Dünyanın ən varlı adamı və Amazon şirkətinin sahibi Jeff Bezos öz şirkətinin milyona yaxın səhmini 3,1 milyard dollara satıb. Bu haqda Forbes jurnalı məlumat verib.
Vergiləri ödədikdən sonra Bezos təxminən 2,4 milyard dollar qazanc əldə edib. Sövdələşmə 3-4 avqust arası baş tutub. Bundan bir neçə gün əvvəl isə Amazon ötən ilin eyni dövrü ilə müqayisədə rüblük qazancın 40 faiz həcmində yüksəlişi barədə hesabat vermişdi. Səhmlərin hər birinə görə təmiz qazanc 10,3 dollar təşkil etmişdi.
Bu il ərzində Amazon şirkətinin yaradıcısı artıq 4,1 milyard dollarlıq səhmləri satıb. Yalnız yanvar ayından bu yana Bezos qiymətli kağızlara görə 7,2 milyard dollar qazanc əldə edib. İndiki an üçün şirkətin 54 milyon səhmi Amazon rəhbərinə məxsusdur. Onun sərvəti hazırda 190 milyard dollar dəyərində qiymətləndirilir.
Amerikalı iş adamı artıq bir neçə ildən sonra dünyanın ilk trilyonerinə çevrilə bilər. Ekspertlər bunun artıq 2026-cı ildə baş verə biləcəyini əminliklə söyləyirlər.