Nou-hau qeyri-maddi aktiv kimi

posted in: Xəbər | 0
birbank biznes

Nou-hau

Nou-hau (ing. “know how” — “bilirəm necə”) və ya istehsalat sirri aşağıdakı kimi xarakterizə oluna bilər:

  • hələ ümumi istifadə obyektinə çevrilməmiş, yenilik olan biliklər, elmi-texniki, istehsal, texnoloji, idarəetmə, maliyyə-iqtisad, kommersiya səciyyəli məlumatlar, həmçinin onlardan istifadə;
  • texniki məsələni, yaxud digər məsələni həll etmək üçün texniki biliklər, kommersiya, idarəetmə, reklam sahəsində əməli təcrübə, istehsal sirləri.

Beynəlxalq ticarətdə bir yaxud bir neçə patentin, onunla əlaqəli nou-haunun kompleks verilməsini ehtiva edən lisenziyalı müqavilələr daha geniş yayılıb.

Bu hansısa sahədə (peşədə) müvəffəqiyyətli işlər aparmaq məqsədilə zəruri olan, özündə formulları, sxemləri, alətlər dəstlərini birləşdirən müəyyən informasiya yanaşmaları dəstidir. Bəzən bura patentlər, eləcə də rəqiblər üzərində üstünlüyü təmin edə bilən başqa istənilən gizli informasiyalar da daxil edilir.

Yüksək texnologiyalı iqtisadiyyatda “nou-hau” şirkətlərin aktivlərinin əsas hissəsini təşkil edir və qeyri-maddi aktiv kimi uçota alınır.

Nou-hau və innovasiya

Bir qayda olaraq, nou-hau innovasiyalar (yeniliklər) deməkdir ki, ticarət sirri rejimi tətbiq olunduğu digər şəxslərdən gizlədilməsi səbəbi ilə ona kommersiya dəyəri verilir.

İnnovasiya – istehsal sisteminin, məhsulun keyfiyyətinin səmərəliliyinin artırılmasını təmin edən elmi, o cümlədən qabaqcıl təcrübələrdən istifadə etməklə, texniki, texnologiyalar, əməyin təşkili, onun idarə olunması sahəsində yeniliklərin tətbiq olunmasıdır. “İnnovatio” termini yeni latıncadan təşəkkül taparaq özlüyündə 2 sözün – “investio” (geyindirirəm) və “novatio” (yeniləndirirəm) sintezini təqdim edir.

Daha ümumi anlamda bu anlayış həmçinin həyata keçirilən yaradıcı ideyalara da tətbiq olunur.

Beləliklə, innovasiya dedikdə gözümüzün önünə belə bir proses gəlir: investisiyalar – təkmilləşdirmə – tətbiq olunma – keyfiyyətin yaxşılaşdırılması.

Nou-hau mühafizə vasitəsi kimi

Beynəlxalq qanunvericiliyə uyğun olaraq, müəssisə bəzi istehsal üsullarından, habelə texniki qərarlardan inhisarçı kimi istifadə etmək üçün onların müdafiə metodlarının ikisindən birini – patenti ya da kommersiya sirrini seçə bilər. Patentin, kommersiya sirrinin məqsədi eynidir – rəqibləri innovasiyalardan istifadəyə imkan verməmək,  inhisarçı istifadədən fayda götürmək.

Lakin müdafiə metodları prinsipial şəkildə bir-birindən fərqlənir: patentləşdirmə məlumatların açıqlanmasını, qanunla müdafiə olunmasını (müəlliflər tərəfindən əvvəlcədən ödənilmiş) nəzərdə tutur, o cümlədən, başqa şəxslərin məhkəmə təqibi təhdidi altında patent sahibinin razılığı olmadan eyni həldən istifadə etməsi qadağandır. Nou-hau isə sirrin köməyi ilə müdafiəni nəzərdə tutur. İnformasiya heç kimə açıqlanmır, lakin başqa şəxsin açıqlaması, həmçinin müstəqil tapılması halında belə bir üsulun (texniki həll) istifadəsini qadağan etmək artıq mümkün deyildir. Nou-hau hüququ məxfilik davam edildiyi müddətdə etibarlıdır.

