Dəyişikliklər hansı vaxtdan tətbiq olunur?
Respublikamızda iqtisadi münasibətlərin inkişafı bir sıra qanunvericilik aktlarına müntəzəm dəyişik və əlavələri tələb edir. Vergi Məcəlləsi 2024-cü ilin ilk günündən məhz bu səbəbdən müəyyən dəyişikliklərə məruz qalıb.
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 3 dekabr 2021-ci il tarixli № 406-VIQD saylı Qanunu ilə qüvvəyə minən dəyişiklik və əlavələr nələri əhatə edir?
Öncə qeyd edək ki, müəyyən istisnalarla, Vergi Məcəlləsi 2024 -cü ilin yanvar ayının 1-dən dəyişilmiş məzmunla tətbiq edilir. İstisnalar yuxarıda qeyd edilən Qanunun 3.1–3.4-cü maddələrində şərh olunub. Nəzərə alsaq ki, dəyişikliklərdən sonra təsərrüfat əməliyyatları aparılan zaman vergi ödəyiciləri haqqında müəyyən məlumatlara çıxışın təmin edilməsi qaydalarının (VM, 16.1.11-14-ci maddə), habelə vergi güzəştlərinin tətbiqi üçün uyğun siyahıların (VM, 164.1.25 və 164.1.31-ci maddələr) müvafiq qurumlar tərəfindən hazırlanması tələb olunur, belə istisna təbiidir.
Həmçinin, aksizli mallar və həmin mallar üçün məcburi nişanın alınması (Qanunun 1.55-ci, 1.57-ci, 1.58-ci və 1.61–1.63-cü maddələri) üzrə Vergi Məcəlləsinə dəyişikliklər 2024-cü ilin iyul ayının 1-dən qüvvəyə minəcək.
Vergi Məcəlləsi 2024: dəyişikliklərin mahiyyəti
Düzəliş və əlavələrə nəzər salaraq ümumi şəkildə qeyd edə bilərik ki, Vergi Məcəlləsi üzrə 2024-cü ilin yanvarından də edilən dəyişikliklərdə hökumətin əsas hədəfi vergi yükünün azaldılmasına və optimal vergi siyasətinin tətbiqinə istiqamətlənib. Sahibkarlıq subyektlərinə 03.12.2021-ci il tarixli 406-VIQD saylı Qanunla 2024-cü ildə tətbiq ediləcək vergi güzəştlərini aşağıdakı kimi qruplaşdıra bilərik:
- sosial xarakterli vergi güzəştləri;
- iqtisadi xarakterli vergi güzəştləri.
Birinciyə aid edilə biləcək güzəştlər fiziki şəxsin gəlirləri üzrə vergi yükünün azaldılması yolu ilə həyata keçirilir. Buraya:
- müəyyən kateqoriya şəxslərin güzəştlərinin həcminin artırılması;
- bir sıra gəlirlərin vergiyə cəlb olunan gəlir bazasından çıxarılması kimi tədbirləri aid etmək olar.
Həmçinin, sosial məqsədlərə edilmiş ödənişlərin mənfəət vergisinin azad olunan hissəsinin 15%-ə qaldırılıb (VM, maddə 106.1.17.), mülkiyyət vergiləri üzrə müəyyən təsərrüfat sahələrinə əlavə güzəştlər tətbiq edilib (məsələn, VM, 199.9, 199.21), fiziki şəxs olan istehlakçılar tərəfindən ödənilmiş ƏDV-nin qaytarılmasına (ƏDV cash-back) görə əldə olunan gəlirlər gəlir vergisindən azad edilib (VM, maddə 102.1.40).
Vergi Məcəlləsi 2024-cü ildə də işğaldan azad edilmiş ərazilərə istər yerli, istərsə də xarici iş adamlarının cəlb edilməsi üçün bir alət rolunu oynamaqda davam edəcək. Bunu deməyə Məcəlləyə edilən iqtisadi xarakterli güzəştlər əsas verir.
Vergi Məcəlləsinə dəyişikliklər və əlavələrin məzmunu
Dəyişikliklər Məcəllənin həm ümumi, həm də xüsusi hissəsinə tətbiq olunub. Məcəllənin ümumi hissəsinə edilən dəyişikliklər 19 maddə üzrə olmaqla bu hissənin bütün fəsillərini əhatə edir. Bundan başqa ümumi hissəyə 17 yeni maddə əlavə edilmiş, 4 maddə ləğv olunmuşdur. Vergi Məcəlləsinə dəyişiklik və əlavələr ən çox AR VM-in V fəslinin (“Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət”) 58-ci maddəsi (“Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları”) üzrədir.
