Hansı hallarda sadələşdirilmiş vergi ödəyicilərinə səyyar vergi yoxlaması açıla bilər?

posted in: Vergi, Xəbər | 0

Sual: Cənab prezidentin son fərmanına əsasən sadələşdirilmiş vergi ödəyicilərində səyyar vergi yoxlamaları aparıla bilərmi? Ümumiyyətlə Vergilər Nazirliyi tərəfindən hansı sahələrdə yoxlamalar aparıla bilər?

Cavab: Bildiririk ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2015-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılmağına baxmayaraq vergi yoxlamalarına moratoriumun tətbiqi istisna edilmiş, hal-hazırda qeyd olunan Qanuna dəyişiklik edilərək onun müddəti 1 yanvar 2021-ci il tarixədək uzadılmışdır.

Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə Nazirlər Kabinetində keçirilən iclasda verilən tapşırıqların irəli gələrək Vergilər Nazirliyinin Kollegiyası tərəfindən illik dövriyyəsi 120.000 manatdan (sonradan bu hədd 200.000 manatadək artırılmışdır) aşağı olan sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarının və operativ nəzarət tədbirlərinin (mənbəyi bəlli olan məlumatlar əsasında və ya vergi orqanının vergi ödəyicisi barəsində apardığı araşdırma nəticəsində vergidənyayınma riski yüksək olan vergi ödəyiciləri, əmək müqavilələrinin başlanmasına və aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət, habelə dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması istisna olmaqla) keçirilməsinin dayandırılması barədə 13.11.2015-ci və 13.06.2016-cı il tarixli Qərarlar qəbul olunmuşdur.

Bax: “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2015-ci il tarixli 1410-IVQ nömrəli Qanunu, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 31 oktyabr 2017-ci il tarixli 845-VQD nömrəli Qanunu.

Mənbə: www.taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

İnventarizasiya haqqında bilməli olduqlarımız (2-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

inventarizasiyaİnventarizasiyanın növləri barədə 1-ci hissədə məlumat vermişdik.

Xüsusi hallarda plansız inventarizasiya həyata keçirilir: təşkilatın əmlakının icarəyə verilməsi və ya satılması hallarında, təbii fəlakətlər, yanğın və ya digər fövqaladə vəziyyətlərdə əmlakın xarab olması və ya oğurlanması hallarında, təşkilatın yenidən  təşkili və ya ləğvi ilə bağlı.

Misal üçün, maddi məsul şəxs olan əməkdaşlardan hər hansı biri işdən birdəfəlik çıxdıqda onun məsul olduğu əmlaklar üzrə inventarizasiya aparıla bilər.

Təşkilatda inventarizasiyanı həyata keçirmək üçün mühasiblərin iştirak etdiyi xüsusi inventarizasiya komissiyası yaradılır. inventarizasiya aparılarkən bu prinsiplərə əməl olunur: işçi özü-özünü yoxlaya bilməz, onun işini başqa əməkdaşlar, digər bölmələrdən olan işçilər yoxlayır. inventarizasiyanın formallıq kəsb etməməsi üçün belə etmək lazımdır.

İnventarizasiya komissiyasının işinin yekunu sənədlər əsasında tərtib olunur, hansı ki, həmin formalar vahid şəklə salınıb – inventarizasiya nəticəsində üzə çıxarılmış nəticə cədvəlləri, inventarizasiya aktları və müəssisənin ayrı-ayrı əmlakları və öhdəlikləri üzrə müqayisə cədvəlləri.

İnventarizasiya komissiyasının yekun sənədlərində uçot məlumatları ilə təşkilatın maddi dəyərlərinin arasında olan bütün uyğunsuzluqlar sadalanır. Mühasibat uçotunda olub, amma yoxlama zamanı müəssisədə həmin maddi dəyərin aşkar olunmaması, çatışmazlıq, mühasibat uçotunda  olmayıb, yoxlama zamanı təşkilatda üzə çıxan maddi dəyərlər isə qalıq, artıqlar adlanır. Çatışmazlıq aşkar olunduqda, komissiya zərərin məbləğini, həm də bunda konkret günahkar olan şəxs müəyyən edilir, və ya tələb irəli sürüləcək maddi şəxs və ya digər işçi müəyyən edilir.

