Kapital, onun mənbəyi, sərvətin formalaşması

posted in: Xəbər | 0
birbank biznes

Kapital və onun mənbəyi

Aktiv və passivlər, onların tarazlığı haqqında danışarkən, öhdəliklərin tərkibinin:

  • borclarımız;
  • kreditlərdən ibarət olduğunu qeyd etdik.

Həmçinin, qeyd etmişdik ki, aktivlər kapital və öhdəliklərin cəmindən ibarətdir. Bəs kapital nədir?

Kapital öhdəliklə birgə aktivlərin yaranma mənbəyidir. Kapital, bir növ sərvət deməkdir. Amma aktivlərin heç də hamısı bizim sərvətimiz deyil. Məsələn, 10.000 manat pulumuzun olması, sərvətimizin 10.000 manat olması demək deyil: real sərvətimiz bundan az yaxud çox ola bilər.

Sadəlik üçün yeganə təsisçisi olan şirkət düşünün. Direktor da təsisçisinin özüdür, yəni o, biznesin tək sahibidir, həm də idarəçisi. O, qanunla müəyyən edilmiş nizamnamə kapitalını, yəni təsis etdiyi şirkətin nizamnaməsinə uyğun müəyyən edilmiş ilkin kapitalı (sərvəti) qoyaraq işə başlayır. Deyək ki, bu məbləğ 6000 manatdır. Yəni, sahib olduğumuz 10.000 manatın 6000 manatı təsisçiyə məxsusdur, şirkət işə başlamamışdan öncə onun sahibinə məxsus sərvətdir. Fərz edək ki, 1000 manat iki gün əvvəl götürdüyümüz borcdur. Borc pul bizim sərvətimiz anlamına gəlmir, çünki onu qaytarmaq lazımdır. Qalan vəsaitin mənbəyi kimi satışlarımızı qəbul edək: mal alıb satmışıq, bütün xərclərimizi qarşıladıqdan sona 3000 manat qalıb. Deməli, sərvətimiz 6000 manat əvvəldən sahib olduğumuz, 3000 manat isə fəaliyyətimiz nəticəsində qazandığımızdır. Sərvətimiz isə kapitalımızdır.

Belə çıxır ki, aktivlərimizdən öhdəliklərimizi çıxsaq, qalan pul bizim real sərvətimiz, kapitalımızdır.

Maliyyə bərabərliyinin son düsturunu xatırlayaq: Aktiv  = Kapital  + Öhdəlik.

Kiçik riyazi əməliyyat aparsaq kapitalı aktiv və öhdəliklərin fərqi kimi təsvir edə bilərik, yəni riyazi olaraq kapitalımız aktivlərdən öhdəliklər çıxılandan sonra qalan hissədir:

Kapital = Aktiv – Öhdəlik

Riyazi bərabərliklə məntiqi mühakiməmizlə üst-üstə düşməsi bizi doğru yolda olduğumuza əmin edir.

Nizamnamə kapitalı

Düzdür, beynəlxalq mühasibat uçotu standartları aktiv, passiv və s. kimi anlayışlardan istifadə etmir. Bu anlayışlar vaxtilə tərkib hissəsi olduğumuz Sovet mühasibatlığından qalmadır, lakin başa düşmək üçün olduqca effektiv anlayışlardır.

Gəlin kapital anlayışını bir az xırdalayaq, əvvəldən sahib olduğumuz sərvətlə sonradan qazandığımız sərvəti necəsə fərqləndirək, onları aydın görə bilək.

“Daha əvvəldən sahib olduğumuz” dediyimiz sərvətə əslində qanunvericilikdə ad qoyulub –  nizamnamə kapitalı. Qanun şirkət qurulanda onun nizamnaməsi olmasını tələb edir. “Nizamnamə sözü “nizam-intizam” deməkdir, iki hissədən ibarətdir: Nizam + Namə.

