Kapital Bank-ın açıq API (Tətbiqi Proqramlaşdırma İnterfeysi) portalı müasir həll üsullarını əlçatan edir

posted in: Xəbər | 0

Kapital Bank, API portalı, Biznes sahibləri, Tətbiqi Proqramlaşdırma İnterfeysiÖlkənin birinci bankı Kapital Bank-ın açıq API portalı bu sahədə ən qabaqcıl beynəlxalq təcrübədən istifadə olunaraq yaradılıb və bizneslərə tamamilə ödənişsiz təklif olunur.

Biznes sahibləri bankın API məhsullarını öz sistemlərinə inteqrasiya etməklə vaxta qənaət edərək aşağıda qeyd olunan əməliyyatları bir mənbədən gerçəkləşdirə bilər:

  • Avtorizasiya: İstifadəçi adına uyğun token əldə edərək, məhsullardan yararlanmaq
  • Ölkədaxili köçürmələr
  • Ölkəxarici köçürmələr
  • Nağdsız valyuta mübadiləsi
  • Hesab və kart məlumatları: (Kapital Bank hesab və kart çıxarışlarının əldə edilməsi)
  • Kartlara mədaxil ( Əmək haqqı kartlarına köçürmələrin edilməsi)
  • Kart sifarişləri ( Kartların birbaşa öz sistemindən sifariş edilməsi)
  • POS məlumatları (POS çıxarışlarının əldə olunması)
  • E-ticarət məlumatları (E-com çıxarışlarının əldə olunması)

Qeyd edək ki, API fərqli sistemlər arasında qarşılıqlı əlaqəni asanlaşdıran bir texnoloji həlldir. API dünyanın bir sıra nüfuzlu bankları tərəfindən aktiv şəkildə istifadə olunur. Siz də Birbank Biznes əməliyyatlarınızı öz sisteminizdə idarə etmək istəyirsinizsə elə indi müraciət edə bilərsiniz.

Ətraflı məlumat əldə etmək və qoşulmaq üçün: https://api.birbank.business/

Qeyri-maddi aktivlər: ticarət markası, brend, əmtəə nişanı

Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə ödənilən müavinətin hesablanmasında dəyişiklik edildi

posted in: Xəbər | 0

“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 596 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1. Adında və 1-ci hissədə “işçilərə” sözü “sığortaolunanlara” sözü ilə əvəz edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə” üzrə:

2.1. adında “işçilərə” sözü “sığortaolunanlara” sözü ilə əvəz edilsin;

2.2. mətn üzrə ismin müvafiq hallarında “işçi” sözü ismin müvafiq hallarında “sığortaolunan” sözü ilə əvəz edilsin;

2.3. mətn üzrə (4-cü hissənin birinci abzasının ikinci cümləsi və ikinci abzası, 43-cü hissənin birinci abzası, 120-ci hissənin birinci cümləsi istisna olmaqla) ismin müvafiq hallarında “işçilər” sözü ismin müvafiq hallarında “sığortaolunanlar” sözü ilə əvəz edilsin;

2.4. mətn üzrə ismin müvafiq hallarında “yerli qurum” və “yerli qurumlar” sözləri (121-ci hissədə ikinci hal istisna olmaqla) ismin müvafiq hallarında “struktur bölmə” sözləri ilə əvəz edilsin;

2.5. 3-cü hissənin beşinci abzasında “işəgötürənlərdə” sözü “sığortaedənlərdə” sözü ilə əvəz edilsin;

2.6. 4-cü hissə üzrə:

2.6.1. birinci abzasın birinci cümləsində “vətəndaş” sözü “şəxs” sözü ilə, “işə götürəndən” sözləri “sığortaedəndən” sözü ilə əvəz edilsin;

2.6.2. ikinci abzas aşağıdakı redaksiyada verilsin: “Qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınmaqla kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularına və işçilərinə, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin işçilərinə və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan digər işçilərə və şəxslərə sosial sığorta ödəmələrinin hesablanması, təyin edilməsi və verilməsi həmin şəxslərin xidmət etdiyi (və ya işlədiyi) dövlət orqanları tərəfindən bu Əsasnamə ilə müəyyən edilmiş qaydada həyata keçirilir.”;

