101-ci hesabda qeyri-maddi aktivlər üzrə daxilolmanın uçotu

posted in: Xəbər | 0
birbank biznes

Qeyri-maddi aktivlər nədir?

Qeyri-maddi aktivlər Hesablar Planının 10-cu maddəsinə uyğun olaraq uçota alınır. 38 №-li “Qeyri-maddi aktivlər” MUBS-a (IAS 38)  əsasən uzunmüddətli aktivlərə daxil edilən bu aktivlər, fiziki formaya malik olmur, lakin onlar əldə edilən zaman müəyyən pul vəsaitləri sərf olunduğuna və müəssisəyə iqtisadi fayda gətirdiyinə görə əhəmiyyət kəsb edirlər. Qeyri-maddi aktivlər barədə digər yanaşmanı AR Vergi Məcəlləsində tapmaq olar (Maddə 13.2.9).

Qeyri-maddi aktivlər aşağıdakı şərtlərə eyni vaxtda cavab verən obyektlər kimi tanınır:

  • maddi formaya malik deyildirlər;
  • şirkətin normal fəaliyyəti zamanı (məsələn, mal satarkən və ya xidmət göstərərkən) istifadə olunur;
  • 12 aydan çox istifadə üçün nəzərdə tutulub;
  • gələcəkdə şirkət üçün gəlir gətirə bilər (nəzərə almaq lazımdır ki, müəssisə belə gəlir əldə etmək hüququna malik olmalı və digər şəxslərin ona çıxışını məhdudlaşdıra bilməlidir);
  • digər aktivlərdən ayrıla və ya onlardan ayrı mövcud ola bilməlidir.

Aşağıdakılar qeyri-maddi aktivlərə nümunə göstərilə bilər:

  • intellektual fəaliyyətin nəticələri, məsələn, proqram təminatı, verilənlər bazası, sənət əsərləri;
  • hüquqi şəxsin, malların, işlərin, xidmətlərin və müəssisələrin fərdiləşdirilməsi vasitələri (brendlər, əmtəə nişanları və oxşar obyektlər);
  • müəyyən fəaliyyət növləri ilə məşğul olmaq üçün icazə və lisenziyalar.

Bundan əlavə, qudvil, şirkətin işgüzar nüfuzu da qeyri-maddi aktiv kimi tanınır. İstisna, şirkətin özü tərəfindən yaradılan qudvildir.

Qeyri-maddi aktivlər və onların uçotu haqqında daha ətraflı məlumat almaq üçün buraya keçid edə bilərsiniz.

“Qeyri-maddi aktivlərin dəyəri” hesabı

Qeyri-maddi aktivlər üzrə subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  ilə tənzimlənir.

101 №-li “Qeyri-maddi aktivlərin dəyəri” hesabı aktiv hesabdır. Bu hesab üzrə aşağıdakı subhesablar açmaq olar (qaydaların 11.3. bəndi):

101 №-li “Qeyri-maddi aktivlər” hesabında mühasibat uçotu subyektinin fəaliyyətinin həyata keçirilməsində uzun müddət istifadə edilən təcrübə-konstruktor işləri, proqram təminatı, patentlər, müəllif hüquqları, lisenziyalar, ticarət markaları, digər qeyri-maddi aktivlərin hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar öz əksini tapır.

Dəyərin müəyyən edilməsi

Qeyri-maddi aktivlər ayrıca alınarsa, onların ilkin dəyəri yuxarıda qeyd edilən qaydaların 11.19. bəndi əsasında müəyyən edilir.

Mübadilə nəticəsində əldə edilmiş qeyri-maddi aktivlər həmin qaydaların 11.24.-cü bəndilə nizamlanır.

Əvəzsiz olaraq alınan qeyri-maddi aktivlər həmin qaydaların 11.30.-cu bəndilə nizamlanır.

Xaric olunan, yəni silinən, satılan, əvəzsiz verilən qeyri-maddi aktivlərin dəyəri həmin qaydaların 11.46.-cı bəndilə nizamlanır.

Əskik gəlmiş qeyri-maddi aktivlər üzrə təqsirkar şəxs bilinən hallarda qeyri-maddi aktivlərin dəyəri qaydaların 11.47.-cı bəndilə nizamlanır.

Əskik gəlmiş qeyri-maddi aktivlər üzrə təqsirkar şəxs bilməyən hallarda qeyri-maddi aktivlərin dəyəri həmin qaydaların 11.48.-ci bəndilə nizamlanır.

Maliyyə icarəsilə əldə olunan qeyri-maddi aktivlərin dəyəri həmin qaydaların 11.51.-ci bəndilə nizamlanır.