“Namə” fars dilində “məktub” anlamındadır. Bir sıra mühüm məqamlar sonradan əməl edilmək məqsədi ilə nizamnamədə yazıya alınır:

  • şirkətimizin fəaliyyət istiqaməti;
  • idarəetmə rəhbərliyi;
  • şura, təsisçilər yığıncağının keçirilməsi mexanizmi;
  • ilkin kapitalın məbləği və s.

Nizamnaməyə əməl etmək məcburidir. Nizamnamədə şirkətin aktivlərinin – onun ilkin xərclərinin, kreditorların təminatı kimi çıxış edəcək ilkin kapital göstərilir, nizamnamədə olduğu üçün “Nizamnamə kapitalı” adlanır.

Sonradan qazanılan sərvətimiz necə formalaşır ?

İlkin yaxud nizamnamə kapitalını təsisçinin (sahibkarın) qanunun tələblərinə uyğun biznesinə yatırdığı pul kimi xarakterizə etdik. Amma hər yatırılan pul sonradan fayda, sərvət gətirməlidir. Bəs sonradan qazanılan sərvət necə formalaşır? Əsasən, bizim satışımızla.

Biz hansısa məhsulları satacağıq, sonra onları aldıqda, həmçinin fəaliyyətimiz zamanı çəkdiyimiz xərcləri çıxacağıq, qalan məbləğ bizim təmiz pulumuz, yəni qazancımız, mənfəətimiz olacaqdır:

Mənfəət = Gəlir – Xərc

Amma bu mənfəəti istədiyimiz kimi xərcləyə bilmərik: qanun əldə edilmiş həmin mənfəətə görə dövlət vergisinin ödənməsini tələb edir. Mənfəətdən vergini ödədikdən sonra qalan pul təmiz qazancımız, xalis mənfəətimiz olacaqdır:

Xalis mənfəət = Mənfəət – Mənfəət vergisi

Xalis mənfəətin bölüşdürülməsi

Yuxarıdakı qeydləri sxematik təsvir edək:

Bəs əldə edilmiş xalis mənfəətimizlə nə edək, onun aqibəti necə olacaq ? Burada 3 variant mümkündür:

  • heç kəsə verməyib, uçota alıb kassamızda saxlayarıq;
  • sənədləşmə aparıb təsisçimizə verərik;
  • uyğun qeydlərlə nizamnamə kapitalımızın artırılmasına yönəldərik.

Gəlin ən  sadə hala baxaq: pulu heç kəsə vermirik və heç yerə yönəltmirik, özümüzdə saxlayırıq. Bu halda onu xalis mənfəət hesabımızdan çıxarıb, başqa hesaba qoyaq ki, digər vəsaitlərlə və növbəti illərin xalis mənfəəti ilə qarışmasın.

Bölüşdürülməmiş mənfəət

Yuxarıdakı qeydlərin nəticəsi kimi, sonradan qazandığımız sərvəti bölüşdürülməmiş mənfəət adlandıra bilərik. Beləliklə, müəssisə ilkin fəaliyyət ilinin sonunda əldə etdiyi mənfəəti heç kimlə bölüşmürsə, xalis mənfəət onun bölüşdürülməmiş mənfəətdir. Yəni:

Kapital nizamnamə kapitalı və bölüşdürülmüş mənfəətin cəmindən ibarətdir.

Əslində aktivlərin təminatı kimi çıxış edə biləcək kapital elə öhdəlikdir. Niyəsini gəlin aydınlaşdıraq. Nizamnamə kapitalı kimi qoyulmuş (ilkin sərvət) vəsait yaxud sonradan qazanılan xalis mənfəət (qazanılmış sərvət) müəssisənin payçılarına verilməlidir, çünki payçıların şirkəti yaratmaqda məqsədi gəlir əldə etməkdir. Əgər müəssisə (şirkət, firma, hüquqi şəxs) sonda sərvətini payçılarına verəcəksə, deməli, kapital da payçılar qarşısında olan öhdəlikdir. Sadəcə, təsisçilərə, payçılara olan öhdəlikləri kapital adlandırırıq.

“Aktivlər” əslində nə deməkdir?

Print Friendly, PDF & Email