Ezamiyyə vəsiqəsi və onun tərtib edilməsi

posted in: Xəbər | 0
birbank biznes

Ezamiyyətin rəsmiləşdirilməsi zamanı istifadə olunan sənədlərin siyahısında ezamiyyə vəsiqəsi xüsusi yer tutur. Bu sənədi şirkət hansı halda və necə tərtib edir? Məqaləmizi sona qədər oxusanız bu suala cavab tapa bilərsiniz.

Ezamiyyə vəsiqəsinin tərtibi vacibdir?

Həm hə, həm də yox. Onun tətbiqi AR Maliyyə Nazirliyinin qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları” əsasında həyata keçirilir.

Məlumdur ki, ezamiyyətlərin:

  • respublikadaxili;
  • xarici ölkələrə ezam olunma kimi iki növü var.

Respublikadaxili ezamiyyələr zamanı ezam olunmuş işçiyə Qaydaların I hissəsinin 2 maddəsinə əsasən müəyyən olunmuş formada ezamiyyət vəsiqəsi verilməlidir. Xarici ölkələrə ezamiyyətlərdə bu məsələ bir az fərqlidir. Belə ki, həmin hissənin 7-ci maddəsinə görə “ölkədən çıxıb, ölkəyə qayıtmaq barədə pasport və ya onu əvəz edən sənəddə səlahiyyətli orqanlar tərəfindən edilən müvafiq qeyd” əsas sayılır.

Əgər dövlətlərarası razılaşma əsasında belə qeyd aparılmırsa, mövcud ezamiyyə vəsiqəsi formasının ingilis dilinə tərcümə edilmiş variantı işçiyə təqdim edilir.

Əslində, tələb olunan formada tərtib edilmiş bu sənəd eyni anda bir neçə faktı təsdiq edir:

  • işçinin səfərinin xidməti xarakter daşımasını;
  • ezamiyyətin müəyyən edilmiş zaman intervalında baş tutduğunu;
  • ezam olunan şəxsin təyinat yerinə gedərək qəbul etməli olan şəxslə görüşdüyünü.

Ezamiyyə vəsiqəsi yalnız şirkətə işçinin ezamiyyətdə olduğu vaxtı qeyd etmək üçün lazım deyil, həm də işçinin özünə faydalıdır – məsələn, o, şirkətin başqa filialına gələrsə, ziyarətinin məqsədini əsaslandırmalıdır.

Ezamiyyət vəsiqəsi necə tərtib edilir?

Ezamiyyə əmri hazırlandıqdan sonra işçiyə ezamiyyət vəsiqəsi verilir (xarici ölkələrə ezam olunan işçilərə – zərurət yarandıqda). Onun formasını buradan yükləyə bilərsiniz.

Vəsiqənin ön hissəsində bunlar qeyd olunur:

  • ezam olunanın işçinin adı, soyadı;
  • işçinin xidmət etdiyi bölmə və vəzifəsi;
  • ezam olduğu yer və məqsəd;
  • ezamiyyətin müddəti,
  • ezam olunan işçinin pasport məlumatları.

Ezamiyyətin məqsədi kimi yazılacaq qeyd barədə qanunvericilikdə hər hansı məhdudiyyət yoxdur. Nümunə kimi aşağıdakı variantlar verilə bilər:

  • xidməti müqavilənin imzalanması;
  • müqavilənin icrası üçün danışıqların aparılması;
  • avadanlıqların sazlanması və təmiri;
  • konsaltinq xidmətlərinin göstərilməsi;
  • avadanlıqların alınması ilə bağlı danışıqların aparılması və s.

İşçinin ezam olunduğu yerə gəlməsi və geri qayıtması barədə məlumatlar ezamiyyə vəsiqəsinin arxa hissəsinə yazılır və təsdiqlənir. Əgər işçi fərqli məntəqələrə ezamiyyətə göndərilərsə, bu zaman hər bir məntəqə üzrə gəlib-getmə günləri barədə qeydlərin ayrı-ayrılıqda aparılması tələb olunur.

Ezamiyyə vəsiqəsinin doldurulma nümunəsi

Sənəd dövriyyəsi və kargüzarlıq məqsədləri üçün ezamiyyə vəsiqəsinin aşağıdakı doldurulma qaydalarını tövsiyə edirik:

  • təşkilatın adı göstərilməklə ön tərəfin tərtibatından başlayın;
  • ezam olunan işçi haqqında məlumatları qeyd edin (soyadı, adı, struktur bölməsi, vəzifəsi);
  • ezamiyyətin məqsədi və təyinat yeri, müddəti (günlərlə) göstərin.

Ön tərəf adətən kadrlar şöbəsinin, mühasibatlıq şöbəsinin əməkdaşı yaxud digər səlahiyyətli şəxs tərəfindən doldurulur.

Arxa tərəfə qeydlər işçi iş yerini tərk edərkən və təyinat yerinə çatdıqda səlahiyyətli şəxslər tərəfindən aparılır. İşçi ardıcıllıqla ezam olunduğu bütün müəssisələrdə ezamiyyət vəsiqəsini təqdim edir.

Aşağıda ezamiyyə vəsiqəsinin doldurulmuş nümunəsi verilib.

Respublikadaxili ezamiyyələr zamanı işçiyə ezamiyyət əmri ilə yanaşı ezamiyyə vəsiqəsi verilir

Ezam olunmuş işçinin təyinat məntəqəsinə gəlməsi və çıxması haqqında ezamiyyət vəsiqəsində qeydlər aparılmalıdır


Print Friendly, PDF & Email