birbank biznes

Qeyri-maddi aktivlərin uçotu haqqında saytımızda silsilə məqalələr yerləşdirilib. Belə aktivlərin hərəkəti hesablar planının 101-ci hesabında aparılır.   

“101-ci hesabda qeyri-maddi aktivlər üzrə daxil olmanın uçotu” adlı məqaləmizdə müəssisənin bu tip aktivlərin əldə etməsinin müxtəlif halları şərh olunub. İndi isə qeyri-maddi aktivlərin  xaricolunması  hallarına nümunələri nəzərdən keçirək.

Qeyri-maddi aktivlərin satışı

Nümunə1: “A” MMC 8600 AZN dəyərində proqram təminatını istifadə etdikdən sonra qalıq dəyərilə “D” MMC-ə satmışdır. Xaric olunma anına yığılmış amortizasiya məbləği 860 manat olmuşdur. Proqram təminatının satış qiyməti 8200 AZN təyin edilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Qeyri-maddi aktiv satıldıqda (balans dəyəri ilə) 731 – Sair əməliyyat xərcləri 101 – Qeyri-maddi aktivlərin dəyəri 8600.00
2 Yığılmış amortizasiya silindikdə 102 – Qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 731 – Sair əməliyyat xərcləri 860.00
3 Qeyri-maddi aktiv mənfəətlə satıldıqda 217 – Digər qısamüddətli debitor borcları 611 – Sair əməliyyat gəlirləri 8200.00
4 Gəlir kimi tanınan Qeyri-maddi aktiv Ümumi mənfəətə bağlandıqda 611 – Sair əməliyyat gəlirləri 801 – Ümumi mənfəət (zərər) 8200.00
5 Qeyri-maddi aktivin qalıq dəyəri xərcə silindikdə 801 – Ümumi mənfəət (zərər) 731 – Sair əməliyyat xərcləri 7740.00

Əvəzsiz verilmə zamanı qeyri-maddi aktivlərin uçotu

2: “A” MMC qalıq dəyəri 1500 AZN olan qeyri-maddi aktivi “D” MMC-ə əvəzsiz olaraq, yəni qarşılığında hər hansı ödəniş almadan təqdim etmişdir. Xaric olunma anına yığılmış amortizasiya məbləği 250 AZN olmuşdur.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Əvəzsiz təqdim edilən Qeyri-maddi aktiv müəssisənin balansından çıxarıldıqda 731 – Sair əməliyyat xərcləri 101 – Qeyri-maddi aktivlərin dəyəri 1500.00
2 Yığılmış amortizasiya silindikdə 102 – Qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 731 – Sair əməliyyat xərcləri 250.00
3 Əvəzsiz təqdim edilən Qeyri-maddi aktiv zərərə aid edildikdə 801 – Ümumi mənfəət (zərər) 731 – Sair əməliyyat xərcləri 1250.00

Qeyd: Qeyri-maddi aktivin xaricolması (silinməsi, satılması, əvəzsiz verilməsi) zamanı yaxud onun istifadəsindən, habelə xaricolmasından hər hansı gələcək iqtisadi səmərənin daxil olması gözlənilmədikdə həmin aktivin tanınması dayandırılır. Bu zaman yaranan gəlirlər, yaxud zərərlər xaricolmadan yaranan xalis daxilolmalarla (əgər mövcuddursa) aktivin balans dəyəri arasındakı fərq kimi müəyyən edilir. Mənfəət və ya zərər, digər məcmu gəlir haqqında hesabatda təqdim olunur.

Qeyri-maddi aktivlərin əskik gəlməsi

Əskikgəlmə olduqda qeyri-maddi aktivlərin uçotu zamanı 2 hala diqqət etmək lazımdır:

  1. əskik gəlmənin səbəbləri, təqsirkar məlumdur;
  2. əskik gəlmə üzrə səbəb və təqsirkar məlum deyil.

1-ci halda sözügedən qeyri-maddi aktiv məsuliyyəti daşıyan şəxsin yəni, müəssisənin işçisinin yaxud rəhbər şəxsin hesabına aid edilərək onun əməkhaqqından tutulacaqdır.