2.7. 9-cu hissənin üçüncü abzasının dördüncü cümləsində, 22-ci hissənin birinci və ikinci abzaslarında, 101-ci hissənin birinci cümləsində ismin müvafiq hallarında “İşçi” sözü ismin müvafiq hallarında “Sığortaolunan” sözü ilə əvəz edilsin;

2.8. 16-cı hissənin birinci abzasından “məzuniyyət zamanı” sözləri çıxarılsın və həmin hissədə “qoymaq” sözü “yerləşdirmək” sözü ilə əvəz edilsin;

2.9. 25-ci hissə üzrə: 2.9.1. ikinci abzas aşağıdakı redaksiyada verilsin: “ – sığortaolunanın 6 aydan az sosial sığorta stajı olduqda;”;

2.9.2. yeddinci abzasın birinci cümləsinə “baş verdikdə,” sözlərindən sonra “bu Əsasnaməyə 6 nömrəli əlavəyə uyğun olaraq tərtib edilmiş arayış təqdim edildiyi hal istisna olmaqla” sözləri əlavə edilsin;

2.10. 28-ci hissənin üçüncü (hər iki halda), dördüncü abzaslarında və on dördüncü abzasının üçüncü cümləsində “12 tam təqvim” sözləri “12 təqvim” sözləri ilə əvəz edilsin;

2.11. 41-ci hissə aşağıdakı redaksiyada verilsin:

“41. Sığortaolunan əsas iş yerindən əlavə başqa iş yerində (yerlərində) muzdlu işə aid olan fəaliyyətdən qazanc əldə edərsə, bu zaman müavinət əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün sığortaedənlər tərəfindən hər bir iş yerindəki qazancı əsasında ayrı-ayrılıqda hesablanır və ödənilir. Qalan günlər üçün isə müavinət sığortaolunanın həm əsas, həm əlavə iş yeri (yerləri) üzrə ümumi qazancı əsasında hesablanır və məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.

Əsas iş yerindən əlavə muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunana müavinət sığortaedənin vəsaiti hesabına ilk 14 təqvim günü üçün yalnız əsas iş yerindən əldə etdiyi qazancı, qalan günlər üçün isə müavinət bu Əsasnamənin 28-ci hissəsi nəzərə alınmaqla sığortaolunanın bütün qazancı əsasında hesablanır və məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.”;

2.12. 43-cü hissənin birinci abzasında “peşə və ixtisas işçilərinə” sözləri “sığortaolunanlara” sözü ilə əvəz edilsin;

2.13. 62-ci hissənin on səkkizinci abzasında “uşaqlara” sözü “sığortaolunanlara” sözü ilə əvəz edilsin;

2.14. 70-ci hissənin ikinci abzası aşağıdakı redaksiyada verilsin: “İki aylığadək yaşında uşağı övladlığa götürən, yaxud övladlığa götürmədən böyüdən qadınlar doğuşdan sonra 56 günlük sosial məzuniyyət hüququndan istifadə etdikdə, onlara bu bölmə ilə müəyyən edilmiş qaydada müavinət verilir.”;

2.15. 73-cü hissənin birinci abzasına “birdəfəlik” sözündən əvvəl “uşağın anadan olmasına görə” sözləri, ikinci abzasına “müavinət” sözündən əvvəl “uşağın anadan olmasına görə birdəfəlik” sözləri əlavə edilsin;

2.16. 74-cü hissənin birinci cümləsinə “müavinət” sözündən əvvəl “birdəfəlik” sözü əlavə edilsin;

2.17. 75-ci hissənin birinci abzasına “birdəfəlik” sözündən əvvəl “uşağın anadan olmasına görə” sözləri əlavə edilsin və ikinci abzasın birinci cümləsində “Uşaq doğumuna” sözləri “Uşağın anadan olmasına” sözləri ilə əvəz edilsin;

2.18. 76-cı hissədə “uşaq doğulmasına” sözləri “uşağın anadan olmasına” sözləri ilə əvəz edilsin;