İnventarizasiya komissiyasının yekun sənədləri təşkilatın rəhbərliyinə təqdim olunur, hansı ki, o, aşkar edilən çatışmazlıq və əlavə şeylərlə bağlı qərar qəbul edir. Sonra bütün sənədlər mühasibatlığa təqdim olunur və o da öz növbəsində real vəziyyətə uyğun olaraq mühasibat uçotunu aparır.

Əgər, inventarizasiya nəticəsində çatışmazlıq aşkar olunubsa və bununla bağlı konkret şəxs müəyyən edilibsə, həmin şəxs zərəri könüllü şəkildə ödəyə bilər. Bu zaman o, lazımi məbləği kassaya ödəyə bilər və ya bundan imtina edə bilər. İmtina edərəsə, onda təşkilat bununla bağlı məhkəməyə müraciət edib, dəymiş zərərin ödənilməsi məsələsini qaldıra bilər.

Qeyd etmək lazımdır ki, qanunvericiliyin tələb etdiyi illik inventarizasiya bir çox təşkilatlarda ya aparılmır, ya da formal olaraq həyata keçirilir: inventarizasiya komissiyası heç nəyi yoxlamadan təşkilatda bütün işlərin qaydasında olması ilə bağlı zəruri olan aktları və cədvəlləri tərtib edir. Bu gün əmlak konkret mülkiyyət sahiblərinə aid olduğundan, onlar həmin əmlakların xarab olmaması və oğurlanmaması, lazımi şəkildə qorunub saxlanılmasında çox maraqlıdırlar.

Bununla yanaşı, real və müntəzəm şəkildə inventarizasiyanın həyata keçirildiyi müəssisələrdə inventarizasiya aktlarında hər şeydən öncə bunlar əks olunur: hər şey qaydasındadır, heç bir kənara çıxma müşahidə olunmayıb. Belədə ortaya bu cür sual çıxa bilər: əgər, bütün əmlak tam qorunubsa, təşkilat onda növbəti inventarizasiyanı niyə həyata keçirir? Təşkilatda hər şey ona görə qaydasındadır ki, maddi məsul şəxslər və əməkdaşlar inventarizasiyanın müntəzəm olaraq ciddi şəkildə aparıldığını bilirlər.

Məqalənin 1-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Qaimə-faktura varsa, təhvil-təslim aktına ehtiyac varmı?

posted in: Vergi, Xəbər | 0

Qaimə

Sual: Müəssisə tərəfindən satılan malın təhvil verilməsini təsdiq edən sənəd kimi qaimə-faktura alıcıya imza etdirilərsə malların təhvil qəbul aktı deyilən yanaşmaya ehtiyac varmı? Misal: online elektron qaimə verilir, həmin qaimə çap olunur, malın üzərində alıcıya malın təhvil sənədi kimi göndərilir. Satıcının əlavə olaraq malların təhvil qəbul aktı deyilən inzibati amirlik sisteminin qalığına ehtiyacı olmur. Yoxsa mütləq mal satışı zamanı 3-cü bir sənəd kimi o da yazılmalıdır?

Cavab: Bildiririk ki, fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verməlidir.

Digər tərəfdən, “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nda elektron qaimə-fakturanın tərtib edilməsi üçün əsas olan sənədlər, məsələn qəbzlər, çeklər, təhvil-təslim aktları, qaimələr və s. nəzərdə tutulur.

Bax: Vergi Məcəlləsinin 71-1-ci maddəsi, Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları”.

Mənbə: www.taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Nağd puldan niyə imtina edə bilmirik??

posted in: Xəbər | 0

pulRəşad Həsənov: “Elə bir sistem formalaşdırmaq lazımdır ki, həm dövlət, həm vətəndaş, həm də biznes nağdsız hesablaşmada maraqlı olsun”

Son illər aparılan islahatlardan biri də ölkədə nağdsız hesablaşmaların miqyasının genişləndirilməsi oldu. Bu istiqamətdə qanunvericilikdə bir çox dəyişikliklər həyata keçirildi, özəl qurumların aylıq nağdsız xərcləmələrinə limit qoyuldu.

