Maliyyə hesabatlarının hazırlanma mərhələləri
Müəssisədə təsərrüfat əməliyyatlarının mühasibatlıqda uçotu hesabları üzrə qeydə alınmasında əsas məqsəd biznesin mövcud durumunu əks etdirən maliyyə hesabatlarının hazırlanmasıdır. Hesabatların hazırlanması zamanı məlumatlar kəmiyyət və keyfiyyət baxımından tədricən dəyişir və ilkin uçot qeydləri yeni formaya – icmal hesabatlara çevrilir. Nəzərə almaq lazımdır ki, hesabatlar yalnız uçot qeydlərinin keyfiyyətli təhlili nəticəsində maraqlı tərəflərin ehtiyaclarını ödəyə bilər. Bu, maliyyə hesabatlarının hazırlanması prosesinin mərhələlərini aşağıdakı kimi qruplaşdırmağa əsas verir:
- təsərrüfat əməliyyatlarının qeydiyyatı;
- məlumatların təhlili;
- məlumatların yekun icmalı
Hər qrup özündə bir-neçə mərhələni birləşdirir:
- Əməliyyatların ilkin sənədlər üzrə təsbiti
- Əməliyyatların jurnallara, orderlərə qeydiyyatı
- Baş kitaba qeydiyyatın köçürülməsi
- Sınaq balansının tərtib edilməsi
- Köməkçi hesabların bağlanması
- Səhvlərin düzəldilməsi
- Maliyyə hesabatlarının hazırlanması
Səhvlərdə düzəlişdən sonra son sınaq balansının tərtib edilməsi tövsiyə olunur. Beləliklə biz, maliyyə hesabatlarının hazırlanmasın çox mərhələli proses kimi təsəvvür edə bilərik.
İlkin sənədlər uçot qeydlərinin əsasıdır
Baş vermiş hər bir əməliyyatı yadda saxlamaq çətindir. Odur ki, hər gün baş verən alış, satış, xərclər, alınmış və verilmiş pul vəsaitləri və digər əməliyyatliyyatların qeydə alınması çox vacibdir. Qeydiyyat dedikdə, həyata keçirilən bütün əməliyyatlar, yaxud baş verən hadisələri əks etdirən məlumatların söz və rəqəmlə yazılışı nəzərdə tutulur.
Təsərrüfat əməliyyatlarının qeydiyyatı təkcə maliyyə hesabatlarının hazırlanması üçün deyil, eyni zamanda həmin əməliyytalrın qanuniliyinin müəyyən edilmsi üçün lazımdır.
Əgər kimsə, sizə mühasib olaraq, mühasibat uçotuna alınmalı hansısa əməliyyatın baş verdiyini deyirsə, mütləq onun sənəd əsasını müəyyən etməlisiniz. Sənəd olmadan uçot qeydlərini aparmaq risklidir. Əməliyyatların ilkin sənəd əsasının müəyyən edilməsi mühasibin etməli olduğu ən birinci işdir. Lakin, elə hadisələr olur ki, onların sənəd əsası olmur, ilkin uçot sənədini mühasib özü tərtib etməlidir, məsələn, əsas vəsaitin sıradan çıxması, malların oğurlanması, əksik gəlməsi və s.
Mühasibat uçotunda tətbiq edilən ilkin uçot sənədləri çoxdur, nümunə kimi bunları göstərmək olar:
- satınalma sorğusu, katirovka, müqavilə, qiymətlərin razılaşdırılma protokolu;
- təhvil-təslim aktı, qaimə faktura, hesab faktura;
- kassa mədaxil orderi (qəbzi) , kassa məxaric orderi, Nəzarət Kassa Aparatının çeki, hər hansı digər ödəmə qəbzləri (çekləri);
- ödəniş tapşırığı, bank çeki, bank hesabından çıxarış;
- avans hesabatı, mal-materialın hərəkəti aktı, əsas vəsaitlərin silinməsi, istifadəyə verilməsi aktları;
- tabellər, əmək haqqı hesablanması cədvəlləri və s.
Maliyyə hesabatlarının hazırlanması prosesinin əsası olan ilkin uçot sənədləri müəyyən edildikdən sonra əməliyyatlar mühasibatlıqda uçota alınmalıdır.
Uçot məlumatlarının ilkin qeydiyyat formaları
Əməluyyatların qeydiyyatı mühasibat uçotunun ikili yazılış metoduna uyğun gəlməlidir. Bu sonradan maliyyə hesabatlarının hazırlanmasını da asanlaşdırır.Bəs bu qaydalar texnik olaraq hansı formada həyata keçirilir?
Kiçik və orta sahibkarlıq subyektlərində mühasibat uçotu memorial-order, jurnal-order yaxud digər formalarda aparıla bilər.
Uçot mühasibatlıqda əl ilə yaxud informasiya texnologiyalarından istifadə etməklə həyata keçirilir.