2.19. 77-ci hissəyə “müavinət” sözündən əvvəl “uşağın anadan olmasına görə birdəfəlik” sözləri əlavə edilsin;

2.20. 96-cı hissədə “Müavinət” sözü “Bu Əsasnamədə nəzərdə tutulan müavinətlər” sözləri ilə əvəz edilsin, “təyin edilir” sözlərindən əvvəl “bu hissənin ikinci cümləsi nəzərə alınmaqla” sözləri və həmin hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin: “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 günü üçün həm əsas, həm də əlavə iş yeri (yerləri) üzrə, 14 gündən sonrakı günlər üçün isə əsas iş yeri üzrə sığortaedənin müvafiq komissiyası tərəfindən təyin edilir.”;

2.21. 99-cu hissədən “və ya “DOST” mərkəzləri” sözləri çıxarılsın;

2.22. 101-ci hissənin birinci cümləsinə “xəstəlik vərəqələrini” sözlərindən sonra “əsas iş yeri üzrə” sözləri, “müəssisənin müdiriyyətinə” sözlərindən sonra “, əlavə iş yeri (yerləri) olduğu halda isə əsas iş yeri tərəfindən xəstəlik vərəqələrinin təsdiqlənmiş surətini əlavə iş yerinin (yerlərinin) müdiriyyətinə” sözləri əlavə edilsin;

2.23. 112-ci hissənin birinci abzasında və 114-1-ci hissənin beşinci abzasında “doğulmasına” sözü “anadan olmasına” sözləri ilə əvəz edilsin;

2.24. 114-1-ci hissənin birinci abzasına aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin: “Müraciət həm əsas, həm əlavə iş yeri (yerləri) olan, habelə əsas iş yerindən əlavə muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə əsas iş yeri olan sığortaedən tərəfindən edilir.”;

2.25. 114-2-ci hissə üzrə:

2.25.1. dördüncü abzasda “uşağın doğulmasına” sözləri “2021-ci il yanvarın 1-dək anadan olmuş uşaqlara münasibətdə uşağın anadan olmasına” sözləri ilə əvəz edilsin;

2.25.2. yeddinci abzasın birinci cümləsində “keçirməlidirlər” sözü “keçirməlidir” sözü ilə əvəz edilsin;

2.25.3. səkkizinci abzasa “haqq-hesab” sözündən sonra “cədvəli” sözü əlavə edilsin;

2.25.4. aşağıdakı məzmunda doqquzuncu abzas əlavə edilsin: “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin ikinci hissəsinin üçüncü abzasına əsasən rüb üzrə hesabat təqdim edildiyi tarixdən növbəti rüb üzrə hesabat təqdim ediləcəyi tarixədək əmək qabiliyyətinin müvəqqəti itirilməsinə və hamiləliyə və doğuma görə müavinətlərin hesablanmasında nəzərə alınan aylar üzrə qazanc ilə bağlı bu Əsasnamənin 6 nömrəli əlavəsinə uyğun olaraq tərtib edilmiş arayış müavinət sənədlərinə əlavə edilməlidir. Həmin arayışda təqdim olunan məlumatlarla həmin rüb üzrə sonradan təqdim olunan hesabat məlumatları arasında fərq aşkar olunduqda, müavinət üzrə artıq ödənilmiş məbləğ sığortaedən tərəfindən dövlət sosial müdafiə fondunun hesabına geri qaytarılır, əskik ödənilmə halında isə əskik ödənilmiş məbləğ Fondun struktur bölməsi tərəfindən bu Əsasnamə ilə müəyyən edilmiş qaydada sığortaolunana ödənilir.”;

2.26. 117-ci hissənin altıncı abzasında “uşaq doğumu üçün” sözləri “uşağın anadan olmasına görə” sözləri ilə əvəz edilsin;

2.27. 120-ci hissənin birinci cümləsində “məsul işçilərinin” sözləri “səlahiyyətli vəzifəli şəxslərinin” sözləri ilə əvəz edilsin;

