Əmək məzuniyyətinin növləri
İşçinin işlədiyi iş yerini, vəzifəsini saxlamaqla iş günləri ərzində müvəqqəti işdən uzaqlaşması məzuniyyət adlanır. Belə uzaqlaşma işçinin Konstitusiya ilə təsbit edilmiş hüququdur. İşçinin işəgötürənlə əmək münasibətlərində olması, onun bu hüquqdan istifadəsi üçün əsas şərtidir. İşçiyə ildə bir dəfədən az olmayaraq, əsas və əlavə kimi iki hissədən ibarət ödənişli əmək məzuniyyəti verilir. Bu zaman məzuniyyətlərin cəmlənməsi mümkündür.
Əsas məzuniyyət ən çox istifadə edilir, minimum müddəti 21 təqvim günüdür. Aşağıdakı xüsusiyyətlər nəzərə alınaraq işçilərə əlavə məzuniyyətlər də təyin edilir:
- iş şəraiti;
- əmək funksiyası;
- əmək stajı;
- uşaqlı qadınlar.
Əsas və əlavə məzuniyyətlərin cəmlənməsi
Məzuniyyətlərin cəmlənməsi qaydaları Əmək Məcəlləsinin 136-cı maddəsi ilə tənzimlənir. Həmin maddənin birinci hissəsinə görə, işçiyə ödənişli əsaslarla verilən əmək məzuniyyətinin 21, yaxud 30 günlük müddəti yalnız aşağıdakı əlavə məzuniyyətlərlə toplanır:
- əmək şəraiti və funksiyasına görə verilən minimum 6 günlük məzuniyyət;
- əmək stajına görə verilən 2-6 günlük məzuniyyət;
Uşaqlı qadınlara verilən əlavə məzuniyyətlər əsas məzuniyyətlə cəmlənməməlidir.
Gəlin, bir nümunəyə nəzər yetirək:
Nümunə 1:
Sual: “A” MMC-də mühasib vəzifəsində çalışan Leylanın ümumi stajı 7 ildir. Onun məzuniyyətdən istifadə müddəti nə qədər olacaq?
Cavab: Leylaya mühasib vəzifəsində çalışdığına görə ƏM-nin 114.3-cü maddəsinin b) bəndinə görə müəssisənin mütəxəssisi kimi 30 gün müddətində əsas məzuniyyət təyin edilir. 7 illikstajı da nəzərə alsaq Leylanın əmək məzuniyyəti iki təqvim günü qədər artır. Məzuniyyətlərin cəmlənməsi nəticəsində Leylanın 32 gün məzuniyyət hüququ olacaq.
Məzuniyyətlərin birləşdirilmə qaydası
Qeyd etdiyimiz kimi, işçinin əsas məzuniyyətlə yanaşı əlavə məzuniyyət hüququ da var. İşçilərin əmək şəraitinə görə əlavə məzuniyyət hüququ həmin fəaliyyət sahəsində ən azı 6 ay işlədikdə yaranmış olur. İş stajına görə əlavə məzuniyyətlər isə işçilərin bütövlükdə malik olduğu staja əsasən təyin edilir. Qanunvericiliyə əsasən həm iş şəraiti xüsusiyyətlərinə, həm də staja görə əlavə məzuniyyətlərin müddəti əsas məzuniyyətlə birləşdirilərək verilməlidir.
Əgər işçinin iki və daha çox əlavə məzuniyyətdən istifadə hüququ olarsa, hər iki maddə üzrə əldə etdiyi əlavə məzuniyyətin hər biri onun əsas məzuniyyətinə birləşdirilir. (ƏM, 136.2-ci maddəsi).
Nümunə 2:
Sual: “A” MMC-də elektrovoz maşinisti vəzifəsində çalışan Elvinin ümumi iş stajı 7 ildir. Onun məzuniyyətinin müddəti nə qədər olacaq?
Cavab: Bu zaman Elvinə ƏM-nin 115-ci maddəsinə görə ağır şəraitli, yüksək fiziki gərginlikli işi olduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 92 saylı qərarına uyğun olaraq, 12 gün əlavə məzuniyyət hesablanır.
Elvinin 7 illik stajını da nəzərə alsaq, onun 2 gün əlavə məzuniyyət götürmək şansı yaranır. ƏM-nin 136.2 maddəsinə görə Elvinin cəmlənmiş əmək məzuniyyəti əsas məzuniyyət və 14 gündən ibarət əlavə məzuniyyətlərin cəmindən ibarət olacaq.
İşçi məzuniyyət hüququndan istifadə etmədikdə, onun istəyi ilə istifadə olunmayan əmək məzuniyyəti pul kompensasiyasi ilə əvəzlənə bilər. Lakin müqaviləyə xitam verildikdə kompensasiya həm istifadə olunmayan əsas məzuniyyətlər üçün, həm də ƏM-nin 115, 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə görə ödənilir.
Onu da qeyd edək ki, pul kompensasiyası Məcəllənin 118-1-ci maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətə görə də verilir.
115, 116, 118-1 maddələri üzrə istifadə olunmayan əmək məzuniyyəti üçün pul əvəzinin verilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarı ilə təsbit olunub.