Nazirlər Kabineti 2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında qərar verib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, 2021-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, mayın 13, 14-ü Ramazan bayramı, iyulun 20, 21-i Qurban bayramı günləri müəyyən edilib.
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən, qeyd olunan günlər iş günü hesab edilmir.
2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 4-cü hissəsinə və “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
- 2021-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, mayın 13, 14-ü Ramazan bayramı, iyulun 20, 21-i Qurban bayramı günləri müəyyən edilsin.
- Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Qərarın 1-ci hissəsində nəzərdə tutulan günlər iş günü hesab edilmir.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 3 dekabr 2020-ci il
№ 483
Mənbə: nk.gov.az