Çox vaxt, bir nou-hau transfer müqaviləsinə, həmin müqavilənin fəaliyyət ərazisində müxtəlif səbəblərdən patent mühafizəsini almamış texniki, təşkilati, iqtisadi, həmçinin digər xarakterli məlumatları ötürən patent olmayan lisenziya deyilir. Belə ki, nou-haunun ən mühüm xassəsi onun üçüncü şəxslərə naməlum qalmasıdır, nou-hau transfer müqaviləsinin məxfiliyini təmin etmək, nou-hau transfer müqaviləsinin zəruri şərtidir. Nou-hau transfer müqaviləsinin digər ən əhəmiyyətli şərti bir qayda olaraq, lisenziya sahibinə sublisenziya verilməsinin qadağan edilməsidir. Nou-haudan istifadənin məzmunu tərəflərin razılığı əsasında müəyyən edilir.

Müasir şəraitdə adətən innovasiyaların kompleks müdafiəsindən istifadə olunur: müəlliflər patent (çox vaxt – patentlər zərfi) alırlar və ona nou-hau zərfini əlavə edirlər. Bu müəllifləri patent müdafiəsi mövcud olmayan ölkələrdə onların sanksiyası tətbiqindən, eləcə də icadın dövlət tərəfindən oğurlanmasından (məs, hərbi-sənaye kompleksi, prioritet ehtiyacdan ötrü) sığortalayır.

Xarakterinə görə nou-houların növləri

 Nou-hauları texniki və kommersiya xarakterli kimi iki qrupa ayırmaq olar.

Texniki xarakterli:

  1. qeydiyyatdan keçməmiş məhsullar, maşınlar, aparatlar, fərdi hissələr, alətlər, emal aparatları;
  2. texniki sənədlər;
  3. təlimatlar;
  4. istehsal təcrübəsi,
  5. mühasibatlıq, statistika, maliyyə hesabatlılığı, hüquqi, iqtisadi işlər sahəsində biliklər, vərdişlər;
  6. gömrük, ticarət qaydaları ilə bağlı bilik.

Kommersiya xarakterli “nou-hau” bunları nəzərdə tutur:

  1. Məlumat bankı ünvanları;
  2. Müştərilərin kartotekası;
  3. Təchizatçıların kartotekası;
  4. İstehsalın təşkili, effektivliyi, məhsul buraxılışının həcmi barədə məlumatlar;
  5. Məhsulların satışının, yayılmasının təşkili üzrə məlumatlar;
  6. Reklam metodları, formaları;
  7. Personalın təhsili barədə məlumatlar.

Lisenziyalı müqavilə nədir?

Lisenziyalı müqavilə – lisenziyaların, “nou-hau”, əmtəə nişanı, habelə başqa istifadə hüququnun verilməsi barədə müqavilədir

Onlara aşağıdakılar aid edilir:

  1. Patent lisenziyasının transferi;
  2. Birdən artıq patentin, onunla əlaqəli “nou-hau”nun kompleks ötürülməsi;
  3. İxtira məqsədli patentsiz “nou-hau”dan istifadə etmək üçün lisenziya müqaviləsi;
  4. Texniki biliklərin köçürülməsiylə yanaşı, son iki növ lisenziyalaşdırma müqavilələri lisenziyalı məhsulların təşkili üçün lisenzor (patent sahibi) ilə əlaqədar mühəndislik xidmətləri ilə, eləcə də avadanlıq, xammal, fərdi komponentlərin müvafiq təchizatı ilə təmin olunur.

Lisenziya müqavilələri aşağıdakılardan asılı olaraq dəyişir:

  1. Lisenziyalı məhsulların ixracına icazə verir, tamamilə istisna edir, ya da qismən məhdudlaşdırır;
  2. Lisenziyalı avadanlığın lisenziyalaşdırılmış avadanlıqlara yeni düzəlişlər haqqında məlumatı vermək üçün lisenziatın (lisenziyanı) müqavilə müddətində lisenziyalı tərəfin öhdəliyin olması / olmaması;
  3. Texnologiya köçürmə üsuluyla, yəni, lisenziya obyektinin tikintisi, tam avadanlıqla təchizatı və mühəndis xidmətlərinin göstərilməsi üçün müqavilə bağlanması ilə müstəqil şəkildə yaxud eyni vaxtda verilir.

