Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar
Əməkhaqqı dedikdə, işəgötürən tərəfindən işçiyə müəyyən iş vaxtı müddətində üzərinə düşən öhdəliyi yerinə yetirmək üçün əmək müqaviləsinə əsasən görülən işə görə ödənilən gündəlik yaxud aylıq məbləğ nəzərdə tutulur. 533 saylı “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar” hesabı belə məbləğlərin uçotu üçün nəzərdə tutulub. Bu hesab Hesablar Planının 53-cü maddəsi (“Qısamüddətli kreditor borclar”) üzrə açılan hesablardan biridir.
Əməkhaqqı pul yaxud natura şəklində ödənilə bilər. Əməkhaqqı ilə yanaşı işçiyə əlavələr, mükafatlar, digər ödənişlərin edilməsi mümkündür.
Beynəlxalq mühasibat standartlarına görə işçilərin mükafatlandırılması ilə bağlı münasibətlər 2 №-li “Pay alətləri əsasında ödəmə” MHBS (İFRS 2), 19 №-li “İşçilərin mükafatlandırılması” MUBS (İAS 19), 24 №-li “Əlaqəli tərəflərlə bağlı məlumatların açıqlanması” MUBS-a əsasən (İAS 24) tənzimlənir.
“Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar” hesabı üzrə tənzimləmələr
Əməyin ödənişi üzrə işçi heyətinə olan borclara subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə tənzimlənir. Qaydaların 43.1-ci bəndinə görə 53-cü maddə üzrə aşağıdakı hesablar açıla bilər:
533 №-li “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar” hesabı öhdəlik (passiv) hesabıdır və mühasibat uçotu subyektinin fəaliyyətinin həyata keçirilməsi zamanı işçi heyətinin mükafatlandırılması ilə əlaqədar ödənilməli olan borclar barədə ümumiləşdirilmiş məlumatlar əks etdirmək üçün nəzərdə tutulub.
Əməyin ödənişi üzrə işçi heyətinə borclar yarandıqda yuxarıda qeyd edilən qaydaların 43.19-cu, hesablanmış borclardan tutulmalar aparıldıqda 43.20-ci bəndi tətbiq edilir.
Belə borclar ödənildikdə mühasibat yazılışları həmin qaydaların 43.23-cü bəndi, borclar üçüncü şəxs tərəfindən ödənildikdə 43.24.-cü bəndi əsasında aparılır.
Əməyin ödənişi üzrə işçi heyətinə olan borcların bağışlanması yaxud iddia müddətinin keçməsilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada silinməsi zamanı müxabirləşmələr həmin qaydaların 43.25.-ci bəndinə uyğun nizamlanır.
İstehsalla bağlı olmayan sahədə əməkhaqqı üzrə müxabirləşmə nümunələri
“A” MMC-nin 5 nəfər işçisinin əməkhaqqı məlumatları aşağıdakı kimidir:
1-ci işçi – 2500 manat;
2-ci işçi – 2200 manat;
3-cü işçi – 2000 manat;
4-cü işçi – 1500 manat;
5-ci işçi — 900 manat.
Cəmi hesablanan əməkhaqqı 9100 manat təşkil edir.
