Torpaq vergisinin ödənilməsi necə həyata keçirilir?

posted in: Xəbər | 0
birbank biznes

Dövlət büdcəsinə ödənilən torpaq vergisi hansılardır? Bələdiyyə torpaq vergisi nə zaman ödənilir? Torpaq vergisi üzrə ödənilmə vaxtı qanunvericiliklə necə tənzimlənir? Bu və digər sualların cavabını təqdim etdiyimiz məqalədə tapa bilərsiniz.

Torpaq vergisinin ödəniş istiqamətləri

Torpaq vergisi – ödəniş qaydaları Azərbaycan Respublikasının Vergi Məcəlləsini 208-ci maddəsi ilə tənzimlənən, fiziki və hüquqi şəxslərin mülkiyyətində yaxud istifadəsində olan torpağa görə ödədiyi vergidir. Bu vergi növü qanunla müəyyən edilən istisnalar nəzərə alınaraq bütün torpaqlara görə tutulur. Onu ödəmə istiqamətinə görə aşağıdakı kimi qruplaşdırmaq olar:

  • dövlət büdcəsinə ödənilən torpaq vergisi;
  • bələdiyyə torpaq vergisi.

Kənd təsərrüfatı torpaqlarının sahibləri öz sahələri haqqında məlumatı “Elektron kənd təsərrüfatı informasiya sistemi” (eagro)  vasitəsi ilə əldə edə bilər, həmin sahələr üçün vergini isə burada hesablaya bilərlər. Torpaq vergisi ödənilməsi vaxtı nəzərə almaq lazımdır ki, tikili, hər hansı qurğu altındakı torpaqlar, habelə obyektlərin sanitariya mühafizəsi məqsədi ilə zəruri sahələrə də torpaq vergisi hesablanır və tutulur.

Torpaq vergisi nə zaman ödənilir?

Torpaq vergisini ödəmək öhdəliyi cari il yanvarın 1-dən yaranır. Bu həm dövlət büdcəsinə ödənilən torpaq vergisinə, həm də bələdiyyə torpaq vergisi ödəyicilərinə aiddir.

“Torpaq vergisi nə zaman ödənilir?”  sualına cavab verməzdən öncə qeyd edək ki, vergitutma obyekti olan torpaqların qeydiyyatı vacibdir. Fiziki və hüquqi şəxslər torpağa hüquqlarını təsdiq edən sənədləri əldə etdikdən sonra 1 ay müddətində qeydiyyata durmalıdır. Qeydiyyat aşağıdakı qurumlarda aparılır:

  • bələdiyyə müəssisələri, fiziki şəxslər – bələdiyyələrdə;
  • digər müəssisələr – vergi orqanında.

Torpaq vergisi üzrə ödənilmə vaxtı haqqında danışarkən, qeyd etməliyik ki, ilk öncə hesablamalar aparılmalı, torpaq vergisi bəyannaməsi, digər zəruri hesabatlar müvafiq qaydada təqdim edilməlidir.

Müəssisələr sahələrin ölçüsünə görə müəyyən edilmiş vergi dərəcəsi tətbiq etməklə dövlət büdcəsinə ödənilən torpaq vergisi üzrə  illik torpaq vergisi hesablanması aparır, onu may ayının 15-dən gec olmamaq şərti ilə vergi qurumlarına təhvil verir. Bələdiyyə torpaq vergisi ödəyən müəssisələr vergi məbləği haqqında məlumatı bələdiyyənin vergi xidməti orqanına təqdim edir.

Fiziki şəxsin torpaq vergisi üzrə hesablamalar hər il iyul ayının birinə qədər müvafiq qurumlar tərəfindən həyata keçirilir. Tədiyyə bildirişləri 1 avqust tarixinə qədər vergi ödəyicisinə təqdim etməlidir.

Fiziki şəxslərin və müəssisələrin hesabat və məlumatların təqdim edilmə vaxtı fərqli olsa da, torpaq vergisinin ödənilmə vaxti eynidir. Bunu nümunələrdə şərh edək.

Torpaq vergisinin ödənilməsinə nümunələr

Hesablanmış torpaq vergisini bərabər miqdarda 15 avqust və 15 noyabra qədər ödəmək lazımdır. Torpaq vergisinin ödənilmə vaxtı üzrə tələblər dövlət büdcəsinə ödənilən torpaq vergisi və bələdiyyə torpaq vergisi üçün eynidir.

Əvvəlki sahibi vergini ödəməyibsə, torpağın yeni sahibi vergi məcəlləsində qeyd olunan maddəyə müvafiq olaraq verilmiş ödəmə vaxtında vergini ödəməlidir.

Müəssisələr torpaq vergisini dövlət büdcəsinə ödəyir. Fiziki şəxslərdə bu bir az fərqlidir. Belə ki, fiziki şəxslər üzrə vergi:

  • məcəllənin 206.1 maddəsinə uyğun hallar üzrə dövlət büdcəsinə;
  • digər hallarda yerli büdcəyə (bələdiyyəyə) ödənir.

Nümunə 1: Bələdiyyə orqanları vətəndaşa məxsus torpaq sahəsi üçün 2021-ci ilə münasibətdə 18.6 AZN məbləğində vergi hesablamış, həmin ilin iyun ayında bu barədə ona bildiriş göndərmişdir. Həmin şəxs avqust ayının 15-dək vergi məbləğinin azı 9.3 manatını, noyabr ayının 15-dək isə qalan məbləği bələdiyyə büdcəsinə ödəməlidir.

Nümunə 2: “Abraziv” MMC-nin 850 kv.m torpağı var, müəssisənin rəhbəri fiziki şəxsin 350 kv. şəxsi həyəti mövcuddur.

“Abraziv” MMC-yə məxsus torpaq sahəsinə görə vergi dövlət büdcəsinə, rəhbər fiziki şəxsin həyətyanı torpağına görə vergi bələdiyyəyə ödənilir.

Əgər torpaq sahəsi üzərində tikili bir neçə şəxsə məxsusdursa, hər bir şəxs vergini öz tikili payına mütənasib formada hesablayaraq ödəyir.

Bəzən elə olur ki, eyni torpağın üzərində istifadə hüququ qarışıq olur, yəni torpaq sahəsi müxtəlif şəxslər tərəfindən istifadə olunur.

Nümunə 3: Sahəsi 2400 kvm olan torpaq sahəsində “A” müəssisəsinin ofisi, “B” müəssisəsinin anbarı yerləşir. Tikililərin altında olan sahənin 700 kvm-i A müəssisəsinə, 1100 kvm-i B müəssisəsinə məxsusdur. A müəssisəsi 700 kvm, B müəssisəsi isə 1100 kvm sahənin vergisini ödəyəcək.

Qeyd edək ki, torpaq vergisi üzrə vergi ödənişləri onlayn rejimdə də həyata keçirilə bilər. Belə ödəniş forması haqqında buradan məlumat ala bilərsiniz.

Beləliklə, bu məqalədə  Dövlət büdcəsinə ödənilən torpaq vergisi üzrə ödənilmə vaxtı haqında məlumat verdik. Həmçinin “Bələdiyyə torpaq vergisi nə zaman ödənilir?” sualını da aydınlaşdırmağa cəhd etdik. Torpaq vergisi haqqında saytımızın uyğun bölməsindən daha geniş məlumat almaq olar.


Print Friendly, PDF & Email