Hüquqların ötürülməsi

Nou-hau hüququ olan şəxs bu hüququ müqavilə üzrə digər şəxslərə verə bilər. Bu halda onun hüquqlarına xitam verilir və bu hüquq onu əldə edənə ötürülür.

Nou-haunun ötürülməsi üçün müqavilələr lisenziyalaşdırma müqavilələrindən onunla fərqlənir ki, texnologiyanın sahibi, ixtiraçı hər hansı səbəbdən, patent verməkdən imtina edərkən, eyni zamanda həmin texnologiyanı özünü satmaqdan imtina etmir. Hüquqi qorunmanın mövcud olmaması nou-hau müqavilələrinin xüsusiyyətlərini müəyyən edir.

Nou-hauya varislik hüququ həm də miras, həmçinin hüquqi şəxslərin yenidən təşkil olunması səbəbindən də baş verir.

Nou-hauya müqavilə üzrə lisenziya verilərkən tərəflərdən biri (lisenziar – lisenziya sahibi) istifadə üçün nəzərdə tutulan məlumatları xəbər verməyə öhdəlik götürür, onlardan istifadəyə icazə verir, digər tərəf isə (lisenziat) həmin məlumatların məxfiliyini qorumaq, əgər müqavilədə başqa müddəalar qeyd edilməyibsə, istifadə etməyə görə mükafat ödəmək öhdəliyi götürür. Lisenziar yalnız nou-hau sahibləri ola bilər. Lisenziar nou-haunun həyata keçirilməsi üçün lazım olan qədər həqiqi məlumatları verməyə borcludur. Lisenziatın nou-haudan müqavilədə nəzərdə tutulan hüdudlarda istifadə etmək hüququ var. Müqaviləni tərəflərin razılığı əsasında digər şərtlər də təyin edə bilər.

Lisenziat nou-hau ilə bağlı sublisenziya müqaviləsini lisenziarın yalnız yazılı şəkildə icazəsindən sonra bağlaya bilər. Özü də bu zaman lisenziat öz hərəkətlərinə görə lisenziar qarşısında məsuliyyət daşıyır.

“Nou-hau”ya lisenziya verilməsi ilə bağlı müqaviləyə patent lisenziya müqaviləsi də daxil edilə bilər.

Lisenziya müqaviləsi orada nəzərdə tutulan müddət ərzində qüvvədə olur. Əgər müqavilədə müddət müəyyən edilməyibsə, onda tərəflərdən istənilən biri istənilən zamanda, özgə tərəfi altı ay əvvəldən gec olmayaraq xəbərdarlıq etməklə, müqaviləni poza bilər.

Nou-hauya olan hüquq dayandırıldıqda, lisenziya müqaviləsinə xitam verilir.

Nou-haunun qeyri-maddi aktiv kimi uçotu

Nou-hau anlayışının iqtisadi mahiyyətinə əsaslanaraq deyə bilərik ki, bu obyektlər qeyri-maddi aktivin xüsusiyyətlərinə tam cavab verir. Qeyri-maddi aktivlər müəyyən maliyyə-təsərrüfat əməliyyatları nəticəsində aktiv kimi tanınır. Belə əməliyyatların tərkibi 38 saylı “Qeyri-maddi aktivlər” adlı Mühasibat Uçotunun Beynəlxalq Standartı (IAS38) və AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə tənzimlənir. Bunlar aşağıdakılardır (Qaydaların 11.18-ci maddəsi):

  • ayrıca əldə edildikdə (alındıqda);
  • mühasibat uçotu subyektləriın fəaliyyətlərinin birləşdirilməsi nəticəsində əldə edildikdə;
  • hökumət subsidiyası hesabına əldə edildikdə;
  • aktivlərin mübadiləsi nəticəsində əldə edildikdə;
  • daxili imkanlar hesabına yaradıldıqda.

Qeyri-maddi aktivlərin dəyəri mühasibat uçotunun hesablar planının 101 saylı hesabının uyğun subhesabı üzrə aparılır. Qeyri-maddi aktivlər uzunmüddətli aktivlərdir, onların daxiledilməsi və xaricolması üzrə müxabirləşmə nümunələri burada verilib.

Azərbaycan sahibkarları ƏDV-nin malın realizasiyası zamanı ödənilməsini təklif edir

Print Friendly, PDF & Email