İşçi tərəfindən ödənilən sığorta haqlarının uçotu:
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Əməkhaqqı hesablandıqda | 721 – İnzibati xərclər | 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar | 9100.00 |
2 | İşçi hesabına sosial sığorta haqqı hesablandıqda (3%) | 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar | 522-1 – Sosial sığorta və təminat üzrə öhdəliklər | 840.00 |
3 | İşçi hesabına işsizlikdən sığorta haqqı hesablandıqda (0.5%) | 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar | 523-1 – Digər məcburi ödənişlər üzrə öhdəliklər | 45.50 |
4 | İşçi hesabına icbari tibbi sığorta haqqı hesablandıqda (2%) | 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar | 523-2 – Digər məcburi ödənişlər üzrə öhdəliklər | 182.00 |
İşəgötürən tərəfindən ödənilən sığorta haqlarının uçotu:
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | İşəgötürən hesabına sosial sığorta haqqı hesablandıqda (22%) | 721 – İnzibati xərclər | 522-2 – Sosial sığorta və təminat üzrə öhdəliklər | 1435.00 |
2 | İşəgötürən hesabına işsizlikdən sığorta haqqı hesablandıqda (0.5%) | 721 – İnzibati xərclər | 523-3 – Digər məcburi ödənişlər üzrə öhdəliklər | 45.50 |
3 | İşəgötürən hesabına icbari tibbi sığorta haqqı hesablandıqda (2%) | 721 – İnzibati xərclər | 523-4 – Digər məcburi ödənişlər üzrə öhdəliklər | 182.00 |
Ödəniş sosial sığorta haqları üzrə ayrı-ayrılıqda həyata keçirilir:
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | İşçiyə əməkhaqqı ödənildikdə | 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar | 223 – Bank hesablaşma hesabları | 8032.50 |
2 | İşçiyə görə hesablanan sosial sığorta haqqı ödənildikdə (3%) | 522-1 – Sosial sığorta və təminat üzrə öhdəliklər | 223 – Bank hesablaşma hesabları | 840.00 |
3 | İşəgötürən hesabına sosial sığorta haqqı ödənildikdə (22%) | 522-2 – Sosial sığorta və təminat üzrə öhdəliklər | 223 – Bank hesablaşma hesabları | 1435.00 |
4 | İşçiyə görə hesablanan işsizlikdən sığorta haqqı ödənildikdə (0.5%) | 523-1 – Digər məcburi ödənişlər üzrə öhdəliklər | 223 – Bank hesablaşma hesabları | 45.50 |
5 | İşçiyə görə hesablanan icbari tibbi sığorta haqqı ödənildikdə (2%) | 523-2 – Digər məcburi ödənişlər üzrə öhdəliklər | 223 – Bank hesablaşma hesabları | 182.00 |
6 | İşəgötürən hesabına işsizlikdən sığorta haqqı ödənildikdə (0.5%) | 523-3 – Digər məcburi ödənişlər üzrə öhdəliklər | 223 – Bank hesablaşma hesabları | 45.50 |
7 | İşəgötürən hesabına icbari tibbi sığorta haqqı ödənildikdə (2%) | 523-4 – Digər məcburi ödənişlər üzrə öhdəliklər | 223 – Bank hesablaşma hesabları | 182.00 |
İstehsal sahəsində əməkhaqqı hesablanması ilə bağlı müxabirləşmə nümunələri
“A” MMC dəmir qapıların istehsalı ilə məşğul olur. Müəssisənin 35 nəfər işçisinin 27-si istehsal binasında, 8-i isə inzibati binada işləyir. İnzibati binada işləyən işçilərdən fərqli olaraq istehsalatda çalışan işçilərin əməkhaqqı xərcləri istehsalat məsrəflərinə aid edilir.
İstehsal binasında işləyən işçilər üçün cəmi hesablanmış əməkhaqqı 14050 manat təşkil edir.
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Əməkhaqqı hesablandıqda | 202 – İstehsalat (iş və xidmət) məsrəfləri | 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar | 14050.00 |
2 | İşçi hesabına sosial sığorta haqqı hesablandıqda (3%) | 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar | 522-1 – Sosial sığorta və təminat üzrə öhdəliklər | 1027.00 |
3 | İşçi hesabına işsizlikdən sığorta haqqı hesablandıqda (0.5%) | 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar | 523-1 – Digər məcburi ödənişlər üzrə öhdəliklər | 70.25 |
4 | İşçi hesabına icbari tibbi sığorta haqqı hesablandıqda (2%) | 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar | 523-2 – Digər məcburi ödənişlər üzrə öhdəliklər | 281.00 |
5 | İşəgötürən hesabına sosial sığorta haqqı istehsalat məsrəflərinə aid edildikdə (22%) | 202 – İstehsalat (iş və xidmət) məsrəfləri | 522-2 – Sosial sığorta və təminat üzrə öhdəliklər | 2485.50 |
6 | İşəgötürən hesabına işsizlikdən sığorta haqqı istehsalat məsrəflərinə aid edildikdə (0.5%) | 202 – İstehsalat (iş və xidmət) məsrəfləri | 523-3 – Digər məcburi ödənişlər üzrə öhdəliklər | 70.25 |
7 | İşəgötürən hesabına icbari tibbi sığorta haqqı istehsalat məsrəflərinə aid edildikdə (2%) | 202 – İstehsalat (iş və xidmət) məsrəfləri | 523-4 – Digər məcburi ödənişlər üzrə öhdəliklər | 281.00 |
533 saylı “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar” hesabı üzrə digər müxabirləşmə nümunələri ilə buradan tanış olmaq olar.
İşçilərlə hesablaşmalar haqqında daha geniş məlumat almaq üçün buraya keçid ala bilərsiniz.