2.28. 121-ci hissədə “Fondun yerli qurumlarına” sözləri “dövlət sosial müdafiə fondunun hesabına” sözləri ilə əvəz edilsin;

2.29. 123-cü hissənin birinci abzasında “uşaq doğumuna” sözləri “uşağın anadan olmasına görə” sözləri ilə əvəz edilsin;

2.30. 133-cü hissədə “sığortaolunanların” sözü “Sığortaolunanların və əmək pensiyaçılarının” sözləri ilə əvəz edilsin və həmin hissəyə “hesabına” sözündən sonra “tam və ya qismən” sözləri əlavə edilsin;

2.31. 134-cü hissə ləğv edilsin;

2.32. 135-ci hissənin ikinci cümləsində “Fondun xəzinə hesabına” sözləri “dövlət sosial müdafiə fondunun hesabına” sözləri ilə əvəz edilsin;

2.33. Əsasnamənin 1-5 nömrəli əlavələrində “işçilərə” sözü “sığortaolunanlara” sözü ilə, “yerli qurumlarına” sözləri “struktur bölməsinə” sözləri ilə, “ƏƏSMN-də uçot nömrəsi” sözləri “sığortaedənin uçot nömrəsi (SUN)” sözləri ilə əvəz edilsin.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 14 mart 2024-cü il

“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək

qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin

vəsaiti hesabına ödənilən müavinətin hesablanması və

ödənilməsi haqqında Əsasnamə”yə 6 nömrəli əlavə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə və ya “DOST” mərkəzlərinə

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məcburi dövlət sosial sığortası üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sığortaedən tərəfindən hesabat təqdim edilməyən dövrdə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə və hamiləliyə və doğuma görə müavinətlərin verilməsi üçün hesabat təqdim edilməyən dövrün ayları üzrə sığortaolunanların məcburi dövlət sosial sığorta haqqı hesablanan qazancı barədə sığortaedənin arayışı

 

Dövr Müavinət alan sığortaolunanın (sığortaolunanların)
 

il

 

ay

 

soyadı, adı və atasının adı

 

sosial sığorta nömrəsi (SSN)

fərdi identifikasiya nömrəsi

(FİN-i)

məcburi dövlət sosial sığorta haqqı hesablanan qazancı (manatla)

 

Qeyd. Bu arayışla təqdim olunan məlumatların dəqiqliyinə görə bu arayışı təqdim edən sığortaedən (işəgötürən müəssisə və ya təşkilat) qanunda nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.

Sığortaedənin adı, sığortaedənin uçot nömrəsi (SUN) və VÖEN-i                                                                                                       

                                                                                                                                                                                           M.Y.

Sığortaedənin rəhbəri                                                                                                                             

                                             (soyadı, adı, atasının adı)                                       (imzası)

Baş (böyük) mühasib                                                                                                                            

                                             (soyadı, adı, atasının adı)                                       (imzası)

Mənbə: nk.gov.az

Qudvil və onun qeyri-maddi aktiv kimi uçotu

posted in: Xəbər | 0

Müxtəlif müəssisələrin, şirkətlərin sahibləri, rəhbərləri bazarda rəqabətə davamlılıqdan ötrü brendin işgüzar şöhrətinə mühüm diqqət yetirməlidirlər. Bu prosesdə qudvil əhəmiyyətli rol oynayır. Gəlin aydınlaşdıraq: mühasibat uçotu baxımından qudvill anlayışı nəyi ifadə edir? Onun hansı növləri var? Onlar nə ilə fərqlənir? Qeyri-maddi aktiv kimi necə uçota alınır?

Qudvil nədir?

Müəssisənin alışı zamanı əmələ gələn qudvil, onun işgüzar nüfuzunun dəyər ifadəsidir. O, müəssisənin satış (bazar) qiyməti ilə faktiki uçot (balans) dəyəri arasında fərqdir. Faktiki uçot dəyəri müəssisənin xalis aktivləri yaxud kapitalıdır, belə təyin olunur:

Faktiki uçot dəyəri = (Aktivlərin satışı+debitor borcların geri ödənişi) – (Öhdəliklər + Kreditor borcların ödənişi)

 Amma təcrübədə müəssisə bu dəyərdən fərqli qiymətə satılır. Bu fərq qudvil adlanır.

