Qısamüddətli debitor borclar üzrə uçot
Alıclıların və sifarişçilərin qısamüddətli debitor borcları üzrə mühasibat uçotu zamanı aşağıdakı beynəlxalq standartlardan istifadə olunur:
- “Maliyyə Alətləri” adlı 9 saylı MHBS (IFRS 9);
- “Maliyyə alətləri: Tanınma və ölçülmə” adlı 39 saylı MUBS (IAS 39);
- “Müştərilərlə müqavilələrdən gəlir” adlı 5 saylı MHBS (IFRS 15)
Mühasibat uçotu subyektlərində qısamüddətli debitor borcları üzrə müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə tənzimlənir (kredit təşkilatları istisnadır).
Aktiv 211 saylı hesabı alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları üzrə əməliyyatların hərəkəti üçün nəzərdə tutulub. Həmin hesab hesablar planının 2-ci bölməsinin (“Qısamüddətli aktivlər”) 21-ci maddəsinə (“Qısamüddətli debitor borcları”) aiddir. Mühasibat uçotu subyektləri 211 saylı “Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları” hesabı öz fəaliyyətinin həyata keçirilməsilə əlaqədar malların (işlərin, xidmətlərin) satışı prosesində alıcılar, sifarişçilər tərəfindən ödənilməli olan qısamüddətli debitor borcların hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar əks etdirilir.
Hesab üzrə uçot haqqında buradan daha çox məlumat almaq olar.
211 saylı “Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları” hesabı üzrə bəzi müxabirləşmə nümunələri aşağıda verilib.
Uzunmüddətli debitor borcları qısamüddətli debitor borcları kimi təsnifləşdirildikdə
Nümunə 1:“A” MMC ofis avadanlıqlarının satışı fəaliyyətini həyata keçirir. ƏDV ödəyicisi olan cəmiyyət anbarındakı 13000 manatlıq malları 2022-ci ilin may ayında “B” MMC-ə 16000 manata satmışdır. Tərəflər arasında olan razılaşmaya əsasən “B” MMC ödənişi hissə-hissə olmaqla 2023-cü ilin dekabr ayına qədər ödəmək imkanına malikdir.
Nümunədən göründüyü kimi nəzərdə tutulan ödəmə müddəti hesabat tarixindən sonrakı 12 aylıq dövrdən artıqdır.
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Satılan malların maya dəyəri nəzərə alındıqda | 701 – Satışın maya dəyəri üzrə xərclər | 205 – Mallar | 13000.00 |
2 | Satışın həyata keçirilməsi nəticəsində debitor borcları formalaşdıqda | 171 – Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları | 601 – Satış | 16000.00 |
3 | ƏDV hesablandıqda | 171 – Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları | 545 – Digər qısamüddətli öhdəliklər | 2880.00 |
“B” MMC iyun ayında malların 1500 manatlıq hissəsinin ödənişini həyata keçirmişdir. Belə olduğu təqdirdə 1500 manatlıq uzunmüddətli debitor borcları qısamüddətli debitor borclar olaraq uçota alınacaq, silinəcəkdir.
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Uzunmüddətli debitor borclar qısamüddətli debitor borcları kimi nəzərə alındıqda (Əsas məbləğ) | 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları | 171 – Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları | 1500.00 |
2 | Uzunmüddətli debitor borclar qısamüddətli debitor borcları kimi nəzərə alındıqda (ƏDV məbləği) | 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları | 171 – Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları | 270.00 |
3 | Satılmış malların əsas məbləği bank hesabına daxil olduqda | 223 – Bank hesablaşma hesabları | 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları | 1500.00 |
4 | Satılmış malların ƏDV məbləği ƏDV Depozit hesabına daxil olduqda | 226 – ƏDV-nin Depozit hesabı | 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları | 270.00 |
5 | Daxil olan ödənişə əsasən büdcə qarşısında vergi öhdəliyi yarandıqda (ƏDV) | 545 – Digər qısamüddətli öhdəliklər | 521 – Vergi öhdəlikləri | 270.00 |
6 | Hesabat dövrü üzrə yaranmış vergi öhdəliyi büdcəyə ödənildikdə | 521 – Vergi öhdəlikləri | 226 – ƏDV-nin Depozit hesabı | 270.00 |
Qısamüddətli debitor borcları kreditor borclarla əvəzləşdirildikdə
Nümunə 2: “A” MMC 5 ildir ki, “B” MMC ilə qarşılıqlı surətdə mal (iş, xidmət) alqı-satqısı ilə məşğuldur. Vəziyyət elə bir hal aldı ki, tərəflər malların və xidmətlərin mübadiləsini (barter) həyata keçirmək qərarına gəldilər. Maya dəyəri 6500 AZN olan malları təqdim edən tərəf “A” MMC, onun əvəzində xidmətləri təqdim edən tərəf “B” MMC olaraq qərarlaşdırılmışdır. Bazar qiyməti nəzərə alınaraq mübadilə (barter) olunan malların və xidmətlərin dəyəri 8000 AZN təyin edilmişdir. “A” MMC-nin uçot məlumatları aşağıdakı kimi olacaqdır:
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Satılan malların maya dəyəri nəzərə alındıqda | 701 – Satışın maya dəyəri üzrə xərclər | 205 – Mallar | 6500.00 |
2 | Satışın həyata keçirilməsi nəticəsində debitor borcları formalaşdıqda | 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları | 601 – Satış | 8000.00 |
3 | ƏDV nəzərə alındıqda | 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları | 545 – Digər qısamüddətli öhdəliklər | 1440.00 |
4 | Mübadilə (barter) nəticəsində xidmət alışı həyata keçirildikdə | 721 – İnzibati xərclər | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 8000.00 |
5 | ƏDV hesablandıqda | 241 – Əvəzləşdirilən ƏDV | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 1440.00 |
6 | Satılmış malların ƏDV məbləği ƏDV Depozit hesabına daxil olduqda | 226 – ƏDV-nin Depozit hesabı | 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları | 1440.00 |
7 | Daxil olan ödənişə əsasən büdcə qarşısında vergi öhdəliyi yarandıqda (ƏDV) | 545 – Digər qısamüddətli öhdəliklər | 521 – Vergi öhdəlikləri | 1440.00 |
8 | Alınmış xidmətin ƏDV ödənişi həyata keçirildikdə | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 226 – ƏDV-nin Depozit hesabı | 1440.00 |
9 | Mübadilə nəticəsində yaranan borclar qarşılıqlı olaraq əvəzləşdirildikdə | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları | 8000.00 |
10 | Ödənilən ƏDV daxil olan ƏDV məbləği ilə əvəzləşdirildikdə | 241 – Əvəzləşdirilən ƏDV | 521 – Vergi öhdəlikləri | 1440.00 |
11 | Əldə edilən gəlir ümumi mənfəətə aid edildikdə | 601 – Satış | 801 – Ümumi mənfəət (zərər) | 8000.00 |
12 | Maya dəyəri xərci ümumi mənfəətə silindikdə | 801 – Ümumi mənfəət (zərər) | 701 – Satışın maya dəyəri üzrə xərclər | 6500.00 |
Məzənnə fərqi yarandıqda qısamüddətli debitor borcları
Nümunə 3: “A” MMC daha çox gəlir əldə etmək, əlaqələri genişləndirmək məqsədilə mallarını ixrac edir, yəni ölkə hüdudlarından kənarda da malların satışını həyata keçirir. Malları alan ölkə Rusiya olduğundan malların satış qiyməti dollarla təyin olunmuşdur. Maya dəyəri 48000 manat hesablanmış mallar 42000 dollara satılmışdır. Satış tarixinə 1$ = 1.70₼ manat olaraq dəyərləndirilmişdir. Ona görə də malların satış qiyməti 71400 manat olmuşdur.
Qeyd etmək istəyirik ki, malların ödənişinin həyata keçirildiyi gün valyuta məzənnəsinə əsasən gələn pulların miqdarında artma yaxud azalma halları müşahidə oluna bilər.
1-ci hal: 1 $ = 1.72 ₼
2-ci hal: 1 $ = 1.67 ₼ |
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Satılan malların maya dəyəri nəzərə alındıqda | 701 – Satışın maya dəyəri üzrə xərclər | 205 – Mallar | 48000.00 |
2 | Satışın həyata keçirilməsi nəticəsində debitor borcları formalaşdıqda | 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları | 601 – Satış | 71400.00 |
1-ci hal üzrə görürük ki, dolların məzənnəsi qalxıb. Bu o deməkdir ki, müəssisə malların satış anına olan məbləğlə ödəniş anına olan məbləğ arasındakı fərq qədər gəlir əldə edib.
1 $ = 1.70 ₼ → 42000 × 1.70 = 71400
1 $ = 1.72 ₼ → 42000 × 1.72 = 72240 |
Müsbət məzənnə fərqi → 72240 – 71400 = 840
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Məzənnə fərqindən gəlir nəzərə alındıqda | 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları | 611 – Sair əməliyyat gəlirləri | 840.00 |
2 | Satılmış malların əsas məbləği bank hesabına daxil olduqda | 223 – Bank hesablaşma hesabları | 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları | 72240.00 |
2-ci hal üzrə görürük ki, dolların məzənnəsi aşağı düşüb. Bu o deməkdir ki, müəssisə malların satış anına olan məbləğlə ödəniş anına olan məbləğ arasındakı fərq qədər zərər əldə edib.
1 $ = 1.70 ₼ → 42000 × 1.70 = 71400
1 $ = 1.67 ₼ → 42000 × 1.67 = 70140 |
Mənfi məzənnə fərqi → 71400 – 70140 = 1260
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Satılmış malların əsas məbləği bank hesabına daxil olduqda | 223 – Bank hesablaşma hesabları | 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları | 70140.00 |
2 | Məzənnə fərqindən zərər nəzərə alındıqda | 731 – Sair əməliyyat xərcləri | 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları | 1260.00 |
Debitor və kreditorlarla hesablaşmalar haqqında eyni adlı səhifədən tanış olmaq olar.