Məcəlləyə yeni əlavə edilmiş maliyyə sanksiyaları taksi sifarişi operatorlarının fəaliyyəti və riskli vergi ödəyicisinin əmtəəsiz əməliyyatları ilə bağlıdır.
Belə ki, vaxtında məlumatları təqdim etməyən yaxud təhrif edilmiş formada təqdim edən taksi sifarişi operatorlarına artıq 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Riskli vergi ödəyicilərinin əmtəəsiz əməliyyatlarına, bu əməliyyat təqvim ili ərzində:
- birinci dəfə baş verdikdə məbləğin 10%-i miqdarında;
- ikinci dəfə baş verdikdə 20%-i miqdarında;
- üçüncü dəfə və daha çox baş verdikdə isə 40%-i miqdarında maliyyə sanksiyaları tətbiq edilir.
Vergi Məcəlləsinə 2024 – cü ilin 1 yanvarından qüvvəyə minmiş ümumi hissəyə dəyişikliklər haqqında Azərbaycan Mühasiblər Məktəbi tərəfindən hazırlanmış təqdimatdan ətraflı məlumat ala bilərsiniz.
Xüsusi hissəyə edilən dəyişikliklər
Bildiyiniz kimi Məcəllənin xüsusi hissəsində vergilərin konkret növləri, onların hesablanması və ödənilməsi qaydaları şərh olunur. Xüsusi hissə on iki fəsildən ibarətdir, 95-229-cu maddələri əhatə edir.
Vergi Məcəlləsinə 2004-cü ilin yanvarından edilən dəyişikliklər vergi növlərinin əksəriyyətini əhatə edir. Ən çox dəyişiklik, AR VM-yə əlavə və ləğvetmələr gəlirlə və xərclərin gəlirdən çıxılması ilə bağlıdır. Zərərin, təmir məbləğinin keçirilməsi, dividendlər və faizlər (VM, 121,122,123-cü maddələr), habelə birgə fəaliyyətdən mənfəətin, gəlirlərin bölüşdürülməsi (VM, 137 maddə) üzrə müddəalar da dəyişikliyi məruz qalıb.
ƏDV-dən azad olunan əməliyyatlar (VM, maddə 164) üzrə müxtəlif kənd təsərrüfatı istehsalçıları və idxalçıları üzrə mövcud güzəşt müddəti daha uzun müddətə uzadılıb. Habelə aşağıdakı vergi ödəyiciləri üçün də ƏDV-dən azadolma müddətləri uzadılıb:
- dövlət büdcəsindən ayrılmış vəsait hesabına nizamnamələrində nəzərdə tutulan vəzifələri yerinə yetirən dövlət adından yaradılan publik hüquqi şəxslər;
- Formula 1 və Formula 2 yarışları ilə bağlı müvafiq qaydada bağlanılmış müqavilələrə əsasən mal, iş və xidmətin təqdim edilməsi;
- icbari tibbi sığorta fondunun vəsaiti hesabına göstərilən xidmətlər;
- qızıl və gümüşdən məmulatların istehsal və emalı üçün dəzgah, avadanlıq və qurğuların idxalı.
Şəxsi istifadə üçün fiziki şəxsin idxal etdiyi aksizli mallar üzrə aksiz vergisindən azadolmaların siyahısı 188-ci maddəyə əlavə edilib.
Mülkiyyət üzrə vergilərin əks olunduğu maddələrdə də müvafiq dəyişikliklər tətbiq edilib.
Vergi Məcəlləsinin xüsusi hissəsinə 2024-cü ilin yanvarından tətbiq olunan dəyişiklik və əlavələrin tam şərhi burada verilib.
Beləliklə, Vergi Məcəlləsi 2024-cü ilin yanvar ayından etibarən bir-sıra dəyişikliklərə məruz qalıb. Bu məqalədə həmin düzəliş və əlavələrin qısa icmalı verilib. Daha əhatəli məlumatla Azərbaycan Mühasiblər məktəbinin təşkil etdiyi vebinardan tanış ola bilərsiniz.