Qudvil – müəssisənin satılması (və ya qiymətləndirilməsi) zamanı onun aktivlərində yaranan elə dəyər artıqlığıdır ki, onunla müəssisənin həqiqi qiyməti artmış olur.

İngilis dilindən hərfi mənada “good will” – “yaxşı niyyət” anlamındadır, sözügedən kontekstdə iltifat, rəğbət, xeyirxahlıq mənasını verir.

Hesablamada istifadə edilən qudvil əmsalını müəyyən etmək çətin deyil. Bundan ötrü aşağıdakılar zəruridir:

  • əldə edilmiş müəssisənin bütün məcmu aktivləri, əgər onlar ayrıca satın alınmışsa, mövcud bazar qiymətində dəyərləndirilir;
  • xalis aktivlərin göstəriciləri müəyyən olunur;
  • iki dəyər müqayisə edilir.

Əldə olunan fərqi müsbət qudvil yaxud mənfi qudvil adlandırmaq olar. Əgər, o, digər qeyri-maddi aktivlər ilə müqayisə olunsa, onda bunu  eyniləşdirilməyən qeyri-maddi aktivlər kimi təsnifatlaşdırmaq qəbul edilib. Eyniləşdirilən qeyri-maddi aktivlərə gəldikdə, bu onunla xarakterizə olunur ki, onların müəyyən həyat dövrü olur.

Müsbət qudvil

Məlum olduğu kimi, qudvil şirkətdə onun özünə xas üstünlükləri (məsələn, brend ad, əlverişli yerləşmə, markanın tanınması, müəssisədən ayrı müəyyən edilə bilməyən digər göstəricilər) nəticəsində meydana çıxan əlavə dəyəri müəyyən edir.

Qəbul olunub ki, müsbət və mənfi qudvillər fərqləndirilsin. Birinci, eyniləşdirilən aktivlərin məcmu dəyəri zamanı, həmçinin satın alınan müəssisənin öhdəlikləri onun alış qiymətindən az olduqda ortaya çıxır.

Mənfi qudvil

Ola bilər ki, eyniləşdirilmiş aktivlərin ədalətli dəyərində alıcının payı, biznesin birləşməsi çərçivəsində əldə edilmiş şərti öhdəliklər, onun alınması dəyərindən artıq olsun. Mənfi qudvil – şirkətin müəyyən edilə bilən aktiv və öhdəliklərinin ümumi dəyəri onun satın alınma dəyərindən artıq olduqda, ortaya çıxır. Belə halla üzləşməmək üçün alıcı aşağıdakılara diqqət etməlidir:

  • müəyyənləşdirilmiş aktivlərin qiymətləndirilməsinə, yerləşdirilməsinə yanaşmalara;
  • şirkətin şərti öhdəliklərinə;
  • satın alınma qiymətini dəyərləndirməsinə.

Qudvil və işgüzar reputasiya

İşgüzar nüfuz qeyri-maddi mənfəət kimi başa düşülür ki, bu da fiziki, habelə hüquqi şəxsin fəaliyyətinin işgüzar keyfiyyətlər nöqteyi-nəzərindən qiymətləndirilməsidir. Müəssisənin mövcud qiyməti ilə onun bilavasitə mühasibat balansı üzrə qiyməti arasındakı fərqi də belə adlanır. İqtisadi anlayış kimi qudvildən mühasibat uçotunda şirkətin passivləri və aktivlərinin qiyməti nəzərə alınmadan, onun bazar qiymətinin əks olunması üçün istifadə olunur. Qudvilin əmsalını qeyri-maddi aktivlərə aid edirlər.

Qudvil olaraq, şirkətdən ayrılıqda müəyyənləşdirilməyən, rəqabət qabiliyyətli şirkətlərin və müəssisələrin orta gəlirləri ilə müqayisədə şirkətin mənfəətinin gələcək artımı barədə bir nəticə çıxarmağa imkan verən işgüzar nüfuz, brendin təmiz adı, sərfəli yerləşməsi, ticarət markasının tanınması və s. amillərin məcmusunu adlandırırlar.