Nümunə 3: “A” MMC-də aparılan audit yoxlaması zamanı müəssisəyə məxsus balans dəyəri 2800 manat, yığılmış amortizasiya məbləği 560 manat olan qeyri-maddi aktivin uçot sənədlərində qeyd olunmasına baxmayaraq, real olaraq mövcud olmaması, itməsi halı aşkarlanmışdır. Auditor bunun səbəbini işçinin məsuliyyətsiz yanaşması kimi qiymətləndirmiş, həmin işçi ona qarşı qaldırılan bütün iddiaları qəbul etmişdir. Bu zaman, qeyri-maddi aktiv işçinin hesabına aid edilmiş, onun əməkhaqqısından tutulmuşdur. Qeyri-maddi aktivlərin uçotunun dəqiqləşdirilməsi zamanı bu əməliyyat “A” müəssisəsi üçün təqdim olunma kimi hesab edilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Əskik gələn Qeyri-maddi aktiv balansdan çıxarıldıqda (balans dəyəri ilə) 731 – Sair əməliyyat xərcləri 101 – Qeyri-maddi aktivlərin dəyəri 2800,00
2 Yığılmış amortizasiya silindikdə 102 – Qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 731 – Sair əməliyyat xərcləri 560,00
3 Qeyri-maddi aktiv müəssisənin işçisinə təqdim edildikdə 217 – Digər qısamüddətli debitor borcları 611 – Sair əməliyyat gəlirləri 2240,00
4 Təqsirkar şəxsin əməkhaqqısından tutulma edildikdə 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 217 – Digər qısamüddətli debitor borcları 2240,00
5 Gəlir kimi tanınan Qeyri-maddi aktiv Ümumi mənfəətə bağlandıqda 611 – Sair əməliyyat gəlirləri 801 – Ümumi mənfəət (zərər) 2240,00
6 Qeyri-maddi aktivin qalıq dəyəri xərcə silindikdə 801 – Ümumi mənfəət (zərər) 731 – Sair əməliyyat xərcləri 2240,00

Qeyri-maddi aktivlərin uçotu zamanı əskik gəlmənin 2-ci halında onun səbəbləri, bundan təqsirkar hesab edilən şəxslər məlum olmur. Eyni misal üzərindən təsəvvür edək ki, həmin şəxs məlum deyil, onun təyin olunması mümkün deyil.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Əskik gələn Qeyri-maddi aktiv balansdan çıxarıldıqda (balans dəyəri ilə) 731 – Sair əməliyyat xərcləri 101 – Qeyri-maddi aktivlərin dəyəri 2800.00
2 Yığılmış amortizasiya silindikdə 102 – Qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 731 – Sair əməliyyat xərcləri 560.00
3 Qeyri-maddi aktivin qalıq dəyəri xərcə silindikdə* 801 – Ümumi mənfəət (zərər) 731 – Sair əməliyyat xərcləri 2240.00

Qeyd: Vergi uçotu baxımından qeyri-maddi aktivin əskik gəlməsi zamanı təqsirli şəxs bilinməyən halda sözügedən qeyri-maddi aktiv bölüşdürülməmiş mənfəət hesabına silinir.

Yenidən qiymətləndirilmə zamanı qeyri-maddi aktivlərin uçotu

Nümunə 4: “A” MMC balansında olan qeyri-maddi aktivini yenidən qiymətləndirmək qərarına gəlmişdir. Qeyri-maddi aktivin balans dəyəri 2000 man., 2 illik yığılmış amortizasiya məbləği 200 man. təşkil edirdi. Lakin yenidən qiymətləndirmə aparıldıqdan sonra qeyri-maddi aktiv 1900 man. olaraq dəyərləndirilmişdir. Yenidən qiymətləndirmə nəticəsində yaranan 100 man. fərq aşağıdakı şəkildə əks etdiriləcəkdir:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Yığılmış amortizasiya məbləği sıfırlandıqda 102 – Qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 101 – Qeyri-maddi aktivlərin dəyəri 200.00
2 Yenidən qiymətləndirmə nəticəsində yaranan fərq balans dəyərini artırdıqda 101 – Qeyri-maddi aktivlərin dəyəri 331 – Yenidən qiymətləndirilmə üzrə ehtiyat 100.00
3 Yenidən qiymətləndirildikdən sonra amortizasiya hesablandıqda (1900 × 10%) 731 – Sair əməliyyat xərcləri 102 – Qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 190.00

 

Print Friendly, PDF & Email