İşçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi

posted in: Xəbər | 0

Əmək müqaviləsinə xitam

Əmək müqaviləsi müəssisə, yaxud təşkilatlarda əmək münasibətlərinin rəsmiləşdirilməsinə əsas verən yeganə sənəddir. Onun məzmunu AR Əmək ilə tənzimlənir, tərəfləri işçi və işəgötürəndir. Təbii ki, onlar arasındakı əmək münasibətləri daimi deyil, bu münasibətlərə xitam da verilə bilər. Əmək müqaviləsinə xitam verilməsi müxtəlif səbəblərdən ola bilər. Tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinin ləğvi belə səbəblərdən biridir. Bu halda iki hal mümkündür:

  • əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verilməsi;
  • işəgötürən tərəfindən əmək müqaviləsinin ləğvi.

Hər iki hal işəgötürənin əmri ilə rəsmiləşdirilir, imza və möhürlə təsdiqlənir. İşçinin işdən azad edilməsi zamanı işəgötürən əmrin surətini işçinin tələbi ilə ona təqdim etməlidir. İşçinin son iş günü əmək müqaviləsinin ləğv edildiyi gün hesab olunur. Əmək qanunvericiliyinə uyğun olaraq həmin gün işçiyə aşağıdakı sənədlər təqdim edilməlidir:

  • işdən çıxma barədə əmrin surəti;
  • əmək kitabçası (qanunvericilikdə əmək kitabçasının aparılması tələb olunduğu müəssiələrdə);
  • hesablanmış son haqq-hesab.

İşəgötürənin işçini əmək müqaviləsinin ləğvinə məcbur etməsi qanunvericiliyə ziddir. Müqavilənin işçi tərəfindən ləğvi onun öz istəyi ilə, onun öz iradəsini ifadə etməsinin nəticəsi olmalıdır.

Xitamın qüvvəyə minməsi

Əmək müqaviləsinin ləğvi xitam barədə əmrin işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Bu tələb əmək müqaviləsi kağız üzərində yazılı formada bağlanmqala əmək münasibətlərinin yarandığı hallara aid deyil ( Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi).

Mühasibat xidmətləri

Xitam tarixi əmək müqaviləsinin ləğvi barədə əmrin imzalandığı tarixdən əvvəlki tarixə, bəzi istisnalarla, müəyyən edilə bilməz. İstisnalar Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi ilə əmək müqaviləsinə xitam verilən və həmin maddənin 1-1-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallara aiddir.

İşçi tərəfindən əmək müqaviləsinə xitam üçün müraciət

Hər bir işçi tutduğu vəzifədən və gördüyü işin xarakterindən asılı olmayaraq əmək müqaviləsini ləğv etmək hüququna malikdir. O, istənilən vaxt işəgötürənə əmək müqaviləsinə xitam verilməsini təklif edə bilər. Əmək müqaviləsinin hər hansı dəyişikliyi və ya ləğvi qüvvədə olan qanunlara uyğun  icra olunmalıdır.

İşçi əmək müqaviləsinin ləğvi üçün, xitam veriləcək gün göstərilməklə, 1 təqvim ayı öncədən işəgötürənə yazılı ərizə ilə müraciət etməlidir. Şifahi müraciət işçinin işdən azad edilməsi üçün əsas ola bilməz, ərizənin yazılı formada verilməsi məcburidir.

Yazılı formada dedikdə aşağıdakılardan biri başa düşülür:

  • ərizə kağız daşıyıcıda təqdim edilir,yaxud;
  • elektron informasiya sistemində istifadə edilir.

Xəbərdarlıq müddəti

Xəbərdarlıq müddəti yazılı ərizənin verildiyi günün ertəsi günündən başlayır. Həmin müddətə həm iş, həm də qeyri-iş günləri daxildir. Xəbərdarlıq müddətinin son günü qeyri-iş gününə düşdüyü zaman növbəti iş günü müddətin bitdiyi gün hesab olunur. Bu müddət ərzində işçi müqavilə üzrə öz vəzifə və öhdəliklərini tələb olunan qaydada yerinə yetirməyə borcludur. Əks halda işəgötürən müqaviləyə işçinin ərizəsinə görə deyil, əmək qanunvericiliyinin  müvafiq qaydalarına uyğun əmək müqaviləsinə xitam verə bilər.