Qudvilin qiymətləndirilməsi

38 saylı “Qeyri-maddi aktivlər” adlı Mühasibat Uçotunun Beynəlxalq Standartına (IAS38) görə faydalı istifadə müddəti müəyyən olunmayan QMA-a amortizasiya hesablanmır. Qudvil də bu cür qeyri-maddi aktiv olduğuna görə amortizasiya edilmir, lakin qiymətləndirmə aparmaqla dəyərinə əlavə, yaxud çıxılma edilir. Bu zaman uçot AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə tənzimlənir. Bu Qaydalara görə qeyri-maddi aktivlər Hesablar Planının 10-cu maddəsinə  uyğun olaraq uçota alınır. Qeyri-maddi aktivlərin dəyəri, daxilolma, çıxma üzrə əməliyyatlar həmin bölmənin 101 saylı hesabı üzrə aparılır.

Qudvilin qiymətləndirilməsi üzrə məbləğlər yuxarıda qeyd edilən qaydaların 11.15-ci bəndinə uyğun aşılmış 102-2-7 saylı “Qudvilin qiymətdəndüşmə zərəri” adlı subhesabda aparılır. 102-ci hesabda qeyri-maddi aktivlər üzrə qiymətdəndüşmə zərərlərinin uçotu və müxabirləşmə nümunələri ilə buradan tanış olmaq olar.

Qudvilin hesablanması

Qiymətləndirilmə zamanı onun iki növü fərqləndirilir:

  1. Əldə edilən qudvil
  2. Müəssisəyə məxsus qudvil

Birinci növ qudvil müəssisə fəaliyyətdə olan digər müəssisəni alanda yaranır. İkinci növ qudvil isə müəssisənin özünə məxsusdur və bu sahənin ekspertləri tərəfindən dəyərləndirilir.

Gəlin təsəvvür edək ki, müəssisənin paylarının hamısını alınmışdır. O zaman:

Qudvil = Ödənişin ədalətli dəyəri – Xalis aktivlərin alış tarixinə dəyəri

Yəni əslində siz müəssisəni onun xalis aktivlərinin dəyərində pul verib almalı idiniz, lakin siz müəssisənin brendinə görə daha çox pul verərək alırsınız.

Ödənişin ədalətli dəyəri dedikdə müəssisənin pulu ödəməyə razı olduğu müddətə pulun diskontlaşdırılmış dəyəri nəzərdə tutulur. Diskont əmsalı pulun zaman dəyərinə görə müəyyən edilir və aşağıdakı düsturla müəyyən edilir:

CD = GD / (1 + i)ⁿ
CD – Cari dəyər (ədalətli dəyər)
GD – Gələcək dəyər (Gələcəkdə ödənilməsi nəzərdə tutulan dəyər)
i – faiz dərəcəsi
n – müddət (ödənişin ediləcəyi müddət)

Müəsisə digər bir müəssisənin xalis aktivlərinin müəyyən hissəsinə sahib olmaq istədiyi zaman, onun qeyri-maddi aktivləri haqqında məlumatlara da malik olmaq istəyir. Bu zaman qudvil aşağıdakı kimi hesablanacaq:

Qudvil = Ödənişin ədalətli dəyəri – Xalis aktivlərin alış tarixinə dəyəri + Nəzarət edilməyən payın ədalətli dəyəri

101-ci hesabda qeyri-maddi aktivlər üzrə daxilolmanın uçotu

Qeyri-maddi aktivlərin amortizasiyası

posted in: Xəbər | 0

Aktivlərin faydalı istifadə müddəti

Torpaq, tikili, avadanlıqlarlardan fərqli olaraq qeyri-maddi aktivlər fiziki mövcud deyillər, buna görə də təbii aşınmaya məruz qalmırlar. Amma qismən mənəvi aşınmaya (köhnəlməyə) məruz qala bilərlər.