Qeyri-maddi aktivlərin daxilolmasını nümunələr üzərindən izah edək. Belə aktivlər digər müəssisələrdən haqqı ödənilməklə yaxud ödənilmədən alına bilər.

Haqqı ödənilməklə alınan qeyri-maddi aktivlərin uçotu

Nümunə 1:  Haqqı ödənilməklə digər müəssisələrdən alındıqda

“A” MMC “B” MMC-dən 8000 manat dəyərində proqram təminatı almışdır. Proqram təminatı quraşdırılan zaman 600 manat xərc çəkilmişdir (ƏDV-siz).

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Digər müəssisədən alındıqda 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 8000.00
2 Quraşdırma xərcləri kapitallaşdırıldıqda 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 600.00
3 Kapitallaşdırılmış qeyri-maddi aktiv müəssisənin balansına daxil edildikdə və istismara verildikdə 101 – Qeyri-maddi aktivlərin dəyəri 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması 8600.00

Digər mənbələr hesabına daxilolma zamanı müxabirləşmələr

Nümunə 2: Müəssisənin təsisçisi tərəfindən nizamnamə kapitalı şəklində qeyri-maddi aktiv qoyulduqda

 “A” MMC-nin təsisçisi 6000 AZN dəyərində proqram təminatını nizamnamə kapitalı şəklində qoymuşdur. Bu qeyri-maddi aktivi quraşdırılan zaman 500 AZN xərc çəkmişdir (ƏDV-siz).

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Nizamnamə kapitalının məbləği təyin olunduqda 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi 301 – Nizamnamə (nominal) kapitalı 6000.00
2 Nizamnamə kapitalı şəklində qeyri-maddi aktiv qoyulduqda 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi 6000.00
3 Quraşdırma xərcləri kapitallaşdırıldıqda 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 500.00

Nümunə 3:     Müəssisə daxilində yaradıldıqda

 “A” MMC öz daxilində istifadə etmək məqsədilə proqram təminatı yaratmaq qərarını almışdır. Bu proqram təminatının yaradılmasına “A” MMC öz işçilərini cəlb etmişdir. İşçilərin sayı 3 nəfərdir və cəmi 4200 AZN əməkhaqqı hesablanmışdır.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Əməkhaqqı proqram təminatının dəyərinə aid edildikdə (kapitallaşma) 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 4200.00
2 İşəgötürən hesabına sosial sığorta haqqı proqram təminatının dəyərinə aid edildikdə (22%) 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması 522 – Sosial sığorta və təminat üzrə öhdəliklər 762.00
3 İşəgötürən hesabına işsizlikdən sığorta haqqı proqram təminatının dəyərinə aid edildikdə (0.5%) 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması 523-1 – Digər məcburi ödənişlər üzrə öhdəliklər 24.00
4 İşəgötürən hesabına icbari tibbi sığorta haqqı proqram təminatının dəyərinə aid edildikdə (2%) 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması 523-2 – Digər məcburi ödənişlər üzrə öhdəliklər 96.00
5 Proqram təminatı tam hazır vəziyyətə gətirildikdən sonra istismara verildikdə 101 – Qeyri-maddi aktivlərin dəyəri 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması 5082.00

Nümunə 4:  Əvəzsiz alındıqda

 “A” MMC “B” MMC-dən əvəzsiz olaraq, yəni hər hansı ödəniş etmədən qeyri-maddi aktiv əldə etmişdir. Qeyri-maddi aktiv quraşdırılarkən “A” MMC digər “C” MMC-ə 750 manat ödəniş etmişdir. Həmin qeyri-maddi aktivə bazar qiyməti tətbiq edilmiş və 3100 manat olaraq dəyərləndirilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Əvəzsiz əldə edilən qeyri-maddi aktiv gəlir kimi tanındıqda 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması 611 – Sair əməliyyat gəlirləri 3100.00
2 Quraşdırma xərcləri kapitallaşdırıldıqda 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 750.00
3 Kapitallaşdırılmış qeyri-maddi aktiv istismara verildikdə 101 – Qeyri-maddi aktivlərin dəyəri 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması 3850.00
4 Gəlir kimi tanınan qeyri-maddi aktiv ümumi mənfəətə bağlandıqda 611 – Sair əməliyyat gəlirləri 801 – Ümumi mənfəət (zərər) 3100.00

Qeyri-maddi aktivlərin xaric olmasının uçotu da hesablar planının 101-ci maddəsində aparılır. Bu haqda daha ətraflı məlumat almaq üçün  buraya keçid  ala bilərsiniz.

Print Friendly, PDF & Email