Dövlət büdcəsindən ödənilən maaş, pensiya və sosial müavainətlər, o cümlədən əksər özəl müəssisələr tərəfindən əmək haqlarının ödənilməsi nağdsız şəkildə həyata keçirilməyə başladı. Lakin bütün bunlar əsas mərhələdə, əhalinin həyata keçirdiyi gündəlik ticarət əməliyyatlarında keçərli olmadı. Hələ də market və mağazalarda, ticarət mərkəzlərində insanların çox az qismi ödənişi plastik kartlarla həyata keçirir. Halbuki büdcə təşkilatlarından maaş alanlardan tutmuş pensiyaçılara qədər hər kəs plastik karta sahibdir. Lakin insanlar bu kartlar vasitəsilə alış-veriş etməkdənsə, pul köçürülən kimi bankomata yaxınlaşıb onu nağdlaşdırmağa üstünlük verirlər. Səbəb həm ölkədə bu sahə üzrə infrastrukturun tam qurulmaması, həm də nağdsız hesablaşmalarla bağlı bu sistemə olan inamsızlıqdır.

Bəs problemin həlli yolu nədir? Niyə həm biznes qurumları, həm də vətəndaşlar nağd puldan imtina etməkdə bu qədər çətinlik çəkirlər? Burada vergilərin ağır olması da rol oynayırmı?

“Yeni Müsavat”ın suallarını cavablandıran iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, bu gün inkişaf etmiş ölkələrdə iqtisadi münasibətlərin və ticarətin təxminən 90 faizi nağdsız formada həyata keçirilir:

“Bunun üçün bir infrastruktur yaradılıb. Bütün ticarət müəssisələri insanları nağdsız ödəniş etməyə təşviq edirlər. Eyni zamanda kredit kartlarının olması, bank sisteminin uyğunlaşması kimi məsələlər də artıq bu ölkələrdə həllini tapıb. Bununla yanaşı, daha çox nağdsız dövriyyənin təşviqi tədbirləri həyata keçirilir. Bu tədbirlər iki  istiqamətdə olur, həm  alıcılar üçün , həm də satan tərəf üçün tətbiq olunan təşviq proqramları var. Bizdə nağdsız satış həyata keçirən sahibkarlara heç bir güzəştlər tətbiq olunmur. Halbuki biz illərdir təşviq edirik ki, ikili bəyannamələr tətbiq olunsun, nağd ödənişlər üçün sahibkarlardan bir bəyannamə növü, nağdsız ödənişlər tətbiq edənlərdən isə başqa bəyannamə alınsın. Beləliklə, nağdsız dövriyyəsi olanlar fərqləndirilsin və onlara güzəşt tətbiq edilsin. Biz təklif edirik ki, müəyyən müddət ərzində bu dövriyyələr ən azı 2 dəfə daha az vergiyə cəlb olunsun və ya  onlara vergi tətbiqi ləğv olunsun. Çünki ilk növbədə bu mədəniyyətin formalaşmasına ehtiyac var. Bu gün bəzən insanlar nağdsız ödəniş etmək istəsələr də, mövcud infrastruktur ona cavab vermir. Ticarət mərkəzləri ən müxtəlif bəhanələrlə çalışır ki, ödənişlər nağd şəkildə edilsin. Çünki nağdsız dövriyyə birbaşa vergi orqanlarında uçota alınır və vergi predmetinə çevrilir”. İqtisadçının sözlərinə görə, sahibkar yüksək vergi ödəmələrindən yayınmaq üçün çalışır ki, satışı nağd formada həyata keçirsin və nağdsız ödənişləri hansısa formada məhdudlaşdırsın: “Bir sıra ticarət müəssisələrində POS-terminallar işləmir, bəzən də bilərəkdən bu aparatları sıradan çıxarırlar. Azərbaycanlı sahibkar nağdsız dövriyyədə maraqlı deyil və mümkün qədər çalışır ki, bunu məhdudlaşdırsın. Buna görə də sahibkarları buna təşviq etmək üçün güzəştli vergi sisteminin tətbiqinə ehtiyac var.