Qeyri-maddi aktiv (QMA) istifadə olunduğu uzun müddət ərzində, öz dəyərini hər ay istehsal olunan məhsula, görülmüş işlərə, göstərilən xidmətlərə köçürür.

Dəyərin hazır məhsula tədricən köçürülməsi, onun yenilənməsi üçün pul fondunun yığılmasının iqtisadi mexanizmi amortizasiya adlanır.

Qeyri-maddi aktivlərin uzunmüddətli olması, onların faydalı istifadə müddətinin (FİM) müəyyənləşdirilməsi zərurəti yaradır.

Faydalı istifadə müddəti – qeyri-maddi aktivlərin istifadəsindən müəssisənin gəlir əldə etməsi üçün gözlənilən, yaxud məqsədlərini yerinə yetirməsinə görə nəzərdə tutulan dövrdür.

Eynicinsli qeyri-maddi aktivlər qrupuna amortizasiya hesablanmasının seçilmiş üsulu həmin aktivlərin faydalı istifadə müddəti ərzində tətbiq olunur, bu müddət ərzində dayandırılmır (konservasiya halları istisnadır).

Qeyri-maddi aktivin amortizasiyası

Qudvilə dair amortizasiya ayırmaları mühasibat uçotunda onun ilkin dəyərinin azaldılması yolu ilə öz əksini tapır. Təşkilatın mənfi işgüzar nüfuzu müəssisənin mühasibat uçotunda gələcək dövrlərin xərcləri kimi əks olunur sonra isə hər ay maliyyə nəticələrinə yazılır.

Qeyri maddi aktivlərdə FİM başa çatdıqdan sonra, onlar üzrə aşınma hesablanmır. Məsələn, 5 il müddətinə istifadə hüququ olan zaman hesablanmış aşınmanın məbləği hər ay ilkin dəyərin 1/60, 10 il üçün isə 1/120 hissəsini təşkil edir.

Amortizasiya QMA-nın bütün istismar müddətinə hesablanır. Bununla belə, qeyri-maddi aktiv üçün FİM məlum deyilsə, o, amortizasiya olunmur. Məsələn, müasir proqram tez köhnəlir. Ona görə də onun istismar müddəti çox vaxt əhəmiyyətsizdir. Şirkət onu müstəqil olaraq qura bilər. Amma bu zaman vergi uçotunun tələbləri nəzərə alınmalıdır. Bildiyimiz kimi, əgər aktivin istismar müddətini müəyyən edə bilmiriksə (məsələn, ixtira), o zaman amortizasiya 10 ilə bərabər (lakin müəssisənin fəaliyyət müddətindən çox olmamaq şərtilə) qəbul edilir (Vergi Məcəlləsi, maddə 114.3). Bu zaman illik amortizasiya dərəcəsi 100/10 = 10% təşkil edəcək.

Amortizasiya metodları

Qeyri-maddi aktivin silinməsi onun gəlir gətirməməsi anında baş verir. Silinmə zamanı yaranan maliyyə nəticəsi-silinmədən əldə edilən xalis daxilolmalar, aktivin balans dəyəri arasındakı fərqdir.

Qeyri maddi aktivlərin amortizasiyası üçün üç metod var:

  • xətti;
  • azaldılmış qalıq metodu;
  • dəyərin silinməsi metodu buraxılan məhsulun (işlərin, xidmətlərin) həcminə mütənasibdir.

QMİ üzrə FİM-nin təyini

Qeyd etdiyimiz kimi, faydalı istifadə müddəti təşkilatın iqtisadi səmərə əldə etmək məqsədi ilə qeyri-maddi aktivdən istifadə etməyi (və ya qeyri-kommersiya təşkilatının yaradılması məqsədlərinə nail olmaq məqsədilə istifadə etmək) nəzərdə tutduğu aylarla ifadə edilmiş dövrdür.

Qeyri-maddi aktivlərin ayrı-ayrı növləri üçün faydalı istifadə müddəti məhsulun miqdarına yaxud bu növ aktivlərin istifadəsi nəticəsində əldə edilməsi gözlənilən işin həcminə əsasən müəyyən edilə bilər.

