Mühasibin peşə etikası (I hissə)
Bütün dünyada peşəkar mühasiblər cəmiyyətdə mühüm rol oynayırlar. Dövlət (hökumət), investorlar, kreditorlar, işəgötürənlər və ümumiyyətlə əhali peşəkar mühasiblər tərəfindən yaradılan iqtisadi məlumatların istifadəçiləridir. Bu cür xidmətləri təqdim edərkən peşəkar mühasiblərin peşəkar yanaşması və davranışı bütün ölkənin iqtisadi rifahına təsir göstərir.
Deməli, mühasib peşəsi ictimai əhəmiyyətli bir peşədir. Bu, ictimai maraqlara riayət etmək üçün peşəkar mühasiblərin üzərinə məsuliyyət qoyur. Peşəkar mühasibin vəzifələri təkcə ayrı-ayrı müştərinin və ya işəgötürənin deyil, bütün cəmiyyətin tələbatını ödəməkdən ibarətdir.
Mühasibin etikasına dair xüsusi tələblər bir neçə amillə şərtlənir, o cümlədən:
- konfidensial informasiyanın böyük həcmdə əldə edilməsi, açıqlanması və ya düzgün istifadə edilməməsi təşkilata və onun işçilərinə maddi ziyan vura bilər;
- pul axınlarının formalaşmasında və tənzimlənməsində və digər əmlak növlərinin hərəkətində bilavasitə iştirak;
- əmək kollektivi ilə təkcə istehsal xarakteri daşımayan məsələlər üzrə daimi ünsiyyət, təşkilatın bütün heyətinin maraqlarına toxunan daxili normativ aktların hazırlanmasında bilavasitə iştirak (əməyin ödənilməsi formaları və sistemləri, kollektiv müqavilə, mükafatlandırma haqqında əsasnamə, əməyin normallaşdırılması və s.);
- təşkilatın rəhbərliyi ilə pul vəsaitlərinin hərəkəti ilə bağlı məsələlər üzrə fikir ayrılığının yaranması imkanı;
- xüsusi xarakter daşıyan və həll edilən məsələlər üzrə vergi və digər nəzarət orqanları ilə müntəzəm əlaqələr, bir qayda olaraq, təşkilat rəhbərliyinin minimum iştirakı ilə həyata keçirilir;
- fəaliyyəti maddi itkilərə və tənbehlərə səbəb olan səhvlər ehtimalı ilə bağlı olan işçilərin kollektivində işləmək.
Sadalananlardan, sahə mənsubiyyətindən və ya işlədiyi təşkilatın təşkilati-hüquqi formasından asılı olmayaraq istənilən mühasibatlıq işçisi üçün ümumi etik prinsipləri formalaşdırmaq olar.