Gələcəkdə mərhələli şəkildə vergiləri tətbiq edərək, standartlara uyğunlaşdıraraq indiki səviyyəyə çatdırmaq olar. Hələ ki nağdsız dövriyyə mədəniyyətinin formalaşdırılması üçün addımlar atılmalıdır. İşin digər tərəfi də odur ki, vətəndaşa hədəflənən təşviqedici tədbirlər görülməlidir. Banklar və ticarət müəssisələri nağdsız alış-verişə bonuslar təklif edə bilərlər, qiymətlərdə müəyyən güzəşt edə bilərlər. Azərbaycanda bu təcrübə yavaş-yavaş formalaşmağa başlayıb. Ancaq infrastruktur buna cavab vermədiyi üçün insanlar bu imkanlardan tam istifadə edə bilmirlər. Bundan əlavə bir məsələ də var ki, Azərbaycanda hazırda təxminən 6 milyon kartın olmasına baxmayaraq, bu kartlardan nağdsız ödənişlərdə istifadə edilmir. Dövlət müəssisələrində çalışanların demək olar ki, hamısı əmək haqlarını kartla alırlar, pensiya və sosial müavinətlər nağdsız şəkildə ödənilir. Lakin həmin insanların əksəriyyəti bu kartları nağdlaşdırmağa aləti kimi istifadə edirlər. Onların çoxunun informasiyası yoxdur ki, bu kartlardan istifadə edərək nağdsız şəkildə ödəniş etmək imkanları var. Bu sahədə maarifləndirmə də zəifdir. Bundan başqa, cəmiyyətdə stereotiplər də var ki, onları qırmaq lazımdır. İnsanların çoxu düşünür ki, nağdsız formada ödəniş edərkən onu aldada bilərlər, hesablarını oğurlaya bilərlər. Bununla bağlı sistem güvənliliyini artırmaq və cəmiyyəti buna inandırmaq lazımdır. Ənənəvi stereotiplərin aradan qaldırılması üçün genişmiqyaslı kampaniyaların aparılması vacibdir. Bu istiqamətdə çəkilən bütün zəhmət, xərclənən vəsait bir müddət sonra artıqlaması ilə dövlət büdcəsinə qayıdır. Həm də cəmiyyətdə bir mədəniyyət formalaşır”.

pulİqtisadçı onu da qeyd etdi ki, hazırda nağdsız ödəniş hər iki tərəfə daha baha başa gəlir, çünki bu vəsait vergiyə cəlb olunur:

“Elə bir sistem formalaşdırmaq lazımdır ki, bütün tərəflər – həm dövlət, həm vətəndaş, həm də biznes prosesdə maraqlı olsun. Bizdə dövlətin nə dərəcədə maraqlı olduğu hazırda bəlli deyil, çünki proses çox zəif gedir. Biznes maraqlı deyil, çünki burada əlavə xərc, vergi ödənişi yaranır. Qeyri-neft iqtisadiyyatının böyük bir qismi illeqal dövriyyədə formalaşıb. Nağdsız şəkildə  ödənişlərə mütləq vergi güzəştləri edilməlidir. Dünya praktikasında da bu kimi hallarda problemlər ancaq güzəştlərlə, təşviqlərlə aradan qaldırılır. Bizdə hətta aldığımız məhsula görə ticarət müəssisələrində qəbzin verilməsi mədəniyyəti belə formalaşmayıb. Bəzən insanlar bu qəbzləri almaqdan imtina edir, bəzən də satıcılar vermirlər. Bəzi böyük ticarət şəbəkələri var ki, malın qaiməsi insanlara verilir. İnsanlar da elə bilirlər ki, o, rəsmi qəbzdir, halbuki bu aldığımız malların siyahısıdır. Ancaq rəsmi qəbz kiçik bir kağızdır, orada məbləğ, ƏDV və sair göstərilir. Bizdə real sektorda bu kimi problemlər var. Bu gün mağazada qəbz tələb etməyən insandan nağdsız ödəniş gözləmək də yersizdir. Dövriyyənin leqallaşması üçün nağdsız ödənişin tətbiqi, nağd ödənişlərdə qəbzlərin verilməsi və sair üçün Azərbaycanda ciddi addımlar atılmalıdır. Dövlət təkcə vətəndaşı təşviq etməklə buna nail ola bilməz, burada biznes də maraqlı olmalıdır. Biznes  qurumları dövriyyələrini gizlətməsələr hazırkı vergi yükünün ağırlığı altında mövcud olmaları mümkün deyil. Vergi yükü həddindən artıq ağırdır, kommersiya gəlirlərində 40 faizdən artıq vergi yükü var. Dövlət bütün bunları nəzərə alaraq, ilk növbədə vergi güzəştləri tətbiq etməlidir. Nağdsız dövriyyəyə daha aşağı vergi dərəcələri tətbiq etməklə buna nail olmaq mümkündür”.

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.