FİM etibarlı müəyyənləşdirmək mümkün olmayan qeyri-maddi aktivlər, qeyri-müəyyən faydalı istifadə müddəti olan qeyri-maddi aktivlər hesab edilir.

Qeyri-maddi aktivin faydalı istifadə müddətinin müəyyən edilməsi aşağıdakı əsaslarla həyata keçirilir:

  • əqli fəaliyyətin nəticəsi olan təşkilat hüquqlarının qüvvədə olma müddəti və ya fərdiləşmə vasitəsi və aktivə nəzarət müddəti;
  • təşkilatın iqtisadi səmərə əldə etməyi (yaxud qeyri-kommersiya təşkilatının yaradılması məqsədlərinə nail olmaq məqsədilə istifadə etməyi) nəzərdə tutduğu aktivin gözlənilən istismar müddəti.

Qeyri-maddi aktivin faydalı istifadə müddəti hər il təşkilat tərəfindən onun dəqiqləşdirilməsi zərurəti ilə yoxlanılır. Təşkilatın aktivdən yararlanmağı nəzərdə tutduğu müddət ərzində əhəmiyyətli dərəcədə dəyişdiyi halda, onun faydalı istifadə müddəti dəqiqləşdirilməlidir. Bununla əlaqədar yaranmış düzəlişlər hesabat ilinin əvvəlinə mühasibat uçotu, mühasibat hesabatlarında qiymətləndirmə dəyərlərində dəyişiklik kimi əks olunur.

Qeyri-maddi aktivin amortizasiyasının hesablanması

Qeyri-müəyyən faydalı istismar müddətinə malik qeyri-maddi aktiv üzrə təşkilat hər il bu aktivin faydalı istifadə müddətini etibarlı müəyyənləşdirə bilmədiyini göstərən amillərin mövcudluğunu nəzərdən keçirməlidir. Bu faktorların mövcudluğuna xitam verildikdə, təşkilat qeyri-maddi aktivin faydalı istifadə müddətini, onun amortizasiya üsulunu müəyyən edir. Bununla əlaqədar yaranmış düzəlişlər hesabat ilinin əvvəlinə mühasibat uçotu, mühasibat hesabatlarında qiymətləndirmə dəyərlərində dəyişiklik kimi əks olunur.

Nümunə 1. Proqram təminatının dəyəri 38000 manat təşkil edir. Müəssisə proqram təminatının faydalı istismar müddətini 5 ilə nəzərdə tutmuşdur. Proqram təminatının ləğvetmə dəyəri müəyyən edilməmişdir. Amortizasiyanın bərabər hesablama metodu ilə hesablanması qaydası aşağıdakı analitik cədvəldə verilmişdir (cədvəl 1).

 Cədvəl 1. Bərabər hesablama metodu üzrə amortizasiyanın hesablanılması

İl Amortizasiya olunan dəyər Amortizasiya norması İllik amortizasiya məbləği Yığılmış amortizasiya
1-ci 38000 20 7600 7600
2-ci 38000 20 7600 15200
3-cü 38000 20 7600 22800
4-cü 38000 20 7600 30400
5-ci 38000 20 7600 38000

 

Nümunə 2. QMA-nın dəyəri 12000 manata bərabərdir. Müəssisə QMA-nın faydalı istismar müddətini 4 ilə nəzərdə tutmuşdur. QMA-nın ləğvetmə dəyəri müəyyən edilməmişdir. Azalan qalıq metodu əsasında QMA-ya amortizasiya hesablanılması qaydası aşağıdakı cədvəldə verilmişdir (cədvəl 2).

Cədvəl 2 . Azalan qalıq metoduyla amortizasiyanın hesablanılması

İl İlin əvvəlinə qalıq dəyəri, man Amortizasiya norması, % İllik amortizasiya məbləği, man Yığılmış amortizasiya, man
1-ci 12000 25 3000 3000
2-ci 9000 25 2250 5250
3-cü 6750 25 1687.5 6937.5
4-cü 5062.5 100 5062.5 12000

1 410 411 412 413 414 415 416 2. 691