də bütün işçilərlə əmək müqaviləsinin ləğvi üçün əsas deyil. Müəssisədə yuxarıda göstərilən işçilər istisna olmaqla, qalan bütün işçilərlə əmək münasibətləri davam etdirilir. Bu zaman yeni mülkiyyətçi ilə yenidən əmək müqaviləsinin bağlanmır, əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır. İşçi özü yeni mülkiyyətçi ilə işləmək istəmədiyi halda qanunvericilik çərçivəsində ƏM-nin 69-cu  maddəsinə əsasən onun əmək müqaviləsinə xitam verilə bilər.

Nəzərə almaq lazımdır ki, Məcəllənin 63-cü maddəsi ilə əmək müqaviləsinin ləğvi təşkilatın əmlakının sahibinin dəyişməsi halında mümkündür. Yəni bu maddəni təşkilatın yenidən təşkili yaxud tabeliyinin dəyişdirilməsi zamanı tətbiq etmək düzgün deyil.

Təşkilatın yenidən təşkili

Yadda saxlamaq lazımdır ki, hüquqi şəxsin yenidən təşkilinin mahiyyəti ilkin mövcud olan hüquqi şəxslərin sayının (tərkibinin) dəyişməsində və ya onun növünün dəyişməsində ifadə olunur. Hüquqi şəxsin yenidən təşkili (birləşmə, bölünmə, ayrılma) onun təsisçilərinin (iştirakçılarının) və ya səlahiyyətli dövlət orqanlarının razılığı ilə həyata keçirilir. Bu, əmək müqaviləsinə xitam verilməsinə səbəb ola bilməz.

Qanunla müəyyən edilmiş hallarda hüquqi şəxsin bölünməsi və ya tərkibindən bir və ya bir neçə hüquqi şəxsin ayrılması şəklində yenidən təşkili səlahiyyətli dövlət orqanlarının qərarı və ya məhkəmənin qərarı ilə həyata keçirilir.

Təşkilat tabeliyinin dəyişdirilməsi

Təşkilatın tabeliyi dəyişdikdə, əmlakın mülkiyyətçisində dəyişiklik olmadıqda bu şəxslər yuxarıda göstərilən əsaslarla işdən azad edilə bilməzlər. Bir təşkilatın tabeliyinin dəyişdirilməsi əksər hallarda dövlət orqanları və ya yerli özünüidarəetmə orqanları tərəfindən yaradılan və onlara tabe olan təşkilatlara aiddir. Bu zaman qanun əmək münasibətlərinin qorunmasını təmin edir.

Müəssisədə tabelilik dəyişdikdə, habelə onun yenidən təşkili zamanı işçilərlə əmək münasibətləri, əmək müqaviləsinə xitam verilməsi onların razılığı ilə davam etdirilir. Bundan əlavə, bu razılıq həm şifahi, həm də yazılı şəkildə, habelə işçinin əmək vəzifələrini yerinə yetirməkdə davam etməsi ilə ifadə edilə bilər. İşçilərin əmək kitabçalarına təşkilatın yeni adı ilə möhür vurulur və ya yeni adla təşkilatda işləmək barədə qeyd aparılır.

Əmək müqavilələrinin kütləvi ləğvi

Yeni işəgötürən işçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi üçün qanun çərçivəsində addımlar ataraq işçi sayını azaltmaq hüququna malikdir. Mülkiyyətçi dəyişdikdə işçilərin sayının və ya ştatının ixtisar edilməsi tədbirlərinə yalnız mülkiyyət hüquqlarının verilməsinin dövlət qeydiyyatına alınması və şəhadətnamənin verilməsindən  sonra yol verilir. Yeni işəgötürən tərəfindən işçilərin peşəkarlıq səviyyəsini, əmək funksiyalarını yerinə yetirmə bacarıqlarını aşkara çıxarmadan onların əmək müqavilələrinin kütləvi ləğv edilməsi yolverilməzdir. İşçinin peşəkarlıq səviyyəsini müəyyən etmək üçün onların attestasiyadan keçirilməsi tələb olunur.

“Əmək müqavilələrinin kütləvi ləğvi” dedikdə, aşağıdakı şərtlər daxilində işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70, 73 və 75-ci maddələrində qeyd edilən əsaslarla əmək müqaviləsinin ləğvi başa düşülür:

  • işçi sayı 100 – 500 nəfər aralığında olarsa, onların 50%-dən çoxunun;
  • işçi sayı 500 – 1000 nəfər aralığında olarsa, onların 40%-dən çoxunun;
  • işçi sayı 1000 nəfərdən artıq olarsa, onların 30%-dən çoxunun.

Bu tələb müəssisəyə mülkiyyət hüququ yaranan gündən üç ay ərzində (eyni zamanda və ya ayrı-ayrı vaxtlarda) əmək müqaviləsinə xitam verilməsi hallarına aiddir.

Print Friendly, PDF & Email