Mülkiyyətçisinin dəyişməsi zamanı əmək müqaviləsinin ləğvi
İşçi və işəgötürən arasında yaranmış əmək münasibətləri müəyyən səbəblərdən pozula bilər ki, bu da əmək müqaviləsinin ləğvi ilə yekunlaşır. Əmək müqaviləsinin xitam verilməsinin əsasları Azərbaycan Respublikasının Əmək Məcəlləsinin onuncu fəslinin müddəaları ilə tənzimlənir. Müəssisinin mülkiyyətçisinin dəyişməsi müqavilənin ləğvinə əsas verən səbəblərdən biridir.
Mülkiyyətçinin dəyişməsi müəssisənin əmlakına mülkiyyət hüququnun bir şəxsdən digər şəxsə və ya digər şəxslərə (xüsusən də dövlət və ya bələdiyyə mülkiyyətinin özəlləşdirilməsi zamanı) keçməsidir.
Bu zaman heç də həmişə mülkiyyətçi dəyişmir. Müəssisənin mülkiyyətçisinin dəyişməsi zamanı işəgötürən dəyişmədikdə, əmək müqaviləsinə və əmək kitabçasına düzəlişlər edilmir.
Mülkiyyət dəyişikliyi nə vaxt başa çatmış sayılır?
Proses müəssisəyə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından sonra başa çatmış sayılır. Qeydiyyat tarixi dövlət reyestrində müvafiq qeydin edildiyi tarix hesab olunur. Yalnız bundan sonra müəssisənin resurslarının idarə edilməsi hüquqları, o cümlədən Əmək Məcəlləsinin 63-cü maddəsinə uyğun qaydada kadr dəyişiklikləri etmək imkanı yaranır.
Əmək müqaviləsinə xitam verilən şəxslər kimlərdir?
Mülkiyyətçi dəyişən zaman əmək münasibətləri AR ƏM-in 63-cü, əmək müqaviləsinə xitam verilməsi 68 ”ç”, müqavilə şərtlərinin dəyişdirilməsi isə 56-cı maddəsi ilə tənzimlənir. Bu zaman yeni mülkiyyətçinin təşəbbüsü ilə yalnız aşağıdakı şəxslərin əmək müqaviləsinə xitam verilə bilər:
- müəssisənin rəhbərinin;
- müavinlərin;
- baş mühasibin;
- idarəetmə funksiyasını həyata keçirən digər struktur bölmə rəhbərlərinin.
Müəssislərdə mühasibat uçotunun aparılmasına məsul şəxs haqqında daha çox məlumat alın. |
Əmək müqaviləsinə xitam necə verilir?
Müəssisə rəhbərinin əmək müqaviləsinə xitam verilməsi haqqında əmri yeni işəgötürənin özü və ya onun səlahiyyət verdiyi şəxs (orqan) imzalaya bilər.
Mülkiyyətçi dəyişdikdə işçilərin sayının və ya ştatının ixtisarına mülkiyyət hüququnun verilməsi dövlət qeydiyyatına alındıqdan sonra yol verilir. Əmlakın mülkiyyətində dəyişiklik təşkilatın digər işçiləri ilə əmək müqavilələrinə xitam vermək üçün əsas deyil. Müəssisədə yuxarıda göstərilən işçilər istisna olmaqla, qalan bütün işçilərlə əmək münasibətləri davam etməlidir. Bu zaman işçinin əvvəlki mülkiyyətçi ilə bağlanmış olduğu əmək müqaviləsi yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır. Lakin işçinin özü yeni şərtlərlə işləməkdən imtina edə bilər. Bu halda, əmək münasibətlərinə xitam verilməsi qanunvericilik qaydalarına uyğun ƏM-nin 69-cu maddəsinə əsasən həyata keçirilir.
Əmək müqaviləsinin ləğvi zamanı ödənişlər hansılardır?
Beləliklə, işçinin əmək müqaviləsinə xitam verilməsi:
- həm işəgötürənin təşəbbüsü (mülkiyyətçinin dəyişməsi) ilə bağlı:
- həm də ümumi əsaslarla həyata keçirilə bilər.
Hər iki halda işçiyə sonuncu iş günü yekun haqq hesab ödənilir. Yekun haqq-hesaba aşağıdakı ödənişlər daxildir.
- əməkhaqqı;
- xəstəlik vərəqi üzrə hesablanıb ödənilməmiş müavinətlər;
- digər sosial müavinətlər üzrə ödənilməmiş məbləğlər;
- istifadə edilməmiş məzuniyyət günləri üçün ödənişləri;
- istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi (ƏM, 144-cü maddə);
- əmək müqaviləsində və kollektiv müqavilədə ödənilməsi nəzərdə tutulmuş digər məbləğlər.
Bunlardan başqa əmək müqaviləsinin ləğvi mülkiyyətçinin dəyişməsi səbəbindən işəgötürənin təşəbbüsü ilə baş verərsə, işdən çıxarılan işçilər müəyyən ödənişlər almaq hüququna malikdirlər.
Mülkiyyətçinin dəyişməsinə görə əmək müqaviləsinin ləğvi zamanı müavinət
Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən yeni mülkiyyətçi ƏM 68 “ç” maddəsi əsasında əmək müqaviləsi ləğv edilmiş işçilərə orta əməkhaqqının azı 3 misli miqdarında müavinətin ödənilməsini təmin etməlidir.
Orta əməkhaqqı Məcəllənin 177-ci maddəsi əsasında hesablanır. Onun hesablanması aşağıdakı qaydada aparılır:
- ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazanılmış əməkhaqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölünür;
- alınmış məbləğ (bir günlük əməkhaqqı) əməkhaqqı saxlanılan iş günlərinin sayına vurulur.
Mülkiyyətçinin dəyişməsi zamanı əmək müqaviləsinə xitam verilən zaman ödənilən müavinətlər Vergilər Məcəlləsinin 102.1.4-cü, “Sosial sığorta haqqında” qanunun 15-ci maddəsinə əsasən uyğun olaraq gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından azaddır.