Royaltidən ödəmə mənbəyində vergi tutulması

posted in: Xəbər | 0
birbank biznes

Royalti nədir?

İngiliscə “royalty” anlayışı “kral” yaxud “dövlət” sözündən götürülüb. Tarixən royalti qazma, mədən işləri görən sahibkarlar tərəfindən dövlətə, krallığa verilən ödəniş olub. Hazırda royalti müxtəlif sahələrində istifadə olunur: icarə haqqı, müəllif hüquqları, patentlər, təbii sərvətlərdən istifadə, mülkiyyət üçün payın ödənilməsi və s. Vergi Məcəlləsinin 124-cü maddəsinə uyğun olaraq royaltidən ödəmə mənbəyində vergi tutulur.

Royaltinin tərifi Vergi Məcəlləsinin 13.2.23-cü maddəsində verilib:

AR VM, maddə 13.2.23:

Royalti – ədəbiyyat, incəsənət, yaxud elm əsərləri, proqram təminatı, kinematoqrafik filmlər və digər qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması, yaxud istifadə hüquqlarının verilməsinə görə, istənilən patentə, ticarət markasına, dizayn, yaxud modelə, plana, məxfi düstura, yaxud prosesə, sənaye, kommersiya, yaxud elmi təcrübəyə aid olan informasiyaya, sənaye, kommersiya və ya elmi avadanlıqdan istifadə, yaxud istifadə hüquqlarının verilməsinə görə mükafat şəklində alınan ödənişlərdir.

Hazırda bu anlayışdan daha çox françayzinq münasibətlərində istifadə edilir. Françayzinq (əsasını fransız sözü franchir (azad etmək) təşkil edir) bazarın subyektləri arasında formalaşan müqavilə münasibətləri növüdür. Françayzinq, sahibkarın fərqli bir brend altında və digərləri tərəfindən qurulmuş biznes proseslərə uyğun öz biznesinin təşkili üsuludur.  Bunun üçün o (françayzi), digər tərəfə (françayzer):

  • haqq (biznesə girmək üçün birdəfəlik ödəniş) və;
  • royalti (dövriyyə və ya marja üzrə faiz şəklində dövri ödənişlər) ödəyir.

Dövri ödənişlər şəklində ödənilən royaltidən ödəmə mənbəyində vergi tutulur.

Royalti necə alınır?

Royaltiyə aid nümunələrə baxaq:

  1. İş adamı müəyyən brend altında restoran açmaq istəyir. O, böyük bir şəbəkənin brendindən istifadə hüququ üçün müqavilə bağlayır, işi öyrənir, bazara daxil olur və sonra mütəmadi olaraq royalti ödəyərək restoranı özü inkişaf etdirir.
  2. Musiqi həvəskarı sevdiyi mahnıya qulaq asır. Kompozisiyanın Rəsmi resursda hər oxunuşu üçün müəllif hüququnun sahibi royalti alır.

Royalti ödənişləri, adətən, özündə uzunmüddətli və dövrü ödənişləri ehtiva edir. Beynəlxalq təcrübədə royalti ödənişlərinin üç formasına rast gəlmək olar. Bu formalar aşağıdakı şəkildə verilib:

Royaltinin alınma formaları. Alınmış royaltidən ödəmə mənbəyində vergi tutulması

Təcrübədə ən geniş yayılmış forma royaltinin faizlər formasında alınmasıdır. Qarışıq məbləğ ödənişin müəyyən faiz dərəcəsində, lakin hansısa məbləğdən aşağı olmamasını nəzərdə tutur.

Royaltidən ödəmə mənbəyində vergi necə tutulur?

Royaltidən Vergi Məcəlləsinin 124.1 maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə tutulur. Verginin ödəmə mənbəyi rezidentin yaxud qeyri-rezidentin AR-dakı daimi nümayəndəliyinin ödədiyi (yaxud onun adından ödənilən) royalti gəliridir. Həmin gəlir royaltidən ödəmə mənbəyində vergiyə cəlb olunması üçün VM-in 13.2.16-cı maddəsinə uyğun Azərbaycan mənbəyindən əldə edilməlidir.

Royalti gəliri AR ərazisində saxlanılan yaxud istifadədə olan əmlaka görə alınarsa, VM-nin 13.2.16.10-cu maddəsinə əsasən Azərbaycan mənbəyindən gəlir sayılır.

Araşdırmaçı jurnalist qəzetlə müqavilə bağlayır. Müqaviləyə əsasən onun “Elm və texnikanın inkişaf tarixi” adlı iri həcmli yazısı ardıcıl olaraq bir neçə nömrədə paylaşılacaq. Müqaviləyə əsasən redaksiya yazara 3500 manat birdəfəlik royalti ödəməyi üzərinə götürür. Royaltidən ödəmə mənbəyində vergi (3500*14%=490 manat)tutulduqdan sonra 3010 manat jurnalistin bank hesabına köçürülür.

Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən “royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər.”

Nəzərə almaq lazımdır ki:

  • royalti gəliri fiziki şəxslərin qeyri-sahibkarlıq fəaliyyəti üzrə əldə etdiyi gəliri sayılır;
  • əgər həmin fiziki şəxsdən ödəmə mənbəyində 14%-lik vergi tutulubsa, eləcə də fiziki şəxs onu ödəyibsə o gəlirdən yenidən vergi tutula bilməz;
  • fiziki şəxslərlə yanaşı, hüquqi şəxslərin də gəlirləri (məsələn, françayzinqdə) royalti ola bilər;
  • rezident müəssisəyə, yaxud qeyri-rezidentin daimi nümayəndəliyinə respublika ərazisində ödənilən royaltidən ödəmə mənbəyində vergi tutulmur, onlar vergini müvafiq vergi növünə uyğun dərəcələrlə ödəyirlər.

Royaltiyə görə vergidən azadolma

Hal-hazırda Məcəllədə royaltiyə görə vergidən bir halda azadolma nəzərdə tutulub. 2018-ci il yanvarın 1-dən 6 il müddətinə müəyyən edilmiş azadolma Azərbaycan Respublikasında keçirilən Formula yarışları ilə bağlıdır. Bu vergi güzəşti qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə bağlanılmış müqavilə əsasında, onun tərəfindən qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirlərinə aiddir (VM, maddə 106.1.28).

Royalti kimi tanınan əməliyyatların əhatəsi genişdir. Belə əməliyyatlardan əldə edilən gəlirlərdən vergitutma, o cümlədən royaltidən ödəmə mənbəyində vergi tutulmasına nümunələrlə buradan da tanış ola bilərsiniz.


Print Friendly, PDF & Email