Əməliyyatların jurnal-order formasında uçotu zamanı aşağıdakı cədvəldən istifadə olunur:
Tarix | Hesablar, məzmun | Debet | Kredit |
01.01.2022 | 223 Bank hesabı | 5000 | |
221 Kassa hesabı | 5000 | ||
Bank hesabının möhkəmləndirilməsi |
Mühasibat uçotunda memorial-order formasının tətbiqi zamanı istifadə edilən cədvəl qanunvericiliklə təsbit edilib. Aşağıda həmin cədvəlin sadə forması verilib:
Tarix | Əməliyyatın məzmunu | Debet | Kredit | Məbləğ |
01.01.2022 | Bank hesabının möhkəmləndirilməsi | 223 | 221 | 5000 |
Mühasibat uçotunda əməliyyatların uçotu üçün bir-neçə formanın tətbiqi, onların adları sizi qorxutmasın, çünki:
- onlar arasında fərq mahiyyətcə kəskin deyil;
- daha çox dizaynlarına görə fərqlənirlər.
Hazırda daha çox mühasibat proqramlarından istifadə edərək avtomatlaşdırılmış uçotdan istifadə edilir, odur ki, mühasibatlıqda hansı formanın tətbiqinə elə də önəm verilmir. Belə proqramlar maliyyə hesabatlarının hazırlanması üzrə işləri də asanlaşdırır.
Mühasibat uçotunun memorial order forması
Mühasibat uçotunun formaları arasında əsaslı fərq olmasa da, əməliyyatların ilkin uçot sənədləri əsasında qeydiyyatı zamanı memorial-order formasından istifadəni tövsiyə edərdik. Niyəsi çox sadədir – AR Maliyyə Nazirliyi Kollegiyasinin Qərari ilə təsdiq edilmiş “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına, Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına uyğun olaraq memorial order forması əsasında sintetik uçotun aparılması Qaydası”-da bu uçot forması ətraflı şərh edilib, müvafiq cədvəl formaları əks olunub. Bu mühasibin işini asanlaşdırır, qanunvericiliyə uyğun uçot qurmağa kömək edir.
Həmin qaydalarda bu uçot formasının tərifi də verilib.
“Memorial order forması – baş vermiş maliyyə-təsərrüfat əməliyyatlarının ilkin uçot sənədlərinə uyğun olaraq xronoloji ardıcıllıqla müxabirləşmələrin verilməsi ilə tərtib edilən sintetik uçotun aparılması formasıdır.” |
Qaydalara görə mühasibat uçotu əməliyyatların uçotu üçün təşkilatlar 8 növ memorial orderdən istifadə edə bilər. Amma mühasiblərin siyahıya əlavələr etmək yaxud onları birləşdirmək hüququ vardır.
Mühasibat uçotu əməliyyatlar memorial orderlərdə formada qeydə alındıqdan sonra hər bir hesab üzrə nəticələr ledger hesablara köçürülməklə yığım cədvəlləri tərtib edilir.
Ledger hesablar nədir?
Ledger hesablar elə bizim sintetik mühasibat hesablarımızdır (221, 223, 531 və s.). Əgər belədirsə, bu terminə nə ehtiyac var? Məsələ ondadır ki, sizin, məsələn, bir neçə “Mal satan və podratçılara” borcunuz ola bilər. Onların hər biri üzrə əməliyyatları izləyə bilmək üçün, hər birinə ayrıca hesab aça bilərsiniz. Ledger hesablar eyni xarakterli bütün ayrıca açılmış mühasibat hesabların cəmidir. Onlar maliyyə hesabatlarının hazırlanmasında mühüm rol oynayır.
Baş kitab
Mühasibat uçotu əməliyyatlarının qruplaşdırılımış qeydiyyatı aparılan “Baş kitab” adlandırdığımız uçot registri özündə bütün ledger hesabları əks etdirir.
Məsələn, baş kitabda yalnız tək sayda “Mal satan və podratçılara qısa müddətli kreditor borcları” adlı 531 nömrəli hesab ola bilər. Həmin hesab bütün mal satan və podratçılara olan borcların cəmini əks etdirəcək.
“Baş kitab – təşkilat tərəfindən istifadə olunan bütün sintetik hesablar üzrə qruplaşdırılmış məlumatları özündə əks etdirən və sintetik uçotun memorial order forması əsasında aparılması zamanı məlumatların icmallaşdırılmasını təmin edən nəzarətedici uçot registridir.”
Müasir dövrümüzdə informasiya texnologiyalarının inkişafı, mühasibat proqramlarının tətbiqi mühasibatlığa yeni görkəm gətirmişdir. Avtomatlaşdırma prosesi əl ilə işlənən uçot registirlərini sıxışdlraraq istifadədən kənarlaşdıraraq mühasibin işini asanlaşdırıb. Artıq mühasibatlıq əməkdaşının əməliyyatları sadəcə proqrama daxil etməsi əməliyyat jurnalının işlənməsinə, ledger hesabların qalıqlarının dəyişməsinə və baş kitabın tərtibinə imkan verir. Bütün bunlar maliyyə hesablarının hazırlanması prosesini asanlaşdırır.