Əgər işçi işdə olmadığı günlərdə (ezamiyyət, əmək qabiliyyətinin itirilməsi,  məzuniyyət müddəti) əmək müqaviləsinin ləğvi üçün müraciət etmiş olarsa, bu halda həmin dövr də xəbərdarlıq müddətinə daxil edilməlidir. Xəbərdarlıq müddəti bitdikdən sonra işçi işə çıxmamaqda və son haqq hesabının aparılmasını tələb etməkdə tam haqlıdır. İşəgötürən işə çıxmayan işçi barəsində hər hansı bir intizam tədbiri  görə bilməz.

Bəzən işçi öz ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi tarixi qeyd etmir. Bu halda ərizənin verildiyi gündən bir aylıq xəbərdarlıq müddəti bitənədək əmək müqaviləsinin ləğvinə icazə verilmir.

Məzuniyyət və xəstəlik zamanı xəbərdarlıq müddəti

İşçi həmçinin, məzuniyyət hüququndan istifadə edərək əmək müqaviləsini ləğv edə bilər. Belə ki, o, məzuniyyətə buraxılması və məzuniyyət müddətinin bitdiyi gündən müqavilənin ləğv olunması xahişi ilə işəgötürənə müraciət edə bilər.

Əgər işçi xəbərdarlıq müddəti bitənədək əmək qabiliyyətini itirmiş olarsa və bu xəstəlik halı sonra da davam edərsə,  işəgötürən işçinin müqaviləsinə xitam verə bilər. Əmək qabiliyyətinin itirilməsi 1 aylıq xəbərdarlıq müddətini dayandırmır və bu müddət bitdikdən sonra işçi ilə müqavilənin ləğvi qanunauyğundur.

Müraciət günü əmək müqaviləsinə xitam verilməsi

Müqaviləyə xitam verildiyi gün işəgötürən işçiyə əmək kitabçasını, onun yazılı tələbi ilə digər sənədləri verməyə və son haqq-hesab aparmağa borcludur. Ola bilər ki,  əmək kitabçasının verilməsi  işəgötürənin təqsiri üzündən  gecikmiş olsun. Bu zaman işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əməkhaqqı verilməlidir.

Bəzi hallarda  işçinin işini davam etdirməsi qeyri-mümkün olur və işəgötürənə müqavilənin ləğvi üçün müraciət etməli olur, məsələn:

  • yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda;
  • təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda;
  • yaşayış yerini dəyişdirdikdə;
  • başqa işəgötürənlə əmək münasibətlərinə daxil olmaq barədə yazılı razılıq olduqda;
  • seksual qısnamaya məruz qaldıqda.

Habelə ƏM-nin 69-cu maddəsinin 3-1 hisəsəsində qeyd edilən hallarda da ərizədə göstərilən gün işçinin əmək müqaviləsinə xitam verilə bilər.

Bu halda işəgötürən işçinin xahişini təmin etməli və onun ərizədə göstərdiyi gün əmək müqaviləsinə xitam verməlidir.

Müraciət ərizəsinin geri götürülməsi

Əmək müqaviləsinə xitam ərizəsində işçi əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddətində ərizəsini geri götürə yaxud onu etibarsız sayılması haqqında işəgötürənə yeni ərizə ilə müraciət edə bilər. Əgər işəgötürən  həmin vəzifəyə yeni işçi götürübsə və bu barədə işçiyə rəsmi şəkildə yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq edibsə, işçinin əvvəlki ərizədən imtina hüququ olmayacaqdır. İşçiyə yazılı xəbərdarlıq edilmədiyi halda isə işçinin imtina ərizəsi qəbul edilməli və əmək müqaviləsi ləğv edilməməlidir.

İşgötürən əmək müqaviləsinin ləğvini Məcəllənin 69-cu maddəsinin tələblərinə əməl edilməklə apararsa, işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

Beləliklə, biz tərəflərdən birinin, işçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi halını nəzərdən keçirdik. İşəgötürənin təşəbbüsü işçinin işdən azad edilməsi başqa məqaləmizin mövzusudur. Tərəflərin razılığı ilə əmək müqaviləsinə ləğvinin digər halları ilə isə buradan tanış olmaq olar.