Yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri üzrə uçot hesabı
“Uzunmüddətli aktivlər” qrupuna aid olan investisiya mülkiyyəti üzrə uçot Hesablar Planının 12-ci maddəsi üzrə aparılır. 40 saylı “İnvestisiya mülkiyyəti” MUBS (IAS 40) bu anlayışı icarə ödənişlərinin əldə edilməsi, kapitalın artırılması yaxud hər iki məqsəd üçün saxlanılan aktiv kimi şərh edir.
İnvestisiya mülkiyyəti üzrə subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə tənzimlənir.
Bu qaydalara əsasən Hesablara Planının 122 saylı hesabında həmin aktivlərin amortizasiyasının və qiymətdən düşmə zərərlərinin uçotu aparılır. Amortizasiya normaları Vergi Məcəlləsinin 114 -cü maddəsinə əsasən müəyyən edilir.
“122 saylı “İnvestisiya mülkiyyəti üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri” hesabı üzrə uçot” adlı məqalədə uçotun əsas prinsipləri ilə tanış olmaq olar.
Müxtəlif hallar üçün müxabirləşmə nümunələri aşağıda verilib.
İnvestisiya mülkiyyəti haqqı ödənilməklə digər müəssisələrdən əldə edildikdə amortizasiya
Nümunə 1: “A” MMC digər “F” MMC-dən dəyəri 128 000 manat olan investisiya mülkiyyəti kimi istifadə etmək məqsədilə bina əldə etmişdir. Tərəflərdən hər ikisi əlavə dəyər vergisi ödəyicisidir. Buna görə də “A” MMC ƏDV-ni əvəzləşdirmə hüququna malikdir. Həmin il binaya 8960 manat amortizasiya hesablanmışdır.
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Digər müəssisədən əldə edildikdə | 123 – İnvestisiya mülkiyyəti ilə bağlı məsrəflərin kapitallaşdırılması | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 128 000.00 |
2 | ƏDV hesablandıqda | 241 – Əvəzləşdirilən ƏDV | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 23 040.00 |
3 | Kapitallaşdırılmış investisiya mülkiyyəti istismara verildikdə | 121 – İnvestisiya mülkiyyətinin dəyəri | 123 – İnvestisiya mülkiyyəti ilə bağlı məsrəflərin kapitallaşdırılması | 128 000.00 |
4 | Amortizasiya hesablandıqda | 731 – Sair əməliyyat xərcləri | 122 İnvestisiya mülkiyyəti üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri | 8960.00 |
111 saylı “Torpaq, tikili və avadanlıqlar” hesabında uçota alınmış daşınmaz əmlak ilkin dəyərlə uçota alınan investisiya mülkiyyətinə aid edildikdə amortizasiya
Nümunə 2: “A” MMC balansında 111 – Torpaq, tikili və avadanlıqlar hesabında uçota aldığı dəyəri 650 000 manat olan binanın istifadə olunmayan 400000 manatlıq hissəsini icarəyə vermək qərarına gəlmişdir. Əməliyyatın baş tutduğu tarixə 400 000 manatlıq bina üzrə amortizasiya məbləği 28000 manat təşkil etmişdir. İnvestisiya mülkiyyətinin uçotu ilkin dəyər metodu ilə təşkil edilmişdir.
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Bina investisiya mülkiyyətinə aid edildikdə | 121 – İnvestisiya mülkiyyətinin dəyəri | 111 – Torpaq, tikili və avadanlıqlar – Dəyər | 400000.00 |
2 | Amortizasiya nəzərə alınır | 112 – Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri | 122 İnvestisiya mülkiyyəti üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri | 28000.00 |
İnvestisiya mülkiyyəti satış məqsədilə saxlanılan investisiya mülkiyyətinə aid edildikdə amortizasiya
Nümunə 3: “A” MMC tərəfindən alınan 128 000 manatlıq investisiya mülkiyyəti kimi istifadə edilən bina 4 ildən sonra satış məqsədilə saxlanılan investisiya mülkiyyətinə aid edilmişdir. Həmin dövrə yığılmış amortizasiya məbləği 35 840 manat olmuşdur. Bina 107 160 manata satılmışdır.
