Yol vergisi üzrə yığımların büdcə gəlirlərində rolu

posted in: Xəbər | 0
birbank biznes

Yol vergisi proqnozuYol vergisi proqnozu modelləri

Vergi siyasəti büdcə gəlirlərinin formalaşmasında əhəmiyyətli rola malikdir. Büdcə gəlirlərinin tərkib hissəsi olan yol vergisi üzrə ödənişlər Vergi Məcəlləsinin XV fəslində şərh olunub. Ölkəmizdə büdcə gəlirlərinin əsasını vergidən daxilolmalar təşkil edir. Büdcə gəlirlərinə vergilər, rüsumlar, qrantlar, digər ödəniş və daxilolmalar aiddir. Resublikamızda büdcə daxilolmaları “Büdcə sistemi haqqında” qanunla tənzimlənir.

Dövlətin yerinə yetirməli olduğu funksiyaları reallaşdırmaq, dövlət strukturlarını qorumaq, maliyyələşdirmək, qarşısına qoyduğu məqsədlərini həyata keçirməkdən ötrü vəsaitə ehtiyacı vardır. Büdcə-maliyyə sferasını formalaşdıran bütün lazımi vəsaitlərin əsas mənbəyi vergi yığımları, vergi ödəmələridir. Proqnozlaşdırmanın əsas vəzifəsi verilmiş zaman intervalı ərzində büdcəyə cəlb edilməli olan vergilərin iqtisadi cəhətdən əsaslandırılmış həcminin müəyyən edilməsidir.

Qeyd etmək lazımdır ki, daxilolmaların proqnozu perspektiv xarakterli tədqiqatdır, vergi daxilolmalarının həcminə təsir göstərən obyektiv, subyektiv amillərin qabaqcadan nəzərə alınmasına əsaslanır. Proqnozlaşdırma zamanı real iqtisadi şəraitin və proseslərin nəzərə alınmasına baxmayaraq onun nəticələri ehtimallı, ilkin xarakter daşıyır. Vergi proqnozlaşdırmasının əsasında əsas makroiqtisadi göstəricilərin dəyişməsi dinamikasını müəyyənləşdirən ölkənin sosial iqtisadi inkişafının kompleks proqramı durur.

Bunu nəzərə alaraq vergi daxilolmalarının proqnozlaşdırılması yalnız vergi daxilolmalarının həcmini deyil, həmçinin onların vergitutma bazaları, tərkib elementlərini də əhatə etməlidir.

Yol vergisi üzrə proqnozların tərtibi iki istiqamətdə aparılır:

  • Respublika ərazisində istehsal edilən və daxili istehlaka yönəldilən (topdan satılan) avtomobil benzininə, dizel yanacağına və maye qaza görə;
  • İdxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə.

Yol vergisinin büdcə gəlirlərinə təsiri

Yol – nəqliyyatı sistemi ölkə iqtisadiyyatının ən mühüm tərkib hissələrindən biri olmaqla, müxtəlif regionlar, sənaye sahələri və sahibkarlıq subyektləri arasında əlaqəni təmin edir. Geniş yol şəbəkəsinin saxlanması və inkişafı əhəmiyyətli resurslar tələb edir. Yol vergisi tələb olunan resursların əsas mənbələrindəndir. O, büdcənin gəlirlərinin formalaşmasında əsas rol oynayan vergi ödəmələrindən biridir. Vergi daxilolmaları cəmi büdcə daxilolmalarının təxmini olaraq 40%-ni təşkil edir.

2020-ci il ərzində dövlət büdcəsinə daxil olmuş 9990747,4 min manat məbləğində vergi gəlirlərinin 48,2%-i əlavə dəyər vergisinin, 23,5% mənfəət, 11,5% gəlir, 9,0% aksizlərin, 3,1% sadələşdirilmiş verginin, 1,9% əmlak, 1,3% mədən, 1,0% yol, 0,5% isə torpaq vergisinin payına düşmüşdür.

Yol vergisindən mədaxil olan məbləğlərin proqnozunu hesablayarkən AR Tarif Şurasının təsdiqlədiyi ölkə ərazisində istehsal edilən benzinin (avtomobil üçün benzin nəzərdə tutulur), dizelin(yanacağın), maye qazın topdansatış qiymətləri nəzərə alındığını qeyd etmişdik. Hesabat ilinin sonunda yol vergisi üzrə proqnozlaşdırılan məbləğlə real məbləğ arasında 13.3% kəsr meydana çıxmışdır, yəni hesabat ilində proqnozlaşdırılandan az məbləğdə yol vergisi daxil olmuşur. Buna səbəb pandemiyaya qarşı mübarizə aparmaq məqsədilə sərhədlərin bağlanması nəticəsində ölkəmizə daxil olan nəqliyyat vasitələrinin sayında baş verən azalma, habelə bir sıra yanacaq növləri üzrə idxalın və ölkədaxili istehsalın azalması olmuşdur.

2021-ci ildə yol vergisindən daxilolmaların həcmi isə pandemiyanın vüsət aldığı 2020-ci ilə münasibətdə 14% artmışdır.


Print Friendly, PDF & Email