İnflyasiya qlobal iqtisadiyyatı çox sürətlə öz ağuşuna almaqdadır. Bu haqda ən çox bahalaşan malların siyahısını hazırlayan “İzvestiya” nəşri xəbər verib.
Beləliklə, bahalaşmada kofe rekord vurub. Amerika birjalarında son aylarda kofenin qiyməti 18 faiz yüksəlib, Londonda isə robust növünün qiyməti bir ton üçün 1750 dollara kimi qalxıb. Nəşrin dəqiqləşdirməsinə görə, hər iki halda söhbət çoxillik maksimumdan gedir. Bahalaşmanın əsas səbəbi Braziliyada güclü quraqlıq, koronovirus üzündən kafeterilərin müştərilərinin sayının kəskin azalması, eləcə də Kolumbiya və Vyetnamda logistik problemlərdir.
Həmçinin benzinin bahalaşması da ümumdünya miqyasında problemə çevrilib. ABŞ-da və qiyməti tənzimləməyən digər ölkələrdə qiymətin bahalaşması neftin ümumi qiymətinin yüksəlməsi ilə əlaqəlidir. Rusiyada isə cari qiymətləri yay dövründə yanacağa olan tələbatın yüksəlməsi ilə izah edirlər. Bununla yanaşı, nəşrin məlumatına görə, hökumət iri neft şirkətləri ilə qiymətlərin dondurulması barədə sövdələşmənin bağlanması üzərində düşünür.
Kompüter avadanlıqlarının qiyməti daha bir qlobal problemə çevrilib. Burada yarımkeçiricilər istehsal edən zavodların dayanmasında və qurğulara tələbatın artmasında bir neçə amil rol oynayıb. Texnika ilə yanaşı, elektronika sahəsində çatışmazlıqlar, avtomobil istehsalı da daxil olmaqla digər sahələrə də zərbə vurub.
Bundan əlavə, “İzvestiya” nəşri tikinti materiallarının qiymətində də kəskin bahalaşmaların baş verdiyinə diqqət çəkib. Bu, bir çox ölkələrdə həyata keçirilən anti-böhran proqramları ilə bağlıdır. Onların həyata keçirilməsi üçün təchizatçıların imkanlarından açıq-aydın artıq metal, beton və ağac miqdarı tələb olunur.