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Əldə edilən investisiya mülkiyyəti satış məqsədilə saxlanılan digər investisiya mülkiyyətinə aid edildikdə | 206 – Satış məqsədi ilə saxlanılan digər aktivlər | 121 – İnvestisiya mülkiyyətinin dəyəri | 128 000.00 |
2 | Yığımış amortizasiya nəzərə alındıqda | 122 İnvestisiya mülkiyyəti üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri | 206 – Satış məqsədi ilə saxlanılan digər aktivlər | 35 840.00 |
Satılan zaman:
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Satılan binanın balans dəyəri silindikdə | 731 – Sair əməliyyat xərcləri | 206 – Satış məqsədi ilə saxlanılan digər aktivlər | 92 160.00 |
2 | Bina mənfəətlə satıldıqda | 217 – Digər qısamüddətli debitor borcları | 611 – Sair əməliyyat gəlirləri | 107 160.00 |
3 | ƏDV hesablandıqda | 217 – Digər qısamüddətli debitor borcları | 545 – Digər qısamüddətli öhdəliklər | 19 288.80 |
4 | Bina satışından gəlir əldə edildikdə | 611 – Sair əməliyyat gəlirləri | 801 – Ümumi mənfəət (zərər) | 107160.00 |
5 | Binaya görə olan xərc mənfəətə bağlandıqda | 801 – Ümumi mənfəət (zərər) | 731 – Sair əməliyyat xərcləri | 92160.00 |
İnvestisiya mülkiyyəti tam amortizasiya olunduqdan sonra satılanda aşağıdakı yazılış verilir:
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Tam amortizasiya olunmuş investisiya mülkiyyəti silindikdə | 122 İnvestisiya mülkiyyəti üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri | 121 – İnvestisiya mülkiyyətinin dəyəri | 128 000.00 |
İnvestisiya mülkiyyəti mühasibat uçotu subyekti tərəfindən malların istehsalı, təchizatı, xidmətlərin göstərilməsi yaxud inzibati məqsədlər üçün istifadə edildikdə amortizasiya
Nümunə 4: “A” MMC digər “F” MMC-dən dəyəri 128 000 manat olan investisiya mülkiyyəti kimi istifadə etmək məqsədilə bina əldə etmişdir. Tərəflərdən hər ikisi Əlavə Dəyər Vergisi ödəyicisidir. Həmin il binaya 8960 manat amortizasiya hesablanmışdır. İl bitən kimi “A” MMC qərara alır ki, bu binada malların istehsalını həyata keçirsin. Belə olduğu təqdirdə bina investisiya mülkiyyəti deyil istehsal binası sayılacaqdır. 1 il üzrə yığılmış amortizasiya məbləği də istehsal binasına aid ediləcəkdir.
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Digər müəssisədən əldə edildikdə | 123 – İnvestisiya mülkiyyəti ilə bağlı məsrəflərin kapitallaşdırılması | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 128 000.00 |
2 | ƏDV hesablandıqda | 241 – Əvəzləşdirilən ƏDV | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 23 040.00 |
3 | Kapitallaşdırılmış investisiya mülkiyyəti istismara verildikdə | 121 – İnvestisiya mülkiyyətinin dəyəri | 123 – İnvestisiya mülkiyyəti ilə bağlı məsrəflərin kapitallaşdırılması | 128 000.00 |
4 | Amortizasiya hesablandıqda | 731 – Sair əməliyyat xərcləri | 122 İnvestisiya mülkiyyəti üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri | 8960.00 |
1 il investisiya binası kimi istifadə olunan binada malların istehsalının həyata keçirilməsi qərara alınmışdır.
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | İnvestisiya mülkiyyəti binası malların istehsalı binası kimi uçota alındıqda | 111 – Torpaq, tikili və avadanlıqlar – Dəyər | 121 – İnvestisiya mülkiyyətinin dəyəri | 128000.00 |
2 | Yığılmış amortizasiya nəzərə alındıqda | 122 İnvestisiya mülkiyyəti üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri | 112 – Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri | 8960.00 |
121 saylı “İnvestisiya mülkiyyətinin dəyəri” hesabı üzrə mühasibat müxabirləşmələrlə buradan tanış olmaq olar.
Hesablar Planının “Uzunmüddətli aktivlər” bölməsinə aid olan ayrı-ayrı hesablar üzrə uçot və müxabirləşmə nümunələri burada verilib.